Bismillahir-Rəhmanir-Rəhim.
Fəaliyyətlər və elmə əsaslanma
Çox yaxşı dostlar və ölkədə elmin dəyərli rəhbərləri! Çox xoş gəlmisiniz. Adətən, belə bir məclisdə bizim sözümüz elmin əhəmiyyəti barədə olur. Bu, təkrar olunmuş, lakin təkrarı lazım olan sözü o qədər deməliyik ki, sözün həqiqi mənasında və ürəkdən bu zərurətə inanaq, ölkəni uzun illər düçar olduğumuz xroniki xəstəlikdən xilas edək və onun bütün fəaliyyətləri elm və tədqiqat əsasında olsun. Dəfələrlə demişik və yüz dəfə də deyəcəyik. Əgər tələbə, müəllim, rektor, məmur və nazir bizdən bir tövsiyə istəsələr, tövsiyəmiz bu olacaq ki, elm, tədqiqat və araşdırma ilə Allah-Taalanın insanın qarşısında qoyduğu, həmçinin dərinliyinə getmək qüvvəsini insana verdiyi bu böyük okeanda bacardığınız qədər dərinlikləri kəşf edin. Buna əsasən, elm bizim bu günümüz və sabahımız üçün həyati əhəmiyyətə malikdir. Biz başqa hər bir işi görsək, amma elm sarıdan yoxsul olsaq, o işlər sonsuz və nəticəsiz olacaq.
İnqilabın uğurlu təcrübəsi göstərmişdir ki, biz quruluşun və ölkənin məsul şəxsləri olaraq bu işlərə başlasaq, hərəkət sevindirici və həvəsləndirici olar. Bu gün bizim inqilabdan öncədən təxminən on beş dəfə artıq tələbəmiz var, halbuki ölkənin əhalisi təxminən iki dəfə artmışdır. Universitetlərin, müəllimlərin, fənlərin, yeni elmi, texnoloji və təcrübi işlərin sayı məsul şəxsləri bu sahədə irəliyə getməyə həvəsləndirir.
Dünya elmi ilə az fasilə
Dünyanın bəzi yeni elmlərində bu elmlərin öncülləri ilə məsafəmiz çox deyil. Vaxtında gözü açıb işə başlamaq çox yeni olan bəzi elmlərdə dünya ilə məsafənin çox az olmasına səbəb olmuşdur. Əgər iradə ilə çalışsaq, onları keçə də bilərik.
Elmsevərlik
Bunların hamısı bizi elmin tükənməz okeanına baş vurmağa həvəsləndirən uğurlu təcrübələrdir. Bunlar aydın məsələlərdir. Dəfələrlə demişik və dedim ki, bundan sonra onlarla, yüzlərlə dəfə də deyəcəyik. Siz də deyin və maraqlanın. Elə edin ki, bunlar cəmiyyətin beyninə oturuşsun. Necə deyərlər, elmsevərlik və elmin mərkəzliliyi bütün sahələrdə cəmyyətin hakim mövzusuna çevrilsin.
İki möhtərəm nazir yaxşı məlumatlar verdilər. Deyilən bu işlər, xüsusən də cənab Doktor Zahidinin dedikləri baş tutsa, bizim məqsədlərimizin çoxu həyata keçəcək; lakin baş tutsa. Bizim problemimiz budur. Mən bu barədə bir neçə məqama toxunacağam.
Ölkənin ümumi elmi xəritəsi
Bir məqam budur ki, bizim ölkədə ümumi elmi xəritəyə ehtiyacımız var. Biz bilməliyik ki, adı dəfələrlə çəkilən iyirmiillik mənzərənin məqsədlərinə çatmaq üçün bizim ümumi elmi xəritəmiz nədir. Bunu təsvir etməliyik. Sonra bu xəritəni praktik strategiyalara, zamanlı və nizam-intizamlı proqramlara uyğun şəkildə bir cədvəl kimi tədricən təkmilləşdirməliyik. Bu iş baş tutmayıb. Bizim buna ehtiyacımız var. Bu iş seçilmiş və görkəmli şəxslər, ölkənin universitet, təlim-tərbiyə və digər aidiyyətli dairələrində çalışan düşüncə sahibləri tərəfindən həyata keçə bilər və keçməlidir.
Elmin cücərməsi
Növbəti məsələ Elm istehsalı hərəkatıdır. Biz 6-7 il öncədən bu məsələni demiş, müzakirəyə çıxarmışıq. Bəli, indi bu məsələnin ətrafındakı bəzi mövzular doğrudan da vaxt itirmək və baş qatmaqdır. Misal üçün, elm istehsalının mənası nədir? Elm istehsal olunasıdırmı? Elm kəşf ediləsidirmi? Nə desələr, məqsəd bəllidir. Biz deyirik ki, maddi sivilizasiyanın, həyat məsələləri ilə bağlı sivilizasiyanın mütərəqqi və inkişaf etmiş texnologiyalarının bünövrəsi elmdir. Əgər bu elmi digərlərindən almaq və özünüz istifadəçi olmaq istəsəniz, heç bir yerə çatmayacaqsınız. Bu elm daxildə cücərməlidir. İnsanın bir şeyi başqasından, onun öyrətmək istədiyi həddə öyrənib şagirdlik etməsi, yaxud həmişə şagird qalmaması fərqli şeylərdir. Mən dəfələrlə demişəm ki, bir xalq həmişə şagird qala bilməz. Biz bir zaman elm və mədəniyyət dünyasında müəllim idik, indi şagird mərhələsinə enmişik. Bir müddət də çox tənbəl şagird olmuşuq, amma bu gün hərəkətə başlamışıq və inkişaf etməliyik; xüsusən də fundamental elmlərdə. Bu elmlər həqiqətən, hər bir elmi hərəkətin və mütərəqqi texnologiyanın nəzəri bünovrəsidir. Mən təkid etmişəm və edirəm. Əlbəttə, bu diqqətin və elmi istiqamətləndirmənin yanında əmələ, ölkənin ehtiyaclarını nəzərə alıb o istiqamətdə hərəkət etməyə də diqqət yetirməliyik. Bu da ikinci mühüm məqamdır. Xoşbəxtlikdən, bu gün biz hansı universitet və tələbə məclisində iştirak ediriksə, görürük ki, Elm istehsalı və proqramlaşdırma hərəkatından danışırlar. Bu indi bir ənənəyə çevrilmişdir. Lakin onu sözün həqiqi mənasında həyata keçirməyə çalışmalı, elmi cücərtməliyik. Bu elə bir şey deyil ki, idarəçilik və sərmayə qoyuluşu olmadan öz-özünə gözəl formada baş tutsun.
Elmi Nümunələr Fondunun fəlsəfəsi
Növbəti məsələ Elmi Nümunələr Fondu barədədir. Mənim fikrimcə, iki ildən artıqdır ki, biz bunu müzakirəyə çıxarmışıq. Məsələnin zahiri bir fond, müəssisə və idarədir, lakin məğzi budur ki, ölkədə belə bir təşkilat yaransa, mənim fikrimcə, ölkənin elmi çevrəsi, universitetlərin və tədqiqat mərkəzlərinin elmi siması əsaslı şəkildə dəyişər.
Tədqiqatçının və elm adamının arxayınlığı mühüm məsələdir. Müharibədə əhval-ruhiyyənin hər şeydən mühüm olduğu kimi, elmi mühitdə də belədir. Bu əhval-ruhiyyənin də bir mərkəzə ehtiyacı var. Biz bunu Elmi Nümunələr Fondu formatında yaratdıq.
Gənc və elmi məsuliyyət hissi
Növbəti məsələ budur ki, biz magistratura və doktorantura pillələrinin məzunlarını mütləq universitetlərə və tədqiqat mərkəzlərinə daxil etməliyik. Bunun üçün proqram lazımdır. Bu gənc istedadla və həvəslə bu qədər qaçmış, buraya çatmış, doktorantura, yaxud magistratura pilləsini bitirmişdir. Bundan sonra nə etməsi barədə sərgərdan qalmamalıdır. Bunları cəlb etmək üçün proqram hazırlamaq lazımdır. Bunların çoxunun problemi maddiyyat deyil. Elm adamı elmi iş görmək istəyir. İndi möhtərəm nazir dedi ki, tədqiqat və təhsil mərkəzlərini genişləndirmiş və onun üçün pul almışlar. Bu xəbər məni doğrudan da sevindirir. Bu iş lazımdır. Texnoparklar da - sonra ona toxunacağam - yaxşı işlərdir, amma azdır. Bunların üzərində mərkəzləşib işləmək lazımdır. Çalışıb elə etmək lazımdır ki, indiyə qədər həvəslə və zövqlə qaçmış və bir iş olacağını güman etmiş bir gənc əlində heç bir işin olmadığını, boynuna heç bir məsuliyyətin düşmədiyini görməsin. Mən idarə məsuliyyətini nəzərdə tutmuram, elmi məsuliyyəti, onu sevindirəcək elmi iş və fəaliyyəti deyirəm. Bəzi gənclər buraya gəlib bu hüseyniyyədə bizim nüvə proqramlarımız barədə bir sərgi təşkil etdilər. Burada otaqlar düzəltdilər ki, mən müxtəlif işləri görüm. Bir neçə saat bu otaqlara baxdım. Məni özünə cəlb edən çox gözəl və sevindirici bir neçə məqamdan biri bu idi ki, əksəri, bəlkə də 90 faizi 20-30 yaş arasında olan bu gənclərin işləmək, çalışmaq, elmi və praktik şəxsiyyət hissi keçirdiklərini gördüm. Bu, çox dəyərli və mühüm bir haldır. Biz ali təhsilin yüksək pillələrində təhsil alan tələbə və gənclərin hamısında bu hissi yaratmalıyıq. Bunlar həm inkişaf edirlər, həm də fayda yetirirlər; bəhrə verən gənc bir ağac kimidirlər: həm meyvə verir, həm də özü inkişaf edir.
Tələbə yetişdirmək
Buradakı çıxışlarda da toxunulan başqa bir məsələ Elmi Şura üzvlərinin dərəcə meyarı məsələsidir. Bu meyarlar nədir? Bəli, məqalə, ISI jurnalları və digər belə məsələlərin hamısı yaxşı və düzgündür. Lakin bunlar yeganə meyar olmasın. ISI jurnallarında dərc olunan məqalələrin özü də həmişə meyar deyil. Mütəxəssis və ekspertlərin dediyinə görə, bunların da müxtəlif səviyyələri var, daimi bir meyar hesab olunmur. Lakin başqa meyarlar da mövcuddur: misal üçün, tələbə yetişdirmək. Tələbə və şagird yetişdirməkdə uğurlu fəaliyyət, yaxud elmi məsələlərdə yeni bir ideya da meyardır. Belə müxtəlif meyarları yazmaq və Elmi Şurada nəzərə almaq olar.
Elmi fənlərə bərabər baxış
Başqa bir məsələ elmi fənlərə baxış bərabərliyidir. Bu, əvvəldə dediyim ümumi xəritədən asılıdır. Əgər o xəritə mövcud olsa, təbii ki, müxtəlif fənlərə baxış bərabər olar, qəfildən bəzi elmlər uzun müddət kənarda qalmaz, bəzi elmlər, misal üçün, tibbin, yaxud mühəndisliyin bəzi gəlirli sahələri əhəmiyyətli və birinci dərəcəli olub fənlərin çoxunu sıxışdırmaz. Necə ki, ölkədə humanitar elmlərin bəzi sahələri və fundamental elmlərə dair fənlər uzun illər diqqətdən kənarda qalmışdır. Araşdıran olsa, güman ki, bu məsələdə pis niyyətin ipuclarını tapa bilər.
Humanitar elmlər, fundamental elmlər və elmi inkişafın əsası
Baxın, bizim həkimə, mühəndisə, texnikə ehtiyacımız var. Bir həkim insana su və hava kimi lazımdır; eləcə də bəzi fənlər. Bunda heç bir şübhə yoxdur. Mən xalqın gündəlik həyatının bağlı olduğu belə fənləri insanın xərcləmək üçün cibinə qoyduğu pula bənzədirəm. Bir cəmiyyətin cibi üçün bu pul, bu sərvət, bu həkim və bu mühəndis lazımdır ki, xərcləyib yaşıya bilsin. Amma bu pul sərvətə çevrilmir. Əgər onun həmişə qalmasını istəyirsinizsə, onun dayağı olacaq bir kapitala ehtiyacınız var. Bütün həyat bizim bugünkü pulumuza bağlı ola bilməz. Bunun dayaq və əsas olan fənlərə ehtiyacı var. Fündamental elmlər belədir. Bunlar uzun müddət bu ölkədə unuduldu və bir ölkənin gündəlik xərci üçün cib pulu sayağı olan fənlərin arxasınca getdilər. Diqqətlə baxsaq, bu işdə pis niyyət də tapmaq olar. Mən deyirəm ki, elmi fənlərə baxış bərabər olmalı və ümumi baxışdan qaynaqlanmalıdır. Misal üçün, bir müddət bizim ölkəmizdə humanitar elmlər doğrudan da unuduldu. Digər böyük sahələr də həmçinin. Bu, yolverilməzdir.
Region üzrə elmdə birinci yer
Biz söz və danışıqlarımızda universitetdə keyfiyyət baxımından inkişaf etməli olduğumuzu təkrarlayırıq. Mən bunu qəbul edirəm, lakin bu, kəmiyyət inkişafını inkar etmək deyil. Bizə kəmiyyət baxımından da inkişaf lazımdır. Biz hələlik universitet və tədqiqat mərkəzlərinin çox olmasından qazanc götürəcəyik. İyirmiillik mənzərədə bizim məqsədimiz regionda elmi baxımdan birinci yeri tutmaqdır. Bunun keyfiyyət baxımından hərəkətə ehtiyacı olduğu kimi, kəmiyyət və say artımına da ehtiyacı var; tələbə, universitet və tədqiqat mərkəzlərinin və bu sahədə günbəgün qarşıya çıxan amillərin artmasına. Bunlara nail olmaq lazımdır. Gərək mənzərə sənədini təmin edəcək həddə çataq.
Ölkənin elmi inkişaf prosesi
Əslində, ümumi xəritənin davamı olan başqa bir məqam da budur ki, ölkənin elmi inkişafı bir prosesdir. Universitet özündən əvvəldən və sonradan ayrı bir ada deyil. Bir ölkənin elmi inkişafına sözün həqiqi mənasında nail olmaq üçün bu prosesi təmin etməliyik; yəni ibtidai məktəbdən başlamış universitetin yüksək pillələrindən sonraya qədər. Universitetin yüksək pillələrindən sonra tədqiqat mərkəzləri, tədqiqat inkişafları, ölkədə sənaye və texnologiyanın inkişafı ilə əlaqədar və ölkənin müxtəlif sahələrində texnoloji sıçrayışlar yaratmaq var. Bunlar universitetin yüksək pillələrindən sonraya aiddir. İş isə ibtidai məktəbdən başlanmalıdır. Bu iş təkcə Ali təhsil və Səhiyyə nazirliklərinin işi deyil. Bu iş hökumətin, Mədəni İnqilab Ali Şurasının, qərar verən və siyasət təyin edən mərkəzlərin işidir.
Ölkənin elmi prosesinin təsviri
Bu sahədə mənim Təlim və tərbiyə nazirliyinə xüsusi sözüm var. Onların da bu sahədə problemləri var, ehtiyacları təmin olunmalıdır, amma müştərək baxışla. Təlim və tərbiyə, ali təhsil, tibbi təhsil və hətta digər bəzi sahələr bu işdə əməkdaşlıq etməlidirlər ki, bu prosesi təsvir edə bilsinlər. Biz öz uşağımızı əvvəldən istehsalçı, qurucu və yaradıcı beyin üçün hazırlamalıyıq, bizi yetişdirdikləri kimi yox: oturub gözləyək ki, xaricdən bizə bir şey versinlər və biz də öz bacarığımız həddində ondan istifadə edək. Bu, böyük həddə ilkin elm və beyin tərbiyələrinə - ibtidai məktəbə, orta məktəbə və bu kimi mərkəzlərə aiddir. Onların elm və dərs proqramları çox mühümdür.
Müəllimlərin inkişaf imkanı
Növbəti məqam müəllimlərin həqiqi elmi dərəcələrinin yüksəlişi və aktuallığı məsələsidir. Biz elə bir iş görməliyik ki, müəllimimizin mütaliə etməyə vaxtı olsun. Bu işin idarəsi sizin öhdənizə düşür. Məhərrəm ongünlüyündə bu məclisdən o məclisə gedib "iki kəlmə danışım, sizə dua edəcəyəm" - deyən bəzi rövzəxanlar kimi bu universitetdən o universitetə, o universitetdən bu universitetə gedən müəllim tələbəyə kömək edə bilməz. Mənim müəllimlərlə ildə bir-iki dəfə iclasım olur. Yəqin ki bəziləriniz o iclaslarda olub, bəziləriniz də televiziyadan baxıblar. Müəllimlərin özləri etiraf və qəbul edirlər ki, bu onların problemi və işlərinin nöqsanıdır. Əlbəttə, gəlir üçün çalışırlar və təxminən demək olar ki, çarələri də yoxdur. Amma siz bunu təmin etməlisiniz. Qeyd etdiyim kimi, bu sahənin məsul şəxsləri sizlərsiniz. Sizə demək lazımdır ki, bununla maraqlanın, bunun üçün bir şey fikirləşin. Müəllim tələbəyə vaxt ayırmalıdır. Müəllim otağında oturmalıdır ki, tələbə gəlib ondan soruşsun və danışsın. Nəinki ibtidai və orta məktəb müəllimi kimi sinifdə bir dərsi keçsin, sonra da tabaşiri atıb desin ki, xudahafiz. Bunun faydası yoxdur. Tələbəyə və öz mütaliəsinə vaxt ayırmalıdır. Oturub mütaliə etsin. Mütaliə etməyən müəllimin dərsi həqiqətən, heç olur. Bizim hövzə dərslərimizin yaxşı cəhəti budur ki, müəllim mütaliəsiz dərs desə, sabah şagird onun dərsinə getməyəcək. Bir müddətdən sonra dərsi yüz nəfərdən əlli və iyirmi nəfərə çatacaq, sonra da tətil olacaq. Amma universitet belə deyil. Zavallı şagird təyin olunan sinfə gəlməyə, dərsləri təyin olunan müəllimlə oxumağa və onun qiymətini almağa məcburdur, ona bir söz də deyə bilmir. Bu baxımdan, bu, universitetin eybidir və hövzənin bu müsbət cəhəti onda yoxdur. Hər halda, siz elə edin ki, müəllimin özü elmi səviyyə baxımından inkişaf etsin.
Məzunlar, elmi və dini inkişaf
Növbəti məqam universitetlərdə dini və mədəni tərbiyə şəraiti barədədir. Bu, çox əhəmiyyətli bir şeydir, ölkənin buna ehtiyacı var. Sanki belə inanılıb ki, kimsə, yaxud hansısa bir gənc universitetə gəlsə, dini və mədəni baxımdan tənəzzülə uğramalı və sonra universitetdən çıxmalıdır. Nə üçün bunun əksi baş verməsin?! Universitet elə olsun ki, universitetə qəbul olan gənc bir abituriyent məzun olanda dini dərinlik, din və dini əxlaqa riayət baxımından inkişaf etmiş olsun. Bunu qayda halına salın. Bu, mümkündür. Universitetdən və gənc tələbələrin çox işıqlı qəlbindən daha yaxşı hara var?! Siz görün bizim gənclərimizi dindən uzaqlaşdırmaq üçün bu gün nə qədər çalışırlar! Siz bizim universitetə, onun etikafına, camaat namazına baxın. Mənə universitetin camaat namazı haqda məlumat verdilər. Tələbələrin universitetlərin camaat namazında orta iştirak əmsalı ölkənin hər yerindən çoxdur; əlbəttə, məqbərə-komplekslərdən, Gövhərşad məscidindən və digər ziyarət yerlərindən başqa. Bu, çox əhəməyyitli məsələdir. Həmçinin tələbələr universitetlərin məscidlərində, yaxud digər məscidlərdə keçirilən etikaflarda iştirak edirlər. Tələbənin qəlbi çox təmizdir. Mən tələbəyə qibtə edirəm; pak, nurlu və elmli qəlblər. Bu daha heç nə bilməyən avam gənc deyil, onun qəlbi elm nuru ilə işıqlanmışdır, həm də pak və təmizdir. Çalışıb gənci din və əxlaqdan uzaqlaşdıran amillərin təsirini azaltmalıyıq. Hamı eyni deyil, ailələr və ata-analar müxtəlifdir. Onların da təsirləri var. Biz bu mənfi təsirləri minimuma endirməliyik.
Tələbə gəncin beyni soruşan, araşdırandır. Bu, çox yaxşı haldır. Bəziləri elə bilirlər ki, bu, mənfi cəhətdir. Xeyr, bu, müsbət cəhətdir. Bəzən bizdən o qədər soruşmurlar ki, axırda darıxırıq. Deyirik soruşsunlar ki, bir şey deyə bilək. Tələbə soruşmalıdır ki, deyilməsi lazım olanlar ona deyilsin. Dini, etiqadi, siyasi, elmi və tövhid məsələlərindən soruşacaq ən yaxşı insanlar tələbə gənclərdir. Bu istedad və şəraitə görə biz universitetlərin tərbiyəvi, dini və mədəni mühiti üçün iş görməliyik.
Müsəlmanların elmi fəxrləri
Bu sahədə tələbədə milli özünəinam məsələsini canlandırmaq lazımdır. Əvvəldən bizim dərslərimiz elə olub ki, qədim bir Yunan aliminin, fərz edin, Həndəsədə Talsın, yaxud Kimyada müxtəlif Qərb alimlərinin adlarını bilirik, lakin öz alimlərimizi, misal üçün, elm tarixi haqda yazan Corc Sarton qədərincə tanımırıq. Mən 30-40 il bundan öncə Pier Russonun “Elmlər tarixi” kitabını və Corc Sartonun kitabını görmüşdüm. Corc Sarton İslamın elm dövrünü belə bölür: Cabir ibn Həyyan dövrü, Xarəzmi dövrü, filankəsin dövrü və sair. Bizim tələbəmiz bu alimləri tanımır, lakin onlar tanıyırlar. Xəyyamı Qərb dünyasında bir alim və böyük bir riyaziyyatçı kimi tanıyırlar. Amma bizim tələbəmiz Xəyyamı tanısa da, gül kuzəsi ilə tanıyır, kim olduğunu bilmir. Baxın, bunlar milli özünəinamın əldən getməsinə, bizim tələbəmizin öz elmi keçmişini və zəngin irsini tanımamasına səbəb olur. Universitetdə mütləq bu işləri görmək lazımdır. Dərs qoyursunuz, fənn açırsınız, təbliğat aparırsınız, nə iş görürsünüzsə-görün, amma bunu həyata keçirin.
Birliklərin siyasi təhlil qabiliyyətləri
Başqa bir məqam tələbə təşkilatları barədədir. Tələbələrin siyasi işi müsbət bir şeydir. Mən illər öncə bu hüseyniyyədə elə bir cümlə dedim ki, o zaman bəzi məmurlar gileyləndilər. O cümlə universitetlərdə tələbələrin siyasi fəaliyyəti haqqında idi. Bu, lazımdır. Təkcə tələbənin yüngülləşməsi üçün yox; bəziləri elə bilirlər ki, tələbələrin universitetlərdə siyasi faəliyyətlərinin yeganə faydası bu gənclərin bir qədər yüngülləşməsidir. Yox, bu gənc bizə sabah ölkənin idarəsi üçün lazımdır. O, siyasəti anlamalıdır, beyni siyasət sahəsində bişmiş fəal beyin olmalıdır, yoxsa onu aldadarlar, yerə vurarlar. Bəli, bu, lazımdır. Lakin lazım olan siyasi dərk və təhlil qabiliyyətidir. Təəssüf ki, universitet xaricindəki qruplar həmişə öz siyasi məqsədlərindən ötrü universitetlərə əl uzadırlar, bu məsələyə əsla diqqət yetirmirlər. Bizim uzun müddət iqtisadiyyat, mədəniyyət, siyasət və digər sahələrdə düçar olduğumuz istismarçılığı, təəssüf ki, xüsusən son bir neçə ildə siyasi qruplar universitetdə tələbələr üzərində icra edirlər. Bu, səhvdir. Siz bir şey fikirləşməlisiniz ki, sağlam tələbə təşkilatları – istər birliklər, istər Bəsic, istər Allahın lütfü ilə bu gün universitetlərdə mövcud olan digər yaxşı tələbə təşkilatları elmi işin yanında siyasi təhlil qabiliyyəti də əldə edə bilsinlər. Təhlil qabiliyyəti olmasa, insan əcnəbinin hiyləgər təhlilinə aldanar. Siyasət aləmində heç kəs gəlib açıq şəkildə demir ki, mən sənə zülm etmək istəyirəm; nə bir xalqa, nə də bir şəxsə. Belə demirlər, gəlib siyasi fəndlərlə onu ələ keçirməyə çalışırlar. Eynilə fəlsəfi çaşdırmalar kimi qarşı tərəfin zehnini bir elmi gözbağlayıcılıqla, əslində isə hoqqabazlıqla yayındırırlar. Bir siyasi səfsətə düzəldir və öz mıxlarını vururlar. Biz elə etməliyik ki, bizim bu gəncimiz çaşdırmanı sezə bilsin. Necə ki, fəlsəfə və məntiqdə çaşdırmanı başa düşmək bir məharət sayılır. Biz öz gəncimizi çaşdırma ilə tanış etməliyik ki, o da çaşdıranın biləyini tuta bilsin. Desin ki, sənin ortaya qoyduğun bu fikir, nəticə və arqumentin burası nöqsanlıdır. Siyasi təhlil qabiliyyəti budur, bunu gəncdə yaratmaq lazımdır.
Büdcə və elmi tədqiqat
Növbəti məsələ tədqiqat barədədir. Çox təkrar edildiyindən buna tam diqqət olunmur. Bu, ibadət zikrləri kimidir: insan adət kimi təkrarlayır, fikri isə başqa yerdədir. Dördüncü proqramda ümumi daxili məhsulun üç faizə qədərini tədqiqat büdcəsi üçün nəzərdə tutmuşdular. Qabaqcadan dedilər ki, dördüncü proqramın sonuna qədər tədqiqat büdcəsi üç faizə çatmalıdır. Ötən il də burada müəllimlərin toplantısında tədqiqat büdcəsi haqqında danışıldı. Bir nəfər dedi ki, tədqiqat büdcəsi filan qədər olub, mən dedim ki, yox, bir faizə çatıb və bu ilin axrına qədər bir faiz yarıma çatacaq. Amma bu yaxınlarda mənə məlumat verdilər ki, 0.6 faiz olmuşdur. İndi deyəsən, həmin 0.6 faizin də hamısını verməyiblər, 0.45 faizini veriblər. Belə olmaz. Əvvəla, bu, beşillik proqram və qanundur, həyata keçməlidir. Proqramdan kənara çıxmaq qanunu pozmaq deməkdir. Həm də ölkənin gələcəyi bundan asılıdır. Biz elm istehsalı, tədqiqat və bu kimi məsələlər barədə bu qədər danışaq, amma tədqiqat büdcəsi verilməsin, azalsın, diqqətdən kənarda qalsın?! Belə olmaz. İndi biz kimin yaxasını tutaq?! Əgər cənab prezidentə desək, deyəcək hökumətin iclasında deyilməlidir. Gərək bu iki nazirin yaxasını tutaq, bunlardan istəyək ki, hökumətdə bununla maraqlansınlar. Tədqiqat məsələsi doğrudan da kiçik məsələ deyil.
Ali təhsilin yüksək pillələri
Başqa bir məsələ də yüksək təhsil pillələrinin tələbələrinin ümumi tələbələrə olan nisbətidir. Eşitmişəm ki, bu, çox aşağıdır. Mənə verilən məlumata əsasən, altı faizdir. Bu, azdır. Mütəxəssislərin rəyinə görə bu nisbət təxminən otuz faizə çatmalıdır. Bunun üzərində işlənsin. Tələbələri bu miqdara çatdırmaq üçün biz yüksək təhsil mərkəzlərini artırmalı və bizdə olmayan fənləri açmalıyıq.
Texnoparklar
Son bir neçə ildə yaradılmış texnoparklar yaxşı işdir. Üç-dörd il öncə dostların yanında bu barədə mənə məlumat verdilər. Çox yaxşı işdir, amma eşitmişəm ki, ölkədə mövcud olan təxminən on texnoparkın iki-üçündən artığı fəal deyil, digərləri dayanmışdır. Bu da aidiyyətli şəxslərin diqqət yetirməli olduğu yaxşı işlərdəndir.
İcrası lazım olan sərəncamlar
Bu sözləri deməli və təkrar etməliyik. Bunları təkcə moizə hesab etməyin. Mənim universitet rektorlarından, tədqiqat mərkəzlərinin başçılarından, cənab nazirlərdən, buraya təşrif buyurmuş məmurlardan xahişim budur. Bizim sizə dediyimiz sözlər moizə üçün deyil. Xeyr, bunlar icrası lazım olan işlərdir, bu işləri görməlisiniz. Əgər görməsəniz, bunun üçün qanunda cəza nəzərdə tutulmayıb, amma daha ağır cəzaları var və o, sizin barənizdə mühakimələrdir. Universitetlərimizi yarandığı zamandan qeyri-yerli strukturla, xalqın və ölkənin baxışlarını nəzərə almadan açan, bizi buraya çatdıran və bu tənəzzülə sürükləyən şəxslər barədə bu gün bizim mühakiməmiz nədir?! Əgər səhlənkarlıq etsək, bizim haqqımızda da belə yürüdüləcək. Bizim cəzamız qanunda müəyyən bir cinayət üçün nəzərdə tutulan cəzadan daha ağırdır.
İnşallah müvəffəq olasınız. Allahın salamı və rəhməti olsun sizə!
Dostları ilə paylaş: |