MİKROİQTİSADİYYAT VƏ ONUN TƏŞKİLİ FORMALARI. FİRMA (MÜƏSSİSƏ), İSTEHSAL XƏRCLƏRİ VƏ MƏNFƏƏT
7.1. Mikroiqtisadiyyat və onun təşkili formaları 7.2. Ev təsərrüfatı – mikroiqtisadi təsərrüfat vahidi kimi 7.3. Ev təsərrüfatının funksiyaları və bazar iqtisadiyyatında rolu 7.4. Firma: məzmunu və təşkili formaları 7.5. Firmanın istehsal xərcləri 7.6. Firmanın istehsal fondları və amortizasiya 7.7. Firmanın gəliri və mənfəəti. Mənfəətin formaları
7.1. Mikroiqtisadiyyat və onun təşkili formaları
Mikroiqtisadiyyat (yunanca mikros – kiçik deməkdir) – milli iqtisadiyyatın ilkin ən aşağı pilləsidir. Bütün istehsal amillərinə sahib olan mülkiyyətçilər və maddi nemətlərin və xidmətlərin istehsalçıları mikroiqtisadiyyat bölməsinə daxildirlər. İqtisadiyyatla məşğul olan təsərrüfatçı subyektlərin əksəriyyəti bu sahədə fəaliyyət göstərirlər. Onlar bu və digər formada maddi nemətlərin və xidmətlərin ilkin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı prosesində iştirak edirlər. Milli sərvət, milli məhsul mikroiqtisadiyyatda yaranır. Son dövrlərdə mikroiqtisadiyyatda böyük dəyişikliklər baş vermişdir. Bu dəyişikliklərdən:
İstehsalın maddi amilinin mülkiyyətçisi olan sahibkarların tərkibində;
Təsərrüfat formasında;
Milli istehsalın tərkibində baş vermişdir.
Başlıca dəyişiklik onun quruluşunda olmuşdur.
Mikroiqtisadi təsərrüfatların möhkəmliyinin mühüm səbəbləri vardır:
Onların çevik olması – istehlakçıların tələbinə tez uyğunlaşması;
İstehsal və bazarın kiçik əməliyyatlarına xidmət etməyin zəruriliyi. Misal olaraq alıcıların standart olmayan paltara, ayaqqabıya tələbatını ödəmək, təmir işləri (saat, ayaqqabı, avtomobil), şəxsi xidmət göstərmək (ailə həkimi, ailə vəkili, yerli bərbər), həddən çox bahalı əmtəələr mağazası kimi, yüksək gəlirli insanlara xidmət edir (təmtəraqlı (zəngin) yaxtalar, yüksək keyfiyyətli idman avtomobilləri və s.).
İri müəssisələr üçün ixtisaslaşdırılmış istehsal müəssisələri tərəfindən standartlara uyğun hissələrin hazırlanması;
Böyük kompaniyaların məhsullarının satışı (televizor, soyuducu, paltaryuyan maşınlar) ilə məşğul olma.
Dövlətin kiçik biznesə yardımı (maliyyə, güzəştli vergi, elmi məsləhətlər vermək).
Mikroiqtisadiyyatın əsas komponentlərindən biri ev təsərrüfatıdır. Ailə təsərrüfatı ilk növbədə onun mövcudluğunun maddi əsasını təşkil edir və ailə üzvlərinin fərdi və kollektiv tələbatlarını ödəmək üçün lazım olan nemətlərin təkrar istehsalını həyata keçirir.
Ailələr mikroiqtisadi səviyyədə firmalarla qarşılıqlı iqtisadi əlaqədə olur və bu proses dövrü axın şəklində baş verir.
Mikroiqtisadiyyatın cəmiyyətin həyatında rolu çox böyükdür. Mikroiqtisadiyyat milli iqtisadiyyatın əsasını təşkil edir, hər bir xalqın adət-ənənələri, milli dəyərləri, istehsal və istehlak prosesləri mikroiqtisadiyyatda qorunub saxlanılır.
Mikroiqtisadiyyat ictimai əmək bölgüsünün inkişafına və tətbiqinə geniş imkanlar yaratmaqla, cəmiyyətin artan tələbatlarını ödəmək üçün lazım olan maddi nemətlərin və çoxsaylı xidmətlərin istehsalını həyata keçirir.
Mikroiqtisadiyyat dövlət büdcəsinin maliyyə təminatçısıdır, əsas vergi ödəyiciləri burada cəmləşmişdir.
Mikroiqtisadiyyat geniş əhali kütləsini əhatə edən, onları işlə təmin edən sahələri özündə birləşdirir. Əhalinin yaşayış səviyyəsi mikroiqtisadiyyatın vəziyyətindən, onun formalaşmış strukturundan asılıdır. Ölkənin makroiqtisadiyyatı da mikroiqtisadiyyatın inkişafından asılıdır. Bütün bunlara görə mikroiqtisadiyyatın inkişafına dövlətin daim qayğısı olmalıdır.
İstehsalın baş verməsi üçün üç amilin – əmək, əmək vasitələri (kapital) və əmək predmetləri (torpaq) – olması zəruridir. Özlüyündə şəxsi və maddi (əşyavi) amillər (resurslar) müəyyən formada təşkil olunmasa, heç bir məhsul istehsal edə bilməzlər. Bunun üçün istehsalın dördüncü amili – sahibkarlıq fəaliyyəti lazımdır.