Övlad atanın hətta mahiyyəti qaranlıq olan xüsusiyyətlərindən də təsirlənir. Bəziləri öz ataları ilə az əlaqədə olduqlarından bu məsələyə daha çox diqqət yetirərək, öz övladlarına qarşı çox diqqətli olur və onlara kifayət qədər vaxt ayırırlar.
Dördüncü fəsil
Uşağın süddən ayrılması
Sual: Körpənin süddən ayrılmasının onun psixoloji inkişafı üçün əhəmiyyəti varmı?
Cavab: Körpənin ana döşündən və ya əmzikdən ayrılması onun öz müstəqillik yolunda atdığı ilk addımdır. Süddən ayrılmamış uşaq başqalarına bilavasitə möhtacdır. O, ayağa qalxıb özünə qida tapmaq imkanında deyil. Ona süd verilməsə məhv olar.
Uşaq böyüdükcə ətrafdakı əşyalara əl gəzdirərək, öz bacarığını nümayiş etdirir. Süddən ayrılmaq körpə üçün ən böyük azadlıqdır.
Süddən ayrılmaq uşaq üçün ruhi zərbə də ola bilər. Südəmər körpəyə fincandan süd içirərkən onun əmmək həvəsi ödənməmiş qala bilər. Körpəni o zaman süddən ayırmaq olar ki, o, əmməklə rahatlandığı kimi, fincandan süd içməklə də rahatlana bilsin.
Sual: Uşağın əmmək istəyi fitridirmi?
Cavab: Uşaq anadan olduğu an əmməyi bacarır və dünya ilə ilk əlaqəsini ağız vasitəsi ilə yaradır. Bu mövzuları Freyd kimi elmin dolanbaclarında özünü itirmiş yazıçıların kitablarından öyrənmək lazım deyil. Sadəcə, öz körpənizi diqqətlə müşahidə edin. Əgər barmağınızı onun ağzına salsanız (lütfən əvvəlcə əllərinizi yuyun) barmağınızın böyük bir qüvvə ilə somurulduğuna şahid olacaqsınız. O, ağzına qoyulan hər şeyi əmir. Demək, bu fitri istəkdir. Körpənin əmmə istedadı təvəllüddən qabaqkı dövrə də aid ola bilər. Ana bətnində barmağını somuran körpənin rentgen müşahidəsi bu fikri təsdiqləyir.
Sual: Əmmək istəyinin körpə üçün faydası nədir?
Cavab: Bu meyl hesabına körpənin ana döşündən qidalanması asanlaşır. Əmmək meyli zəif olanlar öz orqanizmlərinin tələbini ödəməkdə çətinlik çəkirlər. Təsadüfən əli üzünə toxunan uşaq dərhal ağzını açır və əlini ağzına salıb əmməyə başlayır. Demək, əmmək istəyi köklü bir reaksiyadır. Bütün başqa reaksiyalar köklü reaksiya üçün səbəb olur. Əlinizi körpənin ağzına yaxın olan bir nöqtəyə vurun. O, dərhal başını həmin nöqtəyə tərəf yönəldir. Əmmək istəyi qidalanma üçün göstərilən cəhddir. Bəşəriyyət bu fitri yaddaşlar sayəsində bu günədək sağ qalıb.
Sual: Körpənin döşdən süd əmməsi ilə əmzikdən əmməsi arasında fərq varmı?
Cavab: Əslində uşaq ilk əvvəl aclığını doyurmaq üçün yox, əmmək meylini ödəmək üçün əmməyə başlayır. Yemək istəyi sonradan formalaşır. Bəzi uşaqlar kifayət miqdarda qidalandıqdan sonra belə, əmmək istəyir. İlk günlərdə əmməklə süd yemək arasında elə bir əlaqə müşahidə olunmur. Təcrübəyə əsasən, əmmək istəyi yeyilmiş südün miqdarı ilə əlaqədardır. Yaxşı olar ki, körpə öz əmmək istəyini boş əmziklə yox, süd yeməklə ödəsin. Yəni körpə əmmək istəyi ödənənə qədər süd yesə daha yaxşıdır. Əgər sizin körpəniz kifayət qədər qidalandıqdan sonra sakitləşmirsə, demək, onun əmmə ehtiyacı ödənməyib. Əgər o, əlini ağzına salıb əmirsə, onun ehtiyacını ödəmək üçün əmzikli süd butulkasından istifadə edə bilərsiniz. Körpəyə hər dəfə bir döşdən süd vermək lazımdır. Bu iş anaya narahatçılıq gətirirsə, o, xüsusi aparatla döşündəki südü sağıb, körpəsini butulkadan yedirdə bilər.
Bu yolda ən gözəl bələdçi körpənin rəftarıdır. Körpə doyduğunu ani bildirir. O, doyduqca süstləşir, xumarlanır. O, əmziyi buraxır, gülümsəyib yuxuya gedir.
Əmməyə ehtiyacı olan uşaq da öz istəyini aşkar biruzə verir. O, əsəbiləşir, əl-ayağını çırpır, rahat dayanmır. Bəzi uşaqlar kifayət qədər qidalandıqdan sonra belə, yemək istəyirlər.
Sual: Əmzikdən istifadə etməyin zərəri varmı?
Cavab: Mən əmzikdən istifadəni məsləhət görməsəm də, onu tam rədd etmirəm. Xəstəlik və ya hər hansı başqa bir səbəbdən narahatçılıq keçirən körpəyə əmzik vermək faydalıdır. Amma yalnız ağlamasın deyə körpəyə əmzik vermək yanlış addımdır. Müşahidələrdən məlum olur ki, əmzikdən istifadə edən uşaqlar öz ətraflarına bir o qədər də maraq göstərmirlər. Hansı ki, uşaq ağladığı vaxt hərəkətə ehtiyac duyur və ətrafa göz gəzdirərək məlumat toplayır. Körpə ağlayan kimi onun ağzına əmzik qoymaq narahatçılıq keçirən yaşlı adamı ağrıkəsici ilə susdurmağa bənzəyir. Siz ağlayan körpəyə əmzik vermək əvəzinə onun narahatçılığının əsil səbəbini öyrənin.
Sual: Nə üçün mənim körpəm əlinə düşən hər şeyi ağzına aparır?
Cavab: Cavab sadədir: körpənizin əmmək ehtiyacı ödənməmişdir.
Siz körpənin barmağını onun ağzından çıxarmaqla ona kömək edə bilməyəcəksiniz. O, əmmək istəyir və təsadüfən öz barmağını tapıb. Hər dəfə onun barmağını ağzından çıxarmağı sizə tövsiyə etmirəm. Amma yuxuda olduğu vaxt barmağını ağzından çıxara bilərsiniz. Uşağı sakitləşdirmək üçün onu yelləmək, qucağa almaq, hətta yanında dayanmaq da faydalı ola bilər. Bu işlər onun diqqətini öz barmağını əmməsindən yayındıra bilər.
Sual: Əgər mənim körpəmin əmmək meyli ödənmirsə hansı problemlər yarana bilər?
Cavab: Unutmayın ki, bu işin qarşısını (barmağı əmməyin) zorla almaq mənfi nəticələrə səbəb ola bilər. Sevdiyiniz dadlı yeməyi hansısa başqa bir yemək əvəz edə bilərmi?!
Bəziləri elə düşünürlər ki, hər hansı bir ehtiyacın yetərincə ödənməsi meyli gücləndirir. Bu düzgün fikir deyil. Əmziklə verilən süd əmmək meylini ödəyə bilməsə, körpənin narahatçılığı davam edəcək. Bir qrup psixoloq belə hesab edir ki, ağızla bağlı bütün xoşagəlməz vərdişlər, eləcə də, şərab və siqaret körpə vaxtı əmmək istəyinin ödənməməsinin nəticəsidir.
Sual: Körpəni süddən ayırmaq üçün hansı vaxt daha münasibdir?
Cavab: Belə bir vaxtın təyini fərdi xarakter daşıyır. Bəzi körpələr bir yaşında, bəziləri isə daha gec, məsələn, üç yaşında süddən ayrılmalıdır. Bəzi mütəxəssislər belə hesab edirlər ki, diş çıxaran uşaq süddən ayrılmalıdır. Burada məntiq görmürəm. Çünki dişin çıxması əmməyə olan ehtiyacı aradan qaldırmır. Bundan əlavə, əgər ilk dişlər 6-8 aylıqda görünməyə başlayırsa, bu vaxt körpənin süddən ayırılması çox tezdir. Əgər körpənin həyatının birinci ilində onu narahat etmək istəmirsinizsə, onun əmməsinə mane olmayın. Onu bir yaşında süddən ayırmağa çalışmayın. İl tamam olduqdan sonra ona tədricən yemək yeməyi öyrətmək olar.