2. Kəbə həyatın dayağıdır
Qurani-kərim Kəbəni və Allah evini dayaq adlandırmaqla belə tərif edir:
“Allah Beytül-Həram (müqəddəs ev) olan Kəbəni dayaq və haram ayı (zilhəccəni) qərar verdi. (Kəbəyə gətirilən) boyunları bağsız və bağlı (nişan taxılmış və taxılmamış) qurbanları insanların (dini və dünyəvi işlərinin) düzəlib səhmana düşməsi üçün bir yol müəyyən etdi. Bu ona görədir ki, Allahın göylərdə və yerdə nə varsa (hamısını) bilməsini, özü də Allahın hər şeyi (layiqincə) bilməsini siz də biləsiniz!”2
Başqa bir yerdə “qiyam” (dayaq) sözü haqqında belə buyurur:
“Allahın sizin həyatınız üçün dayaq olaraq bəxş etdiyi malları səfehlərə (ağılsızların əlinə) verməyin...”3
Yəni ayənin mənası budur ki, (Maidə surəsi, 97) Allah-taala həcc mərasimində Kəbə evini ziyarət etməyi İslam cəmiyyətinin həyatı üçün dünya və axirət dayağı qərar veribdir.
Həcc mərasiminə toplaşmaq təkcə müsəlmanların mənəvi həyatının deyil, hətta bizim fərdi və ictimai həyata aid olan bütün ehtiyaclarımızı ödəyir. Həyat və dinin dayağı müsəlmanların məsləhəti və xeyri sayılır. Bu xeyirli mənfəət və məsləhətlər də yalnız və yalnız həcc mərasimində təmin olunur. Belə olan halda bu mənfəəti ibadətdə necə cəmləşdirə bilərik?
Müsəlmanların zülmkarlar qarşısında bir olub onlara qarşı mübarizə etməkdən başqa nə kimi xeyirli mənfəətləri ola bilər?
Quran ağıldan az olanların rəhbərlik etmələri haqqında belə göstəriş verir:
“Alahın sizin həyatınız üçün bəxş etdiyi malları səfehlərə verməyin...”
Bu ayənin məzmununa diqqət yetirməklə həcc ziyarətini müsəlmanların taleyindən qafil olanlara necə tapşırmaq olar?
Əziz oxucunun “Kəbə evi müsəlmanların dayağıdır” ayəsi haqda təfsir alimlərinin eyni fikirləri olduğunu bilməsi üçün bəzilərinin yazılarını burada qeyd edirik:
Təbəri deyir:
“Allah-taala Kəbəni və Beytül-Həramı insanlar üçün həyatın dirəyi və dayağı qərar verib. Kəbə evini dinin nişanı və müsəlmanların mənfəət yeri seçib.”4
Əl-Mənar təfsirinin müəllifi deyir:
Allah-taala Kəbəni müsəlmanların dini işlərinin dayağı qərar verib. Onların əxlaqlarını və nəfslərini paklaşdırır. Dinimizin əsası sayılan həcc elə bir mənəvi ibadətdir ki, bizlərə həm iqtisadi, həm də ictimai cəhətdən xeyiri vardır. Yəni insanların bütün dini və dünyəvi ehtiyaclarını ödəyir.”5
3. Həcc mövsümündə müşriklərə qarşı nifrət elan etmək
Siz əgər keçən bəhsin mövzusuna şübhə etsəniz belə, Peyğəmbərin nümayəndəsinin həcc mövsümündə yerinə yetirdiyi siyasi əmələ heç kim şəkk-şübhə ilə yanaşa bilməz.
Peyğəmbər hicrətin doqquzuncu ilində müşriklərə nifrət hissini elan etmək üçün Əli (ə)-ı həcc mövsümündə qətnamə oxumaq üçün Məkkəyə göndərdi. Bu o vaxt idi ki, Bəraət (Tövbə) surəsindən on altı ayə Peyğəmbərə nazil olmuşdu. Ayələrin başlanğıcı bunlardan ibarətdir:
“Allahdan və Onun Peyğəmbərindən saziş bağladığınız müşriklərə (onlarla olan əhdlərin pozulması, əlaqələrin kəsilməsi barədə) bir xəbərdarlıq!
(Ey müşriklər!) Yer üzündə dörd ay sərbəst gəzib dolaşın və bilin ki, Allahı aciz qoya bilməzsiniz. (Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz) Allah kafirləri (dünya və axirətdə) rüsvay edəcəkdir!
Allahdan və Onun Peyğəmbərindən böyük həcc günü (zilhiccə ayında, vacib fərz olan həcc, qurban bayramı və ya Ərəfə günü) insanlara bir bildiriş! Allahın və Onun Peyğəmbərinin müşriklərlə heç bir əlaqəsi yoxdur. Əgər (küfrdən və şirkdən) tövbə etsəniz, bu, sizin üçün xeyirli olar. Əgər (imandan) üz döndərsəniz, bilin ki, Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz. (Ey Peyğəmbərim!) Kafir olanları şiddətli bir əzabla müjdələ!”1
Həzrət Əli (ə) bu ayələri oxuduqdan sonra dörd maddədən ibarət olan qətnaməni müşriklərə oxudu. Dörd maddəli qətnamə bundan ibarət idi:
1− Bütpərəstlərin Allah evinə daxil olmağa haqqları yoxdur.
2− Çılpaq bədənlə təvaf etmək qəti qadağandır.
3− Bundan sonra heç bir bütpərəst həcc mərasimində iştirak etməyəcək.
4− O kəslər ki, Peyğəmbərlə sülh müqaviləsi bağlayıblar və əvvəldən öz əhdlərinə sadiq qalıblar, onların bu əhd-peymanı, canları və malları möhtərəm sayılır. Lakin müsəlmanlarla əhd bağlamayan və yaxud öz əhdlərinə bilə-bilə sadiq qalmayan müşriklərə bu gündən (zilhiccə ayının onu) dörd ay möhlət verilir. İslam hökümətində öz təkliflərini açıq elan etsinlər. Yəni müsəlman olub bir olan Allaha ibadət etməklə şirki aradan aparmalıdırlar. Əks təqdirdə, döyüşə hazır olmalıdırlar.”2
Həcc mərasimində müşriklər və müsəlmanlar təvaf edərkən qəfildən Həzrət Əli (ə) hündür bir yerdə dayanıb müşriklərə qarşı belə bir nitq söyləyirsə, müşriklərə öz bəd əməllərindən çəkinmək üçün dörd ay möhlət verilirsə və onlar İslama dəvət olunursa, bundan daha yaxşı siyasi əməl nə ola bilər?
4. Məscidül-Həramda Fərəzdəqin siyasi qəsidəsi
Bir gün həcc mərasimində Əbdül-Məlikin oğlu Hişam təvaf edərkən sıx cərgələrin arasına düşdü:
Hişam neçə dəfə əlini Həcərül-Əsvədə (Qara daş) sürtmək istədi. Lakin adamların sıxlığından buna nail ola bilmədi. Çarəsiz qalıb kənara çəkilərək müsəlmanların ziyarətinə tamaşa etməyə başladı. Birdən gözü arıq, nurani bir kişiyə sataşdı. Bu kişi yavaş-yavaş Həcərül-Əsvədə tərəf gedirdi və bütün camaat ehtiram əlaməti olaraq ona yol verirdi.
Şam (Süriya) əhli Hişamın ətrafına cəm olmuşdu. Bu hadisənin şahidi olduqda ondan bu kişinin kim olduğunu soruşdular. Hişam o kişini yaxşı tanıyırdı, lakin yalan dedi:
− Mən bu kişini tanımıram.
Elə bu vaxt mərd kişilərdən sayılan Fərəzdəq bir neçə beyt şerlə İmam Səccad (ə)-ı yaxşı tanıtdırdı. Fərəzdəqin şerinin bir neçə beyti bundan ibarətdir:3
“Bu elə bir adamdır ki, Bətha (Məkkə ilə Mədinə arası) torpağı onun pak yerini tanıyır. Kəbə, Beytül-Həram və xaricində olan yerlər onu yaxşı tanıyır.”
“Bu Allahın ən yaxşı bəndələrinin övladıdır. Pak, təmizkar və təqvalı kimi tanınmışdır.”
“Əgər onu tanımırsansa, bil! O, nübüvvəti xətm edən (peyğəmbərlərin sonuncusu) Məhəmməd Peyğəmbərin qızı Fatimənin övladıdır.”
“O, Həcərül-Əsvədə əl sürtdükdə Həcərül-Əsvəd öz yaxın adamının əlini buraxmaq istəmir” Fərəzdəqin şerləri o qədər təsirli idi ki, Hişam şeri eşidərkən qəzəbləndi. Fərəzdəqə bu şeri söyləməməyi göstəriş verdi. İmam Fərəzdəqin bu əməlini görüb ondan hal-əhval tutdu.4
Dostları ilə paylaş: |