Усулиддиндян дярсляр



Yüklə 7,79 Mb.
səhifə24/33
tarix21.10.2017
ölçüsü7,79 Mb.
#8016
1   ...   20   21   22   23   24   25   26   27   ...   33

Zarafat.

Zarafat əxlaqi gözəlliklərdən sayılır, lakin təhlükəli və xoşagəlməz nəticələri olan dil bəlalarından biri də zarafatdır. Buna görə də dini hökmlərdə zarafat üçün bir hədd təyin olunmuşdur. Əgər zarafat həddi aşarsa, xoşagəlməz hadisələrlə nəticələnər. Buna görə də insan gərək öz dilinin ağası olsun, zarafat edərkən yaxşı və pis cəhətləri nəzərdə tutsun, bacardıqca zarafatdan çəkinsin. Çünki hər sözün öz yeri və hər mətləbin öz məqamı vardır. Əgər bir kəs bütün gününü zarafatla keçirib ifrata vararsa, tədriclə ona adət etdiyindən ciddi məsələlərdə də ciddiyyətini əldən verər, həyatda və vəzifələrini yerinə yetirməkdə məsuliyyət hiss etməyən şəxs isə özünə və cəmiyyətə fayda verə bilməz. Təbiidir ki, zarafat etmək xüsusiyyəti insana hakim kəsilərsə, həqiqəti dərketmə hissini itirər, həqiqəti olduğu kimi dərk edə bilməz. Başqaları da ona ciddi yanaşmazlar. Bu müqəddiməyə əsasən bir neçə sualı müzakirəyə qoyuruq:



  1. Zarafat tamamilə bəyənilmir?

  2. Peyğəmbər(s) və məsum İmamların(ə) davranışı necə olmuşdur?

  3. Dini təlimlərdə zarafat haqda müsbət cəhət söylənilmişmi?

Bu suallara cavab olaraq demək lazımdır ki, məsum İmamlardan(ə) nəql olunan hədislərə görə, bir həddə qədər zarafat etməyin heç bir ziyanı yoxdur. Çünki bizim dini rəhbərlərimiz zarafatı tamamilə qadağan etməmiş, əksinə zarafatcıl olmağı nisbətən və xüsusi şəraitdə bəyənmişlər. Hətta o ali Cənablar bəzən zarafat da etmişlər. Peyğəmbər(s) bu barədə buyurmuşdur:

«Mən zarafat edirəm, amma haqq sözdən başqa bir söz demirəm.»741

Müəmmər ibn Xəllad adlı biri deyir:

Səkkizinci imam Əli ibn Musa Riza(ə)-dan soruşdum:

-Əgər bir kəs zarafat edib gülən adamların arasında olarsa, onun vəzifəsi nədən ibarətdir?

Buyurdu:


-Söyüş olmayana qədər heç bir eybi yoxdur. (Mən belə güman edirəm ki, burada həzrətin məqsədi söyüşdür, yəni zarafat söyüşsüz olarsa, onun heç bir eybi yoxdur.) Sonra buyurdu:

-Bir nəfər ərəb Peyğəmbər(s)-in hüzuruna gəlib onun üçün hədiyyə gətirəndə elə oradaca deyərdi: «Hədiyyəmin pulunu verin». Peyğəmbər(s) də onun bu sözündən xoşhal olub gülərdi. Nə vaxt Allahın Rəsulu (s) kədərlənsəydi, buyurardı: «Çadırda qalan o kişi hanı? Kaş yanımıza gələydi...»742

Başqa bir şəxs İmam Sadiq(ə)-dən belə bir hədis söyləyir:

«Mömində düabədən başqa bir şey olmaz.» Soruşdum ki, düabə nədir? Buyurdu: «Zarafat.»

İmam Baqir(ə) buyurur:

«Allah-təala xoş təbiətli insanı sevir, ancaq bu şərtlə ki, günah və nalayiq sözlərdən çəkinsin.»743

Peyğəmbər(s) və məsum İmamlarımız(ə)da zarafat edib, xalqı da bu işə təşviq edərdilər. Məsələn, İmam Sadiq(ə) bir nəfərə buyurmuşdu:

-Bir-birinizlə zarafat edirsinizmi?

Həmin şəxs cavab verdi:

-Hərdənbir.

İmam(ə) buyurdu:

-Belə etməyin, çünki zarafat xoşxasiyyət olmağın əlamətidir. Zarafat vasiətsilə öz din qardaşını xoşhal edirsən.

Sonra yenə buyurdu:

-Peyğəmbər(s) birini xoşhal etmək üçün onunla zarafat edərdi.744

Həzrəti-Əli(ə) buyurur:

«Peyğəmbər(s) nə vaxt öz səhabələrindən birini qəmli görsəydi, zarafat etməklə onu xoşhal edərdi.»745

Başqa bir hədisdə İmam Sadiq(ə)-dən belə nəql olunur:

«Peyğəmbər(s) zarafat edərdi, amma həqiqətdən başqa bir söz söyləməzdi.»746

Bir nəfər ibni Abbasdan soruşdu:

-Peyğəmbər(s) də zarafat edərdimi?

O dedi:

-Bəli.747

Deməli, bizim dini rəhbərlərimiz də zarafat etmiş, amma həddi aşmamışlar. Bütün bunlar zarafatın müsbət cəhətini açıqlayan hədislərdir.
Zarafatın mənfi cəhətləri

Keçən bəhsdə zarafatın da müsbət cəhətləri bir qədər aydınlaşdırıldı. İndi isə onun mənfi təsirlərini bəyan edən hədisləri burada qeyd edirik.




  1. Zarafat insanın şəxsiyyətini hörmətdən salır:

Peyğəmbər(s) Əmirəl-möminin(ə)-ə buyurdu:

«Ya Əli! Zarafatdan çəkin, çünki zarafat insanın şəxsiyyətini hörmətdən salır.»748

Həmran ibn Əyən deyir:

İmam Sadiq(ə)-in hüzurunda idim. O Həzrətdən xahiş etdim ki, mənə tövsiyə etsin. İmam Sadiq(ə) mənə təqvalı olmağı tövsiyə edəndən sonra buyurdu:

«....Zarafat etməkdən çəkin, çünki zarafat insanın şəxsiyyətini hörmətdən salır, abrını aparır.»749

Başqa bir hədisdə o Həzrət birisinə buyurur:

«Sənə təqvalı olmağı tövsiyə edirəm. Məsləhət görürəm ki, zarafat etməyəsən, çünki zarafat sənin əzəmətini aradan aparır.»750

Peyğəmbər(s) buyurur:

«Həddindən artıq zarafat insanın abrını azaldır.»751

İmam Sadiq(ə) buyurur:

«Zarafat etməyin, çünki zarafat insanın şəxsiyyətini alçaldır.»752

Zarafatın pis nəticələrindən biri də budur ki, başqaları zarafat edən şəxsə qarşı cürətlənib ona hörmət qoymur. İmam Sadiq(ə) buyurur:

«İnsanların sənə qarşı cürətli olmamasını istəyirsənsə, zarafat etmə.»753

Zarafat dava-dalaşa, ədavətə səbəb olur. Əmirəl-möminin(ə) buyurur:

«Zarafat etməyin, çünki zarafat dava-dalaşa, ədavətə səbəb olur. Zarafat kiçik söyüşdür.»754

Zarafat iman nurunu insanın sifətindən aparır. Əmirəl-möminin(ə) buyurur:

«Zarafat etməkdən çəkin, çünki zarafat iman nurunu aradan aparıb insanın mürvətini azaldır.»755


  1. Zarafat ağılsızlıq:

Başqa bir rəvayətdə Əmirəl-möminin(ə) zarafatı ağlın azalmasına səbəb bilir və belə ərz edir:

«İnsan zarafat etdikcə ağlını itirir.»756

İmam Hadi(ə) buyurur:

«Boşboğazlıq, zarafat ağılsız və axmaq insanların işidir.»757


Nəticə

Bütün bu hədisləri nəzərdən keçirməklə belə qənaətə gəlmək olar ki, zarafatın pis və ya yaxşı olması nisbi məfhumdur. Bu barədə tam surətdə hökm vermək olmaz. Bir tərəfdən müsəlmanlar davranışda bir-birinə qarşı gülərüz, digər tərəfdən də ədəbli və ciddi olmalıdırlar. Bu iki qaydaya riayət etmək həm asan, həm də çətindir. Əgər biri dini əxlaqa malik olub sözünün həddini bilərsə, şübhəsiz, ictimai və ailə münasibətlərində nə insanların narahatlığına səbəb olacaq dərəcədə quru və donuq olar, nə də xoşagəlməz zarafatlar və nalayiq sözlərlə öz şəxsiyyətini alçaldıb, başqalarına qarşı da əziyyət verəcək dərəcədə yüngül olmaz. Mömin gülərüz olub, eyni zamanda da ədəb həddini aşmayaraq öz əzəmət və vüqarını saxlamalıdır. Bunlara riayət etmək çox çətindir, lakin özlərinə qarşı həmişə diqqət yetirən şəxslər üçün bu, asan və maraqlı bir işdir. Özünənəzarəti itirənlər isə bu zaman ya ifrata, ya da təfritə yol verirlər, yəni bəziləri o qədər tutqun və qaşqabaqlıdırlar ki, onlarla heç kəlmə kəsmək olmur, bəzi adamlar da o qədər sərbəst davranıb zarafat və boşboğazlıq edirlər ki, başqalarına əziyyət verib, günaha batırlar.

Əziz Peyğəmbərimizin(s) bu kəlamını unutmayaq: «Mən zarafat edirəm, amma həqiqətdən başqa bir söz söyləmirəm.»
İnsaf.

Əxlaqi gözəlliklərin ən mühüm əlamətlərindən biri də insafdır. Danışıqda çoxunun insaflı olduğunu iddia etməsinə baxmayaraq, əməl mərhələsində buna çoz az adam riayət edir.

Əmirəl-möminin(ə) buyurur:

«....Danışıqda tərif və vəsf edərkən haqqın dairəsi hər şeydən genişdir, amma əməl zamanı (yəni haqqı əda edərkən) hər şeydən dar və məhduddur...»758

Bəli, insanların çoxu haqqı yaxşı tanıyır və yaxşı vəsf edirlər, amma əməl zamanı özlərini darısqallıqda görüb asanlıqla haqqı sahibinə vermirlər.
İnsaf nədir?

İnsaf «nəsf» və «nüsf» sözləri ilə eyni kökdən olub, mənası adil olmaq və ya ədalətə çatdırmaq deməkdir. İctimai məsələlərdə xeyri və zərəri özünlə başqaları arasında nəsf edib, məhkəmədə isə hər iki iddiaçı tərəfin hüququna bərabər tərzdə riayət etməkdir. Bir sözlə, başqalarına qarşı insaflı olmaq güzəşt və ehtiramdan doğur. İnsaflı şəxs odur ki, başqalarına qarşı bərabər hüquqla davranıb, həyatın məziyyətlərini özü ilə başqaları arasında ədalətlə bölsün. Bəzi adamlar digərlərinə insaflı olmağı tövsiyə edir, lakin özləri buna riayət etmirlər. Buna görə də belə söyləmişlər ki, özünlə xalq arasında qəzavət edərkən başqalarını haqlı bilib sənə verilən hüquqa riayət et.


«Quran» insaf

Elələri var ki, özünü və yaxud yaxın qohumlarını təhlükədə hiss etdiyi zaman haqdan dönür, şahidlik edən zaman yalan danışır. «Qurani-Kərim»də bu haqda buyurulur:



«....Söz söylədiyiniz zaman qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı əhdi yerinə yetirin. (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə düşünüb öyüd-nəsihət qəbul edəsiniz!» («Əl-Ənam»-152).

«Ey iman gətirənlər! (Şahidliyiniz) sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın xeyrinə olsa belə, ədalətdən möhkəm yapışan Allah şahidi olun! (Əleyhinə şahidlik edəcəyiniz şəxs) istər dövlətli, istər kasıb olsun, hər halda Allah onların hər ikisinə (sizdən) daha yaxındır. Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin! Əgər dilinizi əyib büzsəniz ya (doğru şəhadət verməkdən, yaxud ümumən şəhidlikdən) boyun qaçırsanız, (bilin ki,) Allah etdiyiniz işlərdən xəbərdardır!» («Nisa»-135).
Hədislər baxımından insaf

Hədislərdə də insafa riayət etmək haqda bir çox tövsiyələr olunmuşdur. Onlardan bir neçəsini qeyd edirik.

İnsaf əxlaqi gözəlliklərdəndir.

Bir nəfər Peyğəmbər(s)-in hüzuruna gəlib dedi:

-Mənə əxlaqi gözəlliklərdən söylə.

Peyğəmbər(s) buyurdu:

-Əxlaqi gözəlliklər aşağıdakılardan ibarətdir:


  1. sənə zülm edəni bağışlamaq;

  2. səninlə rabitəni kəsmiş şəxslə əlaqə yaratmaq;

  3. səni nemətdən məhrum etmiş şəxsə bəxşiş vermək;

  4. zərərinə olsa da, haqqı demək.759


İnsaf imanın əlamətidir
Peyğəmbər(s) insafı həqiqi möminin əlamətlərindən biri kimi hesab edərək buyurur:

«Yoxsulla dərdləşən və camaatla insaflı davranan həqiqi mömindir.»760


İnsaf izzətli olmaq üçün vasitədir

Əmirəl-möminin(ə) buyurur:

«...Kim başqaları ilə insaflı davransa, Allah-təala onu izzətli edər.»761
İnsaf ən yaxşı əməllərdəndir:

İmam Sadiq(ə) buyurur:

«Əməllərin ən üstünü bunlardır:


  1. xalqa qarşı insaflı davranaraq, özünə rəva bildiyini onlara da rəva bilmək;

  2. mal-dövlətdə qardaşınla bərabər olmaq;

  3. Allahı həmişə xatırlamaq.

Təkcə «Sübhanəllah...» demək Allahı yad etmək deyildir, əksinə Allahı yad etmək dedikdə, məqsəd Allahın əmrlərinə itaət edib, haram buyurduqlarından çəkinməkdir.762»
İnsaf Allaha yaxınlaşmaq üçün vasitədir.

İmam Sadiq(ə) buyurmuşdur:

«Sorğu-sualdan qurtarana qədər hamıdan çox xalqın mərhəmətinə yaxın olanlar üç dəstədən ibarətdirlər:


  1. qəzəblənən zaman qüdrət və qüvvətindən istifadə edib əlaltılarına zülm etməyənlər;

  2. iki nəfər arasında qəzavət edərkən bir arpa dənəsi qədər heç bir tərəfə yönəlməyənlər;

  3. istər zərərinə və istərsə də xeyrinə olsun, hər iki halda haqqı deyən şəxslər.763»

Ən az hüquq.

Müəlla ibn Xüneys İmam Sadiq(ə)-dən müsəlmanın müsəlmana olan haqqının nə olduğunu soruşduqda İmam (ə) buyurdu:

-Müsəlmanın müsəlmana olan haqqı yeddidir. Bunun yeddisi də vacibdir. Əgər bu hüquqlardan birinə riayət etməzsə, Allahın vilayət və itaətindən çıxmış, günaha batmışdır.

Ərz etdim:

-Ey mənim mövlam, bu hüquqları mənə söyləyin.

İmam Sadiq(ə) buyurdu:

-Mən səni çox sevirəm. Qorxuram, bu hüquqları pozasan, bilib, amma əməl etməyəsən.

Müəlla dedi:

-Allaha pənah aparıram.

İmam Sadiq(ə) buyurdu:

-Müsəlmanın müsəlmana olan haqqı ən azı budur ki, özünə rəva bildiyini ona da rəva bilsin, özü üçün bəyənmədiyini onun üçün də bəyənməsin.764
Əmirəl-möminin(ə)-in Malik Əştərə əmri.

Həzrəti Əli(ə) Malik Əştərə yazdığı fərmanda buyurur:

«...Allah və bəndələrinə qarşı insafı əldən vermə. Ətrafındakılar, ailən və xidmətçilərinlə insaflı ol. Əgər insafı özünə peşə etməsən, zülmkar olarsan. Allah bəndələrinə zülm edən şəxsə Tanrı da düşməndir. Allah düşməni olduğu şəxsin üzrünü qəbul etməz. Belə bir şəxs Uca Yaradanla vuruşur. (Onun bir yolu var) Zülmdən əl çəkib tövbə etsin...»765
Ən ağır vəzifələr.

İnsafa riayət etmək çətin və əhəmiyyətli olduğundan məsum İmamlardan(ə) nəql olunmuş bu iki hədisə diqqət yetirin:



  1. İmam Sadiq(ə) buyurdu:

«Allahın bəndələrinə vacib etdiyi ən çətin vəzifənin nə olduğunu sizə söyləməyimmi? Onlardan birincisi başqalarına qarşı insaflı olmaqdır.»766

  1. İmam Sadiq(ə)-in səhabələrindən bir neçəsi özlərinə lazım olan sualları məktuba yazıb Mədinəyə gedən Əbdül Əla adlı bir şəxslə İmam Sadiq(ə)-ə göndərdilər. Əbdül Əlaya tapşırdılar ki, müsəlmanın müsəlmana olan haqqı barədə şifahi olaraq o Həzrətdən soruşsun.

Əbdül Əla deyir:

«İmam Sadiq(ə)-in hüzuruna gəlib məktubu ona verdim. Din qardaşlarının qarşılıqlı hüququ haqda İmamdan soruşdum. Amma mənim gözlədiyimin əksinə olaraq, İmam Sadiq(ə) bu sualdan başqa bütün suallara cavab verdi.

Mədinədən qayıdarkən İmam Sadiq(ə) ilə xudafizləşmək üçün o Həzrətin hüzuruna gəlib dedim:

-Mənim sualıma cavab vermədiniz?

İmam (ə) buyurdu:

-Qorxuram, həqiqəti deyəm, amma siz ona əməl etməyəsiniz və Allahın dinindən xaric olasız.

Sonra buyurdu:

-Allahın bəndələri üzərində qoyduğu ağır vəzifələrindən üçü də bunlardır:



  1. özünlə başqaları arasında ədalət və insafla davranıb, özünə qarşı xoşladığın tərzdə onlarla rəftar etmək;

  2. malını müsəlman qardaşından əsirgəməyib, onlara eyni gözlə baxmaq;

  3. bütün hallarda Allahı xatırlamaq. Təkcə «Sübhanəllah» demək Allahı yada salmaq və zikr etmək deyildir. Allahı yada salmaq odur ki, haram bir işlə qarşılaşanda Allahı nəzərə alıb ondan çəkinəsən.»767

Məhkəmədə insaf.

Həyatda insafın riayət olunası müxtəlif mərhələləri vardır. Hər bir şəxs hansı mərhələdədirsə, o mərhələyə uyğun insafa riayət etməlidir. İnsanfla davranmamaq dünya və axirətin puç olmasına gətirib çıxarar. İnsafa riayət etmək üçün ən əhəmiyyətli yer məhkəmədir. Məhkəmədə və dövlət işlərində hakimlik edərkən həqiqətdən başqa bir şey nəzərdə tutulmalıdır. Əgər insan başqalarının təsiri altına düşərsə və yaxud qohumluğa, dostluğa xatir iddiaçılardan birinə tərəf yönələrsə, şübhəsiz, ədalət və insaf xəttindən çıxıb Allah qanunlarına zidd hökm verəcəkdir. Allahın «Nazil etdiyinin» ziddinə hökm verənlər də zülmkar və kafirlərdir. «Qurani-Kərim»də buyurulur:



«...Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, zalimlərdir!» («Maidə»-45).

«... Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, günahkarlardır.» («Maidə»-47).

«...Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, kafirlərdir!» («Maidə»-44).

İslamda məhkəmənin əhəmiyyətindən, hakimdən və məhkəmədən söhbət düşərkən göz önündə ali məhkəmə mərhələlərində yerləşən hakimlər canlanır, ancaq məhkəmə imam və yaxud imam canişini tərəfindən təyin olunmuş hakimə bağlı deyildir. Çünki hökm vermək bizim nəzərimizdə əhəmiyyətsiz görünən hallara da aiddir. Misal olaraq, mərhum Təbərsinin nəql etdiyi hədisi burada qeyd edirik:

«Bir gün iki uşaq əllərində yazdıqları vərəqi imam Həsən(ə)-nin yanına gətirib onlardan hansının gözəl xətti olduğunu söyləməsini İmamdan xahiş etdilər. Kənardan bunu müşahidə edən Əmirəl-möminin(ə) övladına buyurdu: «Övladım! Haqqına mühakimə etməyin üçün düzgün fikirləş, çünki bu, Allahın qiymət günü səndən soruşacağı mühakimənin bir növüdür.»768

Deməli, gözəl əxlaqa malik olan şəxs həyatın bütün mərhələlərində insafı əldən verməməli, özünə rəva bilmədiyini başqalarına da rəva bilməməlidir.


Başaqalarının namusunun qorunması.

Xalqın namus və şəxsiyyətinin qorunması gözəl əxlaq sahiblərinin xüsusiyyət və həyat qayda-qanunlarındandır. Başqa sözlə desək, başqalarına aid olan xüsusi və məhrəm yerlərə (yataq otağı, istirahət otağı vəs.) onların icazəsi və razılığı olmadan girmək olmaz. Yeri gəlmişkən, bunu da bilmək lazımdır ki, burada yalnız hüquqi və fiqhi məsələ müzakirə olunmur. (məsələn, birinin icazəsi olmadan daxil olmaq haramdır və ya yox), əksinə hüququn məhdud çərçivəsindən ali bir məqamda yerləşən ictimai, insani və əxlaqi bir məsələ müzakirə olunur. Bu məsələ insanların namusu, şəxsiyyəti və iffəti ilə əlaqədar qorunması lazım olan bir məsələdir. Həmin əxlaqi qayda-qanunu pozmaq fiqhi və hüquqi hökmü pozmaqdan daha ağırdır.

Bu hallardan biri də insanların mənzil və yaşayış yerlərinə ehtiramla yanaşmaqdır. Bu, təkcə mülki cəhətdən yox, insanların mənəvi dəyər və şəxsiyyətinin qorunmasına görə lazımdır. Belə yerlərə hörmətsizlik mal-dövlət kimi insana aid olan əşyalara yox, onun özünün hüququna təcavüz kimi hesab olunur, yəni burada insanın varı, dövləti yox, öz şəxsiyyəti nəzərdə tutulur. Əksər ayələri insanın şəxsiyyət və mənəvi dəyərlərinin qorunması ilə əlaqədar olan «Nur» surəsində bu haqda çox maraqlı hökmlər verilmişdir:

«Ey iman gətirənlər! Başqalarının evlərinə sahiblərindən icazə almadan və onlara salam vermədən girməyin. Bu, (ədəb-ərkan baxımından) sizin üçün daha yaxşıdır. Bəlkə (Allahın bu əmrinin hikmətini) düşünüb anlayasınız (və həmişə yadda saxlayıb ona əməl edəsiniz)».

«Əgər orada heç kəsi tapmasanız, sizə icazə verilməyənədək içəri girməyin. Sizə: «Geri dönün!»-deyilsə, geri dönün. Bu, Allah yanında sizin üçün daha yaxşıdır. Allah nə etdiklərinizi bilir!» («Nur»-27,28).

Allah-təala bu ayələrdə riayət olunması lazım olan qayda-qanunların bir hissəsini bəyan etmişdir. Belə ictimai qayda-qanunlara riayət etməmək xalqın ümumi iffətinə zərər vurur, fərdin xüsusi həyatının araşdırılmasına səbəb olur. Bu özü isə islam əxlaqına zidd bir hərəkətdir, çünki İslam dinində həmin məsələlərə o qədər diqqət yetirilir ki, hətta evin qapısını döyərkən belə kənarda dayanmaq buyurulur.

Peyğəmbər(s) qapının qarşısında dayanıb evə daxil olmaq üçün icazə istəyən Əba Səid adlı səhabələrindən birinə buyurdu:

«İcazə istəyərkən qapı ilə üzbəüz dayanma.»769

Başqa bir hədisdə də nəql olunur:

«Peyğəmbər(s) birinin evinə gələndə (o zaman qapıya pərdə tutmaq dəb olmadığından) qapı ilə üzbəüz dayanmazdı. Qapının sağ və ya sol tərəfində durub: «Əssalamu Əleykum.»- deyib bu vasitə ilə evə daxil olmaq üçün icazə alardı.»770

Şəriətə görə, valideynlərin evinə gələn zaman belə icazə alıb, sonra içəri daxil olmaq lazımdır. Bu barədə aşağıdakı hədisə diqqət yetirin:

Bir nəfər həzrəti-Mühəmməd (s)-dən soruşdu:

-Anamın otağına daxil olarkən icazə almalıyammı?

O buyurdu:

-Bəli.

Həmin adam dedi:

-Məndən başqa anama qulluq edən yoxdur. Yenə də icazə almalıyam?

Peyğəmbər(s) buyurdu:

-Ananı çılpaqmı görmək istəyirsən?

O dedi:

-Xeyr.

Həzrəti-Mühəmməd(s) söylədi:

-Belə isə otağa daxil olarkən ondan icazə al.771

Bir hədisdə nəql olunur ki, əziz Peyğəmbər(s)-imiz qızı həzrəti-Fatimə(s.ə.)-nin evinə gələrkən əvvəl icazə alar, sonra evə daxil olardı.

Cabir ibn Abdulla Ənsari belə deyir:

Rəsullulah(s) evindən çıxıb həzrəti-Fatimə(s.ə.)-ni görməyə getdi. Mən də o Həzrətlə idim. Evə daxil olmaq istəyərkən əlini qapıya söykəyib qapını bir az arxaya vuraraq buyurdu:

-Əssalamu Ələykum.

Fatimə(s.ə.) salamın cavabını verdi. Sonra Peyğəmbər(s) buyurdu:

-İcazə olar gələk?

Fatimə(s.ə.) ərz etdi:

-Bəli, ey Allahın Rəsulu...772

Yuxarıda qeyd olunan hədislərdən öyrənirik ki, bəşər övladına nümunə olan Peyğəmbər(s) özü bu məsələlərə ciddi surətdə riayət edirdi. Biz onun ardıcılları kimi, o Həzrəti həyatımızda ülgi seçərək belə incəlikləri gözdən qaçırmamalıyıq. Buna görə birinin evinə və ya xüsusi otağına daxil olarkən icazə alınmalıdır.


Övladın əxlaqi vəzifəsi.

«Qurani-Kərim»də ata-ana ilə birgə yaşayan övladın vəzifəsi haqqında belə buyurulur:

«Övlad ata-ananın istirahət etdiyi yerə icazəsiz daxil olmamalıdır.»

Bu, İslam nəzərindən əxlaqın əhəmiyyətini bəyan edən bir hökmdür, çünki «Qurani-Kərim»də hər xırda məsələ haqda ayə nazil olmamasına baxmayaraq, valideynin şəxsiyyəti, intim əlaqələrə əhəmiyyət, iffət və övlad əxlaqına riayət bu haqda xüsusi ayənin nazil olmasını tələb edirdi:



«Ey iman gətirənlər! Sahib olduqlarınız (kölə və kənizlər), həddi-buluğa çatmayanlar (yanınıza daxil olmaq istədikdə) bu üç vaxtda sizdən icazə alsınlar: sübh namazından əvvəl; günorta (yatıb dincəlmək, istirahət etmək üçün) paltarlarınızı çıxartdığınız zaman və gecə namazından sonra. (Bu vaxtlar insan paltarlarını çıxarda bilər, zövcəsi ilə bir yerdə uzanıb ixtilat edə bilər və i.a.) bu üç vaxt sizin üçün xəlvət vaxtdır. (paltarsız ola bilərsiniz). Qalan vaxtlarda bir-birinizin yanına (icazəsiz) girib çıxmaqda sizə də, onlara da heç bir günah yoxdur. Allah ayələri sizə belə izah edir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!»

«Sizdən olan uşaqlar da həddi-buluğa çatanda (yanınıza daxil olmaq istədikləri zaman) özlərindən əvvəlkilər kimi izn istəsinlər. Allah Öz ayələrini sizə belə izah edir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!» («Nur»-58,59).

Bir sözlə, belə ədəb-ərkan qaydalarına riayət etmək gözəl əxlaqın nişanəsidir. Ata və anaların da həmin məsələləri öz övladlarına öyrətməsi zəruridir. Onlar bu incəliklərdən qafil olmamalıdırlar, çünki çoxlarının laqeyd yanaşdığı mühüm məsələ gələcəkdə övladın həyatında arzuolunmaz izlər qoya bilər. Nəticədə, insan əxlaqi azğınlıq və ruhi narahatlıqlara mübtəla olaraq tamamilə varlıqdan silinər.

Gözəlliyə meyl və gözəllik sevgisi.

Gözəlliyə meyl və gözəllik sevgisi insanın fitri cəhətlərindən biridir. Psixoloqların nəzərinə görə, gözəlliyə meyl, xeyirxahlıq, maraq və Allahaxtarma duyğusu-bütün bunlar birlikdə insan mənəviyyatının dörd təməl sütunudur. «Qurani-Kərim»də insanın gözəllik aşiqi olduğu həqiqət hesab edilir. Həyatda onun fəaliyyətinə təkan verən ən əsas amil bu qüvvədir:



«Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir...» («Ali-İmran»-14).

«Onları səhər naxıra, axşam axura gətirdikdə baxıb zövq alırsınız». («Nəhl»-6).

Ayələrdə açıq-aydın bu fitri qüvvəyə işarə olunmuşdur. Ulduzlar haqda buyurulur:



«Biz (sizə) ən yaxın olan göy üzünü ulduzlarla bəzədik...» («Saffat»-6).

«Mal-dövlət, oğul-uşaq bu dünyanın bər-bəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbin yanında həm savab,həm də (Allahın mərhəmətinə) ümid etibarilə daha xeyirlidir!» («Kəhf»-46).

«Qurani-Kərim»də gözəllik sevgisi heç vaxt pislənməmiş, əksinə, Allahın əta etdiyi gözəlliklərin əslində (Onun) yaxşı və saleh bəndələrinə aid olduğu söylənilmişdir. Yerdə qalanlar möminlərin süfrəsinin qalığı ilə dolananlardır.

Sözsüz ki, ilahi nemət və bəxşişlərdən istifadə etməyin miqdarı və qaydası haqda mömin bəndə üçün bir sıra qanun və məhduddiyyətlər vardır. Buna riayət etmək möminliyin şərtlərindəndir. İslam əxlaqında bu, normal hədd sayılır. Bu haqda bir neçə ayə və rəvayətlərə işarə edirik:

«Qurani-Məcid»də buyurulur:



«De: «Allahın öz bəndələri üçün yaratdığı zinəti və təmiz (halal) ruziləri kim haram buyurmuşdur?» De: «Bunlar dünyada iman gətirənlər üçündür. (Lakin kafirlər də onlardan istifadə edə bilərlər), qiyamət günüdə (axirətdə) isə yalnız möminlərə məxsusdur.» Bu ayələrimizi anlayıb-bilən bir tayfaya belə ətraflı izah edirik.» («Əraf»-32).
Yüklə 7,79 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin