17 may, fitr bayramı idi. Əmimlə qayınanam fitr bayramı namazına getdilər. Mən yatmışdım. Birdən bir səs gəldi. Qalxıb yatağımda oturdum. Pəncərədən həyət qapısı görünürdü. Gördüm ki, qapı açıldı, Bəhmən həyətə girib qapını bağladı və məni səsləməyə başladı: "Nəsrin, haradasan? Nəsrin banu, yatmısan? Qalx, gedək məqbərəyə, namaz başlayır".
Həyəcanla qalxıb zala qaçdım. Bəhmən dayanmadan çağırırdı. Ayaqlarım yerə yapışmışdı. Nə etdimsə, yaxınlaşa bilmədim. Hətta danışıb cavabını da verə bilmirdim. Biz Abadanda Hacı Məkkinin evində olanda, Bəhmən cillikdə azıb qalanda da belə olmuşdu. Düşündüm ki, indi özümdən gedəcəyəm. Bir xeyli sonra özümə gəlib həyətə qaça bildim. Həyət qapısı bağlı idi. Qışqırdım: "Bəhmən... Bəhmən..."
Bəhmən yox idi. Bilmirəm necə oldusa, o anda inandım ki, Bəhmən şəhid olub və heç vaxt qayıtmayacaq. Halım pis idi. Yenidən, "Bəhmən" – qışqırıb evə qaçdım. Bir-bir bütün otaqların qapısını açıb onu çağırırdım. Uşaqlar mənim səsimə yuxudan oyandılar. Əvvəl təəccüblə baxdılar, sonra mənim kimi atalarını çağırmağa başladılar. Səccad hamıdan çox ağlayıb deyirdi: "Atam hanı? Mən atamı istəyirəm".
O günə qədər özünü saxlamış Əli yatağına girdi, mələfəni üstünə çəkib ucadan ağlamağa başladı. Səhərin halı da bəlli idi. Uşaqlarla birlikdə evi boş görüb şivən qoparırdıq. Bir qədər sonra əmimlə qayınanam qayıtdılar. Bizi o vəziyyətdə görüb əvvəlcə sakitləşdirməyə çalışdılar. Ağlamağım dayanmırdı. Qışqırır, yaxamı cırır, sinəmə vurub deyirdim: "Bəhmən gəlmişdi. Məni çağırıb dedi ki, gedək namaza. Bəhmən burada idi".
Səhərin nəfəsi gəlmirdi, şirin dili ilə: "Atam axşam gəlmişdi, buramı öpdü" - deyib kiçik və toppuş barmaqları ilə alnını göstərirdi. Səccad heç vəchlə yola gəlmirdi, dayanmadan ağlayıb deyirdi: "Mən atamı istəyirəm. Atam hanı?"
Qayınanam Səhəri qucağına götürüb yataq otağına Əlinin yanına getdi. O qədər ağlamışdım ki, başım ağırlaşmış, nəfəsim təng olmuşdu. Əmim telefon olan otağa girib qapını bağladı. Səsini eşidirdim, kiminləsə danışırdı. Yarım saatdan sonra otaqdan çıxıb dedi: "Hacı Mənijə xanım, qalx, samovarı yandır. Qonağımız var".
Səhər hələ qayınanamın qucağında idi, nəvaziş edir, başını qarışdırmaq üçün onunla nə gəldi danışırdı. Əmim əyilib Səccadı qucağına götürdü və öpdü. Səccad yumruqla əmimin üz-başına vurur, yerə düşmək istəyirdi. Zavallı Əli də qalxıb yataqlarımızı toplayırdı. Əmim yoldaşı onu sakitləşdirmişdi.
Əmi dedi: "Rəhmət və digər uşaqlar bu bir ayda özlərini həlak edib hər yeri axtarıblar; Əhvaz və Mahşəhrin xəstəxanalarından tutmuş Tehran, Şiraz və Məşhəd xəstəxanalarına qədər. Qırmızı Xaç Cəmiyyəti ilə də əlaqə saxlayıblar. Onlar da deyiblər ki, Bəhmən əsirlərin arasında deyil. Mən Allahın məsləhətinə razıyam. Bəhmən artıq gedib. Mən daha oğlumu görməyəcəyəm. Görüş qaldı qiyamətə!"
Bunu deyəndə qayınanam ağlamağa başladı. Əmimin gözləri qızarmışdı, amma ağlamırdı. O dedi: "Zəng vurdum. İndi ağa Səffari gəlir. O, Bəhmənin qayığında olub, hadisəni görüb. Sözü hamıya qanundur. Dedim ki, buraya gəlsin. Yazıq bir aydır Bəhməni tapmaq üçün çox əziyyət çəkir. İndi gəlib hər şeyi danışacaq. İstəyirəm ki, Nəsrinin işi bilinsin. Belə olmaz; bu qız həmişə qorxu ilə ümid arasındadır".
Bunları deyib həyətə çıxdı. Bilirdim ki, vəziyyəti hamımızdan pisdir. Qayınanam cəld evi səliqəyə saldı, çay dəmlədi və buluda xurma düzdü.
Günortaya yaxın ağa Mürtəza Səffari Nuh qərargahının Su hövzəsinin Rabitə bölüyünün komandir müavini Qasim Yasavolla və tanımadığım bir neçə nəfərlə gəldi. Uşaqlarla birgə oturub gözlərimizi ağa Səffarinin ağzına dikdik. Çox narahat və kövrək idi, başını aşağı salmışdı.
– Biz bir aydır bu məsələ ilə məşğuluq. Uşaqlar çox çalışdılar, amma təəssüf ki, Şəhid Baqiridən heç bir nişan tapa bilmədik.
Udqunub əlavə etdi: "Həmin gün Favı əldən vermişdik. Mən maşında oturmuşdum. Şəhid Baqiri körpüyə çıxdı. Bir dəstə döyüşçü qayıqda oturmuşdu. Maşından enmək istəyəndə salxım bombası atdılar. Mən ağır yaralandım. Deyəsən, bir neçə nəfərdən başqa heç kim oradan sağ çıxmadı. Qayıqdakı uşaqların hamısı yanıb şəhid oldu. Körpü dağıldı. Körpünün üstündəkilərin hamısı şəhid oldu, pak cəsədləri Ərvənd çayına töküldü və su apardı".
Füruzanın həyat yoldaşının Küveytdə yaşayan qohumlarından birinin bir neçə gün öncə danışdığı əhvalat yadıma düşdü. Onlar bir köpəkbalığı ovlamışdılar, qarnından bizim döyüşçülərin bir neçəsinin kimliyi yazılmış nişan çıxmışdı. Doğru-yanlış olduğunu bilmirəm, amma o anda inandım və Bəhmənin də hansısa köpəkbalığına yem ola biləcəyindən qorxdum.
Ağa Səffari cibindən bir kağız çıxarıb dedi: "Məncə, Bəhmən yüz faiz şəhid olub. Bu da vəsiyyətnaməsidir. Rza Baqiriyə bir nüsxəsini vermişdi. O da surətini çıxarıb bizə verdi. Yəqin ki orijinalı sizdədir. Kimsə vəsiyyətnamənin saxta olduğunu düşünməsin deyə, özü surətini çıxarıb bir neçə nəfərə vermişdi. Şəhid Baqiri vəsiyyət etmişdi ki, Qumda dəfn olunsun. Biz sabah bir simvolik tabut götürüb ona mərasim keçirəcəyik ki, ailəsinin gözü yolda qalmasın. Uşaqlar əmin olmalıdırlar ki, ataları şəhid olub. İndiki vəziyyət yaxşı deyil. Onlar atalarının məzarı başına gedib ağlamalı, bir qədər sakitləşməlidirlər".
Ortamın ab-havası birdən-birə dəyişdi. Əmi ağlamağa başladı. Qayınanam da özünü itirdi. Ayağa qalxıb otaqdan çıxdım. Bütün həyatım qayınanamın otağının küncündən - iki silah qutusunun arasından ibarət idi. Qutuları açdım, Bəhmənin uniformasını çıxarıb üzümə tutdum. Hələ onun ətri gəlirdi. Ətri çox sevirdi, döyüşə gedəndə də ətir vururdu. Toyumuzun ildönümü münasibəti ilə aldığım günəş eynəyini öpdüm. Vəsiyyət etmişdi ki, hərbi geyimlərini korpusa qaytarım, yalnız çox köhnəlib cırılanları saxlayım. Bir neçə dəfə qərara gəlmişdim ki, köhnə formalarını dərziyə verib uşaqlar üçün kiçildim. O zaman çoxu belə edirdi. Paltarları Əliyə verib dedim: "Oğul, bunları küçənin başındakı dərziyə ver, sənin və qardaşının əyninə kiçiltsin. De ki, atamın dəfni üçün istəyirəm, axşama hazır olsun".
Bunları deyəndə ağlayırdım. Əli paltarları qoltuğuna qoydu, Səccadın əlindən tutub getdi. Səhəri qucağımda oturdub saçını öpdüm, ona növhə oxudum. Fikirləşdim ki, indi ata nəvazişi olmadan bu qızı necə böyüdəcəyəm? Səccada və Əliyə necə atalıq edəcəyəm? Bəhmənin Sacisini necə dünyaya gətirəcəyəm? O məndən ata istəməyəcək?! Bu fikirlərlə pis oldum və öz-özümə dedim ki, sabah hər şey bitəcək. Bəhmənin boş tabutunu götürəcəklər, Bəhmənlə birgə həyatım başa çatacaq. Bəs mən harada yaşamalıyam? Nə vaxta qədər qayınanama, ona-buna yük olacağam?! Qorxmağa başladım.
Qohumlar yenidən toplaşdılar. Həyət qapısının önünə qara pərdə vuruldu. Bəy divarı düzəldib ortasına Bəhmənin şəklini qoydular. Maqnitofon və səsucaldan gətirdilər, Quran kaseti qoydular. Qonşular həyətdə ocaq qalayıb yemək bişirirdilər. Səidlə Həmid Səccadla Əlini bazara aparıb onlara oyuncaq tüfəng aldılar.
Həyət qapısı səhərədək açıq qaldı. Müxtəlif şəhərlərdən qonaq gəlirdi. Səsucaldanla şəhərə xəbər verdilər, divarlara elan vurdular. Səhərə qədər heç birimizin gözünə yuxu getmədi.
Səhər çağı korpus və Bəsic uşaqlarından və Şirazın İmam Hüseyn (ə) qarnizonundan bir neçə avtobus bizə qoşuldu. Şəhid Cahanaranın, Şəhid Zeynəddinin və digər şəhidlərin ailələri də avtobuslarda idilər. Boş tabut İran bayrağına bükülmüşdü. Deyirdilər ki, içini güllə doldurublar. Tabutun üstünü də ağ qladiolus gülləri ilə örtmüşdülər. Camaat tabutun ətrafında sinə vurur, özlərini ona çatdırmağa, əllərini vurmağa, tabutu öpməyə çalışırdılar. Tabutun güllə dolu olduğuna görə sevinirdim. Ona yaxınlaşmaq kimi arzum yox idi. Fikirləşirdim ki, kaş indi Bəhmən gəlib bizə güləydi, bu matəm büsatı bayrama çevriləydi!
Dərzi Bəhmənin pasdar formasını Səccadla Əlinin əyninə kiçiltmişdi. Səhər tezdən özü gətirib kövrək halda uşaqlara geyindirdi. Deyirdi ki, onları ağlaya-ağlaya tikmişəm. Səccadla Əli Səidlə Həmidin aldığı tüfəngləri bellərinə bağladılar. Səhər qara ərəb çadrasına bürünmüşdü. Maşınlara minib məqbərəyə getdik. Sanki bütün qumlular Bəhmənin dəfninə gəlmişdilər. Sanki Bəhmən onların övladı, qohumu idi.
Tabutu ortaya qoydular, Mühafizəçilər korpusunun Hərbi Dəniz Qüvvələrinin orkestri İslam respublikasının himnini oxudu. Bəhmənin böyük bir şəklini çərçivəyə salmışdılar. Onu Əli ilə Səccada verdilər. Hər ikisi tabutun önündə dayanıb şəkli tutdular. Səhərin alnına “Ya Rüqəyyə” yazılmış qara lent bağladılar. Uşaqlar öndə idilər. Orkestrin həzin musiqisindən sonra tabutu çiyinlərinə götürdülər. Mən onların arxasında idim, bizim arxamızda da izdiham vardı. Tabutu həzrət Məsumənin məzarı başına dolandırdılar, sonra maşınlara minib Şəhidlər gülzarı məzarlığına yola düşdük.
Bəhmən üçün bir qəbir hazırlamışdılar. Tabutu açıb gülləri hörmətlə qəbrə qoydular. Röya, Mitra və Rəna özlərini öldürürdülər. Mən ayaq tərəfində oturub boş qəbrə, ağ və çəhrayı güllərə baxırdım. Dodaqaltı Allaha şükür edirdim ki, Bəhmənin yerinə o güllər dəfn olunur. Onun dəfn olunmasına dözə bilməzdim. Həqiqətən, əgər oraya Bəhməni qoysaydılar, mən yaşaya bilərdimmi?! Axı ucaboy Bəhmən o kiçik və dar qəbrə necə sığardı?!"
Qayınanam yaxşı deyildi. Anam sinə vururdu. Qohumlarım xuzistanlıların adətincə növhə oxuyurdular. Mən sakit idim, Bəhmənin orada olmadığına sevinirdim. Beynimdən cürbəcür fikirlər keçirdi: atamın ölümü, Şəhriyarın şəhadəti, nişan günümüz, hovuzun yanında qabları yumağımıza kömək edən Şəhid Musəvi... Fikirləşdim ki, Bəhmən bizim yanımızdadır - mənim və uşaqların. Fikirləşdim ki, Bəhmən şəhid olmayıb, qayıdacaq. O məni çox sevirdi. Uşaqlığımızı xatırladım; həmişə saçımı dartır, məni motosikletinə minməyə qoymurdu. Ailə quranda mənə dedi ki, səni uşaqlıqdan sevirəm. Soruşdum ki, bəs nə üçün o qədər incidir, saçımı yolurdun? Gülüb dedi:
"Əgər yox idisə mənə öz meyli,
Nə üçün qabımı sındırdı Leyli?!"
Öz-özümə dedim: "Bəhmən, əminəm ki, indi də uşaqlığın kimi məni incidirsən. Bundan əziyyət çəkdiyimi bilib həzz alırsan. Yaxşı, qəbuldur, bir söz demirəm. Bilirəm ki, məni sevirsən. Yenə məni incit. Yenə qabımı sındır. Yenə qəlbimi qır. Artıq qəlbim sənin və uşaqlarınındır. Olsun! Hər şey qəbuldur, amma qayıt, gəl. Sənin üçün çox darıxmışıq; qara və qəşəng gözlərin üçün, güclü və enli çiyinlərin üçün, geyinəndə hər bir paltar yaraşan uca boyun üçün".
Ayağa qalxıb uşaqlarımı çadramın altına saldım. Səccad Bəhmənin şəkli ilə özünü yaxşı hiss edirdi. Əli deyirdi ki, ata bizə gül göndərib. Səhər də daha deyinmirdi. Məzar güllə dolu idi. Havaya Bəhmənin xoşladığı gözəl ətir yayılmışdı. Ürəyim rahat idi ki, Bəhmən orada uzanmayıb. Fikirləşdim ki, gərək eşitməyim, inanmayım, ümidlə Bəhmənin qayıdacağını gözləyim. Dedim ki, uşaqlar, gedək evimizə. Əli dedi: "Ana, Əhvaza?" Dedim ki, yox, başqa bir evə gedirik. Səccad dedi: "Atamın şəklini gətirim?" Dedim ki, hə, şəkli gətirin. Səhər dedi: "Ata əvvəlcə gülləri göndərib, sonra özü gələcək? Ana, atam nə vaxt gələcək?”
Ürəyimdə Bəhmənə dedim ki, hələ heç nə olmamış uşaqlar səni soruşurlar. Mən bir ömür bunları necə sakitləşdirəcəyəm? Saci ilə nə edəcəyəm? Məzarın yanından qayınanamın, Mitranın və Rənanın ağlamaq səsləri gəlirdi. Fikirləşdim ki, bu mühit necə ağır və acıdır! Orada bir an da qalmağa taqətim yox idi. Məhəmməd dayı bir ağacın altında dayanmışdı, başını aşağı salıb ağlayırdı. Başdan-ayağa qara geyinmişdi. Ona dedim: "Məni evə aparırsan? Halım pisdir. Axşam yadımdan çıxıb, dərmanımı içməmişəm".
Məhəmməd dayı özünü itirdi, işarə ilə maşınını göstərib dedi: "Get min, mən də ananı tapım".
Anam harada idisə, tez özünü bizə çatdırdı. Səhəri qucağına götürüb Səccadın əlindən tutdu. Maşına mindik. Dönüb oradakı camaata bir də baxdım. Dedim: "Ana, olar ki, biz ev kirayə eləyənə qədər sizdə qalaq?" Anam o qədər ağlamışdı ki, əldən düşürdü. Çadrası toz-torpaqlı, üzü yorğun və kədərli idi. Dedi: "Sənin də, uşaqlarının da qədəmlərinə qurban!"
Fikirləşdim ki, kaş indi Bəhmənin harada olduğunu biləydim! Lakin bir andan sonra qəribə bir sevinc hissi bütün vücudumu bürüdü. Allaha şükür etdim ki, ən azı, məzarda deyil. O anlarda fikirləşmək istəyirdim ki, Bəhmənin cəsədi gəlmədiyinə görə, deməli, şəhid olmayıb.
Anam arxada oturdu, Səccadla Səhər başlarını onun dizləri üstə qoydular. Əli gözünü bayıra dikmişdi. Maşın sürətlə gedirdi. Quru və isti çöllüklər arxamızda qaldı. Şəhərin yaşıl ağacları göründü. Səccadla Səhər anamın dizləri üstə yatmışdılar. Anam "Ya Rüqəyyə" yazılmış lenti Səhərin alnından açıb Əliyə verdi. Əli şüşəni aşağı salıb lenti bayıra tutdu. Lent havada yellənməyə başladı.
Yandakı güzgüdən Əliyə baxırdım. Bir qədər sonra şüşəni qaldırıb irəli əyildi, lenti alnıma bağlayıb başımdan öpdü. Əlimi uzadıb oturacağın arxasından əlini tutdum. Əlimi möhkəm sıxıb ağlamağa başladı. Anam qucağını açıb Əlini qucaqladı. Əli ona dedi: "Nənə, bizimlə qal, anam çox narahat olur".
Əyilib yenidən Əlinin əlini tutdum və irəli çəkdim. Çətinliklə onu dizlərim üstə oturdub öpdüm. Başını sinəmə qoyub dedi: "Ana, atam daha gəlməyəcək. Mən yuxuda gördüm".
Həzrət Məsumənin məqbərəsinə yaxınlaşırdıq. Əliyə hamilə olduğum günü xatırladım. Onda ürəyim ərik, ləbləbi və kişmiş istəmiş, amma pulumuz olmamışdı. Əlini sinəmə sıxıb dedim: "Məhəmməd, maşını saxlaya bilərsən, uşaqlara ləbləbi və kişmiş alım?" Məhəmməd dayı maşını saxlayıb yolun o tərəfindəki mağazaya qaçdı. Uşaqlar oyanmışdılar. Səhərlə Səccadın səsi maşını götürdü:
- Məhəmməd dayı, şokolad... şokolad...
Bəhmənin sözü yadıma düşdü. Onda belə demişdi: "Mükafatın həzrət Zəhrada!"
Maşının qapısını açıb dedim: "Ana, gəl gedək, Əliyə turşu və quru ərik alaq".
Uşaqlar sevincək dondurma mağazasına qaçdılar. Səccad qaçanda belindəki tüfəng aşağı-yuxarı gedirdi. Qorxdum ki, Səhərin çadrası ayağına dolaşar. Əli bir əli ilə məndən möhkəm tutmuşdu, o biri əli ilə də gözlərinin yaşını silirdi. Dedim: "Əli, ağlama, atan bizi görüb narahat olur". Yenidən gözlərini silib dedi: "Ana, mən yuxuda gördüm ki, atam daha qayıtmayacaq".
Qərara gəlmişdim ki, nə eşidim, nə də inanım. Dedim: "Hər dəfə ata yadına düşəndə onun üçün bir salavat de. Onda o da bizi düşünəcək. Ata bizi az istəmir. O həmişə bizə görə narahat idi. İndi gedək, sənə ləbləbi və kişmiş alaq". Gözlərini sildi, ətrafına baxıb dedi: "Kaş atam da burada olaydı! Atamsız bir şey yeyəndə məni ağlamaq tutur".
Özümü möhkəm saxlamışdım ki, ağlamayım. Dodaqaltı Bəhməni xatırlayıb salavat dedim.
Anamın uşaqlıq xatirələri yadıma düşdü. Anası həyatının son dəqiqələrində onu necə yaxşı sakitləşdiribmiş! Dedim: "Əli can, ata Sacinin yanına getdi ki, tək qalmasın, darıxmasın. Bizim kimi Saci də ata üçün darıxırdı".
Əli bir söz demədi. Mən rahatlaşdım. Dedim: "Ata Sacinin yanında, ana sizin yanınızda. Qəbuldur?" Əli mənə baxıb gülümsədi və dedi: "Qəbuldur".
Anamla gedib iri qədəhlərini çərəzlə doldurmuş bir mağazadan Əliyə ləbləbi, kişmiş, turşu və quru ərik aldıq. Uşaqlar bir qədər aralıdakı dondurmaçının metal stullarında oturmuş, bizə də yer saxlamışdılar. Səccad qışqırırdı: "Anam mənim yanımda otursun". Səhər qışqırırdı: "Xeyr, anam mənim yanımda oturacaq".
Boş stulların birində oturdum. Səccad bir tərəfimdə, Səhər də o biri tərəfimdə qaldı. Əli Bəhmənin şəkil çərçivəsini yandakı stulun üstünə qoydu. Tavan ventilyatorunun sərin küləyi üz-başımızı sığallayırdı. Məhəmməd dayı bir sini dondurma və faludə ilə bizə doğru gəlirdi. Anam uşaqların ciblərini çərəzlə, kişmiş və ləbləbi ilə doldururdu. Gözüm Əliyə sataşdı: dodaqaltı salavat deyirdi.
Dostları ilə paylaş: |