Elektrik ölçmə cihazları aşağıdakı əlamətlərinə görə təsnif olunurlar:
Ölçmə nəticələrinin göstəricilərinə görə analoq və rəqəm ölçmə cihazları. Göstərişi ölçülən kəmiyyətin dəyişmələrinin kəsilməyən funksiyası olan elektrik ölçmə cihazları analoq cihazlar adlanır. Ölçmə informasiyasının giriş siqnalını diskret çıxış siqnalına avtomatik çevirən və göstərişi rəqəm formasında təsvir olunan elektrik ölçmə cihazları rəqəm cihazları adlanır.
Ölçmə üsuluna görə birbaşa qiymətləndirməli və müqayisə cihazları;
Tətbiq olunma xarakterinə görə stasionar və qeyri – stasionar cihazlar;
Mühafizəsinə görə adi və xüsusi ( hermetik, tozdan və sudan qorunan ) cihazlar;
Göstərişləri təsvir etmə formasına görə göstərici və qeydedici cihazlar.
Göstərişi iki və daha artıq kəmiyyətin cəmi ilə funksional əlaqədar olan elektrik ölçmə cihazları cəmləyici cihazlar adlanır. Göstərişi ölçülən kəmiyyətin zamana görə və ya digər asılı olmayan dəyişənə görə inteqralı ilə müəyyən olunan cihazlar inteqrallayıcı cihazlar adlanır.
Cərəyanın növündən asılı olaraq sabit cərəyanla, dəyişən cərəyanla və həm sabit və həm də dəyişən cərəyanla işləyən ölçmə cihazları vardır.
İşləmə prinsipinə görə cihazlar maqnitoelektrik, elektromaqnit, elektrodinamik, elektrostatik, induksiya və digər sistemlərdə işləyən cihazlara bölünürlər.
Ölçülən kəmiyyətin növünə görə ampermetr, voltmetr, vattmetr, ommetr və digər növlərə bölünürlər.
Cihazlara quruluşuna, rütubətə, temperatura və silkələnməyə qarşı davamlılığına və s. görə xüsusi təlabatlar verilir. Ölçmə cihazları ayrıca cihaz şəklində və yaxud da avadanlığın tərkibində olurlar.