Dinin hakim olduğu və xalqın həyatının dindən, mənəvi məsələlərdən tam uzaqlaşmadığı vaxta qədər vəziyyət belə idi. Avropalıların, qərblilərin, sionist siyasətçilərin və İslam dünyasını məhv etmək üçün plan cızan mütəfəkkirlərin elmi siyasətlə birgə ölkəmizə daxil etdikləri vaxtdan onu dindən ayırdılar və nəticədə din elmdən, elm də dindən uzaq bir amilə çevrildi.
Elm hövzələri və yeni elmlər
Elm hövzələrində yeni elmlərə qapı açılmadı. Axtarmaq lazımdır ki, nə üçün indiki və ötən əsrdə əvvəllər hövzələrdə tədris olunan qeyri-dini elmlər hövzələrdən yığışdırıldı və qabaqkı əsrlərdə özləri həmin sahələrin alimləri, varisləri, mütəxəssis və mütəfəkkirləri olan alimlər onları rədd etdilər. Bunun iki səbəbi vardı və hər iki səbəb qərblilərin dünya miqyasında təbii elmlərə yiyələnməsindən irəli gəlirdi. Bu səbəblərin biri budur ki, din alimləri din düşmənləri və kafirlər tərəfindən yayılan istənilən elmə bədbin yanaşır və onu rədd edirdilər. İkinci səbəb isə bu idi ki, həmin düşmənlər və kafirlər elmi onlara öyrətmək istəmir, sahib olduqları elmi dini mərkəz olan elm hövzələrinə buraxmırdılar. Hər ikisi bir-birindən qaçır, bir-birinə düşmən olmuşdular. Əsas səbəb də bu idi ki, bütün dünyada, o cümlədən İslam ölkələrində elm antidin siyasətlər üçün bir alətə çevrilmişdi.