Васунәкләр һәр ики тәрәф арасында ниҝаһ бағларыны мөһкәмләндирмәк үчүн охунан гәлбдән ҝәлән халг мусгисидир



Yüklə 2,19 Mb.
səhifə19/27
tarix10.01.2022
ölçüsü2,19 Mb.
#108172
1   ...   15   16   17   18   19   20   21   22   ...   27

On birinci fəsil


Hamiləliyimin son günləri idi. Əli bərk soyuqlamışdı. Bəhmən də Vəlfəcr-1 və Vəlfəcr-2 əməliyyatlarına hazırlaşırdı. Artıq öyrənmişdim ki, hər əməliyyatda bir-iki ay ciddi işi olacaq. Anamın da başı Nəğmənin toyuna qarışmışdı. Nəğmə iş yoldaşı ilə ailə qurub şimala gedəcəkdi. Belə bir vəziyyətdə Əlini çətinliklə həkimə apardım. Gözləmə salonunda oturmuşduq. Uşağın qızdırması vardı, vəziyyəti pis idi. Yanaqları qızarmış, istiləşmişdi. Növbəmiz çatana qədər onu oturacağın üstünə uzandırdım. Bu zaman korpus geyimli bir pasdar içəri girdi. Əli onu görüb başını qaldırdı, uşaq sevinci ilə dedi: “Ata! Ata!” Kişi yerində donub qaldı, Əliyə baxmağa başladı. Salonda hamı ağladı. Mən də kövrəlib ağladım. Pasdar yaxınlaşıb Əlini qucağına götürdü, öpdü və növbəmiz çatana qədər onunla oynadı.

Axşamüstü anam gəldi. Dedi ki, Nəsrin, səhv eləməsəm, sabah səhərə qədər uşağın dünyaya gələcək. Əliyə qulluq etdi, tez-tez evi səliqəyə salıb yeni doğulacaq körpənin çantasını hazırladı. Axşam ağrım başladı. Anam Əlini ev sahibəsinin yanına qoydu, bir taksi tutub məni Nekuyi xəstəxanasına apardı. Xəstəxananın şəraiti yaxşı deyildi. Doğum şöbəsində xəstə çox, imkanlar az idi. Həkim və tibb bacılarının da sayı az idi, çatdıra bilmirdilər. Çarpayılarda uzanıb gözləyən bəzi xanımlar doğuş halında idilər, ancaq başları üstə heç kim yox idi. Yazıqlar ağrıdan qışqırırdılar. O vəziyyəti görüb qorxdum. Anama dedim ki, məni buradan apar. Bir çarpayıda uzanmışdım. Məni öpüb dedi: “Bir şey olmaz. Bu qədər adamdan artıq deyilsən. Gərək dözəsən”.

Bir tibb bacısı gəlib iynə vurdu. Ağrım aradan qalxdı. Əliyə görə narahat idim. Anamı zorla evə uşağa baxmağa göndərdim. Hələ Təcili yardım şöbəsində olanda tibb bacısı gəlib dedi: “Bir kişi ilə bir xanım israrla sizi görmək istəyirlər. Bu şöbəyə kişilərin girişi qadağandır. Xanımlar da görüş vaxtı gələ bilərlər. Onlar sizə bir kağız göndərdilər”. Tibb bacısından kağızı alıb sevincək açdım. Bəhmənin xəttini görmək istəyirdim, ancaq xətti tanımadım. Kağıza belə yazılmışdı:

“Salam, xanım Baqiri. Biz qapıda dayanmışıq. Əsla narahat olmayın. Rza Baqiri və banu”.

Kağızı oxuyub ürəkləndim, ümidim artdı. Siddiqə xala Şəhid Rza Musəviyə məclis keçirirdi. Əmim, əmidostum, Röya və digərləri Tehrana getmişdilər. Qumda heç kimim qalmamışdı. Bəhmənin dostlarının maraqlanması mənə yaxşı təsir etdi. Günortadan sonra Rza Baqirinin yoldaşı Pərvin xanım bir qutu şirniyyatla yanıma gəldi. Dedi ki, gecədən xəstəxananın həyətində olmuş, sonra uşağın dünyaya gəldiyini anama xəbər verməyə getmişlər. Əlini də gətirmişdilər. Dedi ki, Əli ilə qızım Ətiyyə ağa Rzanın yanında maşındadırlar. Pərvin xanım xəstəxanadan buraxılmağım üçün lazımi işləri görüb uşağı təhvil aldı. Yol yeriməyə çətinlik çəkirdim. Pərvinsə cəld və çevik idi. Uşağı və çantanı ağa Rzaya verib qayıtdı, qolumdan tutub məni ehtiyatla maşına apardı. Korpusun nissan patrol SUV avtomobilinin yan pilləsi hündür idi, çətinliklə və sızlaya-sızlaya mindim. Əli məni görüb çox sevindi.

Anam həyətdə üzərlik yandırıb bizi gözləyirdi. Məni qucaqlayıb öpdü. Ev sahibəsi həyəti sulayıb süpürmüş, şamdangülü dibçəklərini həyətin ortasındakı hovzun ətrafına düzmüşdü. Təmiz və kiçik uşaqları ədəb-ərkanla dayanıb mənə baxırdılar. Ağa Rza Əlini, Ətiyyəni və uşağın çantasını əlində tutmuşdu. Pərvin xanım körpəni içəri apardı. Hava yaxşı idi, ancaq anam pəncərələri bağlamışdı. O bizə Əlinin otağında təmiz və səliqəli yataq sərmiş, uşağa balaca dəmir beşik almışdı.

Ağa Rza içəri girmədi, Pərvin xanımla birgə alış-verişə getdi. Bir neçə kilo ət, meyvə, ciyər, bir paket də püstə, badam və fındıq alıb gəldilər. O vaxt simli pultu olan oyuncaq maşınlar təzə çıxmışdı. Əliyə ondan da almışdılar. Əli maşını görüb çox sevinir, qutusunu qucaqlayıb öpürdü. Anam onlardan şam yeməyinə qalmalarını xahiş etdi. Ağa Rza narahat idi, ev sahibigilə getdi. Onunla Hacı ağa Huşməndinin yeməyini oraya göndərdik.

Ertəsi gün ağa Rza da cəbhəyə getdi. Pərvin xanım səhərdən gəlib anama kömək edirdi. Ev sahibəsi də kömək edir, uşaqlarını Əli və Ətiyyə ilə oynamağa gətirirdi. Erkəndən radionu açıb qulaq asırdıq. Diktor hərdən cəbhədən xəbərlər verirdi. Pərvinlə narahat idik, amma üz vurmurduq.

Qızım ongünlük idi, amma hələ ad qoymamışdıq. Anam hovuzun yanında uşağın əsgilərini yuyurdu. Pəncərəni açıb taxçanın üstündə oturmuşdum və oradan anamla danışırdım. Həyətdəki ip balaca qız paltarları ilə dolu idi. Günəş də həyətə saçırdı. Bu zaman qapı açıldı və korpus geyimində bir kişi içəri girdi. Bəhmən idi; əlində çantası, qara və sıx bığ-saqqalı vardı. Anam köpüklü əllərini ləyəndən çıxarıb özündən aralıda tutdu, Bəhmənə doğru qaçdı, onu qucaqlayıb öpdü. Bəhmən anamın yanından pilləkənə qədər qaçdı. Çəkmələrinin bağını açmağa kömək etdim. Həmin halda başımdan öpürdü. Sonra Əlinin və qızımızın yanına qaçdı. Üzü gülürdü. Mənə dedi: “Nəsrin, necə də qəşəng qızdır! Özün kimidir”. Sevindiyindən Əlinin dili tutulmuşdu. Nə qədər oyuncaq vardısa, gətirib Bəhmənə göstərirdi. Bəhmən soruşdu ki, uşağın adı nədir? Gülüb dedim: “Uşaq... Qız... Noxudçu... Bilmirəm… Ağzımıza nə gəlsə…” Hər ikimiz gülüşdük. Bəhmən dedi: “Hacər necə addır?” Dedim: “Hacər?! Çox yaxşıdır”.

Qaynanamın göyçək xalası vardı. Həqiqətən gözəl idi. Uca boyu, sarışın saçı vardı. O qədər ağ idi ki, günəşin altında otura bilmirdi. Buşehrdə yaşayırdılar. Adı Hacər idi, qaynanamı o böyütmüşdü. Bəhməni də çox istəyirdi. Özü demişdi ki, Bəhmənin uşağına mənim adımı qoyarsız.

Bəhmən Hacərin doğum şəhadətnaməsini alıb dedi: “Hacər Baqiri. Doğum tarixi: 02.05.1983. Bu, anama və Hacər xalaya hörmət üçündür. Ancaq sübh azanı vaxtı dünyaya gəldiyinə görə özümüz onu Səhər çağırarıq”.

Bəhmən Abadandan Quma qədər 16-17 saat yol gəlirdi. Qışda qar yolları bağlayanda bir neçə dəfə yarıyoldan qayıtmağa məcbur olmuşdu. Buna görə bizdən xahiş etdi ki, bir neçə həftəlik Abadana gedək. Özü bizi aparmağa gəldi. Əli ilə Səhərin bütün isti paltarlarını geyindirdik. Səhəri qalın bir ədyala bükdük, yalnız nəfəs almağa kiçik bir yer qalmışdı. Yola düşdük. Təhlükəli döngə və dolanbaclardan keçdik, Qız körpüsünü, Məmulan və Məlavini arxada qoyub düz yola, Əndimeşk-Abadan magistralına çatdıq. Yolun hər iki tərəfindəki tank, istehkam və səngərlər arasında yaşıl əkin sahələri görünürdü, xiyar, pomidor və kahı əkmişdilər. Əkinçilər öz məhsullarını yolun kənarında satırdılar. Bəhmən bir neçə dəfə maşını saxlayıb xiyar və pomidor aldı. Maşının baqajındakı su ilə yuyub yeyirdik. Təzə pomidorlar üçün duza ehtiyac yox idi. Təzə xiyarlar isə duzla daha ləzzətli olurdu.

Abadanda bir həftədən artıq davam gətirə bilmədik. Su və elektrik enerjisi yox idi, əsgərlərin gətirdiyi sular Səhərlə Əlinin paltar və əsgilərini yumağa yetmirdi. Bəhmən bizi Mahşəhr düşərgəsinə aparmağa məcbur oldu. Oranın vəziyyəti də ürəkaçan deyildi. Tualetlər həmişə dolu olurdu, uşaqlara görə çox vaxt tualet növbəsində dayanmağa məcbur qalırdıq. Səhərin əsgilərini yumaq müsibət idi. Düşərgədə get-gəl edən o qədər kişinin arasında qollarımı çırmayıb ləyəndə paltar yuya bilmirdim. Buna görə köhnə və cırıq corablardan özümə qolçaq və ayaqlıq tikdim. Qolçaqlar üçün iki dəlik qoymuşdum. Baş barmağıma keçirirdim ki, yuxarı qalxmasın. Beləcə Əli ilə Səhərin paltar və əsgilərini yuyur, işim bitəndən sonra qolçaqları suya çəkib ipdən asırdım. Düşərgədəki digər adamlar kimi bizim də bircə otağımız vardı. Bəzən çoxuşaqlı ailələr də bir otaqda qalırdılar. Fikirləşirdim ki, elə kiçik və dar yerdə gecələr necə yatırlar. Həmin düşərgədən, şəhid vermiş bəzi ailələrin otaqlarından gecədən sübhədək gələn ağlaşma və zarıltılar yadımda qalıb.

Mahşəhr qalmalı yer deyildi. Bəhmən Quma qayıtmağımızı istəyirdi. Lakin Səhər dünyaya gələndən sonra bu nəticəyə gəlmişdim ki, gərək hamımız bir yerdə olaq; ya birlikdə ölək, ya da yaşayırıqsa, bir-birimizdən uzaq qalmayaq. Mənim qalmağa dair israrlarım Bəhməni başqa seçimlər barədə düşünməyə vadar etdi.

Bir qədər sonra Əhvazı seçdi. Korpus Kiyan-parsın Kiyanabad prospektində bizə birmərtəbəli həyət evi verdi. Əmim işini Xarkdan Əhvaza köçürdü. Qumda çox da əşya və avadanlığımız yox idi. Qayınanamdan xahiş etdik ki, onları toplayıb ev sahibinə təhvil versin. Kiyan-parsdakı evə kovrolit döşənmişdi, az da olsa, yaşayış imkanları vardı. Oranı təhvil aldığımız gün rahat nəfəs aldım. Özümə söz verdim ki, nə qədər müharibə bitməyib, Əhvazda qalacağam.

Əhvaz cəbhəyə yaxın idi. Gündəlik bombardman olsa, qırmızı vəziyyəti bildirən həyəcan siqnalları verilsə də, həyat davam edirdi, su və elektrik enerjisi vardı. Əhvazda qərara gəldik ki, yavaş-yavaş məişət avadanlıqları alaq. Bir yerdə olduğumuza görə Bəhmənin maaşına plan cızdıq. Qaz sobası, çarpayı, qab-qacaq və mətbəx servisi almaq həvəsi ilə ayları arxada qoyurduq. Əmim bir həftə Əhvazda qalırdı, bir həftə Qumda. İş növbəsi olanda bizə gəlirdi. Hərdən qayınanam da onunla gəlirdi. Anam 14-16 yaşlarında olan Səid və Həmidlə tez-tez bizə baş çəkirdi. Bizim evimiz qohumların görüşü üçün yaxşı məkana çevrilmişdi; xüsusən dayılar, xalam və baba üçün. Onda Bəhmən İmam Hüseyn (ə) qarnizonunun Su hövzəsinin Rabitə bölüyünün komandiri idi.



Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin