Teleölçmələr zamanı ölçülən x kəmiyyətinin funksional dəyişmə ardıcıllığına nəzarət olunur. Bu ardıcıllıq verici qurğuda A = φ1 ( x ) kəmiyyətinə çevrilir. Rabitə kanalının çıxışında kanala təsir edən maneə siqnallarının təsirindən φ1 ( x ) funksiyası dəyişərək qəbuledici qurğuya B = φ2 ( A ) siqnalı formasında daxil olur. B kəmiyyəti qəbuledici qurğuda çevrilib C = φ3 ( B ) kimi ölçmə cihazında qeyd olunur. Beləliklə, çıxış qurğusunun göstərişi ölçülən kəmiyyətin mürəkkəb funksiyasını əks etdirir.
Teleölçmə sistemlərinin tərkibində xüsusi təşkil olunmuş rabitə kanalları, yəni siqnalları ötürmək üçün rabitə xəttləri, xəttlərin başlanğıcında və sonunda verici və qəbuledici qurğulardan ibarət texniki vasitələr yığımı olur. Teleölçmə sistemləri ölçmə informasiyasının rabitə kanalları ilə ötürüldüyü informasiya ölçmə sistemidir.
Simmetrik kabellərlə işləyən yüksək tezlikli sistemlərdə teleölçmə qurğuları sistemdə kabelin biri zədələndikdə həmin sistemin digər kabelə qoşulmasını təmin edir, xidmət olunmayan gücləndirici məntəqənin işıqlanma, ventilyasiya və çağırış xidmətlərinin avtomatik qoşulub – açılmasını təmin edir, məntəqənin göstərici cihazlarında hər hansı bir dəyişikliyin olması haqqında məlumat alır. Koaksial kabellərlə işləyən rabitə sistemlərində eyni vaxtda 2 müxtəlif xidmət olunmayan gücləndirici məntəqələrdə ölçmə aparmaq məqsədilə müxtəlif yüksək tezlikli sistemlərə 2 idarəetmə siqnalı göndərmək mümkündür. Bu idarəetmə siqnallarından əlavə xidmət olunmayan gücləndirici məntəqələrindən xidmət olunan gücləndirici məntəqəyə orada olan hər hansı zədələnmələr haqqında məlumat siqnalı daxil edir. Teleölçmələr yaxınlıqda yerləşən xidmət olunan gücləndirici məntəqədən avtomatik olaraq aparılır və telemexaniki qurğular vasitəsilə dövrənin və sistemin işi haqqında məlumat əldə edilir.