İxtilaf şeytan süngüsüdür.
Şeytanın işi insanları aldadıb xoşbəxtlik və səadət yolundan azdırmaq olduğundan bu məqsədə yetişmək üçün o, bəndələr arasında təfriqə və düşmənçilik süngüsündən istifadə edir. «Qurani-Kərim»də bu barədə buyurulur:
«Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaq, sizi Allahı yada salmaqdan və namaz qılmaqdan ayırmaq istər...» («Maidə» - 91).
İslam - vəhdət dini.
İslam birlik və vəhdət dini olduğundan müsəlmanları təfriqə və ixtilafdan uzaq olmağa çağırır. Allah-təala Peyğəmbər(s)-ə buyurur:
«(Ya Rəsulum!) Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi Allah qalmışdır. (Allah) sonra (qiyamətdə) onlara nə etdiklərini xəbər verəcəkdir!» («Ənam» - 159).
Birlik sayəsində qələbə.
Bu haqda əziz İslam Peyğəmbər(s)-i vida həccində Allaha həmd-səna etdikdən sonra buyurdu:
«Allah bizim sözümüzü eşidib qoruyaraq eşitməyənlərə çatdıran şəxslərə yar olsun. Söyləyəcəyim bu üç xislətə qarşı heç bir müsəlman xəyanət etməməlidir:
-
Allah üçün saf niyyətli əməl;
-
müsəlmanların rəhbər və imamlarına xeyirxahlıq, sədaqət;
-
birlik və müsəlman icmalarında mütəmadi surətdə iştirak etmək.806»
İslam dini insanları vəhdətə, birliyə çağıran bir dindir. Əgər müsəlmanlar bir iş görərkən maneələrə rast gələrlərsə, bunu birlik sayəsində asanlıqla həll edə bilərlər.
Həzrəti-Əli(ə) buyurur:
«Əgər xalq birləşərsə, onda qüdrət və qüvvətdən başqa heç bir şey olmaz. Belə bir qüdrətə malik xalqdan Allah-təala bəlanı uzaqlaşdırar, ona üstünlük verib dini təlimləri öyrədər.»807
Odur ki, Peyğəmbər(s) xalq arasında birlik, mehribanlıq yaratmaq üçün bütün əziyyət və çətinliklərə dözdü. Peyğəmbərin(s) təbliğinə mane olan cahil və vəhşi qəbilələr arasında ağılla, düşüncəylə birlik və mehribanlıq yaratdı. İslam və «Quran»ın sayəsində aralarında həmişə düşmənçilik olmuş Ovs və Xəzrəc adlı Mədinənin bu iki məşhur qəbilələri arasında dostluq və mehribanlıq yarandı.
Hədis baxımından təfriqənin təhlükəsi.
Biz «Quran» nöqteyi-nəzərindən təfriqə və ixtilafın acı nəticələrini araşdırdıq. İndi isə xalqı bu pis əməldən çəkindirən hədisləri araşdıraq.
Əmirəl-möminin(ə) buyurmuşdur:
«...Nalayiq əməllər və xoşagəlməz hərəkətlər nəticəsində bizdən qabaqkı ümmətlərin başına gələn bəlalardan qorxun. Yaxşı və çətin günlərdə düşdükləri halı yaddan çıxarmayın. Amandır, siz belə olmayasınız...»808
«Onların yaxşı və pis günlərdə nə hala düşdüklərini düşünün. Bu zaman insanların qüdrət və əzəmətinə səbəb olan, düşmənələrini uzaqlaşdıran, əmin-amanlıq yaradan, nemət bəxş edən, bu fəzilətlərlə birliklərini möhkəmlədən amillərin ardınca getməyin sizə nə qədər lazım olduğunu başa düşərsiz. Həmin amillər bunlardan ibarətdır: təfriqəni yatırmaq, mehribanlığa böyük əhəmiyyət vermək və birliyə, yekdilliyə çağırmaq. Sizdən qabaqkı xalqları məhv edən hər bir işdən çəkinin. Yəni kin-küdurətdən, paxıllıqdan, həsəddən, bir-birinə arxa çevirməkdən, cəmiyyətdə süstlük yaratmaqdan çəkinin...»809
Bu minvalla sizdən öncəki möminlər haqda buyurulur:
«...Baxın görün, yekdil, istəklər bir, fikirlər normal, hamı bir-birinə arxa, kömək, nəzərlər iti, məqsədlər eyni olan zaman necə idilər. Onlar yer üzündə xalq kütlələrinin hamisi, bütün insanların rəhbəri deyildilərmi?!” Elə ki aralarına təfriqə düşdü, mehribançılıqları düşmənçiliyə çevrildi, məqsədlər, fikirlər müxtəlifləşdi, çoxlu sayda dəstələrə bölündülər, nəticədə isə bir-biri ilə davaya qalxdılar. Belə olduqda Allah-təala izzət və kəramət libasını əyinlərindən çıxarıb nemətini onlardan kəsdi. Onlardan yadigar qalan təkcə sizin aranızda ibrət alanlar üçün başlarına gələn macəralardır...»810
İxtilafın ziyanı haqda belə söylənilir:
«Allahın dinində ikiüzlü olmayasız. Çünki haqq yolda birlik xoşunuza gəlməsə də, meyl göstərdiyiniz batil yoldakı pərakəndəlikdən daha yaxşıdır. Ona görə ki hər şeydən pak olan Allah nə keçmişdəkilərə, nə də ki indikilərə təfriqəyə görə bir şey bağışlamamışdır...»811
Başqa bir yerdə şeytanın tələsinə düşmək təfriqənin yaratdığı təhlükələrdən biri kimi qeyd edilir:
«Həmişə haqq tərəfdarı olan böyük cəmiyyətlərlə birgə olun, çünki birlikdə Allahın lütfü var. Təfriqədən qalan kəs sürüdən ayrı düşən qoyunun qurda yem olduğu kimi şeytana yemdir!...»812
«Nəhcül-Bəlağə»də belə yazılır:
«Şeytan öz yollarını sizə asan göstərir. O sizin dini bağlılığınızı qırmaq, birliyin əvəzinə təfriqə yaratmaq və bu vasitə ilə də qarmaqarışıqlıq salmaq istəyir. Buna görə də onun vəsvəsə və hiylələrinə uymayın. Sizə nəsihət edən adamları eşidin. Onu öz qəlbinizdə qoruyub saxlayın.»813
«...Bilin və agah olun ki, şeytan sizi ardınca çəkmək üçün öz yollarını asan göstərir.»814
Təfriqə nəticəsində məğlubiyyət.
İnsanlar arasında düşmənçilik artıqda işləri bir-birinin boynuna atıb məsuliyyətdən boyun qaçırırlar. Bu da onların məğlubiyyətinin başlanğıçı olar, belə ki həzrəti- Əli(ə) bu barədə belə buyurur:
«And olsun Allaha! Bir-birinə kömək əlini uzatmayanlar nəticədə məğlub olacaqlar...»815
Düşmən təfriqədən istifadə edib insanlar arasında ixtilaf salaraq öz hökmranlığını bərqərar edir. Həzrəti Əli(ə) öz səhabələrini məzəmmət edərkən buyurur:
«Siz süstlük edib mənə kömək etmədiniz. Düşmən də bundan istifadə edib sizə hücum edərək var-dövlətinizi qarət etdi, ölkənizi işğal altına aldı...»816
Sədaqət
Sözünə və əhdinə vəfalı olmaq vacib əməllərdən sayılır. Mömin bəndə bunu həmişə diqqət mərkəzində saxlamalıdır.
«Quran» və rəvayətlərdə sadiqliyə yüksək dərəcədə əhəmiyyət verilmişdir. Bu ayə və rəvayətlərdən bir neçəsini qeyd edirik.
«Quran»da sədaqət
-
Sədaqət imanın nişanəsidir:
«Qurani-Kərim»də vəfalı olmaq imanlı şəxslərin xüsusiyyətlərindən biri kimi hesab edilərək buyurulur:
«Möminlər əmanətlərini və əhdlərini qoruyub saxlayanlardır.» («Muminun» - 8).
«Qurani-Kərim»də vəfalı və sədaqətli olmaq saleh əməlli şəxslərin nişanəsi kimi qeyd edilir:
«Yaxşı əməl sahibləri əhdlərinə vəfa edənlərdir...» («Bəqərə»-177).
-
Öz vədinə sadiq olan İsmayıl(ə):
Allah-Təalanın «Quran»da həzrəti-İsmayılın(ə) adını hörmətlə yad etmək istərkən onun fəzilətli sifətlərindən biri olan «əhdə vəfalı» deyə xatırlaması sözünə, əhdinə sadiq qalmanın nə qədər əhəmiyyət kəsb etdiyini sübut edir:
«Kitabda İsmaili də yada sal! O öz vədinə sadiq bir elçi, bir peyğəmbər idi.» («Məryəm»-54).
Bu ayədə sadiqlik Peyğəmbərlikdən əvvəl qeyd olunmuşdur. Sədaqət peyğəmbərliyin bünövrəsi, əsasıdır.
Hər halda «Qurani-Kərim»də sadiqlik bir çox ayələrdə vurğulanmışdır:
«...Əhdə vəfa edin. Çünki (insan) əhd barəsində (qiyamət günü) cavabdehdir.» («İsra» - 34).
Rəvayətlərdə sadiqliyin əhəmiyyəti.
Hədis və rəvayətlərdə də sadiqlik haqda tövsiyələr edilmişdir. Əhdə vəfalı olmaq möminin xüsusiyyətlərindəndir
Peyğəmbər (s)-imiz buyurmuşdur:
«Allaha və qiyamət gününə inanan şəxs əhdinə sadiq qalsın.»817
Həzrəti Ədi(ə) buyurur:
«Sadiqlik möminlərin nişanələrindəndir.»818
Allahın Rəsulu (s) belə buyurmuşdur:
«Vədə xilaf (sədaqətsiz) dinsizdir.»819
-
Vədə xilaf çıxmaq münafiqlik (ikiüzlülük) əlamətidir:
Peyğəmbər (s)-dən belə bir hədis nəql olunur:
«Münafiqin üç əlaməti vardır: yalançılıq, vəfasızlıq, əmanətə xəyanət.»820
-
Vəfalı olmaq nəzir verməyə bərabərdir:
Hişam ibn Salim İmam Sadiq(ə)-dən belə nəql edir:
«Möminin din qardaşına verdiyi vədə nəzir kimi yerinə yetirilməlidir, ancaq bunda kəffarə yoxdur. Kim verdiyi vədəni yerinə yetirməzsə, Allaha qarşı çıxıb onun qəzəbinə gələr». Bu, elə «Quran»da buyurulmuş məsələdir:
«Ey iman gətirənlər! Niyə verdiyiniz vədəni yerinə yetirmirsiniz?»821
-
Vəfasızlar Allahın qəzəbinə düçar olurlar:
Əmirəl-möminin(ə) Malik Əştərə məktubunda yazır:
«Xalqa söz verib yerinə yetirməməkdən çəkin...Çünki vəfasızlıq Allahın və xalqın qəzəbinə bais olar.
Bu barədə «Quran»da buyurulur:
«Allahın qəzəbinə bais olan şey söz verib yerinə yetirməməkdir.»822
-
Sədaqət iman hüquqlarındandır:
İmam Sadiq(ə) buyurdu:
«Mömin möminin qardaşı, onun gözü və bələdçisi kimidir, ona xəyanət etməz, zülm etməyə qıymaz, aldatmaz, vədə xilaf olmaz.»823
Qeyd:
Ayə və rəvayətlərdən belə məlum oldu ki, sədaqət müqəddəs şəriətimizdə həmişə diqqət mərkəzində duran əsas məsələlərdən biridir. Vəfasızlıq üzündən cəmiyyətdə intizam pozular, ictimai münasibətlərin bünövrəsi laxlayar. Dinimizdə müxalif əqidəli, məsləkli insanlara da söz verilən zaman onu yerinə yetirmək lazım bilinir.
İmam Sadiq(ə) buyurur:
«Allah-təala üç məqamda müxalif olmağı heç kimə icazə verməmişdir; əmanəti qaytarmaqda (əmanət sahibi istər xeyirxah insan olsun, istərsə də bədxah). Bədxah insanlar olsa belə, əhdə vəfalı olub ata-anaya yaxşılıq etməlidirlər.»824
Əmirəl-möminin(ə) Malik Əştərə göstəriş verir ki, öz düşməninə belə söz versən, gərək onu yerinə yetirəsən.
«Düşməninlə əhd bağlayıb onu rahat buraxacağına söz versən vədinə əməl et, öz sözünə hörmət qoy, vədini qorumaq üçün canını qalxan et! Hətta cahiliyyət dövrünün müşrikləri də ona riayət edib, sədaqəti hər şeydən üstün tutmuşlar. Buna görə də heç vaxt əhdinə xilaf çıxıb, düşmənini aldatma, çünki axmaq və cahil adamdan başqa heç kim Allah qarşısında ədəbsizlik etməz. Allah-təala onun adı ilə bağlanan əhd-peyman vasitəsilə insanların ona sığınması üçün öz mərhəməti ilə bəndələrinə əmin-amanlıq nəsib edir...»825
Sülh, yaxud müharibə şəraitində istər müsəlman, istərsə də qeyri-müsəlmana edilən vədi yerinə yetirmək şəriətimizdə ümdə məsələlərdən biridir. Misal üçün bəzi ayə və rəvayətləri burada qeyd edirik. «Qurani-Kərim»də buyurulur:
«Müqavilə bağladıqdan sonra sizə qarşı bir naqislik etməmiş (onun şərtlərini pozmamış) və sizin əleyhinizə heç kəsə yardım göstərməmiş müşriklər istisnadır. Onlarla əhdinizə axıra qədər (müddəti bitənədək) vəfa edin. Şübhəsiz ki, Allah müttəqiləri sevər!» («Tövbə»-4).
Peyğəmbər(s) buyurur:
«Müsəlmanların qanının qiyməti bir-birinə bərabərdir. Onların ən kiçik dərəcəli şəxsi belə söz verirsə, bu hamı üçün əzizdir, ehtiramlıdır. Onlar yadlar qarşısında bir, mütəşəkkil və möhkəm qüdrətə malikdirlər.»826
Peyğəmbər (s)- in aman verməsi və döyüşdə buna əməl etməsi.
Peyğəmbərin(s) düşmənlərindən biri döyüşdə aman istəmiş, Rəsuli-Əkrəm də ona aman vermişdi.
Müsəlmanlar Xeybər döyüşündə yəhudilərin həm var-dövlət anbarı, istehkamı olan axırıncı qalanı alarkən ciddi müqavimətə rast gəldilər. Nəhayət, Peyğəmbər(s) qalanı mühasirə etmək əmrini verdi. Yəhudilərdən biri həzrəti-Mühəmməd(s)-in hüzuruna gəlib dedi: «Əgər mənə, övladlarıma və malıma aman veriləcəyini bilsəm, bu səngəri ələ keçirmək üçün sizə gizli yolu göstərərəm.» Həzrət buyurdu: «Sən amandasan.» Yəhudi dedi: «Qalanın içməli suyunu ələ keçirmək üçün əmr edin, buranı qazsınlar. Sonra suyun qarşısını kəsin. Beləliklə də, onlar susuz qalıb təslim olmağa məcbur olarlar». Peyğəmbər(s) buyurdu: «Sən amandasan. Amma mən belə bir işi görmərəm. Allah-təala bizi inşallah başqa yolla qalib edər.»827
Bir sözlə, (dost-düşmənlə) bağlanan sədaqət andı bəşərin ictimai mexanizminin əsaslarından biridir. Buna görə də sədaqətli olmaq lazımdır. İslam nəzərindən verdiyin sözü yerinə yetirmək çox mühüm olduğundan Allahın Rəsuli buyurur:
«Qiyamət günü mənə ən yaxın olanınız doğrudanışan, əmanətə xəyanət etməyən və əhd-peyman bağladıqda bir-birindən daha vəfalı olanınızdır.»828
İslam təlimlərində deyilir ki, hər bir kəs söz verərkən öz gücünə baxsın. Əgər sözünü yerinə yetirə bilərsə, söz versin, yox əgər yerinə yetirə bilməyəcəksə, söz verməsin.
Əmirəl-möminin(ə) buyurur:
«Qüdrətin çatmayan şeyə söz vermə.»829
«Yerinə yetirəcəyinə əmin olmadığın şey üçün söz vermə.»830
(Zöhd) Pərhiz
İnsan dünyada təbii olaraq, müəyyən şeylərə meyl və rəğbət göstərir, lakin onun ixtiyari olaraq bütün gözəllik və cazibəsi ilə xoşladıqlarından imtina etməsi, onlara etinasızlığı «zöhd»-pəhriz adlanır. «Qurani-Kərim»də qardaşlarının Yusifi qul kimi dəyərsiz bir qiymətə satdığına işarə edilərək buyurulur:
«...Onda tamah göstərmədilər.» («Yusif» -20).
Yəni paxıllıqdan qardaşları Yusifi öz aralarında görmək istəməyib tamahkarlıq etmədən çox dəyərsiz bir qiymətə dəyişərək, atanı oğlun üzünə həsrət qoydular.
Bu, «zöhd» sözünün lüğətdə və adi danışıqda istifadə olunan leksik mənasıdır. Amma «zöhd»ün ariflər arasında bəndəçiliyin mərhələlərindən biri olan əxlaqi və mənəvi bir fəzilət kimi ali məfhumu da vardır. Başqa sözlə, «zöhd» dünyadan gözünü çəkib axirət mənzilinə sarı hərəkət etməkdir. Bu zərif və incə məfhumun şərhi bir cümləyə və bir kitaba sığmaz. Buna görə də arif və əxlaq alimlərinin kəlamlarında hər biri zöhdün xüsusiyyətlərindən birinə işarə edən müxtəlif ifadələr işlədilmişdir. Lakin bu sözün incə ürfani və dini mənasına diqqət yetirməklə, onu tərif edərkən vəhy, məsum İmamlar və üləmaların dilindən ilham alıb, onu bu çərçivədə müəyyənləşdirək.
«Qurani-Kərim»də iki qısa cümlədə bir dünya hikmət sığışdırılaraq buyurulmuşdur:
«Bu, sizin əlinizdən çıxana kədərlənməyiniz və sizə verilənə də sevinib qüürələnməyiniz üçündür...» («Hədid»-23).
Yəni dünyanın uğur və uğursuzluğu, varlığı ilə yoxluğu sizin üçün eyni dərəcədə olmalıdır. Belə ki onu əldən verməklə təəssüflənmədiyiniz və ya əldə etməklə sevinmədiyiniz halda zöhdə nail ola bilərsiniz.
Beləliklə, zöhd bu iki xüsusiyyətlə (itirilmişlərə görə təəssüflənməmək, qazanılanlara sevinməmək) izah edilən mənəvi bir fəzilətdir. Əsl zöhd isə dünyanın aldadıcı və zahiri gözəlliklərinə vurulmayan, gözünü dünya malından çəkib ali məqsədlərə yönələn bir şəxsin sifətlərindən hesab olunur.
Həqiqi (zöhdün) pərhizkarlığın üç şərti vardır:
Birincisi, iradi olaraq insanın meyl və tamah saldıqlarından əl çəkməsidir. Xəstəlik üzündən yemək-içməyə, meyvəyə və s. qida maddələrinə iştahası olmayan xəstənin yemək yeməməsi pərhizkarlıq (zöhd) deyildir;
İkincisi isə, insan acizlik və bacarıqsızlıq üzündən dünyanı tərk edərsə, bu da pərhizkarlıq (zöhd) sayılmaz. Maddi imkanları olduğu halda, müsəlmanın malik olduqlarına etina etməməsi pəhrizkarlıq hesab edilə bilər;
Üçüncü əsas şərt isə tamah və şəhvətinə güc gəlib dünyanın aldadıcı gözəlliyinə uymamaqdır. Bax, əsl pərhizkarlıq elə budur.
Bununla da əsl pəhrizkarlıqla imkansızlıq arasındakı fərqi aydınlaşdırmış olduq.
Əgər biri maddi imkanlara malik olub (ondan bir həddə qədər istifadə etməsinə baxmayaraq) ona qəlbən bağlanmazsa, o, həqiqi zahiddir. Deməli, dünyanı tərk etmək acizlik, bacarıqsızlıq və ya riyakarlıq üzündən olarsa bu, zöhdə aid deyildir. Belə yoxsulluq bəyənilmir, müqəddəs şəriət hökmlərində də tənqid edilir. Çünki bu cür yoxsulluq küfr və dinsizliyə gətirib çıxarır. Beləliklə də, bunun heç bir əxlaqi dəyəri yoxdur.
Bir sözlə, həqiqi zahid dünyaya qəlbən əlvida deməlidir, nəinki dünya onu oyuna götürməyib kənarda qoyduğundan çarəsiz qalıb dünyanı tərk etsin.
Burada Peyğəmbərin(s) mübarək kəlamını qeyd etsək məqsədəuyğun olar:
«Ey Üsamə! Bunlar (zahidlər) halal yemək və içkilərə axirətin əbədi həyatına görə göz yummuşlar. Hərisliklə ölmüş heyvan leşlərini yemək üçün bir-birinin başı üzərindən atılan və murdar leş üstündə bir-birilə əlləşən yırtıcı canavar və itlər kimi dünyaya üz tutmadılar. Onlar az yemək və köhnə paltarlarla kifayətlənib zahirlərinə zinət vurmadılar. İnsanlar zahidləri gördükdə belə güman edirlər ki, onlar xəstədirlər. İnsanlar belələrini divanə sanırlar, amma divanə deyillər. Zahidlər öz batinlərində böyük bir qəm-qüssə ilə əlbəyaxa olduqlarından başqaları belə güman edirlər ki, bunlar dəli olmuşlar. Halbuki onlar ağıllı və sağlam düşüncəlidirlər. Doğrusu, zahidlər bəsirət gözü ilə elə şeylər görürlər ki, bundan ağılları məst olub dünyanın hər şeyindən əl üzmüşlər. Belə vəziyyətdə onlar başqalarının nəzərində qeyri-adi və davranışları ağılsız görünür. Ey Üsamə! (Bil və agah ol!) İnsanlar ağıldan çıxan zaman ağıl və bəsirət sahibi idilər. Əslində, həqiqi ağıllılar elə bunlardır. Ən böyük şərəf və ən uca məqam bunlara məxsusdur.»831
Əmirəl-möminin(ə) bu haqda «Nəhcül-bəlağədə» nəql olunmuş çoxlu sayda kəlamları vardır. Əgər mövzunu o Həzrətin baxışından hərtərəfli araşdırmaq istəsək, ayrıca bir kitab yazmalı olarıq. Deməli, burada bir neçə cümlə ilə kifayətlənirik. Geniş məlumat almaq istəyənlər lazımi ədəbiyyatlara, xüsusilə ustad şəhid Murtəza Mütəhərrinin «Nəhcül-bəlağəyə bir baxış» adlı kitabına müraciət edə bilərlər.
Həzrəti-Əli(ə) bir hədisdə dünyaya xitab olaraq buyurur:
«Ey dünya, ey dünya! Məndən uzaq ol! Özünü mənə tanıtdırmaq, mən tərəfə meylli olduğunu bildirməkmi istəyirsən? İndi özünü mənim yanımda bəzəmək vaxtı deyil. Əsla. (Get bu hini başqa bir toyuq üçün düzəlt. Şahinlərin yuvası böyük, əzəmətli olur.) Sənə heç bir ehtiyacım yoxdur. Sənə geriyə qaytarılması mümkün olmayan üç dəfə təlaq vermişəm (boşamışam). Ömrün qısa, özün dəyərsiz, sənə ümid bağlamaq isə alçaqlıq və axmaqlıqdır.»832
Başqa bir hədisdə də İmam Əli(ə) buyurur:
«Əgər istəsəydim, xalis baldan, qabığı soyulmuş buğdadan və ipək paltardan istifadə edə bilərdim, amma ehtiras və şəhvətin hökmü məndən çox-çox uzaqdır... Mən yeməkdən başqa bir məqsəd və vəzifəsi olmayan qabağına axur bağlanılmış dördayaqlı kimi dadlı və ləzzətli xörəklər yemək üçün yaradılmamışam.»833
İmam Sadiq(ə) buyurur:
«Malını xarab edib, Allahın halal ruzisini özünə haram etmək zöhd deyildir. Əksinə zöhd odur ki, malik olduğuna yox, Allahın qüdrətinə bağlanasan.»834
Yəni təkcə Allaha bağlanasan və Allahdan başqa bir şeyə bel bağlamasan, əsl zahidsən.
Zöhdün təsirləri.
Pəhriz barədə möhtərəm din alimlərinin çox dəyərli kəlamları vardır, amma bu haqda Peyğəmbər(s) və məsum İmamların(ə) kəlamlarına müraciət edirik. Çünki «Quran»dan sonra ən gözəl və ən tutarlı kəlam Peyğəmbərin(s) və zahidlərin rəisi, möminlərin əmiri Əlinin(ə) kəlamıdır.
Peyğəmbər(s) buyurur:
«Hər kim dünyada zahidlik edərsə, Allah-təala qəlbini hikmət və bəsirətlə doldurub, nitqini hikmətli edər. Dərdini və dərmanını ona göstərər. Onu dünyadan darüs-səlama (behiştə) sağ-salamat aparar.»835
Bu kəlamda zöhd hikmət, bəsirət və qəlbin sağlamlığı ilə birgə göstərilmiş, onun bu kimi təsir malik olduğu açıqlanmışdır.
Başqa bir hədisdə o Həzrətdən belə nəql olunur:
«Behişt görmək istəyən yaxşılıqlara doğru tələssin. Cəhənnəmdən qorxan şəhvətdən çəkinsin. Ölümü gözləyən ləzzətləri tərk etsin. Dünyada zahidlik edənə bəlalar asanlaşar.»836
Əmirəl-möminindən(ə) belə nəql olunur:
«Ey insanlar! Zöhd arzuları qısaltmaq, nemətlərə görə şükr etmək, günahlardan çəkinməkdir. Bu sifətlərin hamısına malik ola bilmədikdə haramın səbrinizə üstün gəlib nemətlərə qarşı naşükür olmanıza əsla yol verməyəsiz. Çünki Allah-təala açıq dəlillərlə öz hüccətini sizə tamamlamış və sizin üçün heç bir bəhanə yolu qoymamışdır.»837
Başqa bir hədisdə isə buyurur:
«Həqiqətən, zahidlərin qəlbi üzdə gülümsəmələrinə baxmayaraq, batində ağlayır. Zahirdə xoşhal olmalarına baxmayaraq, daxildə qəmlidirlər. Başqalarının onların halına və Allahın onlara əta etdiyi nemətlərə görə həsəd aparmasına baxmayaraq, həmişə zahidlər nəfsləri ilə mübarizə aparırlar...»838
İmam Sadiq(ə) buyurur:
«Əlinin(ə) dostları həmişə qarnıac və dodaqlarının rəngi qaçmış halda yaşayırdılar. Onların qəlbi məhəbbət, mehribanlıq, elm və səbirlə dolu idi. Bu zahidlər ləzzətlərə göz yumub, dünyanı tərk etməkdə tanınmışdılar. Siz də bu yolda səbirli və dözümlü olmaq üçün zöhd və zəhmətdən istifadə edin.»839
Zöhd haqda verdiyimiz açıqlamalar dünyadan əl çəkib ibadətlə məhğul olmaq, bütün maddi ləzzətləri tərk etməklə tamamlanmır. Amma dünyaya qarşı soyuqluq və etinasızlıq təbii olaraq, qənaət, alicənablıq və izzətlə birgədir. Yəni əvvəldə dediyimiz kimi, zöhd var-dövlətə, vəzifə və yüksək rütbəyə malik olmaqla yanaşı ola bilər. (Belə ki, Peyğəmbər(s), Süleyman, Davud, həzrəti-Əli, Xədicə (ə.s.) və övliyalardan bir çoxu çoxlu var-dövlətə və yüksək vəzifələrə malik olmaqla yanaşı, Allahın ən zahid bəndələri idilər), lakin zahidlik ruhu insanı hər şeylə qane olmağa vadar edir. Zahidlər bundan artığına tamah salmırlar. Əllərində imkan olsa belə, onu qənaətlə xərcləyir, özləri üçün az istifadə edirlər. Demək olar ki, dövlətini Allah yolunda xalqın ehtiyacını ödəmək üçün xərcləyir, başqalarını özlərindən üstün tuturlar. «Qurani-Kərim»də buyurulur:
«..Özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar...» («Həşr»- 9).
Əslində, qənaət zöhdün mərhələlərindən biridir. Ondan sonra növbə ehsan (yaxşılıq) və fədakarlıq mərhələlərinə yetişir. Ən sonuncu mərhələ yalnız Allaha tapınıb Ona bağlanmaqdır.
Qənaət
Qənaət imanlı şəxslərin nişanələrindən və fəzilətli insanların müstəsna hüquqlarındandır. Özünü islah etmiş şəxslər qənaət və izzət xüsusiyyətinə malikdirlər. Belə bəndələr bunun sayəsində heç vaxt başqalarının mal-dövlətinə göz dikmir, özünə dövlət və vəzifə qazanmaq üçün şəxsiyyətlərini heç vaxt alçaltmırlar. Qənaətcil insanlar həyatda tələb olunan miqdarla kifayətlənib ondan da azına xoşhal olurlar. Qənaət əxlaqi gözəllik və Peyğəmbərin(s) xüsusiyyətlərindəndir. Biz də eyni zamanda o ali Cənabın ardıcılı olaraq özümüzdə bu xüsusiyyəti yaratmalıyıq.
İmam Sadiq(ə) buyurur:
«Allah-təala öz Peyğəmbərinə(s) əxlaqi gözəlliklərinə görə üstünlük verdi. Siz də özünüzü bu cəhətdən sınayın. Əgər bunlar sizdə olarsa, Allaha şükr edin. Ondan həmin xüsusiyyətlərin sizdə daha da çoxalmasını istəyin. Bu üstünlüklər aşağıdakılardan ibarətdir:
Yəqin, qənaət, səbir, şükr, razılıq, mehribanlıq, səxavət, qeyrət, şücaət, mərdlik.»840
Qənaət iki - ali və əla- dərəcələrinə malikdir. Birinci mərhələ tələb olunan miqdara qane olmaq, ikinci mərhələ isə ondan azı ilə razılaşmaqdır.
Rağib İsfəhani yazır:
«Qənaət məişət avadanlığının tələb olunan və hətta ondan da az miqdarına kifayətlənməkdir.»841
Başqa bir yerdə belə yazır:
«Qənaət kifayət edən miqdardan da azına qane olmaqdır.»842
Tərihi kifayətin həddini belə təfsir edir:
«Maddi imkanların kifayət həddi başqalarına möhtac olmamaq, başqalarından dilənməməkdir.»843
Hər iki mənada qənaət ali insani keyfiyyətlərdən, Peyğəmbər, övliya və salehlərin xüsusiyyətlərindəndir.
Sözsüz ki, ikinci mərhələ birincidən daha yüksəkdir. Çünki qənaətcil insan bu mərhələdə qənaətdən əlavə fədakarlıq və güzəştə malikdir. Belə ki «Quran»da bu barədə buyurulur:
«...Özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar...» («Həşr»-9).
Əlbəttə, fədakarlıq bəhsi ayrıca açıqlanmalıdır. Dini təlimlərdə də qənaət mənəvi dəyər və fəzilət kimi qeyd olunmuş və müsəlmanlara bu keyfiyyəti özündə yetişdirmək dönə-dönə tapşırılmışdır. Peyğəmbər(s) hətta dualarında belə, kifayət edən həddə qane olmağı bir mənəvi dəyər kimi özü və səhabələri üçün Allahdan diləmişdir.
Dostları ilə paylaş: |