Qərb dünyasında elmi tədqiqatın zirvəsi sayılan on doqquzuncu əsr dindən ayrılmaq və dinin həyatdan çıxarılması əsridir. Bu təfəkkür ölkəmizdə də təsir buraxdı və bizim universitetimizin bünövrəsi qeyri-dini təməllər əsasında quruldu. Din alimləri universitetdən üz çevirdilər, universitet də din alimlərindən və elm hövzələrindən. Bu acınacaqlı hal həm elm hövzələrinə, həm də universitetlərə mənfi təsir buraxdı. Elm hövzələrində din alimlərinin fəaliyyətini yalnız və yalnız dinin zehni məsələlərində məhdudlaşdırdı və onları xarici dünyadan xəbərsiz etdi. Elmi inkişaflar onlar üçün məchul qaldı. Yeniliyə təmayül ruhu, İslam fiqhində və dini hökmlərin araşdırılmasında yeniliyin zərurəti hövzələrdə yaddan çıxdı. Dinin və İslam fiqhinin tədqiqində bu yenilik həmişə mövcud olmuşdu. Çünki fiqh cəmiyyətin ehtiyacını təmin etmək üçün Quran və sünnəyə əsaslanır. Hövzələr həyat reallığından, dünyada baş verən hadisələrdən və həyata keçən nəhəng dəyişikliklərdən xəbərsiz qaldı və bir sıra fiqhi, əksər hallarda xırda məsələlərlə məhdudlaşdı. Fiqhin əsas məsələləri, o cümlədən cihad, hakimiyyət, İslam cəmiyyətlərinin iqtisadiyyatı, xülasə, dövlət fiqhi təcrid oldu, yaddan çıxdı, tərk edildi. Cüzi, çox cüzi və əksər hallarda həyatın mühüm məsələlərindən uzaq məqamlara daha artıq diqqət yetirildi. Bu, elm hövzələrinə vurulan zərbə idi. Siyasi qüvvələr də bundan istifadə etdi və təbliğatla, şeytan üsulları ilə hövzələri bacardıqları qədər həyat yeniliklərindən uzaq saxladılar.