Əlbəttə, İslam ölkələrində İslam adlı bir xüsusiyyət var. Bizim ölkəmizdə isə bundan əlavə, həm də xalq ruhaniliyi vardı. Bilirsiniz ki, digər İslam ölkələrində İrandakı kimi olmayıb, hələ də belə deyil. İslam və İslam təbliğatı o böyük dalğa qarşısında dayandı. İnqilab şüarları və Böyük İmamın kəskin hərəkəti düşmənin işini çətinləşdirdi. Bu ölkəyə hakim olan fəsad dalğasının qızğın çağında iman əlamətləri və dinə boyun əymək həvəsi yenə də əvvəlcə gənclərin arasında özünü göstərdi.
İmamın ən böyük fəthi
Mən orta səviyyəli elə ata və analar tanıyırdım ki, öz gənclərinin dini duyğuları ilə ayaqlaşa bilmirdilər. Hətta bəzən gənclərindən müşahidə olunan dini duyğulardan, bəndəlikdən, zahidlikdən, dünyaya, yeməyə və rifaha etinasızlıq hissindən bizə şikayət edirdilər. O ata-analar yanlış tərbiyələr əsasında yetişmişdilər; müsəlman idilər, amma onlarda İslam coşqusu yox idi. Onların övladları inqilab tərbiyəsinin təsiri altına düşmüşdülər. Bundan irəli gələrək gənclər ailələrini öz arxalarınca aparırdılar. Bunun nəticəsində, imamın rəhbərliyi, xalqın çox böyük əksəriyyətinin dəstəyi və gənclərin canfəşanlığı ilə əzəmətli xalq qiyamı, dünyada bənzərsiz olan o hərəkət, yəni bizim İslam inqilabımız qələbə çaldı. Bu, bir fəth idi. Həm hegemonluqla mübarizə fəthi idi, həm də ondan üstünü, gənclərin qəlbinin fəthi. Bunu İslam, inqilab və imam etdi. Bu, ən böyük zəfər idi. İmamın ən böyük işi gəncləri belə yetişdirməsi idi.