Qrup işi - şagirdlərin fərdi olaraq əldə etdikləri bilik və bacarıqlardan daha çox müvəffəqiyyət qazandıran birgə fəaliyyət növüdür. Kiçik qrup şəklində fəaliyyət göstərən şagirdlər öz aralarında iş bölgüsü aparır. Qarşıya qoyulmuş məqsədə çatmaq, cədvəl və qrafiklər üzərində tədqiqat aparmaq eləcə də sənaye müəssisələrinə ekskursiyalar zamanı istifadə olunması üçün daha uyğun olan təşkilat formasıdır.
Əməkdaşlıq - fərdlər arasında hər hansı problemin həllinə, mövzuda qarşıya qoyulmuş məqsədə çatmaq üçün yaradılan münasibət formasıdır.
Resurslardan istifadə - fəaliyyətin tədqiqatçılıq təşkili və öyrənilən mövzunun səmərəliliyinin artırılması üçün tədris olunan mövzunun bəzi aspektlərinin sistematik araşdırılması tələb olunur. Bu isə dərsliklərə əlavə olunan cədvəllər, qrafiklər və digər vəsaitlərdən istifadəyə əsaslanır.
Motivasiya - şagirdlərə öyrənilən mövzu üzrə əldə edəcəkləri bilik və bacarıqlara dair, onların idraki maraqlarını yaratmaq, şagirdlərin təfəkkürünə qabaqcadan müəyyən edilən məqsədə istiqamət vermək, eləcə də öyrənilən mövzuya həvəs oyatmağı təmin edən fəaliyyətdir. Kimya fənninin tədrisində motivasiya imkanları geniş və hərtərəflidir. Motivasiya öyrənilməsi nəzərdə tutulan, yaşadığı ölkənin, təbii zonanın faydalı qazıntı ehtiyatları, onlardan istifadə texnologiyalarını və s. təsvirinə dair parçanı oxumaqla və ya təbii ehtiyatlara və onlardan istifadə texnologiyalarına dair suallar qoymaqla, öyrəniləcək mövzunun məzmunundakı səbəb-nəticəyə əsaslanan müddəaların həyati əhəmiyyətinin baş vermə səbəblərinə maraq yaratmaq məqsədilə hazırlanmış audio-video kadrları nümayiş etdirməklə və s. təşkil etmək mümkündür. Motivasiya dərsin əvvəlində təşkil olunur və tətbiq edilməsi planlaşdırılan bacarıqların həyata keçirilməsində şagirdlərdə mövcud olan biliklərin kifayət qədər olmadığı onlara aşılanır. Bununla da şagirdlərin fikri öyrədiləcək mövzunun məqsədinə uyğun istiqamətə yönəlir və aktivlik dərəcəsi artırılır.
Təlim prosesinin portfoliosu - şagirdlərin kimya fənni üzrə öyrənmə müvəffəqiyyətlərinin eksperiment (təcrübə) və modellərin qurulmasının köməyi ilə sübut edilmək üçün seçilmiş nümunələrin toplusudur. Məsələn, verilmiş maddələrin məhlullarının elektrik keçiriciliyinin müqayisəsi ilə onların ionlara dissosiasiyanın, eləcədə, verilmiş rəqəmlərə əsa-sən dissosiasiya dərəcəsinin hesablanması, elektroliz hadisəsinin mahiyyətinin dərk edilməsi və s.-dən istifadə etməklə şagirdlərin yalnız kimya fənni üzrə deyil, eləcədə, digər fənnlər üçün müvəffəqiyyət səviyyəsi qiymətləndirilə bilər. Portfolioların obyektiv və vaxtında yoxlanılması şagirdlərin fənni öyrənilməsinə ruhlandırılmasına xidmət edir.
Əlaqələndirmə- fəaliiyyətin elə bir növüdür ki, bu zaman kimya fənni digər fənlərin nailiyyətlərindən istifadə etməklə:
-Mövzunun izah edilməsi zamanı digər fənlərin məzmunundakı nəzərdə tutulan biliklərə əsaslanır (məsələn kimyəvi reaksiyanın sürəti mövzusunu, eləcə də maddə miqdarının hesablanması mövzusu kimya və riyaziyyat fənlərinin birgə kontekstində öyrənilə bilər və ya qazların normal şəraitdə və digər şəraitlərdə sıxlığı, eləcə də elektroliz mövzusu fizika fənnindəki, zülallar mövzusu biologiya fənnindəki eyni mövzuya əsaslanır).
- Mövzunun öyrənilməsində fənlər arasında mövcud olan boşluqlar doldurulur (məsələn, dəmir mövzusu “insan”fənnində öyrənilən tənəffüs sistemində hemoqlobinin rolu mövzusu ilə əlaqələndirilir və dəmirin canlı orqanizmdə rolu aydınlaşdırılır. Eləcə də Biologiyada verilmiş geoxronoloji cədvəlin təhlili ilə müəyyən dövrdə bitki aləminin yayılması və müasir dövrdə daş kömür, təbii qaz və neft yataqlarının əmələ gəlməsi arasında uyğunluq müəyyən edilə bilər).
-Mövzunun öyrənilməsinə digər fənlərin tətbiq edilməsi şagirdlərdə tədqiqatçılığa olan meyli gücləndirir. Məsələn, kimyada maddələrin xassələrinin müəyyən parametrlərdən (temperaturdan, təzyiqdən, molyar kütlədən və s.) asılılğı qrafiklərinin və ya müəyyən bir kimyəvi prosesi əks etdirən cədvəllərin çəkilməsində rəsmxətt və rəsm fənlərinin, riyaziyyatın və fizikanın tətbiqi, kimyəvi hadisələrin obrazlı təsviri üçün ədəbiyyat fənlərindən nümunələr gətirilməsi və s. istifadə edilir.
Kimya fənninin tədrisində inteqrativlik baxımından yuxarıda sadalanan fəaliyyət metodlarının sayını artırmaq olar. Lakin bunları bir sözlə ifadə etmək olar ki, inteqrativ kurrikulum reallığa əsaslanır, yüksək səviyyədə şagird yönümlüdür, yeniyetmə və gənclərin müstəqil həyata hazırlanması prosesinə təkan verir, onun köməyi ilə müəyyən məzmunlu bilik üçün müxtəlif fənnlərin kombinasiyası qurula bilir.
Ümumtəhsildə kimya fənninin məzmununda təlim nəticələrinin və standartların fəndaxili (siniflərarası) və fənlərarası inteqrasiyası imkanlarını təqdim olunan cədvəllərdə müşahidə etmək olar.
Dostları ilə paylaş: |