Əgər bu gün o nəsildə ayıqlıq və aydınlıq varsa, gərək İslam Respublikasının və İslam inqilabının torpağına baş qoysunlar. Çünki bu, mədəniyyətə, mərifətə, elmə, haqqa və ədalətə əsaslanan bir quruluşdur. Bu quruluş İran xalqının duyğularına söykənir. Bu məsələ İran xalqının fikirlərindən və pak duyğularından bəllidir. Aydın insan bunu anlayır. Bir qrupun isə yalnız adı aydın idi, özləri aydın və ayıq deyildilər. Çünki səhvə yol verdilər və İslam Respublikası quruluşunu tanımadılar. Əgər tanısaydılar, İslam Respublikasının torpağına baş qoyardılar, bəlkə də çox da elmi olmayan, lakin ayıq olan hizbullahçı mömin gənclərin yanına gedərdilər. Hizbullahçı ABŞ-dan, hegemon dünyadan və İslam quruluşunun qüdrətindən xəbərdardır, xalqı uca tutur, iradəsinə tabe olur, onunla fəxr edir. Bu tərifə əsasən, hər şeyini inqilab və İslam yolunda verən, İslamın heysiyyətini qoruyan, uca tutan və cəbhəyə yollanan hizbullahçı gənc ayıq və aydındır, bu gün beynəlxalq cəbhələrin harada olduğunu bilməyən yazıçı, müəllim, yaxud şair isə aydın deyil. Belə bir şəxs haqq və batil cəbhələrini tanımır. Quranın haqq və batil məsələsinə çoxsaylı işarələri səbəbsiz deyil: “Allah göydən bir yağmur endirdi, vadilər öz tutumlarına görə onunla dolub daşdı. Sel, üstünə çıxan bir köpüyü alıb apardı. Bəzək şeyləri və ya əşya düzəltmək məqsədilə insanların od üzərində qızdırıb əritdikləri (qızıl, gümüş və s. filizlərin) üstündə də buna bənzər bir köpük vardır. Allah haqq ilə batili ayırd etmək üçün belə misallar çəkir. Köpük heç bir şey olmadığı üçün uçub gedər. İnsanlara fayda verən bir şey isə yer üzündə qalar. Allah belə misallar çəkir!”42