Lakin bu məqsədi necə reallaşdırmaq olar? Onun şərtlərindən biri sizin universitetlərdə çalışmanızdır. Universitetlərin İslam formasına düşməsi bizim son məqsəd və amalımızdır. Bu məqsədə nail olmaq üçün hökumət, nazirliklər, məmurlar, ölkənin kütləvi informasiya vasitələri, o cümlədən teleradio şirkəti, mətbuat, alimlər, hövzə və hamı uzun müddət işləməlidir. Qeyd etdiyim kimi, bu məqsədin həyata keçməsinin bir hissəsi də sizin universitetdə olmanıza bağlıdır. Biz ümidvarıq ki, buna dair yeni səlahiyyət və status qabaqkının nöqsanlarından uzaq olsun və onun müsbət cəhətlərini götürsün. Qabaqkı formanın sözsüz ki, qüsurları vardı, amma başdan-ayağa qüsurlu deyildi, müsbət cəhətləri də çox idi. Biz istəyirik ki, bu yeni forma qabaqkı müsbət cəhətlərin hamısını götürsün, nöqsanlar isə olmasın. Bu məqsədə doğru getmək istəyirik. Bundan ötrü də gərək cənabların universitetdə ruhani simaları olsun. Mən həmişə bunun üzərində təkid göstərirəm. Siz cənablar əmmaməli bir məmur və kargüzar kimi yox, bir ruhani kimi universitetlərdə çalışmalısınız. Bəziləri belə düşünürlər ki, universitetlərdəki nümayəndəliklərin mütləq təşkilatı, ofisi, dəm-dəsgahı, bir neçə otağı, bir neçə telefon xətti, hər bir işçinin bir katibi olmalıdır və sair. Mən bu məsələlərə qarşı deyiləm. Bu, bəzən lazım olur, bəzən olmur; bəzən az lazım olur, bəzən çoxu. Mənim fikrim budur ki, siz bir hövzə tələbəsi, axund və ruhani kimi universitetə gedəsiniz. Mənim fikrim budur. Ruhani bir zavoda, müəssisəyə, yaxud bazara getdikdə necə gedirsə, universitetə də elə getsin. Düzdür, axundun bazarda bir növ fəaliyyəti var. Universitet üçün də bir sıra işləri bacaran ruhani lazımdır.