Şiddətli və zəif ruhi sarsıntılar çoxdur. Onların bə`ziləri adiləşib və hər gün qarşımıza çıxır. Bə`zi sarsıntılar isə ciddi səbəblərdən qaynaqlanır. Adi ruhi sarsıntılar hər gün rastlaşa biləcəyimiz böhranlardan ibarətdir. Bu çətinliklərə münasibətdə düzgün mövqe tutularsa, nəinki problem həll olar, hətta daha çətin problemlərə müqavimət qüvvəsi artar. Problemə yanlış münasibət adi çətinliyi mürəkkəb çətinliyə çevirir. Mənim fikrimcə, bu işdə əksər valideynlər səhvə yol verirlər. Çünki onlar öz övladlarının təfəkkür və təsəvvürlərini düzgün anlamırlar. Ümid edirəm ki, bu kitabdakı izahatlar uyğun problemin həllində valideynlərə yardımçı olacaq.
İKİNCİ FƏSİL
Yeni doğulmuş körpə
Sual : Körpəyə qulluq etdiyim vaxt həyəcanlı olmağım ona zərərlidirmi?
Cavab: Yeni doğulmuş körpəyə qulluq zamanı ata-ananın keçirdiyi əsəb və həyəcan təbii və adidir. Ailədə ilk uşaq doğulduğu vaxt bu narahatlıqlar özünü daha çox biruzə verir. Amma körpəyə qayğı və qulluq gücləndikcə valideynin özünə inamı da artır. Əgər körpəyə xəstəxanadaca muğayat olmağa başlasanız, evə gəldiyiniz vaxt özünüzə daha çox inanacaq və yersiz nigarançılıqlardan qurtulacaqsınız.
Unutmayın ki, keçirdiyiniz əsəb ana olmuş bütün canlılara xasdır. Bu nigarançılıq körpənin qorunması üçün Yaradanın hər bir anaya bəxş etdiyi səciyyəvi xasiyyətdir. Hər bir körpənin qayğıya möhtac olduğu dövrdə, mövcud nəsilin davamı üçün ana zəruri qüvvələrlə təchiz olunur. Hər halda, bir çox genetik və bioloji amillər körpənin asayişini tənzimləyir.
Sual: Genetik və bioloji amillərin körpəyə hansı tə`sirləri var?
Cavab: Övladı qorumaq istəyi irsi xüsusiyyətdir. Körpənin inkişaf dövründəki müxtəlif biokimyəvi amillər ananın vücudunda əvvəlcədən yerləşdirilmiş hissləri oyadır. Müxtəlif heyvanlar üzərində ana-övlad rabitələrinin araşdırılması bir çox həqiqətləri aydınlaşdırmışdır. Əgər təzə doğulmuş quzu dərhal anasından kənarlaşdırılıb, bir saat ayrılıqda saxlanılarsa, anası onu başqa quzulardan fərqləndirə bilmir. Amma ana qoyun doğduğu quzunu yalamağa bircə dəfə imkan tapsa, uzun müddət ayrılıqdan sonra onu böyük sürü içərisində tanıya bilir. Müşahidələr sübut edir ki, doğumdan dərhal sonrakı böhranlı dövrdə ana ilə övlad arasında bağlılıq yaranır. Əgər bu dövrdə övlad anadan ayrılırsa ana-övlad bağlılığı zəifləyər. Əgər heyvan doğduğu balanı dərhal qoruyub, ona bə`zi müdafiə dərslərini verə bilmirsə, bu balanın boya-başa çatma ehtimalı azalır.
Doğum evlərində uzun illər boyu apardığım araşdırmalardan anladım ki, yuxarıda deyilən sözlər təkcə heyvanlara aid deyil. Əksər xəstəxanalarda doğumdan dərhal sonra övlad anadan ayırılır. Bu işin səbəbini soruşmaq lazımdır. Ana və körpə yaxınlığa çox ehtiyaclıdırlar və bu yaxınlıq onları şövqə gətirir. Ana doğduğu körpə ilə yaxınlığa can atır. Onu qucaqlamaq, onunla danışmaq istəyir. Körpənin dodağında təbəssüm görünən kimi ana da gülümsəyir. Körpə öz anasını bu reaksiyasından tanıyır. Mənim fikrimcə bu xüsusiyyət Yaradanın anaya əta etdiyi bioloji xüsusiyyətdir və onu yaratmağa ehtiyac yoxdur. Zənnimcə ana-övlad rabitəsinə başqalarının müdaxiləsinin qarşısını almaq kifayətdir.
Sual: Körpəmin mənə ehtiyacı varmı?
Cavab: İlk həftə və aylarda körpəniz sizə ehtiyaclıdır. O, bu dövrdə sizin münasibətlərinizə çox həssasdır. Körpə sizin məhəbbətinizə, qayğınıza, ağuşunuza, təbəssümünüzə ehtiyac duyur. O, əmin olmaq istəyir ki, ətraf mühit onun hər bir hərəkətinə reaksiya verir. Təbiətin sizə bəxş etdiyi xüsusiyyətlər azca zəhmətlə izhar edildiyi vaxt körpəni razı salır. Siz körpəni ağuşunuza alıb yırğaladığınız vaxt onun hiss üzvlərində elə hərəkətlər oyanır ki, belə bir reaksiya başqa vasitələrlə müyəssər deyil. Sizin yaxınlığınızın körpəyə daha çox təs`ir etməsi üçün təbii hisslərinizə itaət etməlisiniz. Belə etməsəniz, bəşəriyyətin mühüm bir təcrübəsini inkar etmiş olarsınız. Ana təbii xüsusiyyətlərinə biganəlik göstərərsə, körpə vaxtında öyrənmək şansını əldən verir. Təzə doğulmuş körpənin anadan təbii yolla öyrəndiklərini sonrakı tə`lim-tərbiyə əvəz edə bilmir. Susuzluqdan qurumuş bitkiyə sonradan su verməklə onu diriltmək olmaz.
Sual: Yeni doğulmuş körpə nə dərəcədə görmək, eşitmək və hiss etmək gücünə malikdir?
Cavab: Mütaliə və müşahidələrdən aydın olur ki, yeni doğulmuş körpə görür, eşidir, diqqət yetirir, hərəkətdə olan obyektləri seçir. Onun görmə, eşitmə, dadma, toxunma qoxulama kimi hiss üzvləri fəaliyyət göstərir. Doğulmuş körpə 48 saatdan sonra gözləri ilə ətrafdakı hərəkətləri izləməyə başlayır. O, ağ-qara rənglərə nisbətən açıq rənglərə daha çox üstünlük verir. Reaksiyalar təsadüfi xarakter daşımır. Körpə ananın hərəkət ritmini digərlərinin hərəkət ritmindən seçir. Şəxsi müşahidələrimdən bu nəticəyə gəlmişəm ki, təzə doğulmuş körpələrin saxlandığı otaqda hər hansı bir səs, xüsusi ilə təbii ürək döyüntüsü səsi onların az ağlamasına səbəb olur. Uşaqda asanlıqla müşahidə olunan xüsusiyyətlərdən biri onun təkrar hərəkətləri yadda saxlamasıdır. O, müxtəlif hərəkətlərə fərqli reaksiya göstərir, təkrar etdiyi hərəkətlərə vərdiş edir. O, ən kiçik hərəkəti belə nəzərdən qaçırmır. Araşdırmalardan mə`lum olur ki, körpə şəraitə tez uyğunlaşır və tez də yorulub yeni şərait tələb edir. Onun müxtəlif hərəkətləri fərqləndirməsi göz qabağındadır. Bu müşahidələr onu da göstərir ki, yeni doğulmuş körpə yaddaşa malikdir. Xoşbəxtlikdən hamı bilir ki, hiss üzvlərinin hərəkətə gəlməsi və bunun nəticəsində əsəb sisteminin oyanması körpənin gələcək əhatə dairəsini genişləndirir.
Cavab: Bə`zi valideynlər elə təsəvvür edirlər ki, körpə yalnız yeməyə, yuxuya və quru paltara ehtiyac duyur. Əlbəttə ki, belə deyil. Hər bir körpə beş fəal hissiyyatla dünyaya gəlir. Onda görmə, eşitmə, dadma, qoxulama, toxunma hissləri hərəkətdədir. Körpə temperatur dəyişməsini, ağrını, yerdəyişməni hiss edir. Onu da qeyd edək ki, körpədə bu günədək kəşf olunmamış qüvvələr də ola bilər. Amma bunu dəqiq bilirəm ki, körpənin hərəkətə böyük ehtiyacı var. O da böyüklər kimi yorulur, hövsələsizlik göstərir.