Vİlayət bağçası
BİrİnCİ cİld
İslam İnqilabının Böyük Rəhbəri Ayətullah Xameneinin
tələbə və müəllimlərə tövsiyələri
Çevirən: İbrahim Mirzə
Ümidverici universitet
Bismillahir-Rəhmanir-Rəhim.
Ölkə gələcəyinin təməli1
Bütün xalqımızın, xüsusən də siz gənc, tələbə və mütəfəkkirlərin əziz imamımızın yoxluğundan doğan ağır və kədərli günlərində, ölkənin siyasi həyatının həssas dönəmində ortaq itkidən doğan birlik sayəsində, Allaha şükür olsun ki, ölkəmiz səmimiyyət içindədir. Bu mənəvi və səmimi mühitdə yaxşı olar ki, ölkənin ən əsaslı və ən zəruri məsələləri haqda danışılsın, ölkənin ən aparıcı təbəqələri inqilabın və ölkənin gələcəyi, quruluşun düzgün istiqaməti, aydın və işıqlı ideallar haqda bir daha düşünsünlər, qəti qərara gəlsinlər və əziz imamımızın sayəsində çıxdığımız yola davam edək.
Hidayət edən şəxsiyyət
Həqiqət budur ki, bu böyük insan, tarixin bu möhtəşəm şəxsiyyəti böyük ruhundan və aydın qəlbindən qaynaqlanan həyat, varlıq, hərəkət, yaradıcılıq və rəhbərliyi ilə, həmçinin özünün təntənəli ölümü və ruhani aləmə məxsus pərvazı ilə inqilaba, İslama və müsəlmanlara xidmət etdi. Bu böyük insanın şəxsiyyəti uzun illər İslam ümmətinə dərs, nümunə və örnək olacaq. Bu əsaslı məsələlərdən biri universitetə, tələbələrə, elm və tədqiqata aid məsələlərdir. Ümumi cəmiyyətdə bu barədə ciddi düşünülməli və qəti qərar seçilməlidir.
Universitetlər mühüm və əsaslı məsələ kimi
Biz qətiyyətlə iddia edə bilərik ki, mərhum böyük rəhbərimizin nəzərində universitet məsələsi inqilab və ölkə üçün birinci dərəcəli əhəmiyyət kəsb etmişdir. O, bir dəfə ölkənin elm və mədəniyyət işçiləri ilə görüşündə buyurdu: "Müharibə məsələsi müvəqqəti bir şeydir, bizim mühüm, daimi və əsaslı işimiz universitetlərdir”. Bu bir həqiqətdir ki, varlığı müəllim və tələbəyə görə olan universitet, həqiqətən də ölkənin gələcəyi üçün təməl sayılır.
Tələbənin aydın rolu
Əsl xalq quruluşu olan İslam Respublikası quruluşunda tələbənin digər yerlərin tələbələrindən daha aydın və bariz rolu olmalıdır. Doğrudur, bütün xalqlar, bütün gənclər öz ölkə və xalqlarını sevirlər, lakin xalq inqilabına əsaslanan, xalqın ümumi iradə və istəyinə söykənən, bu formada qurulan, hərəkət edən, düşmənlə vuruşan, maneələri aradan qaldıran və hər bir fərdin güclü mənəvi bağlılıq duyduğu quruluşda bu sevgi və rol fərqli olmalıdır.
Dünya heyrət içində
Bu günlərdə bu amilin başqa bir cəhəti aşkara çıxdı. İnqilabın müxtəlif tədbirlərində, siyasi aksiyalarda, nümayişlərdə, ümumi səfərbərlikdə sübuta yetsə də, beynəlxalq media həqiqəti tərsinə göstərmək, quruluşu xalqın dəstəyindən məhrum və xalqı inqilabın taleyinə laqeyd göstərmək istəyirdi. Onlar bu hadisədə (İmam Xomeyninin vəfatı münasibətilə küçələrə çıxmış milyonları görüb) mat qaldılar, heyrətə düşdülər. Bu gün dünya xalqımızın izdihamına, ifadə etdiyi hörmət və sevgisinə mat qalıb.
Quruculuqda və ümumi hərəkətin istiqamətləndirilməsində tələbələrin rolu
Dəfələrlə tələbə toplantılarında demişəm ki, bu xalq quruluşunda cəmiyyətin öncül, intellektual və aktiv təbəqəsi olan tələbələr gələcəyin qurulmasında, cəmiyyətin ümumi hərəkət istiqamətlərinin təyin edilməsində başqa yerlərdən daha böyük rol ifa etməlidirlər. Bu rol iki yanaşı amillə həyata keçir:
Təhsil və tədqiqat
Birinci amil dərs, elm və təhsildir. Universitet, tələbə və müəllim adı bununla məna kəsb edir; bununla ölkənin gələcəyi üçün çəkilən ümidlər puç olmur. Gənclər yaxşı dərs oxumalı, müəllimlər onları yetişdirməlidirlər və bununla da ölkənin gələcəyi təmin olunmalıdır. Təhsilin kənarında tədqiqat məsul şəxslərin daim diqqətdə saxlamalı olduğu fövqəladə əhəmiyyətli bir məsələdir.
Düşmənin arzusu
Bu baxımdan, ilk amil dərs və elmdir. Buna laqeyd yanaşmaq, rolunu kiçik saymaq olmaz. Mənim əziz tələbə qardaş və bacılarım bu məqama diqqət yetirsinlər. Onların elmi fəaliyyətinə heç bir şey ən az mane belə törətməməli və onları ləngitməyə səbəb olmamalıdır. Düşmən bunu istəyir. Onu məqsədlərinə çatmağa qoymayın. Düşmənin əngəllərinə rəğmən, elmi hərəkət ölkədə çiçəklənməli, ümid yaratmalı və gələcəyi təmin etməlidir.
Elmin ruhu və istiqaməti
İkinci amil universitetin mental, siyasi və inqilabi istiqamətidir. Elmə can, ruh və istiqamət verən də budur. Həzrət imamın sözlərində və vəsiyyətnaməsində bu mühüm məqama çox diqqət ayrılıb. Laqeyd, dini dəyərlərə yad, inqilabın ideya və mövqelərinə qarşı biganə və soyuqqanlı olan, inqilabın nəbzi döyünməyən, müəllim və tələbələri xalqımızın inqilab hərəkətinə, tərəqqi və öncüllüyünə dair məsuliyyət hiss etməyən, inqilabın işində birinci dərəcəli rol oynamayan universitet ümidverici gələcəyin təminatçısı və imamın istədiyi universitet deyil.
Məqsədli universitetin İslam dəyərlərinə yönəlməsi
Məqsədli və dindar universitet inqilab və İslam dəyərlərinə çox meyllidir. Təbii ki, inqilab dəyərləri İslam dəyərlərindən əsla ayrılmazdır, onlar eynidirlər. Heç kəs deyə bilməz ki, mən müsəlmanam, amma inqilabı qəbul etmirəm. Bu necə müsəlmanlıqdır ki, İslam fəaliyyətinin zirvəsi olan İslam inqilabını qədul etməsin?! Yaxud kimsə deyə bilməz ki, mən inqilabçıyam, amma İslamı qəbul etmirəm. Hansı inqilabçılıqdan söhbət gedir?! Bu gün ən canlı inqilab budur. Müxtəlif inqilablar görmüş son bir neçə onillikdə xalqı ən çox səfərbər edən bu inqilabdır. Deməli, islamçı olmayan inqilabçı və inqilabçı olmayan islamçı yoxdur. İnqilab dəyərləri elə İslam dəyərləridir.
İnqilabın davam etməsi
Siz əziz tələbələr bilməlisiniz ki, inqilabın hərəkət və inkişafında tələbənin çox aktiv rolu var. Siz inqilabın bitdiyini düşünməyin, o, davam edir. Əgər inqilab düşmənləri təhrik edən, məhrum və məzlum təbəqələrə qurtuluş, səadət müjdəsi verən əsaslı dəyişiklik deməkdirsə, bəllidir ki, bitməyib və hələ də davam edir. Bunun dəlili dünyada bizə qarşı olan düşmənlik və ədavətlər, eləcə də dünyanın məzlum xalqlarının bu inqilaba və onun rəhbərinə qarşı sevgi, səmimiyyət və dəstəkləridir.
Digər xalqların imama matəm saxlaması
Siz bu günlərdə görürsünüz ki, əcnəbi bir ölkənin bizim dilimizi bilməyən, bəzisi hətta əlifbamızla tanış olmayan əhalisi rəhbərimizin vəfatına görə başına vurur, ürəkdən ağlayır, yürüş zamanı İslam Respublikasının bayrağını qaldırır, onunla fəxr edir və mehriban bir atanı əldən verdiklərini düşünürlər.
Səhnədə olmaq
Bu gün İslam Respublikasının beynəlxalq düşmənlərinin siz xalq tərəfindən möhkəm zərbə görmələrinə, inqilabın böyük rəhbərinin vəfatı günündən gözlədikləri arzunun həyata keçməməsinə baxmayaraq, heç şübhəsiz, hələ də inqilab və İslam Respublikasının məzlum quruluşu əleyhinə ədavətdən, xəbislikdən, hiylə və məkrlərdən əl çəkməmişlər. Biz səhnədə olmalıyıq, xalq ayıq-sayıq olmalıdır. Qarşımızdakı düşmən insani dəyərlərə əsla bağlı olmayan bir düşməndir. Onlar bir xalqı zəif, təslimçi və başıaşağı gördükdə, onu tapdamaq üçün bir an da gözləmirlər.
ABŞ-la saziş
Başda ABŞ olmaqla bizim düşmənlərimiz, dünyanın məşhur hegemonları zordan və quldurluqdan başqa bir şey anlamırlar. Onlara mülayim və xoş üz göstərmək dost olmalarına, yaxud düşmənçilik və xəbislikdən əl çəkmələrinə səbəb olmayacaq.
İslam Respublikasının qüdrəti
Tarix boyu xalqları tapdamış, zülm altında saxlamış xəbis fironun ruhu bu gün bunların bədənində yaşayır. Bunlar hər bir mülayimliyi öz qüdrətlərinə dəlil hesab edirlər. Nə üçün İslamla, İslam dəyərləri ilə, xalqların hüquq və iradəsilə kökündən düşmən olan hegemon və zalım güclər qarşısında yumşaqlıq və zəiflik göstərməliyik?! Biz əsla zəiflik hiss etmirik, Allahın lütfü ilə həmişə qüdrət hissi duyuruq. Allah şahiddir ki, bu gün İslam Respublikasının bütün düşmənləri qarşısında ürəkdən güc və qüdrət hiss edirik.
Dünənkindən daha möhkəm
Öz prinsiplərimiz üzərində dayanmaq və həmin prinsiplərlə elan olunmuş daimi ideallara sarı hərəkət etmək üçün heç bir çatışmazlığımız yoxdur. Düşmənlər belə düşünməsinlər ki, İran xalqı imamlarını, böyük rəhbərlərini əldən verdiklərindən, müqavimət güclərini də itirmişlər. Əsla belə deyil. Xalq bu gün qabaqkından daha möhkəmdir. Biz hamımız başa düşürük ki, böyük, qüdrətli və güclü bir əzizimizi əldən verdiyimiz üçün onun boş yerini duyğularımız, düşüncəmiz, səyimiz, birliyimiz və işimizlə doldurmalıyıq. İran xalqı göstərdi ki, hegemon güclərin siyasi analitikləri öz təhlillərinə yenidən baxmalıdırlar. İranın hadisələri, onun gələcəyi və imamdan sonrakı dövrü barədə fikir yürüdənlər öz cəfəngiyyatlarını dəyişməli və sözlərini geri götürməlidirlər.
Siyasi ayıqlıq
Biz güclü və Allahın qüvvəsi ilə qüvvəliyik. Lakin siz tələbələr öz rolunuzu unutmayın. Siyasi ayıqlıq əldə edin və baş verən hadisələrdə sayıq olun. Sizin təbəqənizə uyğun olan inqilabçı gənclik enerjisi quruluşun məqsədlərinə xidmət etməlidir.
Bəzi sadəlövh uşaqlar elə bilirlər ki, tələbənin inqilabda iştirak etməsi məsul şəxslərin başlarına çığırmaqdır. Xeyr! Bu, inqilabçılıq deyil. Tələbələrin məsul şəxslərin başına çığırdıqları yerlərdə məsul şəxslər tələbələrlə eyni istiqamətdə hərəkət etmirlər. Onlar Amerikaya muzdur olduqlarına görə gənclər dözmür və etiraz səslərini ucaldırlar. Keçmiş rejimdə bizdə də elə idi. Tələbələr, xalq, sağlam və qorxmaz insanlar vəzifəli şəxslərin başlarına çığırırdılar.
Tələbənin güclü fəaliyyəti
Hansısa bir qrup hiyləgərliklə və müxtəlif planlarla bir neçə sadəlövh gəncə tələbənin fəryad çəkməli olduğunu başa salmasın. Bəli, fəryad çəkilməlidir, lakin Amerikaya, quruluşu idarə edənlərə maneçilik törədən qüvvələrə qarşı. Hansı universitetdə təhsil alırsınızsa-alın, tələbələrin düzgün xətdə iştirakını qüdrətlə qoruyun.
Universitetdə birliyin qorunması
Tələbə əzizlər! Yaxşı, səmimi və sağlam gənclər! Bacardığınız qədər birliyinizi qoruyun, müxtəlif adların müxtəlif istiqamətlər kimi başa düşülməsinə imkan verməyin. Düşmənə qarşı çevrilməli olan qüvvələrin bir-birinə qarşı dayanmasına qoymayın. Bu nazirliyin tələbəsi-o nazirliyin tələbəsi, bu universitetin tələbəsi-o universitetin tələbəsi, dövlət universitetinin tələbəsi-özəl universitetin tələbəsi, buranın İslam birliyi-oranın İslam birliyi kimi adlar divar yaratmamalı və sərhəd çəkməməlidir. Bundan ehtiyatlı olun.
Birlik
Bizim imamımızın böyük hünəri bu idi ki, xalqın müxtəlif təbəqələri arasından bu divarı götürdü. Bu divar böyük, geniş və açıq mühiti çuxurlara, evlərə, kiçik daxmalara bölmüşdü. O, geniş bir mühit düzəltdi, ürəkləri onunla tanış etdi və bu möhtəşəm qüvvəni yaratdı. “Hamılıqla Allah ipindən yapışın” ruhiyyəsi onun sözündə və əməlində təcəssüm olunmuşdu. Bu baxımdan, bəzi üslub və baxış fərqlərinə rəğmən, həmin vəhdət xəttini davam etdirsək, əziz imamımızın ruhuna hörmət etmiş olarıq.
Allah sizin hamınızı qorusun! Allah Öz rəhmətini, hidayətini, lütf və mərhəmətini tələbələrə, müəllimlərə, məsul işçilərə, ruhani nümayəndələrə və universitet işlərində rolu olan hər kəsə şamil etsin! Allah bizi əziz imamımızın istədiyi və arzuladığı xətdə hərəkət etməkdə müvəffəq etsin!
Allahın salamı və rəhməti olsun sizə!
Dostları ilə paylaş: |