Sual: Ayaqyoluna getməkdə uşağıma kömək edə bilərəmmi?
Cavab: Bəli, belə bir kömək faydalı ola bilər. O, sidiyə getdiyi və bayıra çıxdığı zaman özünü nizamlamaq üçün köməyinizə ehtiyac duyur. Əlbəttə ki, onun bədən üzvlərini idarə etməkdə köməyin həddi var. Sizin məqsədiniz bu olmalıdır ki, uşaq ayaqyolunda özünə nəzarət edə bilsin. Valideyn öz diqqətini uşağın bədənindən xaric olan ifrazatlara yox, körpənin hərəkətlərinə yönəltməlidir. Uşaq bayıra çox çıxdıqda ona “afərin” deyib, bayıra az çıxdıqda onu danlamaq olmaz. Valideynin hər bir rəftarı körpə üçün örnəkdir. Adətən, ata-analar öz körpəsinin libasını soyundurmaqdan xoşhal olurlar. Amma uşaq bu işi bacarırsa, siz səbirli olub ona imkan verməlisiniz. Əksər hallarda valideyn öz körpəsinə qədim ayaqyolu adətlərini öyrətmək istəyir.
Bəzi valideynlər ayaqyolu qaydalarının öyrənilməsində körpənin yaddaşlı olmasını əsas götürür. Əslində belə deyil. Orta təbəqədən olan valideynlər uşağın ayaqyolu qaydalarını tez mənimsəməsi ilə iftixar edirlər. Bu işdə məntiq görmürəm. Sizin qarşınızda duran əsas vəzifə körpə psixoloji cəhətdən hazır olanadək səbr etmək və ayaqyolu qaydalarını davamlı şəkildə, körpələri həvəsləndirərək öyrətməkdir.
Sual: Ayaqyoluna getməyi hansı yolla daha asan öyrətmək olar?
Cavab: Hər bir uşaq diqqətli valideynlərin tə’limlərini daha asan qavrayır. Sizin biganəliyiniz onu həvəsdən salır. Unutmayın ki, uşaq valideynin ümidlərini doğrultmağa çalışır. Bir qrup uşaq isə öz istəklərinə üstünlük verərək inkişaf etməyə çalışırlar. Maraqlıdır ki, bu qəbildən olan körpələr valideyni daha dərindən dərk edə bilirlər.
Siz uşağa ayaqyolu qaydalarını öyrətməkdə maraqlı olduğunuzu bildirməlisiniz. Amma uşaq elə qəbul etməməlidir ki, ona məhəbbətiniz yalnız bu işin nəticəsindən asılıdır. Siz körpənin ayaqyoludakı hərəkətlərinə ifrat həssaslıq göstərsəniz, uşaq elə başa düşə bilər ki, onun normal bayıra çıxa bilməməsi sizi qəzəbləndirir. Sizin ifrat diqqətiniz körpədə belə bir təəssürat yarada bilər ki, o sizi idarə etməyə qadirdir. Əgər uşaq sizin hisslərinizi ələ alırsa, mühüm bir qanunu tapdamış olursunuz. Uşağın ayaqyolunda bayıra çıxıb-çıxmaması sizin hisslərinizi qıcıqlandırmamalıdır. Sizin vəzifəniz ona ayaqyolu qaydalarını öyrətməkdir.
Bir müddət sonra ona bildirin ki, ayaqyoluna müstəqil şəkildə getməlidir. Tələblərinizdə səbirli olun və körpəyə anladın ki, tələb etməyə haqqınız var. Unutmayın ki, övladınız bu işdə tənhadır. Bəzən kiçik bir səhv üzündən uşaq özünü bulayır. Bu halda ona kömək göstərmək lazımdır. Axı bütün işlərdə nöqsan labüddür.
Sual: Ayaqyolu qaydalarını öyrətmək üçün nə qədər vaxt lazımdır?
Cavab: Əgər bu işə çox tez, məsələn, körpənin bir yaşı olmamışdan başlasanız, onu çətinliyə salmış olacaqsınız. Axı o hələ ayaqyoluna getməyin mənasını anlamır. Körpə ifrazat məsələlərində tez-tez özünənəzarəti itirir. Çünki onun öz bədən üzvləri ilə kifayət qədər tanışlığı yoxdur. O, sizi razı salmayan hərəkətlərinə görə məhəbbətinizi itirməkdən qorxur. Uşaq düşünəndə ki, siz əsəbləşəcəksiniz, narahatçılıq keçirir. Çünki bu yaşda olan körpələr sizin əsəbi vəziyyətinizi öz istəklərinə rədd cavabı kimi dəyərləndirir.
Əgər aşağı yaşdan başlayaraq uşağa ayaqyolu qaydalarını öyrətməyə başlasanız, uşaq elə təsəvvür edəcəkdir ki, o, göstərişlərə əməl etməklə sizi razı sala bilər. Əgər siz körpənizi onun hər hansı yaxşı işinə görə alqışlasanız, uşaq öz paklığı ilə sizin məhəbbətiniz arasında əlaqə görür. Əksinə, o elə düşünür ki, sizin tapşırığınızı yerinə yetirə bilməsə, rədd olunacaq. Bütün bu münasibətlərdə körpə şiddətli bir həyəcan keçirir.
Az yaşlı körpəyə ayaqyolu qaydalarının öyrədilməsinin başqa bir mənfi tərəfi də var. Sizi razı salmaq istəyən körpə bağırsaqlarını gücə salır. Axı o baş verənlər arasında əlaqə yaratmaqda acizdir. O özünü hələ ki, idarə edə bilmədiyi halda valideyn onun normal ifrazatına görə onu alqışlayır. Hansı ki, ifrazatın xaric olmasında körpənin heç bir rolu yoxdur.
Valideynin bu münasibəti bir neçə dəfə təkrarlandıqdan sonra uşaq anlaya bilmir ki, valideyn onu məhz hansı işinə görə alqışlayır. Uşaq bu razılığı itirməmək üçün kor-koranə çalışır.
Əgər ayaqyolu qaydalarını öyrətməyə vaxtından əvvəl başlasanız, uşağa elə gələ bilər ki, onun bədənini özü yox, siz idarə edirsiz. O, bütün bədən hərəkətlərini sizə həvalə edə bilər. Əgər belə bir hadisə baş vermiş olarsa, körpənin bütün hərəkətlərinə nəzarəti öz öhdənizə götürmüş olacaqsınız.
Nadir hallarda təsadüf olunur ki, bəzi analar həftədə və ya iki həftədə bir imalə vasitəsi ilə övladlarının bağırsaqlarını yuyurlar. Onlar körpənin meylinin əksinə olaraq, orqanizmin daxili işlərinə qarışır və bu işdən ləzzət alırlar. Bu proseslər bir neçə dəfə davam etdikdən sonra körpə başqalarının nəzarətindən xoflanır. Olduqca xoşagəlməz nəticələr də baş verə bilər. Vaxtaşırı imaləyə öyrəşmiş uşaq bu işdən xoşlana bilər və onun həyatında şəxsiyyətini puça çıxaracaq vərdişlər yaranar.
Sual: Bəzi körpələrin bir yaşdan qabaq ayaqyoluna getməsi mümkündürmü?
Cavab: Bəzi valideynlər bir yaşı olmamış körpənin ayaqyoluna getməsi barədə həqiqətə uyuşmayan təsəvvürlər yaradırlar. Mən bu məsələyə şübhə ilə yanaşıram. Apardığım müşahidələrdən məlum olub ki, bu valideynlər uşağın ifrazat vaxtlarını təxmin etmişlər. Onlar həmin bu təxmin olunmuş vaxtlarda körpəni ayaqyoluna qaçırır və uşaqla birlikdə təbii ifrazat vaxtını gözləyirlər. Əslində isə körpə ayaqyoluna könüllü şəkildə gedərək, özünü idarə etməyi bacarmalıdır.
Əgər körpə hələ ki, qarşoka oturursa, demək öz azadlığını hələ ki, ələ almayıb. Uşaq elə düşünür ki, onun bədənini xarici bir qüvvə idarə edir. O, anlamır ki, bağırsaqlarını hərəkətə gətirən məhz o özüdür. Bu nöqtə psixoloji cəhətdən mühüm əhəmiyyətə malikdir. Özünü idarə edə bilən körpənin inam hissi daha güclü olur. O, bilməlidir ki, ayaqyolunda düzgün hərəkət etmək onun özündən asılıdır.
Sual: Ayaqyolu qaydalarının öyrədilməsi hansı vaxt daha münasibdir?