Gəlir xarakteristikasına görə – ev təsərrüfatı üzvlərinin adambaşına gəlirləri, bu və ya digər desil qrupuna aid olması; yoxsulluq səviyyələri üzrə bölgüsü; aztəminatlı, imkanlı və varlı ev təsərrüfatları kimi bölünür.
Əmlak xarakteristikasına görə - torpaq sahəsinin mövcudluğu, yaşayış evinin tipi, otaqların sayı, kv.metri və s. nəzərə alınır.
İqtisadi xarakteristika və əmək potensialına görə - ev təsərrüfatı üzvlərinin ictimai istehsalda iştirakı, əmək qabiliyyətli ailə üzvlərinin sayı və digər əlamətlər üzrə ayrılır.
Ev təsərrüfatlarının sosial statusu ailə başçısına və ya ailənin daha yüksək gəlir əldə edən üzvünə uyğun əsas sosial vəziyyət, təhsil səviyyəsi, peşə, vəzifə, məşğulluq sahəsi üzrə müəyyən olunur.
Ailə və ev təsərrüfatı iqtisadiyyatı nəzəriyyəsinin əsas istiqamətlərindən biri olaraq H.Bekker və T.Şults tərəfindən 50-ci illərin sonunda formalaşmağa başlamış neoklassik istiqamət demoqrafik proseslərlə cəmiyyətin iqtisadi inkişafını birləşdirməyə cəhd kimi göstərilə bilər. Hesab edilir ki, istehsal üsulunun dəyişməsi doğum, nikah və ailədaxili münasibətlərin dəyişməsinə gətirib çıxarır. Bu nəzəriyyə iqtisadi subyektlərin iki tipini fərqləndirir: müəssisə və ev təsərrüfatı. Əgər müəssisənin iqtisadi fəaliyyətinin əsas məqsədini əmtəə istehsalı və mənfəətin maksimallaşdırılması təşkil edirsə, ev təsərrüfatının iqtisadi fəaliyyəti öz üzvlərinin tələbatlarının maksimal dərəcədə ödənilməsinə yönəlmiş istehlaka istiqamətlənir. Ev təsərrüfatı üzvlərinin hər biri digərlərinin maraqlarını və istehlak səviyyəsini də nəzərə alır. P.Samuelson ilk dəfə ev işlərini ictimai fəaliyyət növü kimi nəzərdən keçirmiş və onun müvafiq şəkildə qiymətləndirilməsini təklif etmişdir. Neoklassik nəzəriyyə ev təsərrüfatlarının istehsal fəaliyyətini nəzərə almır.
XX əsrin 60-cı illərinin ortalarında meydana çıxan ev təsərrüfatının iqtisadiyyatının yeni konsepsiyası neoklassik nəzəriyyənin ev təsərrüfatlarının istehsal fəaliyyətini nəzərə almamasını mənfi hal kimi dəyərləndirmişdir. Onun tərəfdarları sırasında C.Minser və K.Lankasteri göstərmək olar. Bu konsepsiyaya görə iqtisadi subyektlər isthesal edən və istehlak edən qruplara bölünür. Ev təsərrüfatlarında istehlak malları istehsal və istehlak olunur. Hesab edilir ki, ev təsərrüfatları öz sərəncamlarında olan resursları optimal şəkildə bölüşdürür. Bu zaman əsas diqqət bazar və qeyri-bazar fəaliyyətinin bölgüsünə yetirilir. Yeni konsepsiyada bazar qiymətini almayan fəaliyyət növlərinə də diqqət yetirilir. Burada neoklassik nəzəriyyədən fərqli olaraq ev təsərrüfatı üzvünün fərdi faydası kimi digər üzvlərə qayğı göstərməsi də çıxış edə bilər.
Marksist təhlil siyasi iqtisad xarakteri kəsb edir və burada üstünlük siniflərarası münasibətlərə verilir. Ayrılıqda fərd isə siniflərarası iqtisadi münasibətlər sisteminə daxil olan bir element kimi nəzərdən keçirilir. Bu da onun iqtisadi davranışının xarakterini müəyyən edir. Burada ailəyə və ev təsərrüfatına az diqqət yetirilir. Ev təsərrüfatlarında məhsul və xidmətlərin bazarla əlaqəsi olmayan istehsalı yalnız istehlak dəyərinin istehsalı kimi nəzərdən keçirilir və pul ifadəsində qiymətləndirilə bilmir, dəyər nəzəriyyəsi çərçivəsində tədqiq olunmur.