Xacə Nəsirəddin Tusi (1201-1274). Həyatı


Nəsirəddin Tusinin pedaqoji fikirləri



Yüklə 23,33 Kb.
səhifə2/5
tarix31.12.2021
ölçüsü23,33 Kb.
#113624
1   2   3   4   5
Xacə Nəsirəddin Tusi

Nəsirəddin Tusinin pedaqoji fikirləri. Nəsirəddin Tusi qeyd edir ki, uşaqda təmiz, idraki qüvvələrdən ən əvvəl utanmaq, həya əlamətləri özünü göstərir. Deməli, diqqət edilməli, fikir verilməlidir: əgər uşaq həyalıdırsa əksər halda başını aşağı salıb sırtıqlıq etmirsə, bu onun nəcibliyinə sübutdur; bu o deməkdir ki, onun nəfsi çirkin əməllərdən ikrah edib, gözəl işlərə meyl göstərir, bu əlamət həmin istedadın uşaqda olduğuna dəlalət edir. Belə isə həmin uşağın tərbiyəsinə xüsusi fikir verilməli, heç bir şeyi əsirgəməməli, istedadın sönüb getməsinə yol verilməməlidir. Tərbiyənin birinci şərti budur ki, uşağı onun təbiətini korlaya biləcək adamlarla və şeylərlə oturub-durmağa və oynamağa qoymayasan, çünki uşaq nəfsi sadə olar, ətrafdakıların xasiyyətini tez götürər.

Nəsirəddin Tusi xeyirli işləri uşağın yanında tərifləməyi, zərərli şeyləri pisləməyi məsləhət görür. O, göstərir ki, uşaqda pis adətlərə, bəd əməllərə nifrət yaratmaq lazımdır. Uşaq inkişafın ilk anlarında çoxlu səhvlərə yol verərsə, qəbahətli iş görər, çox zaman yalançı, paxıl, oğru, xəbərçi, tərs və inadkar olar, füzulluq edər, dediyindən əl çəkməz, başqalarını da zərərli və xoşagəlməz iş tutmağa vadar edər, sonra isə tənbeh və tərbiyə yaşı keçər. Deməli, uşağı körpəlikdən tərbiyə etmək lazımdır. Sonra dərs öyrətməyə, təlimə başlarlar. Hikmətli kəlamlar, tərbiyəvi şerlər əzbərlədərlər ki, öyrətmək istədikləri şeylər yadında qalsın.

Nəsirəddin Tusi göstərirdi ki, uşaqda hamıya qarşı təvazökarlıq, yaxın adamlara hörmət qoymaq təlqin edilməli, özündən zəiflərə əl qaldırıb özündən güclülərə boyun əymək, tay-tuşlarına paxıllıq etmək qadağan olunmalıdır. Uşaq özündən böyüklərə, tərbiyəçisinə, özünə hörmət və xidmət etməyi bilməlidir. Xüsusi səbəb olmadıqda başqa uşaqları danlamağa qoymamalı, günahları olduqda isə təhrik etməli, yaxşı iş gördükdə, kömək göstərdikdə tərifləməli, mükafat verilməlidir ki, insanlara yardım etmək onun qanına işləsin, adətə keçsin.

Ümumiyyətlə, Nəsirəddin Tusi uşaqlarda xeyirxah olmaq, insanlarla oturub-durmağı, həmişə bəd əməllərdən uzaq olmağı, böyüklərə, kiçiklərə, həmyaşıdlarına və özünə hörmət etməyi, əlindən gələn yaxşılığı kimliyindən asılı olmayaraq etməyi, pislikdən uzaqlaşmağı, tamahkarlıqdan, xəsislikdən uzaqlaşmağı da məsləhət görür.

Bundan savayı o, uşaqların tərbiyə olunmasında tərbiyəçinin hansı xüsusiyyətlərə malik olması haqqında da çox qiymətli fikirlər söyləmişdir. Tərbiyəçinin ağıllı, vicdanlı, əxlaq normalarına, uşaq ruhiyyəsinə bələd, şirin danışıqlı, insaflı rəftarlı, pak və təmizlikdə məşhur olmaq kimi tələblər qoyurdu.

Tusi uşaqların tərbiyəsində ailənin roluna diqqət verir. O qeyd edirdi ki, mənzil dedikdə, palçıq, daş, kərpicdən tikilən bina nəzərdə tutulmur, burada həmçinin ərlə arvad, valideynlə övlad münasibətləri də olmalıdır. Ailə başçısı ailə üzvlərinin yerini və vəzifəsini bilməlidir. Təbiətdə olduğu kimi insan orqanizmində də hər üzvün öz vəzifəsi var. Ümumi mənafe üçün bu vəzifələr birləşəndə bədənə xidmət edir. Ailə üzvləri də belə olmalıdır. Ailə üzvləri ayrılıqda fərddir, hər birinin öz xarakterik xüsusiyyəti var. Lakin onlar birlikdə bir məqsədə xidmət etməlidirlər ki, ailədə iş düzgün getsin. Ailə münasibətlərində kişi, qadın münasibətlərini geniş təhlil edir və göstərir ki, yaxşı qadın, yaxşı ana yaxşı uşaq tərbiyə edə bilər. Dahi alim adqoyma məsələsinə də toxunaraq söyləyir ki, ailə uşağa yaxşı ad qoymalıdır ki, o, gələcəkdə öz adından xəcalət çəkməsin. Yaxşı ad xoşbəxtlik nişanəsidir.

Dahi mütəfəkkir alim, müəllim məsələsinə də toxunmuş, onun uşaqların tərbiyəsində böyük roluna xüsusi əhəmiyyət vermişdir. O, özünün nümunəvi olması, peşəsinin isə son dərəcə məsuliyyətli olması qeyd etmişdir, müəllimi ata ilə bərabər tutur və yazır: “Müəllimlərin ədəb və tərbiyə öyrətmələri əsl vücuda nisbətən ikinci, ata-babaların tərbiyəsinə nisbətən isə şərəflidir və həqiqətən müəllim cismani atadır”. Mütəfəkkir müəllim şərəfini yüksəldən belə hikmətli ifadəyə müraciət edərək yazır:

“İskəndərdən soruşurlar: “atanı çox sevirsən, yoxsa müəllimi?” – dedi: “Müəllimi. Atam məni dünyaya gətirmişdir, müəllimim isə mənə əbədiyyət bəxş etmişdir”. Beləliklə, N.Tusi müəllimin uşaq üzərindəki əzab və əziyyətini ata zəhmətinə bərabər tutmaqla öz fikrini belə ümumiləşdirir: “Müəllimin tələbəyə olan məhəbbəti xeyirxahlıq məhəbbəti nöqteyi-nəzərindən də atanın oğula onan məhəbətindən üstün olar, çünki onun tərbiyəsi tam fəzilət, mənəvi qida, xalis hikmət əsasında olar.” Ona görə də o uşaqların tərbiyəsini, onların tərbiyəsinin düzgün, qüsursuz aparılması üçün, dunu saf, pak tərbiyəçilərə tapşırılmasına tövsiyə edir.

N.Tusi doğulan uşaq üçün ağıllı və sağlam bir dayə tapmağı məsləhət görür. Çünki pis adət və xəstəliyin çoxu süd vasitəsilə uşağa keçir.


Yüklə 23,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin