Bismillahir-Rəhmanir-Rəhim.
Bəsicin mahiyyəti
Allahın lütfü ilə mübarək Bəsic bayrağı cəmiyyətin bütün, yaxud əksər təbəqələrinin başı üzərində dalğalanır, bu müqəddəs libas saysız-hesabsız gənclərin, kişi və qadınların qamətinə biçilib və onlara əzəmət bəxş edir. Lakin bəlkə də demək olar ki, bu mübarək bayraq altında dayanmağa heç bir təbəqə tələbə gənclər qədər layiq deyil. Nə üçün? Çünki Bəsic mahiyyət etibarilə, məntiq və ağılla yanaşı olan duyğusal bir hərəkətdir. Duyğusaldır; çünki onda eşq, həvəs və fədakarlıq duyğusu digər hisslərdən daha aydın görünür. Məntiqli və əqlidir; çünki hər bir sağlam ağla görə, bir ölkənin sərhədlərini və bir xalqın heysiyyətini qoruyacaq yeganə amil xalq qüvvəsidir. Xalq qüvvəsi hətta döyüşə qatılmasa da, sayəsi hərbi qüvvələrin başı üzərində olmalıdır ki, onlar vuruşa bilsinlər. Məgər bir ölkəni və bir xalqı xalqsız müdafiə etmək olar?! Bu da Bəsicin məntiqi cəhətidir. Bu baxımdan, Bəsicin məntiqi duyğu ilə yanaşı, ağlı hisslərlə həmrəydir və bu qədər xüsusiyyəti olan hər hansı bir amil istedadlı gənclərə məxsusdur.
Bütün yaxşı cəhətlərin mərkəzi
Gənclik Allah-Taalanın insanda yaratdığı bütün yaxşı cəhətlərin mərkəzidir. Gənclik böyük nemətlərdəndir. Əbəs deyil ki, Allah-Taala qiyamət günü bir neçə suala cavab vermədən heç bir bəndənin bir addım atmasına icazə verməyəcək. Sualların biri budur ki, gəncliyini necə və harada xərclədin? Bu sual gəncliyin dəyərinə görədir. Gənclik sizin varlığınızda olan bütün yaxşı cəhətlərin cəm olduğu dövrdür. Gənclikdə yaxşılıqların zirvəsinə pərvaz edə və maddi amillər kimi, ən uca mənəvi amilləri də əldə edə bilərsiniz. Mən cürətlə deyirəm ki, bacararsınız. Belə böyük sərvəti olan gənc onun düşüncəsini, ağlını, hiss və duyğularını doyura biləcək mənbə axtarışındadır. Təbii ki, düşüncəli olsa, nəticəyə çatar. Bizim tələbə gənclərimiz belədirlər.
Bəsicin məntiqi yeri
Tələbə Bəsici yarandığı ilk gündən tamamilə məntiqli və düşüncəli olub. Əziz gənclər! Tələbə oğlan və qızlar! Bu ölkə sizindir, yaxşı, yaxud pis gələcəyi də sizdən asılıdır. Əgər idarə etmək üçün sizə xalqın, ölkənin xəstə, gücsüz və kiçik cismi təhvil verilsəydi, şübhəsiz, sıxıntı keçirərdiniz. Buna haqqınız da çatardı. Arxasında heç bir arqumenti olmayan mənfur rejim dövründə “nə üçün filankəs dövlət başçısı olmalıdır?” – deyə soruşsaydılar, göstərməyə dəlil yox idi. Yeganə dəlil bu idi ki, filankəs quldurdur, diktatordur, vurub-dağıdandır və İngiltərəyə təslim olub; buna görə də hakimiyyətə gəlməli və dövlət başçısı olmalıdır. Başqa heç bir dəlil yox idi. Ölkənin asılı və hökumətin mənfur olduğu o dövrdə insanlar çox təhqir olunurdular, mənəvi, mental, savad, məlumat və insani ideallar baxımından tamamilə yoxsul idilər. Onlarda əcnəbi güclərə qarşı çıxacaq heç bir şəxsiyyət hissi yox idi. Əgər bir gün özlərini xarici bir gücün boyunduruğundan xilas etmək istəsəydilər, gərək başqa bir xarici gücə üz tutaydılar. Onlar gücsüz, başsız və yetim insanlar kimi həmişə sığınmaq üçün bir şəxs, bir supergüc axtarırdılar. Maraqlarının yaxşı təmin olunmadığına görə özlərini ingilislərin boyunduruğundan xilas etmək istədikləri gün də Hitler Almaniyasına sığındılar. Görün necə rəzalətdir! Dörd-beş dövlət dünyanın o tərəfində bir-birilə vuruşur, müharibə aparırdılar. Dünyanın bu tərəfində bir xalqın başında duran da onlardan birini seçməyə, əlini öpməyə, ayağına düşməyə məcbur olurdu. Başqa bir dövrdə də yalnız amerikalılara baş əydikdən sonra ingilislərin əsarətindən çıxdılar. Bu, eyib deyil?! Belə bir ölkədə, dövlətdə, belə bir hakimiyyət altında insan həqarət hissi keçirir və heç bir fəxr duymur. Belə dövlətlərin gənclərə təhvil verdiyi məmləkət xəstə, uğursuz, məğlub və təhqir olunmuş bir məmləkət olur.
Qüdrətli İran
Amma bu gün iranlı gənc elə bir ölkədə yaşayır ki, dünyanın böyük güclərindən - siyasi güclərdən, nəhəng transmilli kompaniyalardan, kartel və trestlərdən, həmçinin hərbi güclərdən heç biri onu ən kiçik təhdid belə edə bilmir. Siz elə cəsarətli xalq arasında yaşayırsınız ki, çox məşəqqətli, lakin şərəfli və dəyərli bir sınaqda özünü müdafiə etməyi bacardı. Sizin çoxunuz müharibədə olmuş və onu bütün vücudunuzla dərk etmisiniz. Amma bəlkə də aranızda o zaman uşaq olanlar da var. Bu günün gənc nəsli və ölkənin gələcək nəsilləri heç zaman unutmamalıdırlar ki, bir zaman səkkizillik bir təcrübədə, ozamankı dünyanın bütün böyük güclərinin ittifaqı qarşısında möhkəm dayanan, müqavimət göstərən və onları nakam qoyan xalq və ailələrdə yaşayırlar. Bu, çox böyük və şərəfli bir məsələdir.
Böyük amallar
Siz bu gün belə bir xalqın və ölkənin, özlərini xalqdan ayırmayan, xalqdan olmalarıyla fəxr edən və xalqa daha artıq yaxınlaşmağa çalışan məmurların arasında yaşayırsınız; özü də bəşərin xilası, ölkənin tam xoşbəxtliyi kimi böyük amallarla. Elə xoşbəxtlik ki, hər bir insan özünün dünya və axirət səadətini təmin edə bilsin, hər bir istedadlı və düşüncəli insan üçün ideal həyat imkanı mövcud olsun. Siz belə bir ölkədə, belə bir cəmiyyətdə yaşayır, nəfəs alırsınız.
Gəncin ən əsas vəzifəsi
İnşallah təhsil dövrünü bitirdiyiniz və belə bir müqəddəs quruluşda xidmətə hazır olduğunuz gün belə bir ölkəni təhvil alacaqsınız. İndi görək tələbəlik və təhsil dövrünü yaşayan, yaxud başqa bir işlə məşğul olan gəncin ən əsas vəzifələrindən biri nədir? Mənim fikrimcə, ən əsas vəzifələrdən biri özündə bu ölkə və onun amalları qarşısında müdafiə ruhiyyəsini, məsuliyyət və vəzifə hissini canlandırmaqdır.
Bəsicin mənası
Sizin üçün Bəsicin mənası budur. Həmişə bu ölkəni müdafiə etməyə hazır olun. Ola bilsin bu xalq üçün uzun illər heç bir hərbi təcrübə qarşıya çıxmasın. Bu ehtimal güclüdür. Çətin ki, düşmən keçmişdəki acı uğursuzluqlarını yenidən təkrarlamağa cürət göstərsin. Prinsipcə, heç bir düşmən buna cürət etməz. Amma siz gərək hazır olasınız. Bəsic - yəni hazırlıq, hər zaman vəzifə hissi keçirmək, insandan iş tələb olunan bütün sahələrdə hazır olmaq. Bu işdə qadın və kişi arasında heç bir fərq yoxdur. Bəli, iş və bacarıqlar müxtəlif ola bilər, amma məsuliyyət və vəzifə birdir; bir gün universitetdə, bir gün cəbhədə, bir gün küçədə, bir gün iş yerində, bir gün bəlkə də xaricdən hücum edən düşmən qarşısında, bir gün xalqın ruhiyyəsini sarsıtmaq istəyənlər qarşısında, bir gün düşmənin beşinci kolonu qarşısında - hər gün bir sahədə.
Haqq dövləti
Xoş sizin halınıza! Xoş sizin halınıza ki, öz gəncliyinizi İslamın sayəsi altında və uca amallarla keçirirsiniz. Xoş sizin halınıza! Hüseyn ibn Əli (ə) Ərəfə duasında Allahın böyük nemətlərindən biri üçün belə şükür edir: "İlahi, Sənə şükür edirəm ki, məni batil dövlətdə deyil, haqq dövlətində dünyaya gətirdin”. Siz də beləsiniz. Sizdə olan bu üstünlük bizdə yoxdur. Siz haqq dövləti sayəsində yaşayırsınız. Gənclik dövrünüzü və həyatınızın ən yaxşı çağını İslamın sayəsi və Quranın bayrağı altında yaşayırsınız və bu baxımdan, ağanız Hüseyn ibn Əli (ə) kimisiniz. Bu nemətlər üçün şükür edin, onları uca tutun, qənimət sayın, onların şükrünü yerinə yetirin, imkanlarınızdan Allah üçün, Onun yolunda, bu ölkə və onun uca amalları uğrunda istifadə edin. Allah da bu yolda sizə kömək göstərəcək. Hamınıza uğurlar arzulayıram.
Allahın salamı və rəhməti olsun sizə!
Dostları ilə paylaş: |