Mən bir gün mədəni hücum barədə söhbət edəcəyəm. Bu gün bu haqda danışmaq istəmirəm. Lakin təəssüf ki, bəziləri bu məsələdə də insafsızlıq edirlər. Bu qədər əhəmiyyətli olan məsələni ümumiyyətlə, kökündən inkar edir, yaxud bizim nəzərdə tutmadığımız ifadələr işlədir, radio və televiziyadan deyirlər. Mən inşallah, bir gün bu barədə söhbət edəcək və deyəcəyəm ki, mədəni hücum bu sözlərdən daha ciddi, onun-bunun sözü ilə bu işdən vaz keçməkdən daha əhəmiyyətlidir. Mən əvvəllər demişəm ki, ağıllı, ayıq və iradəli insan ixtiyarında olan xörəklərdən, qida maddələrindən bədəninə lazım və münasib olanları, zərər yetirməyənləri seçib qəbul edən şəxsdir, bir tərəfə düşüb özü seçim etməyən huşsuz insan kimi deyil. Huşsuz adamın başı üzərində mehriban bir həkim olsa, serum və iynə ilə onun bədəninə yaxşı dərmanlar daxil edər. Amma başı üzərində bir düşmən dayansa, serum və iynəyə zərərli maddələr qatar. Qərblilər öz mədəniyyətlərini üçüncü dünya ölkələrinə ötürərkən ikinci üsuldan istifadə edirlər. Biz isə birincini istəyirik. Biz deyirik ki, Qərb Şərqdən çox öyrənib; necə ki, Şərq də Qərbdən çox bəhrələnib. Bütün xalqlar bir-birindən öyrənirlər. Biz bu gün istəyirik ki, Qərb mədəniyyətindən, sivilizasiyasından bizə lazım və faydalı olanı özümüz seçib götürək. Siz qərblilər nə üçün bizə lazım olanları vermirsiniz? Ən yaxşı elmi nailiyyətlər, mütərəqqi texnologiya, dəqiq elmlər, nəfis reseptlər qadağandır, amma hicabsızlıq, spirtli içkilər, ən pis cinsi üsullar öyrədən filmlər azaddır, çoxdur, zorla verilir və əgər bizdəki kimi sərhədlərdə ciddi nəzarət olsa, qaçaq yolla ölkəyə daxil edilir. Bizim sözümüz budur.