Vətəndaş iştirakçılığı və ictimai hesabatlılıq



Yüklə 35,24 Kb.
tarix22.10.2017
ölçüsü35,24 Kb.
#9412

Vətəndaş iştirakçılığı və ictimai hesabatlılıq
İstənilən prosesə vətəndaşlar qatıldığı halda şəffaflığı, qarşılıqlı inamı və əməkdaşlığı təmin etməklə hər bir qurumda daha keyfiyyətli nəticə əldə etmək olar. Bu, nəinki demokratiyanın, həmçinin yaxşı idarəçiliyin də əsas prinsipidir. Azərbaycan Respublikasının Konstitusiyasında bildirilir ki, “Azərbaycan Respublikası vətəndaşlarının cəmiyyətin və dövlətin siyasi həyatında maneəsiz iştirak etmək hüququ vardır.”

Yerli özünüidarənin təşkili, həyata keçirilməsi prinsipləri və ictimai iştirakçılıq məsələləri beynəlxalq sənədlərdə çox geniş əks etdirilib. Bu sənədlərə İnsan Haqları və Azadlıqlarının Ümumi Bəyannaməsi, Yerli Özünüidarə Barədə Avropa Xartiyası, bu aktdan doğan tövsiyələr və BMT çərçivəsində qəbul olunmuş digər sənədlər daxildir. Təbii ki, ilk növbədə, 15 oktyabr 1985-ci ildə Starsburqda qəbul olunmuş Avropa Xartiyasını qeyd etmək lazımdır. Xartiya onu imzalamış dövlətlər tərəfindən təminat verilmiş yerli özünüidarə ilə bağlı minimal hüquqları müəyyən edir. Azərbaycanın 2001-ci ilin 25 dekabrında ratifikasiya etdiyi Xartiyanın preambulasında yazılır ki, insanların dövlət işlərinin aparılmasında iştirakı hüququ demokratik priniplər çərçivəsində təmin olunmalı və ilk növbədə bu hüquq yerli səviyyədə həyata keçirilməlidir. Sənədin adıçəkilən hissəsində göstərilir ki, yerli özünüidarə orqanları səmərəlililklə yanaşı, vətəndaşların idarəetməyə cəlbini təmin etməlidir.

Xartiyada nəzərdə tutulur ki, yerli özünüidarə orqanları mövcud qanunlar və səlahiyyətləri çərçivəsində, eyni zamanda, yerli əhalinin mənafelərini nəzərə alaraq ictimai işlərin mühüm hissəsini reqlamentləşdirməli və idarə etməlidirlər1.

Xartiyada yazılır ki, bu hüquq azad, gizli, birbaşa, bərabər və ümumi səsvermə yolu ilə seçilmiş üzvlərdən təşkil olunmuş şura və ya yığıncaqlar vasitəsilə həyata keçirilir2.

Avropa Şurasının tərkibində fəaliyyət göstərən Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin “Azərbaycanda yerli və regional demokratiya” adlanan 126 saylı Tövsiyəsində birbaşa yerli özünüidarədə ictimai iştirakçılıq məsələsinə toxunulmasa da, qanunvericlikdə bələdiyyələrin statusunun aydın müəyyən olunması, bələdiyyə və icra orqanları arasında səlahiyyət sərhədlərinin dəqiqləşdirilməsi, bələdiyyə vergiləri, Bakıda yerli demokratiya barədə3 səsləndirilən təkliflərin yerinə yetirilməsi dolayısı ilə bələdiyyələrin işində vətəndaş iştirakçılığının artmasına, bunun davamlı xarakter almasına və yerli demokratiyanın güclənməsinə imkan verərdi.

Konqresin “Yerli demokratiyada əhali, yerli assambleya və icra hakimiyyətinin münasibətləri” (Tövsiyə 113, 2002) sənədində yerli hakimiyyətin təşkilinin və səlahiyyətlərinin icrasının siyasi, instutisional və praktiki aspektlərinə toxunulub, Xartiyadan irəli gələn vəzifələrin həyata keçirilməsi vacibliyi vurğulanıb. “Vətəndaşların yerli ictimai həyatda iştirakı haqqında” Avropa Şurası Nazirlər Komitəsinin 6 dekabr 2001-ci ildə qəbul etdiyi 19 saylı Tövsiyəsində və ona Əlavələrdə Xartiyanın tələblərinə uyğun olaraq bələdiyyələrdə vətəndaş iştirakçılığının artırılması istiqamətində konkret təkliflər verilib.

Sənədə 1 saylı Əlavədə vətəndaşların yerli özünüidarə ilə bağlı müxtəlif məsələrlə bağlı informasiya əldə etmək hüququnun təmin olunması, vətəndaşların təmsil etdikləri icmanın işinə töhfə vermək üçün təşviq edilməsi, yerli demokratiyanın inkişafı üçün ictimai iştirakçılıq məsələsinə kompleks yanaşmanın tətbiqi, yerli səviyyədə qərarların qəbulu və əhalinin idarəetmədə birbaşa iştirakının təmin edilməsi, yerli iştirakçılığın qiymətləndirilməsi üçün müvafiq kriteriyaların müəyyən olunması, müsbət və mənfi tərəflərinin aşkar edilməsi üçün monitorinqlərin aparılması, vətəndaş iştirakçılığı sahəsində qabaqcıl təcrübənin tətbiqi üçün ölkələrarası və ölkə daxili informasiya mübadiləsinin aparılması, aktiv iştirak imkanları məhdud olan, yerli ictimai həyatdan təcrid olunmuş əhali kateqoriyasına xüsusi diqqətin ayrılması, qadınların yerli siyasətin müəyyənləşdirilməsində rollarının artırılması, uşaqların və gənclərin yerli cəmiyyətlərin dayanıqlı inkişafındakı əvəzolunmaz rolu nəzərə alınaraq onların ictimai iştirakçılıqda yerlərinin müəyyən olunmasının vacibliyi vurğulanıb. Sənədə 2 saylı Əlavədə isə konkret addımlar və tədbirlərin siyahısı verilib. Beynalxalq sənədlərdə yerli özünüidarəetmədə müxtəlif sosial təbəqələrin iştirakı ilə bağlı qəbul olunmuş normativlər var. 1997-ci ildə Budapeşdə Yerli və Regional Hakimiyyət Orqanlarının Konqresində qəbul edilmiş sənəddə gənclərin yerli özünüidarədə iştirak imkanlarının artırılması istiqamətində Tövsiyələr qəbul edilmişdir. Sənəddə Xartiyanı qəbul etmiş bütün ölkələrə ünvanlanır ki, gənclərin bələdiyyələrin işində iştirak etməsi siyasəti həyata keçirilməlidir.

Göründüyü kimi üzv olduğumuz Avropa Xartiyası və digər beynəlxalq sənədlər seçkili qurum olan bələdiyyələrin demokratik idarəetmə prinsiplərinə əsaslanmalı olduğunu tələb edir. Bu prinspləri nəzərə alaraq Azərbaycan qanunvericiliyində bələdiyyələrin üzərinə fəaliyyətləri haqqında vətəndaşlara məlumat vermək və vətəndaşları yerli özünüidarədə iştiraka cəlb etməklə bağlı müəyyən öhdəliklər qoyulub. Belə ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunda bələdiyyələrin öz fəaliyyətlərini açıqlıq prinsipi əsasında həyata keçirməsini nəzərdə tutan maddələr var. Qanunun 15-ci maddəsinə əsasən bələdiyyə üzvləri 6 ayda bir dəfədən az olmayaraq seçicilərinə hesabat verməlidirlər. Burada hesabatın sayının məhdudlaşdırılmaması yaxşı əlamət olsa da, lakin qanunvericilik hesabatın hansı qaydada və formada verilməsini müəyyənləşdirmir. Bu səbəbdən də bələdiyyə üzvlərinin hesabatlılığına nəzarət etmək və onu qiymətləndirmək çətindir. Fikirimizcə, ayrı-ayrı bələdiyyə üzvlərinin deyil, bütövlükdə bələdiyyənin seçkili orqanının hesabatlılığı məsələsi qanunvericilikdə öz əksini tapmalıdır. Bunlardan əlavə, elə həmin Qanunda qeyd edilir ki, bələdiyyələr informasiyanı açıqlamaq, onu sərbəst və maneəsiz və hamı üçün bərabər qaydada əldə olunmasına təminat yaratmalıdır. Qanunun 30-cu maddəsində göstərilir ki, bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri vətəndaşların müraciətlərinə mahiyyəti üzrə bir ay ərzində cavab verməlidirlər. Azərbaycan qanunvericiliyində vətəndaşların məlumatlı olmasını təmin etməyin zərurətini təsbit edən əsas qanunlardan biri də 2005-ci ildə qəbul olunmuş “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunudur. Bu Qanuna əsasən, bələdiyyələr “informasiya sahibləri”dirlər və informasiyanı toplamaq və qoruyub saxlamaq, məlumatın asanlıqla əldə oluna bilməsini təmin etmək, eyni zamanda məlumatı ictimayyətə çatdırmaq vəzifəsi daşıyırlar. Qeyd olunan Qanunun 29-cu maddəsində büdcə məlumatları, bələdiyyələrin fəaliyyətləri ilə bağlı hazırlanmış təlimatlar, hesabatlar, ştat cədvəlləri, həmin idarədə çalışan vəzifəli çəxslər haqqında dolğun məlumatlar (adı, soyadı, telefonu, ünvanı, təhsili, ixtisası və s.), dövlət və bələdiyyə satınalmalarının şərtləri, nəticəsi, eləcə də dövlət və bələdiyyə əmlakının satılması, onun üzərində əmlak hüquqlarının dəyişməsi barədə məlumatlar, bələdiyyə orqanları rəhbərlərinin qəbul saatları barədə məlumatlar, bir sözlə qanunvericiliklə qadağan olunmayan bütün məlumatlar yayımlanmalıdır. Qanunun 30.1-ci bəndində məlumatların yayılması üsullarına toxunularaq bildirilir ki, ictimai məlumatlar internet informasiya ehtiyatlarında açıqlanmalıdır. Lakin eyni zamanda 30-cu maddənin sonrakı bəndlərində ictimai informasiyaların kütləvi informasiya vasitələrində, rəsmi nəşrlərdə, kitabxanalarda, kütləvi istifadəsi mümkün olan digər yerlərdə və qanunvericiliklə nəzərdə tutulan başaqa üsulla açıqlana bilər.

Yuxarıda qeyd olunanlara əsasən ilk baxışdan bələdiyyələrin məlumatı yaymaqla bağlı qanunvericilikdə problemlərinin olmadığı təsəvvürü yaranır. Lakin məlumatı yayımlamaqla onu əldə etmək arasında cüzi, ancaq vacib bir fərq var. Məlumatın verilməsi passiv prosesdir. Belə olduqda ən yaxşı halda ictimayyətə rəsmi sənədlərlə tanış olmaq imkanı verilir. Məlumatın yayımlanması isə fəal prosesdir. Bu proses zamanı vəzifəli şəxslər ictimai vəzifələrin yerinə yetirilməsi zamanı yaradılmış və ya əldə olunmuş informasiyaları nəşrlər, elanlar, mətbuatla əlaqə yaradaraq və s. bu kimi texnologiyalardan istifadə edərək verməli olduqları məlumatları ictimayyətə çatdırırlar. Burada məlumatın çatdırılması üzrə əsas texnologiya - bələdiyyələrin veb səhifələrlə bağlı vəziyyətinə nəzər yetirdikdə aydın olur ki, bu orqanların böyük əksəriyyətinin internet resursları yoxdur. Bu, bir tərəfdən bələdiyyələrin maliyyə imkanlarının zəif olması ilə şərtlənsə də, əksər hallarda bələdiyyələrin özlərinin informasiya açıqlığına meylli olmamasından irəli gəlir. Hazırda ölkə bələdiyyələrinin təxminən 2%-ə yaxınının internet səhifəsi var ki, bunun da böyük əksəriyyətini ölkədə fəaliyyət göstərən QHT-lər müxtəlif layihələr çərçivəsində reallaşdıra biliblər.

Bələdiyyənin maliyyə imkanlarını müxtəlif layihə və fəaliyyətlər arasında bölüşdürməklə büdcə həm də bələdiyyənin piroritetləri və məqsədlərini müəyyənləşdirən bələdçi kimi funksiyaya malikdir. Bələdiyyənin maliyyəsi haqqında ictimayyətin məlumatlandırılması ilə bağlı ölkə qanunvericiliyində bəzi tələblər var. “Bələdiyyələrin maliyəsinin əsasları haqqında” Qanunun 10-cu maddəsinə görə, növbəti il üzrə büdcə layihəsi bələdiyyə iclasına təqdim edildiyi tarixdən 10 gün ərzində yerli əhalinin onunla tanış olması məqsədi ilə dərc edilməlidir. Qanunun 11-ci maddəsində isə yerli büdcənin icrası haqqında illik hesabatların əhaliyə çatdırılmasına toxunulur. Digər bir qanunda –“Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunun 12-ci maddəsində göstərilir ki, yerli vergilər və ödənişlərin yığılmasına, yerli büdcələrə köçürülməsinə və istifadə olunmasına nəzarət bələdiyyələrin müvafiq komissiyalarının, habelə seçkili orqanlarda, bələdiyyə qulluğunda işləməyən, yerli məhəllə komitələrinin və vətəndaşların yığıncaqlarında təklif olunan, bələdiyyə iclasında təsdiq olunan nəzarət komissiyaları tərəfindən həyata keçirilir. Göründüyü kimi qanunvericilik tələb edir ki, bələdiyyələr yerli vergi və ödənişlərin yığılması və istifadə edilməsini tam aşkarlıq şəkilində reallaşdırmalıdırlar. Bunun üçün bələdiyyələr və onların nəzdində fəaliyyət göstərən komissiyalar daimi olaraq öz vətəndaşlarına hesabatlar verməli, məlumatları sakinlərin daha rahat və tez əldə etməsinə şərait yaratmalıdır. Bütün bunlara yanaşı, “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” Qanuna görə, bələdiyyələr ildə ən azı bir dəfə torpaqların dövriyyəsi ilə bağlı vətəndaşlara məlumat verməlidirlər. Vətəndaş iştirakçılığını özündə təcəssüm etdirən daha bir qanun “Yerli rəy sorğusu haqqında” Azərbaycan Respublikası Qanunudur. Bu qanunda göstərilir ki, yerli rəy sorğusunu keçirmək təşəbbüsünü reallaşdırmaq üçün bələdiyyə ərazisində yaşayan azı 15 nəfərdən ibarət təşəbbüs qrupu yaradıla bilər, təşəbbüs qrupu yaradan vətəndaşalr yığıncaq keçib, yerli rəy sorğusunda qaldırılacaq məsələni irəli sürüb, səlahiyyətli nümayəndə təyin edib, təşəbbüs qrupunun qeydiyyata alınması barədə ərazi rəy sorğu komissiyasına müraciət edə bilər.

Azərbaycanda ictimai iştirakın sosial tərkibinə nəzər yetirdikdə görərik ki, 2009-cu ildə keçirilən bələdiyyə seçkilərində qadın və gənclərin bələdiyyələrə üzv seçilməsində müsbət dəyişikliklərlə yadda qaldı. Ancaq sonradan aparılan araşdırma və müşahidələr göstərdi ki, bu dəyişiklik sadəcə statistik əhəmiyyət daşıyıb4. Ölkə bələdiyyələrində ayrı-ayrı sosial təbəqələri təmsil edən, xüsusən də qadın və gənclərlə işləmək prinsiplərini özündə əks etdirən nümunələr demək olar yox dərəcəsindədir.

Göründüyü kimi Azərbaycan Qanunvericiliyində bələdiyyələırin şəffaflıq prinsipləri əsasında işləməsi, eyni zamanda, vətəndaşların yerli özünüidarəetmə orqanlarının fəaliyyəti ilə yaxından tanış olması üçün xeyli məsələlər öz əksini tapıb. Ancaq təssüf ki, ötən dövrlərə nəzər yetirdikdə bələdiyyələrin fəaliyyətinə ictimai nəzarət üçün nəzərdə tutulmuş yuxarıda qeyd edilən qanunvericilik tələblərinə riyayət edilmədiyinin şahidi oluruq. Bunun bir sıra səbəbləri var. Əvvəla, hazırkı durumda bələdiyyələrin maliyyə və səlahiyyət imkanları onların vətəndaşlar qarşısında reputasiyalı bir qurum kimi tanınmasına imkan vermir. Bələdiyyələr hətta qanunvericiliyin onlara şamil etdiyi vergi və ödənişləri yığsalar belə (hərçənd ki, bu istiqamətdə də ciddi problemlər var), yenə də vəsaitin azlığından normal bir layihə icra edə bilmirlər. Belə olduqda, vətəndaşlarla bələdiyyələr arasında inam səviyyəsi getdikcə azalmağa başlayır. Nəticədə bələdiyyələr öz vətəndaşlarından vergi və ödənişlərini toplaya bilmir, vətəndaşlar isə maliyyənin, eyni zamanda, real işin yoxluğunu görüb bələdiyyə idarəçiliyində iştirak etmək marağında olmurlar. İkinci səbəb, ölkədə keçirilən bələdiyyə seçkiləri ilə əlaqədardır ki, seçkilərin azad və ədalətli keçirilmədiyi təqdirdə bələdiyyəyə seçilən nümayəndələr də özlərini vətəndaşlar qarşısında deyil, onlara dəstək durub “seçdirən” icra hakimiyyəti orqanları qarşısında hesabatlı sayırlar. Belə olduqda, bələdiyyələr avtomatik olaraq icra hakimiyyəti orqanlarının alt qurumu kimi fəaliyyət göstərən təşkilata çevrilir. Digər tərəfdən qanunvericilikdə ictimai hesabatlılıqla bağlı konkretliliyin olmaması və hesabatlılıqla bağlı tələbləri pozduğuna görə bələdiyyələrin hansı məsuliyyəti daşıdığının dəqiq sərhədlərinin müəyyənləşdirilməməsi də bələdiyyələrin vətəndaşlar qarşısında hesabatlı olmasına ciddi zərbə vurur.


Tövsiyələr
Yuxarida qeyd edilənləri nəzərə alaraq Azərbaycanda bələdiyyələrin vətəndaşlar qarşısında hesabatlılığı, həmçinin vətəndaşların bələdiyyə idarəçiliyində iştirakçılığının yüksəldilməsi məqsədi ilə aşağıdakı tövsiyələri irəli sürürük:



  • “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununa bələdiyyələrin hesabatliliğini və ictimai iştiraki özündə təcəssüm etdirən ayrica maddə əlavə edilsin. Bu maddədə ictimai iştirakın və hesabatlılığın forması, vaxtı barədə konkret bəndlər olsun;




  • Ayrı-ayrı qanunvericilik aktlarında nəzərə alınmış ictimai iştirakçılıq və hesabatlılıqla bağlı maddələrdə, bəndlərdə ictimai iştirakçılığın forması, vaxtı dəqiq göstəricilərlə verilsin;




  • Hesabatlılıqla bağlı tələblərin pozulmasının məsuliyyətinin konkret sərhədləri müəyyənləşdirilsin;




  • Bələdiyyələrin veb səhifələrinin olması vacib şərt kimi qanunvericilikdə əks etdirilsin. İctimai iştirakçılıq və hesabatlılıqla bağlı qanunvericilikdə əksini tapmış məlumatların bələdiyyələrin veb səhfəsində olmadığı təqdirdə buna məsul olan şəxsin inzibati qaydada cəzalandırması qanunvericiliyə salınsın;




  • Vətəndaşların ictimai iştirakçılıqda sosial tərkibinin balanslaşdırılması formaları normativ aktlarda öz əksini tapmalı və bu istiqamətdə xüsusi siyasət yürüdülməlidir;




  • Bələdiyyələrdə ictimaiyyətlə əlaqələr sektorunun yaradılması və bu sektorun işlək mexanizm kimi fəaliyyət göstərməsi üçün konkret vəzifələr qanunvericilik aktlarında öz əksini tapsın;




  • Yerli özünü idarəetmədə ictimai iştirakçılıq və hesabatlılıqla bağlı həm bələdiyyələrin, həm də vətəndaşların maarifləndirilməsi istiqamətində davamlı tədbirlər planı hazırlansın. Bu planda KİV-lə, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq edilsin. Mətbuatda xarici təcrübənin öyrənilməsi, ölkəmizdə yaxşı və işlək nümunələrin tətbiqi istiqamətində fəaliyyətlər barədə materiallar yerləşdirilsin.

1 Yerli özünüidarə barədə Avropa Xartiyası, maddə 3.1

2 Yerli özünüidarə barədə Avropa Xartiyası, maddə 3.2

3 “Azərbaycanda yerli və regional demokratiya”, 126 saylı Tövsiyə. 8.2.1-8.2.6

4 Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı: “Bələdiyyələrin seşkili orqanlarının sosial tərkibinin balanslaşdırılmasının mümkün texnologiyaları”

Yüklə 35,24 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin