Tələbə Bəsici yarandığı ilk gündən tamamilə məntiqli və düşüncəli olub. Əziz gənclər! Tələbə oğlan və qızlar! Bu ölkə sizindir, yaxşı, yaxud pis gələcəyi də sizdən asılıdır. Əgər idarə etmək üçün sizə xalqın, ölkənin xəstə, gücsüz və kiçik cismi təhvil verilsəydi, şübhəsiz, sıxıntı keçirərdiniz. Buna haqqınız da çatardı. Arxasında heç bir arqumenti olmayan mənfur rejim dövründə “nə üçün filankəs dövlət başçısı olmalıdır?” – deyə soruşsaydılar, göstərməyə dəlil yox idi. Yeganə dəlil bu idi ki, filankəs quldurdur, diktatordur, vurub-dağıdandır və İngiltərəyə təslim olub; buna görə də hakimiyyətə gəlməli və dövlət başçısı olmalıdır. Başqa heç bir dəlil yox idi. Ölkənin asılı və hökumətin mənfur olduğu o dövrdə insanlar çox təhqir olunurdular, mənəvi, mental, savad, məlumat və insani ideallar baxımından tamamilə yoxsul idilər. Onlarda əcnəbi güclərə qarşı çıxacaq heç bir şəxsiyyət hissi yox idi. Əgər bir gün özlərini xarici bir gücün boyunduruğundan xilas etmək istəsəydilər, gərək başqa bir xarici gücə üz tutaydılar. Onlar gücsüz, başsız və yetim insanlar kimi həmişə sığınmaq üçün bir şəxs, bir supergüc axtarırdılar. Maraqlarının yaxşı təmin olunmadığına görə özlərini ingilislərin boyunduruğundan xilas etmək istədikləri gün də Hitler Almaniyasına sığındılar. Görün necə rəzalətdir! Dörd-beş dövlət dünyanın o tərəfində bir-birilə vuruşur, müharibə aparırdılar. Dünyanın bu tərəfində bir xalqın başında duran da onlardan birini seçməyə, əlini öpməyə, ayağına düşməyə məcbur olurdu. Başqa bir dövrdə də yalnız amerikalılara baş əydikdən sonra ingilislərin əsarətindən çıxdılar. Bu, eyib deyil?! Belə bir ölkədə, dövlətdə, belə bir hakimiyyət altında insan həqarət hissi keçirir və heç bir fəxr duymur. Belə dövlətlərin gənclərə təhvil verdiyi məmləkət xəstə, uğursuz, məğlub və təhqir olunmuş bir məmləkət olur.