Tədavül vaxtı – kapitalın pul formasının məhsuldar formaya və əmtəə formasının pul formasına çevrildiyi vaxtdır. Bu müddət - bir sıra şərtlərdən, o cümlədən bazardakı tələb-təklifdən, rəqabət mübarizəsindən, qiymətlərin səviyyəsindən, satış bazarının yaxın-uzaqlığından, nəqliyyat və rabitə vasitələrinin inkişafından, reklam işinin təşkilindən asılıdır.
Müxtəlif təyinatlı əmtəələrin hazırlanması və xidmətlərin göstərilməsi prosesinin onların istehsalı, habelə tədavülü müddətinin uzunluğu, yaxud qısalığından asılı olaraq, ayrı-ayrı istehsal-xidmət sahələrində kapitalın dövriyyə sürəti xeyli fərqlənir. Müəssisə fondların dövretmə sürətinə laqeyd olmayıb, bu işin daha intensiv surətdə həyata keçirilməsi və son nəticə etibarilə yüksək mənfəət təmin etməsində maraqlıdır. Dövriyyə vaxtının azaldılması istehsalın səmərəsini artırmağın əsas yollarından biridir.Bunun üçün aşağıdakı tədbirlər həyata keçirilə bilər:
İstehsal vasitələrinin alınmasına sərf olunan vaxtın; müəssisənin iş qüvvəsi ilə təmin edilməsinə gedən vaxtın; əmtəələrin reallaşdırılması vaxtının azaldılması.
Dövriyyə vaxtını qısaltmağın konkret yolları kimi isə aşağıdakıları göstərmək olar:
istehsalın təşkilinin yaxşılaşdırılması və onun ritmikliyinin təmin edilməsi;
avadanlığın növbəlilik əmsalının yüksəldilməsi;
iş vaxtı itkisinin azaldılması;
iqtisadi əlaqələrin mütərəqqi formalarının inkişafı;
topdansatış ticarətinin və nəqliyyatın işinin təkmilləşdirilməsi.
Bu vaxtın qısaldılması istehsal fondlarından istifadəsinin faydasını artırır.
Dövriyyə prosesində istehsal fondlarının bütün ünsürləri eyni sürətlə dövr etmir və öz dəyərlərini istehsal edilən məhsulun üzərinə eyni tərzdə keçirmir. Buna görə də özünün dövretmə xüsusiyyətlərinə görə fondlar əsas və dövriyyə fondlarına ayrılır. Bu cür bölgünün maddi əsası əmək vasitələri ilə əmək cisimlərinin fərqidir.
Əsas fondlar – istehsal prosesində daim iştirak edir, öz dəyərini istehsal olunmuş məhsula hissə-hissə keçirir, istehsal prosesində uzun müddət iştirak edir və öz formasını uzun müddət dəyişmir. Əsas fondlara İstehsal binaları, maşınlar, qurğular, avadanlıqlar və digər əmək alətləri daxildir.