MİSAL
“2000-ci İl” keçidi (Y2K) bank sahəsinin davamlılığın planlaşdırılmasına nə qədər bağlı olduğunun əla bir nümunəsidir. 1970 və 1980-ci illərdə tərtib olunmuş kompüter proqramları yalnız ilin son iki rəqəmindən istifadə etməklə məlumatları saxlayırdı: misal üçün, 1978-ci il “78” kimi qeyd olunurdu. 1990-cı illlərin ortalarında banklar başa düşdülər ki, 2000-ci il yanvarın 1-də onların kompüter sistemləri düzgün işləməyə bilərlər, çünki yeni iki-rəqəmli tarix 99-dan 00-a dəyişəcək (1999 – 2000).
Biznes icmasını bu keçid üçün vaxtında sığorta etmək məqsədilə təkrar proqramlaşdırmada əsaslı investisiya qoyulmuşdu. Kütləvi informasiya vasitələri Y2K “virus”unun potensial təsirləri barədə fərziyyələr irəli sürürdülər. Misal üçün, 1999-cu ildə yerləşdirilmiş bir əmanətə 2000-ci il yanvarın 1-də 100 illik faiz veriləcəkmi? Yaxud, cari tarix 00 olacağı üçün, bu o demək ola bilərmi ki, 1938-ci ildə yerləşdirilmiş bir əmanətin faiz toplanması dayanacaqdır? 2000-ci il yanvarın 1-i gəldi və heç bir əsaslı Y2K texnoloji fəlakəti olmadan keçib getdi – hazırlığa təxminən 400 milyard ABŞ dollarının xərcləndiyi yalnız ABŞ-da deyil, eyni zamanda bu problemə əsasən əhəmiyyət verilməmiş ölkələrdə də fəlakətsiz ötüşdü.
Bahalı olmasına baxmayaraq, Y2K virusunun həll olunması ABŞ və digər ölkələrin bankları üçün gözlənilməz faydalar gətirmişdi. Problemləri onlar baş vermədən müəyyən etmək və həll etmək üçün banklar ilk olaraq öz daxili proseslərini təhlil etməli oldular və sonra bu proseslər üzrə münasibətləri yaratmalı idilər. Prosesin xəritəsinin tərtib olunması, fəaliyyətin ətrafında olan prosesləri təfərrüatı ilə müəyyən etməklə və planlaşdırmaqla biznes prosesinin başlanğıcdan tamamlanmaya qədər təhlili bir çox səmərəsizlikləri ortaya çıxardı.
-
Xarici Risk
Xarici risk bankın birbaşa nəzarəti xaricində baş verən hadisələrlə əlaqəli riskdir. Xarici risk halları nadir hallarda baş verir, amma onlar baş verdikdə, bankın əməliyyatlarına kütləvi informasiya vasitələrində geniş əhatə olunma üçün kifayət edəcək qədər əhəmiyyətli dərəcədə təsir edə bilir. Bu cür xarici halların nümunələri genişmiqyaslı oğurluqlar, yanğın, təbii fəlakətlər, üsyanlar və mülki nümayişlərdir. Bu cür hadisələrə aşağıdakılar səbəb ola bilər:
-
Digər banklardakı hadisələr, hansı ki bütün banklara təsir edir (geniş yayılmış bank bağlanmaları və ya banklardan vəsaitlərin kütləvi şəkildə çıxarılmaları)
-
Xarici fırıldaqçılıq və oğurluq
-
Terror hücumları
-
Nəqliyyat sistemində bank işçilərini işə gəlməsinin qarşısını ala biləcək dayanma.
MİSAL
11 sentyabr 2001-ci ildə Nyu York Şəhərində 110 mərtəbəli Dünya Ticarət Mərkəzinin əkiz qüllələri qəsdən onlara çırpılmış iki təyyarə tərəfindən məhv edilmişdi; başqa bir təyyarə Vaşinqton şəhərinin kənarındakı Pentaqonun bir hissəsini məhv etmişdi; dördüncü bir təyyarə Pensilvaniya ştatında qəzaya uğramışdı. Bu terror aktları maliyyə bazarlarına əhəmiyyətli şəkildə təsir etmişdi, çünki Dünya Ticarət Mərkəzi Nyu York Şəhərinin maliyyə mərkəzi olan Wall Street-in yaxınlığında yerləşirdi və bir çox maliyyə qurumlarının məhv olmuş binalarda və ya zədələnməsi və digər ehtiyat səbəblərdən yaxınlığa evakuasiya edilməli olan binalarda ofisləri var idi.
Bu hücumlar Nyu Yorkda böyük birjalarda ticarət əməliyyatları başlamadan baş verdiyi üçün, səhm birjaları həmin gün biznesə açılmadı və ticarət üçün yalnız 2001-ci il sentyabrın 17-də açıldı. Wall Street-də səhm bazarında ticarət yenidən başladıqda, səhmlərin dəyərləri əhəmiyyətli şəkildə azalmışdı.
Nyu York Ticarət Şurasının ticarət yeri, əmtəə birjası, Dünya Ticarət Mərkəzi kompleksində yerləşirdi və bu hücumlarda məhv edilmişdi. Həmin birja ticarəti sentyabrın 17-də 1993-cü ildə Dünya Ticarət Mərkəzinə terror hücumundan sonra açdığı ehtiyat məntəqədən bərpa edə bilmişdi.
Dövlət istiqrazlarının ticarəti bu hücumlardan sonra dayanmışdı və sentyabrın 13-də bərpa olunmuşdu, amma ticarət aşağı idi, çünki bir sıra əsas dövlət istiqrazı dilerlərinin idarələri Dünya Ticarət Mərkəzində yerləşirdi. Onlardan biri, Cantor Fitzgerald (bax Bölmə 7.3.2), bazarın aparıcı dövlət istiqrazları ticarətçisinin idarələri əkiz qüllələrdə yerləşirdi və həmin gün işləyən bütün işçilərini itirmişdi. Bu hücumlardan dərhal sonra bir çox banklar və digər maliyyə qurumları özlərinin Nyu Yorkda yaşayan işçilərini evakuasiya etmişdilər və bu maliyyə dünyasında daha çox parçalanmaya səbəb olmuşdu.
-
Hüquqi Risk
Hüquqi risk hüquqi hərəkətlərin qeyri-müəyyənliyi və ya müqavilələrin, qanunların və ya qaydaların tətbiq və ya yozulması ilə əlaqədar olan riskdir. Hüquqi risk ölkədən ölkəyə çox fərqlənir; bəzi hallarda, hüquqi risk aydın olmayan şəkildə qeyd olunmuş qanunlardan irəli gəlir və bunlar tutqun hüquqi yozulmaya gətirib çıxara bilər.
AI və ya ABŞ-da qəbul olunmuş qanunlar çox zaman sərhədləri keçir və bankın beynəlxalq bank fəaliyyətini məhdudlaşdıra bilər. Bütün dünyada mürəkkəb çirkli pulların yuyulması, terrorçuluqla mübarizə və müştərilərin məlumatlarının qorunması qanunvericiliyinin qəbul olunması ilə hüquqi risk daimi bir riskə çevrilmişdir.
MİSAL
2003-cü ilin dekabrında BK-ın Maliyyə Xidmətləri Orqanı (FSA) Abbey National Bankı (Abbey) çirkli pulların yuyulması ilə mübarizə üzrə qaydalara əməl etməməyə görə 2 milyon Britaniya funt məbləğində cərimələmişdir. Əslində hər hansı çirkli pul yuyulması halı baş verməsə də, bank Birləşmiş Krallıq hökumətinin qəbul etdiyi yeni çirkli pulların yuyulması ilə mübarizə üzrə qaydaları pozduğuna görə cərimələnmişdi. FSA-in məlumatına əsasən, 2001-ci ilin dekabr və 2003-cü ilin aprel ayları arasında Abbey çirkli pulların yuyulmasına nəzarət etmək üçün FSA-nın banklar üçün təyin etdiyi uyğunlaşma qaydalarına sistemli şəkildə əməl etməmiş və tənzimləmə göstərişlərin açıq-aydın etinasızlıq göstərmişdir. Abbey özünün uyğunluq sisteminə daxili təhlili başlatdıqda, məlum olmuşdur ki, filialların 1/3-i öz müştərilərinin kimliyini düzgün şəkildə yoxlamır, digərləri isə bankın mərkəzi uyğunluq funksiyasına mütəmadi olaraq düzgün məlumat göndərmirlər. Abbey-in əməl etməməsi həmçinin onu əks etdirirdi ki, onun ümumi uyğunluğun monitorinqi bərbad vəziyyətdədir və ümumiyyətlə uzunmüddətli müddətdə çatışmır. Bundan əlavə, Abbey şübhəli fəaliyyətlər barədə müvafiq hüquq mühafizə orqanına məlumat vermək məsələsində ləng idi və bu, bəzi hallarda dörd aya qədər gecikirdi.
-
Əməliyyat Zərəri Halları
Əməliyyat zərəri halları adətən onların baş verdiyi tezliklə və həmçinin potensial itkinin ciddiliyi ilə təsnif olunurlar. Şəkil 7.2-də göstərildiyi kimi, əməliyyat risklərin idarəedilməsi təcrübələri iki ümumi zərər növlərinə istiqamətlənirlər: tez-tez, amma kiçik təsir və ya ciddiliklə baş verən zərər halları (yüksək tezlik/aşağı təsirli hallar); və nadir, amma yüksək təsirlə baş verən zərər halları (aşağı tezlik/yüksək təsirli hallar). Banklar adətən digər fövqəladə hallarla maraqlanmırlar: aşağı tezlikli/aşağı təsirli halların idarə edilməsi və monitorinqi bu halların layiq olduğu və yüksək tezlikli/yüksək təsirli hallarına nisbətən daha baha başa gələcək və bu uğursuzluğa düçar olmuş çox zəif idarə edilə bir bank demək olardı. Şəkil 7.2-də göründüyü kimi, əməliyyat riskinin idarəedilməsi yüksək tezlikli əməliyyat riski hallarının çox az kəskin hallar və yüksək ciddiyə malik halların çox aşağı tezlikli hallar olmasına çalışmalıdır.
-
Yüksək Tezlik/Aşağı Təsir Riskləri (YTAT)
Fərdi təsadüfi səviyyədə, yüksək tezlik/aşağı təsirli (YTAT) əməliyyat risklərindən olan zərərlər kiçik ola bilər, amma ümumi şəkildə YTAT halları kifayət qədər əhəmiyyətli hesab olunur ki, bankın biznes qərar-vermə proseslərinə daxil edilsin. Bir çox maliyyə xidməti təminatçılar özlərinin məhsulun qiymətinin müəyyən olunması strukturlarında bu növ zərərləri nəzərə alırlar. Misal üçün, kiçik fırıldaqçılıq və proses uğursuzluqları nisbətən tez-tez (yüksək tezlik), lakin nisbətən aşağı ziyanla baş verə bilər və bunlar “bizneslə məşğul olmağın dəyəri” kimi qəbul olunur. YTAT riski adətən yaxşılaşan biznes səmərəlilikləri ilə idarə olunur.
MİSAL
İcazəsiz alışlar şəklində kredit kartı üzrə fırıldaqçılıq geniş yayılmışdır. Kredit kartlarından potensial olaraq icazəsiz xərclərin müəyyən olunması hər bir bankın əməliyyat riskinin idarə olunması funksiyasının ayrılmaz hissəsidir. İcazəsiz məxaricləri müəyyən etmək və qarşısını almaq üçün mürəkkəb kompüter proqramları hər bir kredit kartı üçün hər bir sövdələşməni təhlil edirlər. Sövdələşmələrin yeri, tezliyi, növü və məbləğinin əsasında bu proqramlar hər bir kart üçün özünəməxsus olan xərcləmə modelini müəyyən edirlər.
Əsasən Almaniyanın kənd ərazisində ərzaq məhsulları almaq üçün istifadə olunan bir kredit kartı dünyanın fərqli bir hissəsində bahalı daş-qaşın alınması üçün xərcləndikdə, bankın proqramı bu daş-qaşın alış-verişini kartın xərcləmə modelindən əsaslı fərqlənmə kimi müəyyən edir. Risklərin idarə olunması funksiyası adətən həmin kart üzrə hər hansı digər sövdələşmələri dayandırır və dərhal həmin sövdələşmələrin həqiqətən də kartın sahibi tərəfindən edildiyini və ya icazə verildiyini öyrənmək üçün onunla əlaqə saxlayır.
Əgər həmin kredit kartı sövdələşmələri kredit kartı sahibinin icazəsi olmadan edilmişdisə, bank təhlükə altına düşmüş kredit kartını uğurlu şəkildə müəyyən etmişdir və həmin sövdələşmələri etibarsız edəcək və ya ləğv edəcək. Sonra, bank təhlükə altına düşmüş həmin kartı yeni kredit kartı ilə əvəz edəcəkdir.
Bu proses bahalıdır. Banklar özlərinin kredit kartı qiymətləri strukturuna, haqlara, illik faiz dərəcələrinə və üzvlük haqlarına düzəliş etdikdə, bu çox zaman fırıldaqçılığın aşkar olunması və qarşısının alınması xərclərinin təminatı üçündür. Kredit kartı fırıldaqçılığı YTAT – yüksək tezlik, aşağı təsirlidir. Bahalı olmasına baxmayaraq, banklar kart sahiblərinin istifadəsinə yaxından nəzarət etməsələr, bunun təsiri daha böyük ola bilər.
-
Aşağı Tezlikli/Yüksək Təsirli Risklər (ATYT)
Aşağı tezlikli/yüksək təsirli əməliyyat riskləri risk idarə ediciləri üçün çətin bir ölçüdür. Əməliyyat riskinin bu kateqoriyasından olan zərərlər nadir hallarda baş verdiyi üçün, bu hadisələri modelləşdirmək və proqnozlaşdırmaq çətindir. Amma bu hadisələrin zərərləri həddindən artıq böyük ola bildiyi üçün, ATYT riskləri nəzərə alınmalıdır və idarə olunmalıdır. Təhlükəli ticarətçilər, terror hücumları və yanğınlar ATYT risklərinin misallarıdır. ATYT hadisələri bankın məhvi ilə nəticələnə bilər.
MİSAL
Cantor Fitzgerald brokerlik və investisiya bankı 11 sentyabr 2001-ci ildə Dünya Ticarət Mərkəzinə terror hücumlarında özünün Nyu York Şəhərindəki qərargahını itirmişdi. Şirkət həmin gün işdə olan 658 işçisinin hamısını itirmişdi və bu onun işçi qüvvəsinin təxminən üçdə ikisi deməkdir. Bununla belə, yerdə qalan işçilərinin bağlılığı və səyi, öz müştərilərinin əməkdaşlığı və ehtiyat resurslarının dəstəyinin (biznesin davamlılığının planlaşdırılmasının nəticəsi) hesabına Cantor Fitzgerald bir həftədə öz işini yenidən başlaya bilmişdi və beləliklə öz müştərilərinin ehtiyaclarının ödənilməsini və yerə qalan işçilərinin işləməyə davam edəcəklərini təmin etmişdi.
-
Əməliyyat Risklərinin İdarə Olunması
Əməliyyat risklərinin idarə olunması prosesinin məqsədi bankın ümumi risk səviyyəsini həm bankın yüksək rəhbərliyinə, həm də tənzimləyici nəzarətçi üçün məqbul olan bir səviyyəyə qədər azaltmaqdır. Tipik bir əməliyyat riskinin idarə olunması prosesi 7.4 Şəklində göstərilmiş beş əsas addıma bölünə bilər:
Şəkil 7.4 Əməliyyat riskinin idarə olunması prosesində addımlar
-
Tanıma – İlk addım bankın bütün xidmətlərini, proseslərini və prosedurlarını nəzərdən keçirmək və hər bir xidmət, proses və ya prosedurla əlaqədar mövcud olan potensial riskləri və nəzarətləri müəyyən etməkdir. Prosesin xəritəsinin çəkilməsi və özünü-qiymətləndirmə sorğu vərəqələri əməliyyat riskinin müəyyən olunmasında istifadə olunan adi metodlardır.
-
Qiymətləndirmə - Növbəti addım müəyyən olunmuş hər bir riski nəzərdən keçirmək və bu riskin potensial təsirinin azaldılmasında mövcud nəzarətlərin təsirliliyini qiymətləndirməkdir. Bu riskin qiymətləndirilməsi prosesi hər ümumi, həm də fərdi biznes vahidi səviyyələrində bankın risk profilinin yaxşı göstəricisidir və nəzarətin yaxşılaşdırılması tələb olunan sahələri işıqlandırır.
-
Ölçmə - Əməliyyat riskinin ölçülməsi hər bir müəyyən olunmuş riskdə potensial risklərin kəmiyyətinin müəyyən olunması deməkdir. Əməliyyat riski təşkilatın və ya müəyyən biznes vahidlərinin ölçüsünün əsasında sadə ölçülərdən istifadə etməklə təxmin edilə bilər və ya əvvəlki bölmədə müzakirə olunduğu kimi, tezlik və ciddiliyin əsasında modelləşdirilə bilər.
-
Zəiflətmə və nəzarət – Əməliyyat riskləri müəyyən olunduqdan, qiymətləndirildikdən və ölçüldükdən sonra, müəyyən olunmuş riskləri təşkilatın risk səviyyəsinə uyğun olan səviyyələrə qədər zəiflətmək üçün əlavə nəzarət və prosesin təkmilləşdirmələri işlənib hazırlana bilər və həyata keçirilə bilər. Proses tərtibatının gücləndirilməsi və vəzifələrin ayrılması əməliyyat riskinin azaldılması üzrə metodlara misallardır.
-
Monitorinq və hesabat vermə - Əməliyyat riskinin idarə olunması (və bütün risklərin idarə olunması) risklərin davamlı şəkildə idarə olunmasını və bank müdirlərinə, işçilərə və tənzimləyicilərə yığcam şəkildə, vaxtında çatdırılmasını tələb edir. Əməliyyat riski halları haqqında mütəmadi risk hesabatları bankın rəhbərliyinə təşkilatın əməliyyat riski profilini daha yaxşı başa düşmək və qiymətləndirməyə və risk hallarında gözlənilməz artımlara qarşısı qorumaq üçün tələb olunan ehtiyatları effektli şəkildə bölüşdürməyə imkan verir.
-
Əməliyyat Risklərinin İdarə Olunması Tədbirlərinin Funksional Strukturu
Banklar əməliyyat riskinin idarə etmək üçün bir sıra təşkilati strukturun arasında seçim edə bilərlər. Bu tərtibatlar bankın daxili təşkilatının daxilində həyata keçirmə və yerləşmə barədə bir-birindən fərqlənirlər. Adətən, bankın əməliyyat riskinin idarə olunması funksiyası aşağıdakı biznes strukturlarıdır və ya onların bir hissəsidir:
-
Mərkəzləşmiş risk funksiyası, hansı ki, bütöv bankda risklərin idarə olunması üzrə məsuldur.
-
Biznes xətti risk funksiyası, hansı ki, fərdi biznes xəttinin qiymətləndirilməsi üzrə cavabdehdir.
-
Fərdi biznes bölməsi risk funksiyası, hansı ki, biznes bölməsi üçün əməliyyat risklərinin idarə olunması üzrə məsuldur və mərkəzi risklərin idarə olunması qrupu və ya funksiyası tərəfindən dəstəklənir.
Səmərəliliyə nail olmaq üçün, banklar adətən qarışıq yanaşma qəbul edirlər. Bir çox banklar risklərin təhlili funksiyasını mərkəzi olaraq baş qərargah və ya əsas idarə səviyyəsində yerləşdirir. Risklərin monitorinqi funksiyaları biznes bölmələrinə mümkün qədər yaxın yerləşirlər. Əməliyyat riskinin idarə olunması funksiyaları üçün aydın rolların və vəzifələrin müəyyən olunması əməliyyat riskinin idarə olunması sistemini gücləndirir. Bankın öz risklərin təhlili, monitorinqi, ölçülməsi və idarə olunması funksiyalarını necə strukturlaşdırmasından asılı olmayaraq, şirkət üzrə əməliyyat riski profilini qurmaq üzrə iki əsas yanaşma mövcuddur:
-
Yuxarıdan aşağı təhlil prinsipi ilk olaraq təşkilatın daxilində ən yüksək və ya ən geniş səviyyələrdən riskin ümumi qiymətləndirməsini qurur; bax aşağıda Şəkil 7.5. O, daha sonra riskləri ayrı-ayrı tərkib hissələrinə bölməklə, ayrı-ayrı prosesləri və onların müvafiq risklərini diqqətlə nəzərdən keçirməklə bu portfel-səviyyəsindəki qiymətləndirməni saflaşdırır. Bu təhlil riskin potensial təsirlərini daha yaxşı qiymətləndirilməsi məqsədilə hər zaman geniş-əsaslı yanaşmadan getdikcə daha spesifik yanaşmaya doğru – portfel səviyyəsindən, biznes xətti səviyyəsinə, biznes bölməsi səviyyəsinə - hərəkət edir. Bu təhlilin nəticələri daha sonra həm ayrı-ayrı riskləri, həm də onların maliyyə təsirlərinin ciddiliyini qiymətləndirmək üçün istifadə olunur və şirkətin əməliyyat riski kapital hesablamaları üçün məlumat verir.
Şəkil 7.5 Əməliyyat riski – yuxarıdan aşağı təhlil prinsipi
|
MİSAL
1990-cı ildə mərkəzi Nyu Yorkda yerləşən Bankers Trust bankı özünün əməliyyat risklərini qiymətləndirmək üçün yuxarıdan-aşağı təhlil prinsipini başlatmışdır. Bu prosesdə ilk addımlardan biri bankın əsas biznes xətti müdirlərinə özlərin biznesi daxilində “onları gecələr yatmağa qoymayan” potensial zərər ssenariləri barədə soruşmaq idi. Bu bizneslərin hər biri üçün hər bir müdirdən qarşılaşdıqları əməliyyat risklərini qiymətləndirməsi istənilmişdi. Sonra, onlar hər bir biznes üçün keçmiş zərərləri kəmiyyət şəklində qiymətləndirdilər və bu risklərin yenidən baş verə biləcəyi ehtimalını qiymətləndirdilər. Müdirlərdən həmçinin bu əməliyyat risklərinin təsirini zəiflətmək üçün effektli risk cavab yanaşmaları barədə soruşulmuşdu. Bu təhlil risk siniflərinin geniş siyahısının yaradılmasına gətirib çıxardı. Bu siyahı daha sonra bankın hər bir növ əməliyyat riski ilə ümumi qarşılaşmasını kəmiyyətə çevirmək üçün istifadə olunmuşdur.
-
Aşağıdan-yuxarı təhlil prinsipində, birinci olaraq risklərin idarə olunması funksiyası hər bir biznes bölməsinin daxilində bütün prosesləri ayrı ayrılıq da qiymətləndirir və hər bir bölmənin risk profilini yoxlayır; sonra o müəyyən olunmuş riskləri şirkət səviyyəsində birləşdirir. Bu məlumat şirkət səviyyəsində risk profilini yaratmaq üçün risklərin idarə olunması komitəsinə və ya digər nəzarətedici riskə nəzarət funksiyasına təqdim olunur. Bu risk profili hər bir fərdi biznes proseslərinin risk profillərinin birləşməsidir; bax aşağıda Şəkil 7.6. Bu nəticələrin əsasında, bankın əməliyyat riski kapitalı qiymətləndirilir.
Şəkil 7.6 Əməliyyat riski – aşağıdan-yuxarı təhlil prinsipi
|
MİSAL
Tokyo-Mitsubishi UFJ Bankı risklərin idarə olunması üzrə mürəkkəb məlumat bazası yaratmışdı və orada hər bir risk halı təhlil olunurdu. Bu sistemə 103 müxtəlif növ risk daxil idi. Hər bir risk halı üçün, müvafiq risk növləri müəyyən olunmuşdu və menecerlər hansı potensial zərərlərin ola biləcəyini; bu halların hər il hansı tezliklə baş verməsi ehtimalının olduğunu qabaqcadan görməli, risk halının baş verməsini qabaqcadan görə bilən amilləri izah etməli, bu əməliyyat risklərini azalda biləcək prosedurların siyahısını tərtib etməli və bu prosedurların nə dərəcədə effektli ola biləcəyini qiymətləndirməli idilər.
Bankers Trust və Tokyo-Mitsubishi UFJ Bankının əməliyyat riskinin idarə olunması prinsipi bənzər görsənsə də, bu ikisi arasında bir əsas fərq mövcuddur. Bankers Trust özünün tarixi təcrübəsinin əsasında şirkət boyu əməliyyat riskinin siyahısını yaratmışdır ki, bu da ona özünün ümumi əməliyyat riskinə məruz qalmasını ölçməyə imkan vermişdir. Tokyo-Mitsubishi UFJ Bankı özünün hər bir biznes proseslərinə baxırdı və bu özünü qiymətləndirmənin əsasında əməliyyat riskinin idarə olunması və ölçülməsi prinsiplərini işləyib hazırlamışdı. O, sonra bankın ümumi əməliyyat riskləri üzrə hesablamalarını bu nəticələrə əsaslandırmışdı.
Bank bu prinsiplərdən hansını qəbul etməsindən asılı olmayaraq, – yuxarıdan aşağıya və ya aşağıdan yuxarıya – o davamlı olaraq dəstəklənməlidir və bankın ümumi risk profilinə uyğun olmalıdır. Bu qərara təsir edən amillərə bankın fəaliyyətinin həcmi, mürəkkəbliyi, təbiəti və kompleksliyi daxildir.
-
Əməliyyat Risklərinin Müəyyənləşdirilməsi, Qiymətləndirilməsi və Hesablanması
Əməliyyat riskinin idarə olunması bankın xidmətləri, siyasətləri və prosedurlarına xas olan risklərin tanınması və qiymətləndirilməsi ilə başlayır. Əməliyyat risklərini öyrənmək, qiymətləndirmək və təhlil etmək üçün istifadə olunan mövcud ən yaxşı təcrübələrə aşağıdakılar daxildir:
-
Audit nəzarəti – fərdi biznes proseslərinin xarici auditorlar tərəfindən təhlilinə istiqamətlənir, bu təcrübəsi adətən aşağıdan yuxarı təhlili prinsipini tamamlamaq üçün istifadə olunur.
-
Tənqidi özünü qiymətləndirmə - hər bir biznes bölməsi qarşılaşdığı əməliyyat risklərinin mahiyyətini təhlil edir. Bu subyektiv metod keçmiş zərərlərin tezliyi və ciddiliyinin qiymətləndirilməsi daxil olmaqla müxtəlif risklərin siyahıya alınması ilə nəticələnir. Çox zaman bu prinsipə yoxlama siyahıları və sorğu vərəqələri kimi riskə nəzarət proseslərinin işlənib hazırlanması daxil olur. Bu aşağıdan yuxarı təhlil prinsipidir.
-
Risk xəritəsinin qurulması – rəhbərliyə bankın daxilində əməliyyat çatışmazlıqlarının yerləşməsini başa düşməkdə kömək etmək üçün proseslərin axınlarını, təşkilati bölmələri və biznes bölmələrini müxtəlif əməliyyat riski növləri ilə əlaqələndirir. Bu aşağıdan yuxarı təhlil prinsipi hesab olunur.
-
Səbəb şəbəkələri – birbaşa və ya dolayısı yolla əməliyyat riski halına səbəb olan amillərin xəritəsini yaradır. Mürəkkəb modellərdən istifadə etməklə, bu səbəb şəbəkələri əməliyyat riski zərərlərinin böyüklüyünü və bölünməsini ölçmək və onların anlaşılmasını təkmilləşdirmək üçün istifadə olunur. Bu aşağıdan yuxarı təhlil prinsipi geniş şəkildə istifadə olunur, çünki o risklərin səbəblərini əhatə edir.
-
Əsas risk göstəriciləri – zaman keçdikdə risklərdəki dəyişiklikləri ölçür ki, riskli fəaliyyətin obyektiv statistik metodlardan necə istifadə etdiyi hesablana bilsin. Bu prinsip bir fikrin üzərində qurulur ki, fəaliyyətin əsas risk göstəricisi olan fəaliyyətlər artdıqca, fəaliyyətin əməliyyat riski halının ehtimalı və böyüklüyü də artır. Erkən xəbərdarlıq nişanlarından istifadə etməklə - işçilərin axıcılığının, ticarətin həcmlərinin, uğursuz ticarətlərin sayının, bir biznes bölməsinin daxilində səhvlərin tezliyi və ciddiliyinin və s. artması – potensial zərərlər hesablana bilər. Bu prinsip həm yuxarıdan aşağı, həm də aşağıdan yuxarı ola bilər.
-
Aktuarial modellər - əməliyyat riski zərərlərinin tezliyi və böyüklüyünə istiqamətlənir və daxildə toplanmış və ya xaricdən alınan məlumata əsaslanır. Bu prinsip sığorta sahəsindən riyazi modelləşdirmə metodlarından istifadə edir və həm aşağıdan yuxarı, həm də yuxarıdan aşağı modelləşdirmə prinsipindən istifadə edilə bilər.
-
Dostları ilə paylaş: |