Xəbər bülleteni №25



Yüklə 449,42 Kb.
səhifə4/6
tarix21.10.2017
ölçüsü449,42 Kb.
#8036
1   2   3   4   5   6

03.03.2016

tibbMartın 3-də Səhiyyə Nazirliyi rəsmi məlumat yayaraq sertifikasiya şəhadətnaməsini elektron qaydada əldə etməyin mümkün olduğunu bildirib. Məlumata görə, E-health.gov.az saytına daxil olub “Sertifikasiya şəhadətnaməsinin çapı” elektron xidməti barədə təlimatda göstərilən ardıcıllıqla sertifikasiya şəhadətnaməsini çap etmək mümkündür. Həmin saytda qeydiyyatdan keçməyənlər Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin rəsmi portalında qeydiyyatdan keçmənin təlimatında göstərilən formada qeydiyyatdan keçə bilər.

Əlavə məlumat almaq üçün 433-08-93 nömrəli telefona zəng etmək və ya info@snsk.az elektron poçtuna yazmaq olar.

Sertifikasiyanın məqsədi əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanmasıdır. Sertifikasiya prosesinə beş ildə bir dəfə ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş səhiyyə mütəxəssisləri cəlb olunur.

2016-cı ilin yanvar ayından sertifikasiya imtahanı bir mərhələdə keçirilir. Müsahibə mərhələsi ləğv olunub.

İdman mərc oyunlarına nəzarət funksiyası yeni palataya verilir

03.03.2016



mm-komite 1
Martın 3-də Milli Məclisin gənclər və idman komitəsinin iclasında “Bədən tərbiyəsi və idman haqqında” qanunda dəyişikliklər layihəsi müzakirə olunub. AZƏRTAC xəbər verir ki, qanunun 53-1.5-ci maddəsində “dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı” sözləri “nəzarət maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilir. Bununla da idman mərc oyunlarına nəzarət funksiyası yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatasına verilir.

Qanuna əlavə edilən 53-1.7-ci maddədə qeyd edilir ki, “idman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarəti həyata keçirən maliyyə bazarlarına nəzarət orqanı həmin orqanın müəyyən etdiyi məbləğdə və qaydada idman mərc oyunlarından əldə olunan haqlar hesabına maliyyələşir”.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Maliyyə Bazarlarına Nəzarət Palatası fevralın 3-də prezident İlham Əliyevin fərmanı ilə yaradılıb. Fərmana görə, yeni palata qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədi ilə yaradılır.

Maliyyə Bazarlarına Nəzarət Palatasında 5 nəfər üzvdən ibarət Direktorlar Şurası olacaq. Şura sədrinin və üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini ölkə prezidenti həyata keçirəcək.

Maliyyə Bazarlarına Nəzarət Palatasının nizamnaməsi qüvvəyə mindiyi gündən Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti ləğv ediləcək və onların istifadəsində olan dövlət əmlakı Maliyyə Bazarlarına Nəzarət Palatasına veriləcək.

ABŞ Dövlət Departamenti: “Azərbaycan narkotiklərin daşınmasında tranzit ölkə olaraq qalır”

03.03.2016



department 1
ABŞ Dövlət Departamenti Konqresə “Beynəlxalq Narkotiklərə Nəzarət Strategiyası 2016” hesabatı təqdim edib. Azadliq.org-un məlumatına görə, ikicildlik hesabatın birinci cildi narkotiklərə nəzarətə, ikinci cildi pul yuma və maliyyə cinayətləri ilə mübarizəyə həsr olunub.

Azərbaycanın adı birinci cilddə yer alıb. Hesabatda bildirilir ki, Azərbaycan Əfqanıstan və İrandan Avropaya, Rusiyaya uzanan böyük narkotik yolunun üstündədir, narkotiklərin daşınmasında tranzit ölkə olaraq qalır: “Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) 2014-cü ildəki ehtimalına görə, ölkədən hər il 5,8 ton narkotik daşınır, bu narkotikin yalnız10-12 faizi müsadirə olunur”.

Hesabata əsasən, 2015-ci ildə Daşkəsəndə bir dəfəyə 1,45 ton, Goranboyda bir dəfəyə 3,6 ton marixuana müsadirə olunub. Rəsmi məlumata istinadla Azərbaycanda narkotikdən istifadənin, becərmə və hazırlamanın xırda miqyaslı olduğu qeyd edilir, ancaq hökumətin problemi lazımınca qiymətləndirə bilməmək ehtimalının olduğu vurğulanır.

Hesabatda deyilir ki, hökumətin narkotiklərdən istifadəyə qarşı proqramları yetərli deyil və Azərbaycanda narkotikdən müalicə mərkəzlərinə əlavə dəstək faydalı olardı.

Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə, ötən il narkotiklə bağlı 2 min 935 cinayət aşkarlanıb, 169 nəfərdən ibarət 63 cinayətkar qrup zərərsizləşdirilib.

Cəbrayılın və Laçının icra başçıları prezidentin etibarını niyə itiriblər?

04.03.2016

zeynal nagdeliyev 1
Martın 3-də prezident İlham Əliyev sərəncamlar imzalayaraq Mahmud Quliyevi Cəbrayıl Rayon İcra Hakimiyyətinin, Akif Səlimovu Laçın Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrindən azad edib. Həmin gün Prezident Administrasiyası rəhbərinin müavini, regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev AZƏRTAC-a və APA-ya şərhində icra başçılarının vəzifədən azad olunmasını belə əsaslandırıb: “Prezident İlham Əliyev son müşavirədə yerli icra hakimiyyəti orqanlarının rəhbərləri qarşısında mühüm tələblər qoyub və qeyd edib ki, onlar insanlara xidmət göstərməli, əhalinin problemlərini həll etməli, qayğıları ilə yaşamalıdırlar, dövlət məmurları və onların ailə üzvləri özlərini təvazökar aparmalı, xalqla birlikdə olmalıdırlar və məhz bu amillərə görə onların fəaliyyətlərinə qiymət veriləcək.

Əhalidən gələn şikayətlər, aparılan təhlillər göstərib ki, bəzi yerli icra hakimiyyəti orqanlarının rəhbərləri qeyd edilənlərdən nəticə çıxarmayıblar. Laçın və Cəbrayıl rayonlarının icra hakimiyyəti başçıları da məhz elə o səbəbdən vəzifələrindən azad ediliblər. Onlar öz fəaliyyətlərini Azərbaycan prezidentinin qarşımıza qoyduğu tələblər səviyyəsində qura bilməyib, vətəndaşların problemlərinə laqeydlik, biganəlik göstərib, insanlarla münasibətdə qeyri-səmimilik və kobudluq nümayiş etdirib, təvazökarlıqdan uzaq hərəkətlərə yol veriblər. Vəzifədən azad edilən icra başçıları amiranəlik, təkəbbürlük, qərəzçilik, tənqidə qarşı dözümsüzlük nümayiş etdiriblər və nəticədə rayonun problemlərindən uzaq düşüb, sakinlərin haqlı tələblərinə məhəl qoymayıb, əhali arasında nüfuzlarını itiriblər”.

Zeynal Nağdəliyev qeyd edib ki, Mahmud Quliyev və Akif Səlimov Azərbaycan prezidentinin etimadını doğrulda bilməyiblər, daha dəqiq desək, etibarını itiriblər: “Prezident İlham Əliyev “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı”nın ikinci ilinin yekunlarına həsr olunmuş toplantıda vurğulayıb ki, ölkədə heç kəs toxunulmaz deyil, əgər bəzi yüksək vəzifəli şəxslər qanunu pozurlarsa, öz vəzifə borclarını yerinə yetirə bilmirlərsə, onlar mütləq cəzalandırılacaqlar” ( “Heç kimin imtiyazı ola bilməz. Heç kim toxunulmaz deyil”).

Transparency.az bildirir ki, Mahmud Quliyev Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə Heydər Əliyevin prezidentliyi dövründə, 2000-ci il dekabrın 18-də təyin olunmuşdu. Akif Səlimov isə 2013-cü il martın 4-dən Laçın Rayon İcra Hakimiyyətinin başçısı idi.

Bütün xarici valyutalar bahalaşıb

04.03.2016



avro 1Azərbaycan manatı martın 4-də Mərkəzi Bankın siyahısındakı bütün valyutalar, o cümlədən ABŞ dolları, avro, Rusiya rublu qarşısında dəyər itirib.

Transparency.az xəbər verir ki, ABŞ dollarının rəsmi kursu 1,5843 manatdan 1,6019 manata qalxıb.

Avronun satış kursunda daha böyük artım qeydə alınıb. Ötən gün 1,7204 manata təklif olunan avro martın 4-də 1,7536 manata satılır.

Rusiya rublunun məzənnəsi isə 0,0217 manatdan 0,0219 manata yüksəlib.

Digər valyutalar üzrə 4 mart məzənnəsi belədir:

1 BƏƏ dirhəmi – 0,4361 manat

1 Çin yuanı – 0,2458 manat

1 gürcü larisi – 0,6485 manat

1 ingilis funt sterlinqi – 2,2679 manat

100 İran rialı – 0,0053 manat

1 İsveçrə frankı – 1,6143 manat

1 Küveyt dinarı – 5,3246 manat

1 türk lirəsi – 0,5498 manat.

Vizaların sadələşdirilməsinə sərəncam verildi

04.03.2016

prezident-ferman
Dövlət başçısı İlham Əliyev Formula 1 Avropa Qran Pri yarışına görə Azərbaycana gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsinə sərəncam verib. Yarış iyunun 17-dən 19-dək Bakıda keçiriləcək.

Sərəncama əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin yerli beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər.

Bu sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilir: Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Management Limited” şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq daimi akkreditasiyadan keçməni təsdiq edən sənəd; Formula 1 Avropa Qran Pri yarışına bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər viza almaq üçün aşağıdakı müddətlərdə müraciət edə bilərlər:

- təşkilati məsələlərlə əlaqədar gələn və “Formula One Management Limited” şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq daimi akkreditasiyadan keçmiş şəxslər — 2016-cı il mayın 15-dən iyunun 30-dək;

- Formula 1 Avropa Qran Pri yarışında iştirak edən komandaların üzvləri və nümayəndə heyətləri — 2016-cı il iyunun 1-dən 20-dək;

- “Formula One Management Limited” şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq daimi akkreditasiyadan keçmiş jurnalistlər, habelə Formula 1 Avropa Qran Pri yarışına bilet əldə etmiş şəxslər — 2016-cı il iyunun 10-dan 20-dək.

Mərkəzi Bank uçot dərəcəsini yenə qaldırdı

04.03.2016

merkezi bank
Mərkəzi Bank faiz dəhlizinin parametrlərini yenidən nəzərdən keçirib. İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7% müəyyən edilib.

Transparency.az bildirir ki, uçot dərəcəsi Mərkəzi Bankın kommersiya banklarına verdiyi borclar üzrə faiz dərəcəsidir. Azərbaycanda Mərkəzi Bank kredit təşkilatlarına kreditləri bu il fevralın 15-dək 3% dərəcəsi ilə verib. Həmin gün Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsini 5%, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 2%, yuxarı həddini isə 10% səviyyəsində müəyyən etmək barədə qərar çıxarmışdı.

Martın 4-də Mərkəzi Bankın yaydığı rəsmi açıqlamada deyilir: “Dayanıqlı makroiqtisadi sabitliyin təmin olunması, o cümlədən milli valyutadan yığım vasitəsi kimi daha geniş istifadənin təşviqi, pul-maliyyə bazarlarının inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Dövlət qiymətli kağızlarının yüksək gəlirliklə yerləşdirilməsi, milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin isə daha yüksək səviyyədə müəyyən olunması manata etimadın gücləndirilməsinə yönəlib.

Makroiqtisadi sabitliyin təmin olunması hədəflərini və pul-maliyyə bazarlarındakı yeni meylləri nəzərə alan Mərkəzi Bank faiz dəhlizinin parametrlərini yenidən nəzərdən keçirib. İdarə Heyətinin qərarı ilə 4 mart 2016-cı ildən uçot dərəcəsi 7%, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin yuxarı həddi isə 17% səviyyəsində müəyyən edilib. Likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddi isə dəyişməz olaraq 2% səviyyəsində saxlanıb.

Eyni zamanda qərara alınıb ki, faiz dəhlizinin aşağı və yuxarı hədləri səviyyəsində olan faiz dərəcələri ilə likvidliyin verilməsi və cəlb olunması əməliyyatlarının müddəti 1 gündən 7 günədək uzadılsın. Banklar qısamüddətli likvidliyin idarə olunması məqsədilə Mərkəzi Bankın çərçivə aləti olan 1-7 günlük repo/əks-repo əməliyyatlarından öz təşəbbüsləri ilə istifadə edə bilər. Bunlardan əlavə məcburi ehtiyat normalarının differensiallaşdırılmasına dair də qərarlar qəbul edilib, müvafiq normativ baza hazırlanıb. Bu barədə əlavə məlumat veriləcək”.

“Gömrük Komitəsinin öhdəliyini ən azı 30 faiz artırmaq olar”

04.03.2016

qubad ibadoglu 1Dövlət Gömrük Komitəsi quru meyvələrin gömrük orqanlarında rəsmiləşdirilən qiymətləri ilə daxili bazarda faktiki satış qiymətləri arasında ciddi fərqlərin olması barədə iddialarla bağlı açıqlama yayıb. Açıqlamada deyilir: “Statistik məlumatların təhlili göstərir ki, kütləvi informasiya vasitələrində təqdim olunan “idxal qiymətləri” Dövlət Gömrük Komitəsinin məlumat bazasında olan, sahibkarların faktiki bəyan etdiyi gömrük dəyəri göstəricilərindən tamamilə fərqlənir. Malların gömrük rəsmiləşdirilməsi gömrük orqanlarına bəyan olunan gömrük dəyəri əsasında aparılır və gömrük ödənişləri gömrük dəyəri əsasında hesablanır. Gömrük dəyəri anlayışı malın faktiki bazar qiyməti anlayışından fərqli iqtisadi kateqoriyadır və onun digər dövlətlərdə olduğu kimi Azərbaycanda da malların faktiki satış qiymətindən fərqlənməsi tam təbiidir. Malların satış qiymətini sahibkarlar müəyyən edir və gömrük dəyəri ilə yanaşı müxtəlif gömrük ödənişlərini (gömrük rüsumları, ƏDV, gömrük rəsmiləşdirilməsinə görə yığımlar və s.) ehtiva edir. Bu qiymətlər digər iqtisadi amillərlə yanaşı əsasən tələb və təklif arasında nisbətdən və bazarın liberallıq dərəcəsindən asılıdır. Eyni zamanda daxili bazarda satış qiymətlərinə həmin malların təklifi ilə bağlı alıcıların rasional gözləntiləri, mövsümi dəyişikliklər, bayram öncəsi ajiotaj kimi daha mürəkkəb faktorlar təsir edir” (Açıqlamanın tam mətni).

Transparency.az-ın məlumatına görə, iqtisadçı ekspert Qubad İbadoğlu Dövlət Gömrük Komitəsinin açıqlamasına belə münasibət bildirib: “Dövlət Gömrük Komitəsi özü-özünü təkzib edir və etiraf olunur ki, güzgü metodologiyası ilə aparılan araşdırmalar nəticəsində fərqlərin əmələ gəlməsinin əsas səbəbi gömrük dəyərinin məqsədli şəkildə aşağı rəsmiləşdirilməsidir. Komitənin açıqladığı cədvəl məlumatlarından görünür ki, bir sıra məhsullar üzrə gömrük dəyəri ilə pərakəndə satış qiyməti arasında ən azı 2 dəfə, ən çoxu 15 dəfəyədək fərq var. Bunu yalnız gömrük dəyərinin aşağı rəsmiləşdirilməsi ilə izah etmək olar. Məhz bu səbəbdən də ayrı-ayrı ölkələr üzrə güzgü metodologiyası üzrə aparılan müqayisəli tədqiqatlarda yol verilən normadan 3-5 dəfə kənarlaşmalar üzə çıxır.

Qurumun son məlumatı ekspertlərin dəfələrlə bəyan etdiyi çox vacib həqiqəti aşkarladı və məlum oldu ki, gömrük dəyərində az hesablanan və aşağı məbləğlə xarakterizə edən gömrük rüsumları, ƏDV, aksizli mallar üzrə aksiz vergisinə görə dövlət büdcəsi hər il 100 milyonlarla manat itirir. Ona görə də, əvvəllər qeyd etdiyim kimi, Dövlət Gömrük Komitəsinin bu ilin dövlət büdcəsi qarşısındakı öhdəliklərini ən azı 30 faiz artırmaq olar (Ekspert Dövlət Gömrük Komitəsinin iradlarına cavab verdi).

İdxal malının satış qiymətini formalaşdırmaq üçün gömrük dəyərinin üzərinə idxal malına hesablanan gömrük rüsumları, ƏDV, gömrük rəsmiləşdirilməsinə görə yığımları, topdansatış müəssisələri üzrə ƏDV, pərakəndə satış obyektləri üzrə sadələşdirilmiş vergi, hər iki həlqədə əldə edilə bilən mənfəət səviyyəsi, həmin malın anbarlardan mağazaya çatdırılması üçün nəqliyyat xərcləri və aksizli mallar üzrə aksiz vergilərini də əlavə etmək lazımdır. Təbii ki, bu, qiymətlər arasında fərqi azaldacaq, amma azalma dəfələrlə deyil, faizlərlə ifadə olunacaq”.

Transparency.az bildirir ki, 2016-cı ildə dövlət büdcəsinin gəlirləri 16 milyard 822 milyon manat proqnozlaşdırılır. Dövlət büdcəsi gəlirlərinin 1 milyard 810 milyon manatı və ya 10,7 faizi Gömrük Komitəsinin xətti ilə daxilolmaların payına düşəcək.

9 ayda nikaha girmək istəyən 107500 şəxs müayinədən keçib

04.03.2016

tibb 12015-ci ilin iyun ayının 1-dən bəri (9 ay ərzində) nikaha girmək istəyən 107500 şəxs müayinədən keçib. Onların 6228-nin talassemiya daşıyıcısı olduğu aşkarlanıb. Səhiyyə Nazirliyinin mətbuat xidməti martın 4-də belə məlumat yayıb.

Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyinin müəyyən etdiyi dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.

Ailə Məcəlləsinə əsasən, nikaha daxil olmaq istəyən şəxslər müvafiq icra hakimiyyəti orqanına təqdim etdikləri ərizəyə tibbi müayinədən keçdiklərini təsdiq edən arayış da əlavə etməlidir. Bu arayışın təqdim olunmaması nikahın bağlanmasına mane olan hallar sırasına daxil edilib.

Nikaha daxil olan şəxslərdən biri özündə zöhrəvi xəstəliyin və immun çatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o biri tərəfdən gizlətdikdə digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.

“ASAN xidmət” mərkəzlərində 890-dan çox lisenziya verilib

04.03.2016

Prezidentin 19 oktyabr 2015-ci il fərmanına uyğun olaraq İqtisadiyyat Nazirliyi “ASAN xidmət” mərkəzlərində lisenziyaların verilməsinə başlayıb. İqtisadiyyat Nazirliyinin martın 4-də yaydığı məlumata görə, indiyədək sahibkarlıq subyektlərinə “ASAN xidmət” mərkəzləri vasitəsilə 890-dan çox lisenziya verilib.

Bakıda lisenziyalar 5 saylı “ASAN xidmət” mərkəzində (Nizami rayonu, Heydər Əliyev prospekti 115) verilir. Regionlardakı “ASAN xidmət” mərkəzlərinin ünvanları Economy.gov.az-da yerləşdirlib. Qaçqın və məcburi köçkün olan sahibkarlar fəaliyyət göstərdikləri ərazi üzrə “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər (Lisenziya verilən ünvanlar).



lisenziya

Hərracda 100 milyon satıldı, çatmadı

04.03.2016

valyuta 1Martın 4-də Mərkəzi Bank növbəti valyuta hərracı keçirib. Hərracda Dövlət Neft Fondu satışa 100 milyon ABŞ dolları çıxarıb. Hərracda iştirak edən kommersiya banklarının faktiki tələbatı bundan təxminən üç dəfə çox olub. Banklar 290 milyon dollar almaq istəyiblər.

Transparency.az qeyd edir ki, beləliklə, Dövlət Neft Fondunun bu il ərzində hərraclarda satdığı dolların ümumi həcmi 971 milyon 346 min olub. Mərkəzi Bank isə il ərzində hərraclarda 685 milyon 488 min ABŞ dolları satıb. Hər iki qurum manatın kursunu sabit saxlamağa üst-üstə 1 milyard 656 milyon 834 min dollar xərcləyib.

İcra başçıları: 20 ili ötən, 24 ili haqlayan var…

04.03.2016



prezident sarayi 1
2016-cı il martın 3-də prezident İlham Əliyevin sərəncamı ilə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən çıxarılan Mahmud Quliyev 15 ildən çox idi həmin postu tuturdu. O, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə Heydər Əliyevin prezidentliyi dövründə, 2000-ci il dekabrın 18-də təyin olunmuşdu.

Hazırda Xocalı Rayon İcra Hakimiyyətinə başçılıq edən Şahmar Usubov 2000-ci il  dekabrın 21-dən bu vəzifədədir.

Malik İsaqov 8 sentyabr 2001-ci ildən, Heydər Əliyevin prezidentliyi vaxtından Qubadlı Rayon İcra Hakimiyyətinin başçısıdır.

Transparency.az bildirir ki, icra başçısı postunda daha əvvəldən çalışan şəxs var. Eyvaz Hüseynov Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı postuna 1992-ci il iyulun 2-də, Əbülfəz Elçibəyin prezidentliyi zamanı təyinat alıb.

Paytaxt Bakının icra başçısı Hacıbala Abutalıbov 2001-ci il yanvarın 30-dan bu postdadır.

Bakı rayonlarından Xəzərin icra başçısı Gülağa İslamov 1995-ci ilin yanvar ayında həmin vəzifəyə təyin edilib.

İlqar Abbasov 2005-ci ildən Suraxanının, Razim Məmmədov 2006-cı ildən Xətainin icra başçısıdır.

Nərimanovun icra başçısı Abdin Fərzəliyev 2005-ci ildə, Yasamalın icra başçısı İbrahim Mehdiyev 2006-cı ildə təyin olunublar.

Şirvan şəhərinə rəhbərlik edən Mərdan Camalov 2005-ci ildə icra başçısı postuna təyinat  alıb.

Transparency.az bəzi başqa rayonlar üzrə siyahını da təqdim edir:

Ağcabədi — Şahin Məmmədov, 2005-ci ildən

Ağsu — Ənvər Seyidəliyev, 2007-ci ildən

Cəlilabad — Əziz Əzizov, 2006-cı ildən

Göygöl — Arif Seyidov, 2006-cı ildən

Hacıqabul — Əhməd Muxtarov, 2006-cı ildən

Xaçmaz — Şəmsəddin Xanbabayev, 2004-cü ildən

Qusar — Şair Alxasov, 2007-ci ildən

Lerik — Rövşən Bağırov, 2007-ci ildən

Saatlı — Siraqəddin Cabbarov, 2008-ci ildən

Şabran — Novruz Novruzov, 2007-ci ildən

Tovuz — Tofiq Zeynalov, 2007-ci ildən

Zərdab — Lütvəli Babayev, 2007-ci ildən.

Azərbaycan Respublikası Konstitusiyasına görə, yerli icra hakimiyyətlərinin başçılarını prezident vəzifəyə təyin və vəzifədən azad edir.

“Yerli icra hakimiyyətləri haqqında” əsasnamədə qeyd olunur ki, icra başçısı ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə görə Azərbaycan Respublikasının prezidenti qarşısında şəxsən məsuliyyət daşıyır, onun tapşırıqlarını, Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin tapşırıqlarını yerinə yetirir.

İcra başçısının vəzifələri sırasında müvafiq ərazidə vətəndaşların hüquq və azadlıqlarının müdafiəsini və həyata keçirilməsini, mülkiyyətin və ictimai asayişin qorunmasını təmin etmək; müvafiq ərazidə fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları və digər dövlət qurumları ilə, habelə bələdiyyələrlə, qeyri-hökumət təşkilatları ilə və digər təşkilatlarla yerli icra hakimiyyətinin qarşılıqlı fəaliyyətini təmin etmək kimi vəzifələr durur.

“İş yerinə dair arayış” xidmətindən istifadə hesabatı

04.03.2016

Fevralda vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalında təqdim etdiyi “İş yerinə dair arayış” e-xidmətindən 14 min 751 dəfə faydalanıb. Rəsmi məlumata görə, bu rəqəm yanvar ayı ilə müqayisədə 11,2 faiz, ötən ilin fevral ayı ilə müqayisədə isə 39,3 faiz çoxdur.

“Elektron hökumət” portalında autenfikasiyadan keçərək “İş yerinə dair arayış” e-xidmətini seçən istifadəçinin iş yerinə dair arayışı elektron şəkildə aidiyyəti quruma göndərmək və ya çap edərək kağız şəklində həmin quruma təqdim etmək imkanı var. Arayışın təqdim edildiyi təşkilat isə orada əksini tapan məlumatların düzgünlüyünü, fərdi məlumatların dəqiqliyini portaldakı xüsusi xidmət vasitəsilə yoxlaya bilir.

Martın 1-nə qədər vətəndaşlar istifadəyə verildiyi müddətdən “İş yerinə dair arayış” e-xidmətindən 253 min 198 dəfə yararlanıb.

Apellyasiya şuralarının fəaliyyətinə həsr edilən seminar-müşavirə keçirilib

04.03.2016



eldar nuriyev 1
Martın 4-ü Bakıda apellyasiya şuralarının fəaliyyətinə həsr edilən ümumrespublika seminar-müşavirəsi keçirilib. AZƏRTAC xəbər verir ki, seminar-müşavirədə mərkəzi və yerli icra hakimiyyəti orqanlarında yaradılmış şuraların sədrləri və katibləri iştirak ediblər.

Yığıncaqda çıxış edən Prezident yanında Apellyasiya Şurasının sədri, Prezident Administrasiyasının dövlət nəzarəti şöbəsinin müdiri Eldar Nuriyev bildirib ki, apellyasiya şuraları sahibkarlığın stimullaşdırılması, təşviqi, iş adamlarının hüquqlarının müdafiəsi, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinə baxılması, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və hərəkətsizliyindən şikayət verilməsi mexanizminin təkmilləşdirilməsi məqsədilə yaradılıb.


Yüklə 449,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin