Cidalın (mübahisə) müsbət cəhəti.
Mübahisə etmək islam dinində tamamilə qadağan edilməmişdir. Əksinə «Quran»ın bəzi ayələrində Allah-təala Peyğəmbər(s)-ə əmr edir ki, insanlarla mücadilə etsin. Çünki mübahisə etmək insanların hidayət olunması üçün zəruridir. Neçə-neçə şəxslər bu kimi mübahisələrin nəticəsində çoxlarını xeyirxahlığa, səadətə dəvət edib, bədbəxtlik və azğınlıqdan qurtarmışlar.
«Qurani-Kərim»də buyurulur:
“(Ya Məhəmməd!) İnsanları hikmətlə, gözəl öyüd-nəsihət ilə Rəbbinin yoluna dəvət et, onlarla ən gözəl surətdə mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, yolda olanları da daha yaxşı tanıyır!” («Nəhl» - 125).
“Kitab əhlinin zülm edənləri (cizyə verməyənləri, sizinlə vuruşmaq istəyənləri) istisna olmaqla, onlarla ən gözəl tərzdə mücadilə edin! Və belə deyin:
“Biz həm özümüzə nazil olana (Qurana), həm də sizə nazil olana («Tövrat»a və «İncil»ə) inanırıq. Bizim də Allahımız, sizin də Allahınızı birdir. Biz yalnız Ona təslim olanlarıq!” («Ənkəbut» - 46).
Buna əsasən, demək olar ki, mücadilə tamamilə qadağan olunmamışdır. «Qurani-Kərim»də məntiqli söhbət və mübahisə pislənilmir.
İslamda yalnız qalmaqallı, hay-küylü, acıqlı və sonu hörmətsizliklə bitən mübahisələr bəyənilməyib kəskin surətdə pislənilmişdir. Əgər üstün gəlmək məqsədilə mücadilə edilməzsə, bu, həqiqətlərin aydın olması üçün ən gözəl vasitə olar.
İslami rəvayətlərdə Peyğəmbər(s) və məsum imamlarla(ə) müxalif qüvvələr arasında baş vermiş mübahisələrdə aydın olan bir çox mətləblər vardır. Bundan əlavə məsum İmamlar(ə) öz səhabələrinə həmişə müxalif qüvvələrlə bəhs etməyi tövsiyə edirdilər. Bu isə islamda mübahisənin tam surətdə qadağan olunmamasına bir dəlildir.
Hişam ibn Həkəm
Burada Hişam ibn Həkəmi misal gətirmək olar. O, imam Sadiq(ə)-in ən yaxşı və tanınmış şagirdlərindən idi. Xüsusilə, kəlam elmində çox məharətli idi. Təhqiqatçılar onun bu elmdə böyük təcrübəyə malik olduğunu çox gözəl bilirlər. Mübahisə zamanı özünəməxsus bacarıqla bəhsdə qələbə çalardı. Onun bir çox mübahisələri olmuşdur. Əmr ibn Übeydi Mötəzim ilə olan bəhsi onun ən məhşur bəhsidir. Bir sözlə, Hişam müxalif qüvvələrlə həmişə elmi mübahisə edərdi. Əgər islam nəzərində bütün mübahisələr pislənilsəydi, imam Sadiq(ə) ona buyurmazdı:
“Ey Hişam! Sən iki ayaqla yerə yıxılmazsan. (Əgər sənin üçün heç bir cavab olmazsa,) yerə düşmək istəsən, pərvaz edirsən. (Məğlub olduğunu görüb özünə nicat verirsən). Sənin kimiləri insanlarla danışmalıdırlar. Özünü qoru. Bizim şəfaətimiz ardınca gələr inşallah.”916
Məhz elə bu mübahisələrinə görə imam Sadiq(ə) onun barəsində belə buyurmuşdur:
“.......(Hişam) dili və əli ilə bizim köməkçimizdir.”917
“Hişam ibn Həkəm bizim haqqımızın bayraqdarı, sözümüzü xalqa yetirən, doğruluğumuzu təsdiq edən və düşmənlərimizin səhv sözlərini rədd edən bir insanlardır. Ona tabe olmaq bizə tabe olmaq, onunla düşmənçilik etmək və müxalif olmaq bizimlə düşmənçilik etmək və müxalif olmaqdır.”918
Demək, mübahisə islam nəzərindən tam surətdə qadağan olunsaydı, imam Sadiq(ə) mübahisə etmək qabiliyyəti olan bəzi səhabələrinə din düşmənləri ilə mübahisə etməyi heç vaxt tövsiyə etməzdi.
Buna görə də Şam şəhərindən imam Sadiq(ə)-in hüzuruna gəlib onunla mübahisə etmək istəyən kişiyə qarşı İmam (ə) Zirarə ibn Əyəni təyin edib buyurdu: “Sən onunla mübahisə et.”919
Mübahisənin mənfi cəhəti.
Əgər mübahisə etməkdə məqsəd düşmənçilik və ya, özünün fəzilətli olduğunu göstərmək olarsa, bu, «Quran» baxımından haramdır. Çünki bu məqsədlə mübahisə edən şəxs özünü islah etməmiş və dünyaya olan bağlılıqları özündən uzaqlaşdırmamışdır. Həcc və ümrə mərasimində ehram bağlanan zaman mübahisə etmək ehramın fəlsəfəsi olan maddi və dünyəvi bağlılıqları qırmağa zidd olduğuna görə haram buyurulmuşdur.
«Qurani-Kərim»də buyurulur:
“.......Həcc ziyarəti vacib olan şəxsə həccdə olarkən (qadınla) yaxınlıq, söyüş söyüb pis sözlər danışmaq, dava-dalaş etmək yaramaz.....” («Bəqərə» - 197).
Şübhəsiz ki, mübahisə düşmənçilik və üstün gəlmək naminə olarsa, xoşagəlməz nəticələr verər. Bunlardan bir neçəsini qeyd edirik:
Həyasızlıq:
Mübahisənin xoşagəlməz nəticələrindən biri insanın abır-həyasını itirməsidir. Xüsusilə, rəqib eyib tutan, danışığında ədəb-ərkana riayət etməyən və sözlərinə sərhəd qoymayan olarsa, mübahisə, hörmətsizlik və təhqirlə nəticələnəcəkdir.
Əmirəlmöminin(ə) buyurur:
“Abır-həyanı qorumaq istəyən kəs mübahisə və dava-dalaş etməsin.”920
İmam Sadiq(ə) buyurur:
“Həyatda iki şəxslə mübahisə etmə: birincisi, ağıllı və səbirli adamla; ikincisi, isə nadan və axmaq adamla. Çünki birincisi sənə qalib gələ bilər, ikincisi isə sənə əziyyət verər.”921
Mübahisə düşmənçiliyə səbəb olar.
Əmirəlmöminin(ə) xalqı düşmənçilik və kin-küdurətə səbəb olduğuna görə mübahisədən çəkindirərək buyurur:
“Mübahisə və dava-dalaşdan çəkinin. Çünki bu, din qardaşlarını bir-birinə qarşı kinli edib araya nifaq salır.”922
Demək, təvazökarlıqdan o kəs dəm vura bilər ki, təvazökarlıq onun əməlini, davranışını, danışığını büsbütün əhatə etsin. Şübhəsiz, haqsız olduğunu bilə-bilə sözünü isbat etmək üçün inadkarlıq edib fikrini xalqa zorla qəbul etdirən şəxsdə təkəbbürlük xisləti üstün gəlir və onu mübahisənin acınacaqlı, xoşagəlməz nəticələrinə tərəf sürükləyir. Habelə insanlarla davranışın da özünü qürurlu aparan şəxs təvazökarlıq iddiasını edə bilməz. Belə şəxslər xalq arasında sevilmir, nəticədə (qiyamət günü) təkəbbürlülərlə bir yerdə olacaqlar. (Məhşər ayağına gələcəklər).
Müstəsna hallar.
Təvazökarlığın fəzilətli sifətlərdən olmasına baxmayaraq, hər yerdə təvazökarlıq bəyənilmir. Çünki bəzi hallarda təvazökarlığın özünün mənfi təsirləri ola bilər. Buna görə də həyatımızda elə hallara rast gəlirik ki, burada təvazökar olmaq qadağan olunmuşdur. Bunlardan bir neçəsini qeyd edirik.
Təkəbbürlü şəxs qarşısında təvazökarlıq
Təkəbbür rəzil sifətlərdən olub böyük günahlardan hesab olunur. Buna görə də təkəbbürlü şəxslər qarşısında təvazökar olmaq bəyənilmir. Çünki təkəbbürlü insan qarşısında təvazökar olmaq onun belə bir mövqe tutmasını təsdiqləməkdir. Halbuki Allah-təala təkəbbürlü şəxsləri sevmir.
İmam Sadiq(ə) buyurur:
“Allah-təala həzrəti Davuda vəhy göndərib buyurdu: “Ey Davud! Allah dərgahına ən yaxşı adamların təvazökarlar olduğu kimi, ən uzaq adamlar da təkəbbürlü şəxslərdir.”923
Ona görə buyurmuşlar ki, təkəbbürlüyə qarşı təkəbbürlü olun, qoy onun təkəbbürü sınıb xalq arasında kiçilsin.
Peyğəmbər(s) buyurmuşdur:
“Mənim ümmətimin təvazökarlarına qarşı təvazökar olun. Təkəbbürlü şəxslərlə rastlaşdıqda siz də onlara qarşı təkəbbürlü olun. Çünki belə rəftar onların təkəbbürünün pozulmasına səbəb olar.”924
Var-dövlət xatirinə təvazökarlıq.
Təvazökarlığın bəyənilmədiyi məqamlardan biri də dövlətlilərə qarşı varına görə təvazökarlıq etməkdir. Əgər bir kəs zəngin qarşısında yalnız onun var dövlətinə görə təvazökarlıq edərsə, imanının bünövrəsi laxlayır. Dövlətlinin fəqir-füqəraya qarşı təvazökarlığı isə bunun əksinə olaraq çox bəyənilmişdir.
Həzrəti Əli(ə) bu haqda buyurur:
“Allah savabını qazanmaq üçün dövlətlilərin kasıblar qarşısında təvazökar olmaları nə qədər gözəldir?! Allaha arxalanmaq üçün kasıbların dövlətlilər qarşısında təkəbbürlü olmaları isə ondan da gözəldir.”925
“........Dövlətlinin yanına gedib varına görə ona boyun əyənin dininin üçdən ikisi əldən gedər.”926
«Tövrat»da da buyurulur:
“Dövlətinə görə dövlətlinin qarşısında təvazökar olanın dininin üçdən ikisi məhv olar.”927
Kafirlər qarşısında təvazökarlıq:
Təvazökarlığın müstəsna hallarından biri də kafirlər qarşısında boyun əyməməkdir. Möminlər kafirlər928 qarşısında boyun əyməməli, özlərini elə aparmalıdırlar ki, kafirlər onlara ehtiramla yanaşsınlar. Möminlər yalnız və yalnız möminlərə qarşı təvazökar, kafirlərə qarşı təkəbbürlü olmalıdırlar. «Qurani-Kərim»də buyurulur:
“Mühəmməd Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər. Sən onları (namaz vaxtı) rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə nişanəsidir. Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkinə bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxartmış, onu bəsləyib cana-qüvvətə gətirmiş, o da möhkəmlənib gövdəsi üstünə qalxaraq əkinçiləri heyran qoymuşdur. (Allahın bu təşbihi) kafirləri qəzəbləndirmək üçündür. Onlardan iman gətirib yaxşı əməllər edənlərə Allah məğfirət və böyük mükafat vəd buyurmuşdur!” («Mümtəhinə» - 29).
“Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, (bilsin ki) Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (lütfü ilə) genişdir, (O, hər şeyi) biləndir!” («Maidə» - 54).
Fasiq və namazı tərk edən şəxslərin qarşısında təvazökarlıq.
Şərab içən, sələm yeyən, namazı tərk edən və s. bu kimi fasiq əməllərə qurşanan şəxslərə qarşı təvazökarlıq müstəsna hallardandır, yəni bəyənilmir.
Dinimizdə göstəriş verilir ki, belə şəxslərlə onları yenidən günah işlətməyə sövq edən tərzdə (yumşaqlıqla) davranmaq olmaz. Ona görə də dinimizdə onlara salam vermək belə pislənilir.
Bəhsin xülasəsi
Bir sözlə, təvazökarlıq o zaman bəyənilir ki, ali məqsədlərdən qida alıb Allaha xatir və Allah yolunda olsun. Ulu Yaradanın rizası üçün təvazökarlıq olmazsa, bu, zillət və alçaqlıq sayılır. Mömin və gözəl əxlaqa malik olan şəxs isə özünə alçaqlıq gətirməz.
Buna əsasən, təyin olunmuş çərçivədən çıxmaq əxlaqi məsələlərdə düzgün deyildir.
MÜNDƏRİCAT
1.Müqəddimə 3
2.Giriş 20
3.I fəsil. Özünü və Allahı dərk etmə (mərifəti nəfs) 26
4.II fəsil. Qəflətdən ayılmaq və məsuliyyət daşımaq 32
5.III fəsil. Xatırlama 36
6.IV fəsil. Təfəkkür və düşüncə 38
7.V fəsil. Məhəbbət və nifrət. (Təvəlla və Təbərra) 42
8.VI fəsil. Şəriət hökmlərindən xəbərdar olmaq 52
9.VII fəsil. Sədaqətli yoldaş seçib, günahkar
(pis) adamlardan uzaqlaşmaq 54
10.VIII fəsil. Haram əməllərdən çəkinmək 56
11.IX fəsil. Tövbə və istiğfar 180
12.X fəsil. Vacib əməllərin yerinə yetirilməsi 186
13.XI fəsİl. Müstəhəb əməllərin yerinə yerinə yetirilməsi, məkruh əməllərin isə tərk olunması 192
14.XII fəsil. Mürabiə, müraqibə, mühasibə və müaqibə 198
15.XIII fəsil. Niyyət, ixlas və şirk, riya və nifaqdan
çəkinmə 218
16.XIV fəsil. Zahidlik və nəfslə cihad 256
17.XV fəsil. Nizam-intizam və vaxt bölgüsü 264
18.XVI fəsil. Fürsətdən istifadə 268
19.XVII fəsil. İnsanlara xidmət 272
20.XVIII fəsil. Allaha təvəkkül 292
21.XIX fəsil. Gözəl rəftar və xoş davranış 304
22.XX fəsil. (Zöhd) Pərhiz 356
23.XXI fəsil. Qənaət 362
24.XXII fəsil. Dini və ictimai qanunlara riayət 382
Dostları ilə paylaş: |