Xəbər bülleteni №8



Yüklə 0.57 Mb.
səhifə1/7
tarix14.01.2017
ölçüsü0.57 Mb.
  1   2   3   4   5   6   7
Xəbər bülleteni № 8

http://transparency.az/cnews/



Ünvan: AZ1001, Bakı, Cəfər Cabbarlı, 16, mən. 7
Tel: (+994 12) 497 81 70; 497 68 15; Fax: (+994 12) 596 20 38
E-mail: info©transparency.az

Sentyabr 2015

Prezident Astanadadır

11.09.2015



astana
Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammitində iştirak etmək üçün sentyabrın 10-da Qazaxıstana işgüzar səfərə gedib.

Sammit bu gün Astanada keçiriləcək.

Beynəlxalq hökumətlərarası təşkilat olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasını 2009-cu ildə Azərbaycan, Qazaxıstan, Türkiyə, Qırğızıstan və Türkmənistan yaradıb.

Avropa Parlamentindən Azərbaycan qətnaməsi. Bakıdan ilk reaksiya

11.09.2015

Avropa Parlamenti sentyabrın 10-da Azərbaycanla bağlı qətnamə qəbul edib. Qətnamədə bəzi Azərbaycan rəsmilərinə sanksiyaların tətbiqi üçün Avropa Komissiyasına çağırış əksini tapıb: “Avropa Parlamenti Avropa Komissiyasını və üzv ölkələri Azərbaycanda davam edən təqiblərə güclü və birgə cavab verməyə, habelə siyasi təqiblərdə əli olan hakimlər, rəsmilər və siyasətçilərə qarşı sanksiya və viza qadağası məsələsinə baxmağa çağırır”.



gorush“Azadlıq” qəzetinin yazdığına görə, sənəddə Azərbaycan hakimiyyəti bütün siyasi məhbusları, insan haqları fəallarını, jurnalistlər və vətəndaş cəmiyyəti təmsilçilərini, o cümlədən Xədicə İsmayıl, Leyla və Arif Yunuslar, Anar Məmmədli, Rəsul Cəfərov, İntiqam Əliyev, Rauf Mirqədirov, Ömər Məmmədov, Tofiq Yaqublu, Nicat Əliyev, Araz Quliyev, Pərviz Həşimli, Seymur Həzi, Hilal Məmmədov, Taleh Xasməmmədov, İlqar Məmmədovu dərhal həbsdən azad etməyə, onlara qarşı ittihamlara xitam verməyə dəvət olunur.

Səsvermədə Avropa Parlamentinin 365 deputatı iştirak edib. Onların 202 nəfəri sənədin qəbuluna səs verib.

Sentyabrın 10-da iqtisadiyyat və sənaye naziri, Azərbaycan Respublikasının Avropa İttifaqı ilə Əməkdaşlığı üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayev Avropa İttifaqı nümayəndəliyinin rəhbəri Malena Mardla görüşüb.

Nazirliyin mətbuat xidmətinin məlumatına görə, Şahin Mustafayev görüşdə Avropa Parlamentinin 10 sentyabr qətnaməsinə də toxunub: “Avropa Parlamentinin bu gün qəbul etdiyi qətnamə anti-Azərbaycan qüvvələrin ölkəmizə qarşı növbəti təxribatçı addımı olmaqla Azərbaycan-Avropa İttifaqı əlaqələrinə ciddi zərbədir. Qətnamə birtərəfli, tamamilə qərəzli və əsassızdır, heç bir konkret fakta söykənmir. 24 ildir ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış qaçqın və məcburi köçkün problemi, bir milyondan çox insanın ən adi hüquq və azadlıqlarının təmin olunması məsələsi nədənsə nəzərə alınmayıb, əvəzində ölkəmizə qarşı qondarma ittihamlar irəli sürülüb. Avropa İttifaqı Parlamentinin bu qərəzli addımı cavabsız qalmayacaq”.

“Avropa Parlamenti hüququn aliliyinə hörmətsizlik nümayiş etdirir”

11.09.2015



eli hesenovPrezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməni AZƏRTAC-a şərh edib. O deyib ki, Azərbaycanda vətəndaş cəmiyyəti inkişaf edir, hər kəsin fikir, söz və məlumat azadlığı təmin olunub, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün zəruri şərait yaradılıb: “Bu gün ölkədə onlarla siyasi partiya, yüzlərlə QHT, media orqanı heç bir maneə olmadan sərbəst şəkildə fəaliyyət göstərir, internet azadlığı tam təmin edilib. Azərbaycan prezidenti İlham Əliyevin qəti mövqeyi ondan ibarətdir ki, müasir dövrdə müstəqil siyasi kurs, liberal iqtisadi sistem və güclü vətəndaş cəmiyyəti hər bir ölkənin dinamik inkişafını təmin edən başlıca vasitələrdir. Məhz buna görə də Azərbaycan dövləti demokratik prinsiplərin möhkəmləndirilməsi, vətəndaş cəmiyyəti institutlarının daha da inkişaf etdirilməsi, onların fəaliyyətinin stimullaşdırılması istiqamətində ardıcıl siyasət həyata keçirir”.

Prezidentin köməkçisi qeyd edib ki, Avropa Parlamentinin 10 sentyabr qətnaməsində əks olunmuş iddialar, şübhəli mənbələrdən daxil olan informasiyalar əsasında hazırlanmış subyektiv mülahizələr heç bir halda ciddi qəbul oluna bilməz: “Hər bir demokratik ölkədə olduğu kimi Azərbaycanda da hökumətin əsas tələbi ondan ibarətdir ki, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətində mövcud azadlıqlardan sui-istifadə hallarına yol verilməsin, bu sahədə şəffaflıq və qanunların aliliyi təmin olunsun. Nə Azərbaycan qanunlarında, nə də beynəlxalq qanunvericilikdə konkret cinayət əməli törətmiş hər hansı peşə sahibi ilə bağlı xüsusi imtiyaz nəzərdə tutulmayıb. Azərbaycanda məhkəmələr qərar çıxararkən ayrı-ayrı siyasi dairələrin, fərdlərin iddialarını, arzu və istəklərini deyil, qanunun tələblərini əsas götürürlər. Azərbaycanda konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunmuş şəxslərin bütün hüquqları təmin olunur və qanunla qadağan olunmayan ehtiyacları tam ödənilir. Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasına daxildir və yerli məhkəmələrin qərarlarından həmin instansiyaya şikayət verilə bilər. Buna görə də konkret cinayət əməlləri törətdiyi açıq məhkəmədə faktlar və şahid ifadələri əsasında sübut olunmuş bəzi şəxslərin işini qərəzli şəkildə siyasiləşdirən Avropa Parlamenti bununla hüququn aliliyinə hörmətsizlik nümayiş etdirir”.

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin perspektivinə toxunan Əli Həsənov deyib ki, Azərbaycan dövləti tərəfdaşlıq əlaqələrini, bərabərhüququlu əməkdaşlığı davam etdirməyə hazır olduğunu dəfələrlə bəyan edib və bu gün də öz mövqeyində qalır: “Lakin Azərbaycan heç vaxt kimlərinsə dominantlıq iddiasını, “böyük-kiçik” münasibətlərini tətbiq etmək cəhdlərinə yol verməyəcək. Artıq bu həqiqəti anlamağın və münasibətlərin pozulmasına yönəlmiş cəhdlərdən əl çəkməyin zamanıdır”.

Ekspert valyuta ehtiyatlarını unutmağa səsləyir

11.09.2015

qubad-ibadogluSentyabrın 11-də qısa şərh yayan iqtisadçı ekspert Qubad İbadoğlu qeyd edib ki, ölkədə hamı, prezident də, nazir də, məmur da, bəzi iqtisadçılar da gözünü Azərbaycanın 35 milyard dollarlıq valyuta ehtiyatlarına tikib: “Biri deyir onu girov qoyub borc götürək. O biri təklif edir onu büdcəni balanslaşdırmaq, ya manatın sabitliyini qorumaq üçün xərcləyək. Unudun bu pulu! İslahatlar barədə düşünün, əlavə maliyyə qaynaqları axtarın, yeni inkişaf modeli tapın, əvvəlki kimi bədxərclik etməyin. Bu ehtiyat ona görə yaranmayıb ki, küləyə verib sovuraq. Son 10 ildə 80 milyard dollar neft pulu xərcləmişik, 35 milyard dollar da gələcək nəsillərin adına yığılıb. Valyuta ehtiyatlarını qorumaq lazımdır”.

Transparency.az-ın məlumatına görə, ekspert çıxış yolu kimi təkliflər irəli sürüb: “Dövlət Neft Fondunun məqsədləri rasional və aydın olmalıdır. Onun qarşısında iki məqsəd durmalıdır — valyuta ehtiyatlarını gələcək nəsillər üçün saxlamaq və səmərəli idarə etmək, neft gəlirlərinin büdcəyə daxil olmasında qısa və orta müddətli dəyişkənliyi sabitləşdirmək.

Gələn ilin büdcəsinin müzakirəsindən əvvəl neft gəlirlərinin dövlət büdcəsinə transferini tənzimləyən fiskal qaydalar qəbul olunmalıdır. Qeyri-neft büdcəsi carı xərcləmələri ödəmək gücündə olmalıdır. Büdcədən yalnız ictimai və sosial xarakterli layihələrin maliyyələşdirilməsi üçün vəsait ayrılmalıdır, bütün digər layihələr hökumətin kənar mənbələri hesabına maliyyələşməlidir”.

Məhkəmə “Apple” şirkətini 2,7 milyon dollar cərimələyib

11.09.2015

apple
Yaponiya Ali Məhkəməsi yapon müəllifin patent hüququnu pozduğuna görə “Apple” şirkətinin 2,7 milyon dollar cərimə edilməsi barədə qərar çıxarıb. Şirkətin istehsal etdiyi iPod musiqi pleyerində həmin yaponın ixtira edilmiş texnologiya onun icazəsi olmadan tətbiq olunub.

“İdarəedici dairə” (Click Wheel) adlanan sensor texnologiyası bir barmağın köməyi ilə iPod-u idarə etməyə imkan yaradır.

Adı açıqlanmayan ixtira müəllifi “Apple Japan” şirkətinə qarşı məhkəməyə 80 milyon dollarlıq iddia ilə müraciət etmişdi.

Xəbəri AZƏRTAC yayıb.

Orta əməkhaqqı 460 manata yaxındır

11.09.2015

2015-ci il avqustun 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1508,0 min nəfər olub. Onlardan 877,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 630,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Transparency.az Dövlət Statistika Komitəsinin rəsmi açıqlamasına əsaslanaraq bildirir ki, 2015-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,1 faiz artaraq 458,9 manat olub.

Dövlət Əmək Müfəttişliyi Xidməti 8 ayda 16 nəfərin əvvəlki işinə qaytarılmasını təmin edib

11.09.2015



demx logoDövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) avqustda 98430 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsini təmin edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Transparency.az-a verilən məlumata görə, həmin vəsaitin 80847 manatı (82,1 faiz) əmək haqlarından, 15492 manatı (15,7 faiz) sosial müavinət və kompensasiyalardan, qalanı isə zərərə görə ödənclərdən ibarət olub.

Son bir ayda ödənilməsi gecikdirilmiş sosial xarakterli ödənişlərin məbləği ötən ilin avqust ayı ilə müqayisədə 4,2 dəfə, o cümlədən əmək haqları üzrə 4,2 dəfə, sosial müavinət və kompensasiyalar üzrə isə 8,9 dəfə çox olub.

Yanvar-avqust aylarında 602525 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub. Bu, ötən ilin 8 ayı ilə müqayisədə 2,1 dəfə çoxdur.

8 ayda DƏMX işdən qeyri-qanuni şəkildə azad edilmiş 16 nəfərin yenidən öz əvvəlki işinə bərpa olunmasını da təmin edib.

“Azadlıq”a vaxt qoyulub

11.09.2015



sony dscSentyabrın 9-da “Azərbaycan” nəşriyyatının baş direktoru “Azadlıq” qəzetinin baş reaktoruna xəbərdarlıq məktubu göndərib. Məktubda deyilir ki, “Azərbaycan” nəşriyyatı ilə redaksiya arasında bağlanmış müqaviləyə əsasən, sentyabrın 1-nə “Azadlıq” qəzetinin çap xərclərinə görə 19 min 220 manat, kommunal xərclərə görə 1065 manat borcu var.

Baş direktor əlavə edib ki, xəbərdarlıqlara baxmayaraq redaksiya borcu ödəmək üçün kifayət qədər tədbir görməyib, bunun nəticəsində “Azərbaycan” nəşriyyatı çətin maliyyə durumuna düşüb.

Redaksiyadan sentyabrın 14-dək borcun ödənilməsi üçün tədbirlər görmək və nəşriyyata bununla bağlı qrafik təqdim etmək xahiş olunub. Əks halda sentyabrın 21-dən “Azadlıq”ın çapı dayandırılacaq.

1989-cu ildən nəşr olunan “Azadlıq” qəzeti həftədə 6 dəfə (bazar günündən başqa hər gün) 6 min tirajla çıxır.

“Azərbaycan” nəşriyyatı Prezidentin İşlər İdarəsinə tabedir.

Deputatlar növbədənkənar sessiyaya toplaşır

11.09.2015

mmSentyabrın 14-də Milli Məclisin növbədənkənar iclası keçiriləcək. Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iclasda deputatlar Avropa Parlamentinin Azərbaycanla bağlı 10 sentyabr qətnaməsinə münasibət bildirəcəklər.

Avropa Parlamenti sentyabrın 10-da Azərbaycanla bağlı qətnamə qəbul edib. Qətnamədə bəzi Azərbaycan rəsmilərinə sanksiyaların tətbiqi üçün Avropa Komissiyasına çağırış əksini tapıb: “Avropa Parlamenti Avropa Komissiyasını və üzv ölkələri Azərbaycanda davam edən təqiblərə güclü və birgə cavab verməyə, habelə siyasi təqiblərdə əli olan hakimlər, rəsmilər və siyasətçilərə qarşı sanksiya və viza qadağası məsələsinə baxmağa çağırır”.

Sənəddə Azərbaycan hakimiyyəti bütün siyasi məhbusları, insan haqları fəallarını, jurnalistlər və vətəndaş cəmiyyəti təmsilçilərini, o cümlədən Xədicə İsmayıl, Leyla və Arif Yunuslar, Anar Məmmədli, Rəsul Cəfərov, İntiqam Əliyev, Rauf Mirqədirov, Ömər Məmmədov, Tofiq Yaqublu, Nicat Əliyev, Araz Quliyev, Pərviz Həşimli, Seymur Həzi, Hilal Məmmədov, Taleh Xasməmmədov, İlqar Məmmədovu dərhal həbsdən azad etməyə, onlara qarşı ittihamlara xitam verməyə dəvət olunur.

İlham Əliyev Qazax xanlığının 550 illik yubileyi mərasimində iştirak edib

11.09.2015

astana
AZƏRTAC  xəbər verir ki, sentyabrın 11-də prezident İlham Əliyev Astanadakı Müstəqillik sarayında Qazax xanlığının 550 illik yubileyi münasibətilə keçirilən təntənəli mərasimdə iştirak edib.

Qazaxıstan prezident Nursultan Nazarbayev mərasimdə iştirak edən İlham Əliyevi, Qırğızıstan prezidenti Almazbek Atambayevi, Türkiyə Böyük Millət Məclisinin sədri İsmət Yılmazı və Türkmənistan baş nazirinin müavini Sapardurdu Toyliyevi salamlayıb.

Nazarbayev xanlığın yaranma tarixindən danışaraq qeyd edib ki, əsası 1465-ci ildə qoyulan Qazax xanlığı sonrakı dövrdə daha da qüdrətlənərək Qazaxıstanda milli mədəniyyətin, dövlətçilik ənənələrinin formalaşmasında, qorunmasında və inkişafında mühüm rol oynayıb.

Qazaxıstanın müstəqilliyə qovuşmasından sonrakı dövrdən danışan Nazarbayev ölkəsinin son illərdə sürətlə inkişaf etdiyini, mühüm layihələrin həyata keçirildiyini diqqətə çatdırıb. Prezident türkdilli xalqların ortaq kökə və tarixə malik olduğunu bildirərək türkdilli dövlətlər və xalqlar arasında birliyin, həmrəyliyin, əməkdaşlığın vacibliyini vurğulayıb.

Dövlət Sərhəd Xidməti aylıq hesabat yayıb

11.09.2015

Dövlət Sərhəd Xidməti 2015-ci ilin avqust ayı ərzində dövlət sərhədini pozan 28 nəfəri saxlayıb. Onların 19 nəfəri Azərbaycan, 2 nəfəri İran, 2 nəfəri Özbəkistan, 2 nəfəri Malayziya, hər ölkədən bir nəfər olmaqla Rusiya, Qırğızıstan və Qazaxıstan vətəndaşlarıdır. Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 10 nəfər, Xəzər dənizində 28 nəfər saxlanıb, onlar barəsində müvafiq tədbir görülüb.

Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarının axtardığı 428 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

10 kiloqram 575,9 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

59 halda ümumi dəyəri təqribən 513 min manat olan qaçaqmal, o cümlədən 6 413 000 Rusiya rublu, 7501 ABŞ dolları, 7411 ədəd pirotexniki maddə, pnevmatik tapança üçün 76 ədəd lülə, 1 kiloqram barıt, 1 ədəd beşbarmaq, 4125 qutu siqaret, 1 ədəd qayıq, 58 ədəd mobil telefon, müxtəlif növ dərman preparatları, ərzaq və sənaye malları saxlanıb.

Hesabatı sentyabrın 11-də Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi yayıb.

Dövlət komitəsinin təsdiq etdiyi yeni standartlar

11.09.2015

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bir neçə dövlət standartı təsdiqləyib. Transparency.az həmin standartlar barədə qısa arayışı təqdim edir:

AZS 807-2015 (ISO5666-1999) “Suyun keyfiyyəti. Civənin təyini” standartı — civənin suda, məsələn yeraltı, səth və çirkab sularında təyini üçün iki metod təklif edilir.

AZS 808-9-2015 (ISO 6107-9-1997) “Suyun Keyfiyyəti – Lüğət Hissə 9. Əlifba sırası üzrə siyahı və mövzuların cədvəli” standartı — lüğətdə mövcud olan bütün terminlərə dair əlifba ardıcıllığı ilə siyahıdan və mövzular cədvəlindən ibarətdir. Bu, 1-dən 8-dək olan hissələrdəki terminlərin və izahların tez və düzgün tapıla bilməsindən və eləcə də aşağıda göstərilən hissələrdən ibarət lüğətdəki terminlərin və izahların müəyyənləşdirilməsindən ötrü istifadə edilə bilər.

AZS 809-1-2015 (ISO 8689-1:2000) “Suyun keyfiyyəti – Çayların bioloji təsnifatı. Hissə 1: Bentik (suyun dibindəki) makroonurğasızların tədqiqi əsasında alınan bioloji  keyfiyyət məlumatının təfsiri üzrə təlimat” standartı — ISO 8689-un bu hissəsi bentik makroonurğasızların tədqiqinə əsasən axar çaylar üzrə bioloji keyfiyyət məlumatının təfsiri üçün təlimat verir. Qəbul edilir ki, ekoloji vəziyyətin tam qiymətləndirilməsi üçün digər bioloji keyfiyyət elementləri də qiymətləndirilməlidir.

AZS 809-2-2015 (ISO 8689-2:2000) “Suyun Keyfiyyəti — Çayların Bioloji Təsnifatı Hissə II:Bentik makroonurğasızlar sinfi üzrə aparılan tədqiqatlardan götürülmüş bioloji keyfiyyət haqqında məlumatın təqdimatına dair rəhbər sənəd” standartında — Bentik makroonurğasızlar sinfi üzrə aparılan tədqiqatlar əsasında axar sulara dair bioloji keyfiyyət məlumatlarının təqdimatına dair rəhbər sənədi verilib. Bu rəhbər sənəd nümunələrin götürülməsi üçün standart metodlardan və ISO 8689-1-də verilən təsnifat prosedurlarından istifadə etməklə tədqiqatların nəticələrinə aid edilə bilər. Lazımdır ki, ekoloji statusun tam qiymətləndirilməsi üçün bioloji keyfiyyətə dair digər elementlər də qiymətləndirilməlidir.

AZS 832-2015 (ISO 14015-2001) “Ətraf mühitin idarə edilməsi. İstehsal sahələrinin və təşkilatların ekoloji qiymətləndirilməsi. Prinsiplər və struktur sxem” standartı — Ekoloji aspektlərin və ekoloji nəticələrin identifikasiyası prosesində İSTEQ-nin (İstehsal Sahələrinin və Təşkilatın Ekoloji Qiymətləndirilməsi) aparılması üzrə rəhbəredici sənədi müəyyənləşdirir və biznes üçün onların nəticələrinin təyin edilməsini təmin edir.

AZS 833-1-2015 (ISO 10304-1:2007) “Suyun keyfiyyəti — İonların maye xromatoqrafiya üsulu ilə həll olmuş anionların təyini. Hissə I: Bromid, xlorid, flüorid, nitrat, nitrit, fosfat və sulfatın təyinatı” standartı — suda, misal üçün: içməli suda, qrunt sularında, səth sularında, çirkab sularında, sızıntılarda və dəniz suyunda ionların maye xromatoqrafiya üsulu ilə həll olmuş bromid, xlorid, fluorid, nitrat, nitrit, ortofosfat və sulfat anionlarının təyini üçün metodu müəyyənləşdirir.

AZS 834-5-2015 (ISO 10381-5-2005) “Torpağın keyfiyyəti — Nümunə götürmə. Hissə 5: Torpağın çirklənməsi ilə əlaqədar olaraq şəhər və sənaye sahələrinin tədqiqatına dair prosedurlar haqqında təlimat” standartında — torpaq çirklənməsinin mövcud olduğunun və ya torpaq çirklənməsinin mövcudluğuna dair şübhə olan zaman şəhər və sənaye sahələrinin tədqiqinə aid olan prosedurlar haqqında təlimatlar verilir.

AZS 834-6-2015 (ISO 10381-6-2009) “Torpağın keyfiyyəti — Nümunə götürmə. Hissə 6 — Laboratoriyada mikrobioloji proseslərin, biokütlənin və müxtəlifliyin təhlili məqsədi ilə aerob şəraitdə torpaq nümunələrinin yığılması, işlənməsi və saxlanılması üzrə tövsiyələr” standartında — laboratoriyada aerob şəraitdə əlavə testlərin aparılması məqsədi ilə torpaq nümunələrinin yığılması, işlənməsi və saxlanılması ilə bağlı tövsiyələr əks olunub.

AZS 835-2015 (ISO 14001-2004) “Ətraf mühitin idarəetmə sistemləri. İstifadə üçün təlimata dair tələblər. Prinsiplər və struktur” standartı — təşkilata qüvvədə olan hüquqi tələblər və təşkilatın üzv olduğu digər tələbləri və mühüm ekoloji aspektləri barədə məlumatı nəzərə alan siyasət və məqsədlər işləyib hazırlamaq və həyata keçirməyə imkan verən ətraf mühitin idarəetmə sisteminə dair tələbləri müəyyənləşdirir.

AZS 836-2015 (ISO 14004-2004) “Ətraf mühitin idarəetmə sistemləri. Prinsiplər, sistemlər və fəaliyyət üsullarına dair ümumi təlimat qaydaları” standartı — ətraf mühitin idarəetmə sisteminin təsis olunması, həyata keçirilməsi, saxlanması və təkmilləşdirilməsi və onun digər idarəetmə sistemləri ilə əlaqələndirilməsinə dair təlimatı müəyyənləşdirir.

Seçki hüquqlarının pozulması: şikayətə necə baxılır?

11.09.2015



ramiz ibrahimovSeçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərə hansı qaydalarda baxılır? Mərkəzi Seçki Komissiyasının üzvü Ramiz İbrahimov “Azərbaycan” qəzetində bu barədə yazıb. O qeyd edir ki, Mərkəzi Seçki Komissiyasının Avropa Şurasının Venesiya Komissiyası ilə birgə işləyib hazırladığı və 12 avqust 2008-ci ildə qəbul etdiyi “Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” və “Məntəqə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” təlimatları şikayət və müraciətlərin verilməsi və onların araşdırılması prosesində seçki qanunvericiliyinin tətbiqi ilə bağlı mühüm əhəmiyyət kəsb edən zəruri məsələləri tənzimləyir: “Seçki Məcəlləsinin 112-1.1-ci maddəsinə və qeyd olunan təlimatın 5.1-ci maddəsinə əsasən vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyasının nəzdində 9 nəfərdən, dairə seçki komissiyasının nəzdində isə 3 nəfərdən ibarət ekspert qrupları müvafiq seçki komissiyasının qərarı ilə hər seçki (referendum) dövrü üçün səsvermə gününə azı 60 gün qalmış yaradılır.

Seçki Məcəlləsinin 112-ci maddəsi vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayət edilməsi, 112-1-ci maddəsi isə vətəndaşların seçki hüquqlarının pozulması haqqında şikayətlərin araşdırılması məsələlərini tənzimləyir. 112.1-ci maddədə seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizliklərdən) şikayət vermək hüququ olan seçki subyektlərinin dairəsi və şikayət vermə müddəti müəyyən edilib. Həmin maddənin tələbinə görə, seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər.

Seçki Məcəlləsinin 22.10.5-ci maddəsinə görə, seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) seçki komissiyasının həlledici və məşvərətçi səs hüquqlu üzvləri müvafiq yuxarı seçki komissiyasına və məhkəməyə şikayət edə bilərlər.

Şikayət yazılı verilir. Onun yazılı şəkildə verilməsi mümkün deyilsə, müstəsna hallarda şifahi, telefonla və ya elektron poçt vasitəsilə verilə bilər.

Təlimatın 1.2-ci maddəsində göstərilir ki, şikayətin verilmə müddətinin axını şikayətin verilməsi üçün hüququn əldə edilməsi anından, yəni vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlanır və şikayətin poçta və ya istənilən komissiyaya verilməsi anında bitir.

Qanunvericiliyin tələbinə görə, məntəqə seçki komissiyalarının qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən), məntəqə seçki komissiyaları sədrlərinin hərəkətlərindən (hərəkətsizliklərindən) şikayətlər müvafiq dairə seçki komissiyalarına, dairə seçki komissiyalarının qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən), dairə seçki komissiyaları sədrlərinin hərəkətlərindən (hərəkətsizliklərindən) şikayətlər, həmçinin bir neçə seçki dairəsini əhatə edən (o cümlədən seçkiqabağı təşviqat qaydalarının pozulması ilə bağlı) şikayətlər Mərkəzi Seçki Komissiyasına təqdim edilir. Mərkəzi Seçki Komissiyasının qərarlarından və ya hərəkətlərindən (hərəkətsizliyindən) şikayət müvafiq apellyasiya instansiyası məhkəməsinə verilir.

Seçki hüququnun pozulması ilə bağlı dairə seçki komissiyasına və Mərkəzi Seçki Komissiyasına yazılı olaraq təqdim edilən şikayətlərə dair seçki qanunvericiliyi ilə ümumi tələblər müəyyən edilib. Şikayətdə ünvanlandığı seçki komissiyası və şikayətçinin ünvanı (şikayətə baxılması haqqında bildirişin göndərilməsi üçün) və əlaqə telefonu göstərilməlidir. Eyni zamanda şikayətin obyekti olan qərar, hərəkət və ya hərəkətsizlik göstərilməli, əgər bu, qərardırsa, qərar şikayətə əlavə edilməli, qərarı qəbul etmiş seçki komissiyası və ya dövlət orqanı qeyd olunmalı, vəzifəli şəxs göstərilməlidir. Əgər bu, hərəkətdirsə, qanunsuz hərəkət etmiş şəxs qeyd olunmalı, hərəkətin məzmunu, onun törədildiyi yer və vaxt aydın şəkildə göstərilməlidir. Əgər bu, hərəkətsizlikdirsə, şikayətçi cavabsız qalmış tələbi və tələbi cavabsız qoyan orqanı və ya şəxsi qeyd etməklə güman edilən pozuntunun dəlilləri və ya pozuntunun nədən ibarət olmasını göstərməklə tələbini bildirməli, tarix qoymaqla həmin şikayəti imzalamalıdır. Şikayət seçkilərdə iştirak edən siyasi partiya və ya siyasi partiyaların bloku tərəfindən verilirsə, onda şikayət səlahiyyətli nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməklə səlahiyyətli nümayəndə tərəfindən imzalanmalıdır. Şikayətçi öz ərizəsində şikayətin araşdırılmasında və iclasda iştirak etmək arzusunda olub-olmadığını da bildirməlidir.

Əgər şikayətdə təlimatda nəzərdə tutulan və yuxarıda qeyd edilən şərtlərdən hər hansı biri yoxdursa və bu səbəbdən tələb aydın deyilsə, şikayət onu göndərən şəxsə geri qaytarılır. Müvafiq seçki komissiyalarına təqdim edilmiş anonim şikayətlərə baxılmır və onlar daxil olduqdan sonra işə alınır.

Seçki Məcəlləsinin 112.10-cu maddəsində seçki komissiyalarına seçkilərin gedişi zamanı seçki hüquqlarının pozulması ilə əlaqədar daxil olmuş şikayət və müraciətlərə baxılması müddəti müəyyən edilib. Qanunvericiliyin tələbinə görə, hər bir şikayət və ya müraciət üzrə qərar 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və yaxud növbəti gün isə dərhal qəbul edilir və şikayətçiyə çatdırılır.

Seçki Məcəlləsinin 112-1.10-cu və müvafiq təlimatın 7.8-ci maddəsinə görə, şikayəti araşdıran ekspert Seçki Məcəlləsinin 112.10-cu maddəsində nəzərdə tutulmuş müddətdə rəy qəbul etməlidir. Əlavə araşdırma tələb olunduğu halda ekspert qrupunun üzvü göstərilən müddətin artırılması barədə ekspert qrupunun koordinatoru vasitəsilə seçki komissiyasının qarşısında vəsatət qaldıra bilər. Seçki komissiyası qaldırılmış vəsatətin əsaslı olması qənaətinə gələrsə, əlavə araşdırmanın aparılması barədə qərar qəbul etməlidir. Əlavə araşdırma müddəti 3 gündən artıq olmamalıdır. Belə qərar şikayət daxil olduğu gündən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü isə dərhal qəbul edilməlidir. Əlavə araşdırmaya dair qərar qəbul edildikdə bu barədə müraciət etmiş şəxsə məlumat verilməlidir.

Şikayətçi seçki komissiyasının qərarını aldıqdan sonra 3 gün müddətində yuxarı seçki komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından isə 3 gün müddətində apelyasiya instansiyası məhkəməsinə şikayət vermək hüququna malikdir.

Seçki Məcəlləsinin 112.11-ci maddəsinə əsasən, seçki komissiyalarının qərarlarından şikayətlərə məhkəmələr də eyni müddətdə baxırlar. Məhkəmə qərarından yuxarı instansiya məhkəməsinə şikayət 3 gün müddətində verilə bilər.

Seçki hüquqlarının pozulması ilə əlaqədar müvafiq seçki komissiyalarına daxil olan şikayət və müraciətlər Seçki Məcəlləsi və təlimatla müəyyən edilmiş qaydada qeydə alınır və araşdırılması üçün ekspert qrupunun üzvünə verilir.

Seçki hüquqlarının pozulması ilə əlaqədar daxil olmuş şikayət və müraciətlərin araşdırılması ilə bağlı ekspert qrupu üzvlərinin şikayət üzrə əlavə məlumat tələb etmək, öz sorğu-sual və araşdırmasını aparmaq, əlavə məlumat almaq üçün komissiyanın sədri vasitəsilə dövlət orqanlarına müraciət etmək, zəruri hallarda əlavə dəlillər əldə etmək, komissiya üzvlərinin və katiblik əməkdaşlarının köməyindən istifadə etmək, zərurət olarsa, şikayətin araşdırılması üçün qanunla nəzərdə tutulan digər tədbirlər görmək, şikayət üzrə araşdırma materialları ilə birlikdə müvafiq seçki komissiyasına rəy və qərar layihələrini təqdim etmək səlahiyyətləri var.

Ekspert qrupunun üzvü həmin şikayəti ilkin olaraq nəzərdən keçirir və şikayətin Seçki Məcəlləsi ilə və sözügedən təlimatla müəyyən edilmiş qaydalara uyğun olub-olmamasını aydınlaşdırır. Bu zaman şikayətin qanunla müəyyən edilmiş qaydada və müddətdə, yəni qərardan, hərəkətin (hərəkətsizliyin) baş verməsindən və ya maraqlı tərəfin xəbərdar olmasından sonra 3 gün ərzində daxil olması, səlahiyyətli komissiya tərəfindən həmin məsələ ilə bağlı əvvəlcədən qərarın qəbul edilməmiş olması, müraciət və ya şikayətin aidiyyəti üzrə məsələnin mahiyyəti üzrə qərar qəbuletmə səlahiyyəti olan seçki komissiyasına daxil olması aydınlaşdırılır. Bu zaman ekspert şikayətin müəyyən edilmiş qaydaların pozulması ilə daxil olduğunu aşkar etdikdə, bu barədə qrup koordinatorunu məlumatlandırmaqla şikayətin onu təqdim edən şəxsə geri göndərilməsinə dair rəy verməlidir.

Şikayət və ya müraciətin Seçki Məcəlləsinə və müvafiq təlimatın tələblərinə uyğun olduğu müəyyən edildikdə ekspert qrupunun üzvü araşdırma aparılmasına başlayır və ilkin olaraq şəxsən, telefon və ya poçt vasitəsilə müraciət etmiş şəxslə əlaqə saxlayır. Şikayətçiyə şikayətin araşdırılması prosesində yeni sənədlər və digər dəlillər təqdim etmək, araşdırmada iştirak etmək hüququnun olması barədə məlumat verilir. Əgər şikayətçi ərizəsində seçki komissiyasının iclasında iştirak etmək barədə arzusunu bildirmişsə və yaxud araşdırma prosesində bu barədə müraciət edibsə, onun iclasda iştirakı təmin edilir. Şikayət və müraciətlərin araşdırılması prosesində şəffaflığın təmin edilməsi əsas prinsiplərdən biridir.

Seçki komissiyaları öz səlahiyyətlərinə aid olmayan müraciət və şikayətlərə mahiyyəti üzrə baxıb təmin və ya rəddetmə barədə qərar qəbul edə bilməzlər. Bu halda şikayətlə bağlı aidiyyəti üzrə göndərmə barədə qərar qəbul edilməlidir.

Daxil olmuş şikayətin həm şikayəti qəbul etmiş komissiyanın, həm də başqa orqanın səlahiyyətlərinə aid olduğu müəyyən edilmişdirsə, ekspert qrupunun üzvü öz rəyində seçki komissiyasına həmin şikayətə komissiyanın səlahiyyətlərinə aid olan məsələlər üzrə mahiyyəti üzrə baxılması, digər orqanın səlahiyyətinə aid olan məsələlərin həll edilməsi üçün həmin orqana göndərilməsini təklif etməlidir.


Seçki komissiyasına seçki ilə əlaqəsi olmayan cinayət xarakterli yazılı şikayət daxil olduqda həmin şikayətin dərhal müvafiq prokurorluq orqanına göndərilməsi haqqında rəy verilir.
Seçki komissiyasına seçki subyektləri tərəfindən seçki ilə əlaqəsi olan cinayət xarakterli şikayət daxil olduqda ekspert qrupunun üzvü araşdırma aparıb komissiya tərəfindən öz səlahiyyətlərinə aid hissədə tədbirlər görülməsi, şikayətdə göstərilən qanun pozuntularında Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş əməllərin əlamətlərinin olduğu qənaətinə gəldikdə isə, həmin əməllər barədə müvafiq prokurorluq orqanına məlumat verilməsinə dair əsaslandırılmış qərar qəbul edilməsi üçün seçki komissiyasına rəy verməlidir.
Seçki Məcəlləsinin 112-1.11-ci və müvafiq təlimatin 7.9-cu maddəsinə əsasən, seçki hüquqlarının pozulması ilə əlaqədar seçki komissiyasına daxil olmuş şikayətlərə baxılması nəticəsində ekspert qrupunun üzvləri aşağıda qeyd edilən məzmunda rəylərini verə bilərlər:

- aşağı seçki komissiyasının qərarının ləğv edilməsi barədə;

- Seçki Məcəlləsinin 113.1-ci maddəsinə əsasən seçki subyektlərinə xəbərdarlıq edilməsi barədə;

- Seçki Məcəlləsinin 113.2-ci maddəsində nəzərdə tutulmuş hallarda namizədin qeydə alınmasından imtina edilməsi barədə;

- Seçki Məcəlləsinin 113.2-ci maddəsində nəzərdə tutulmuş hallarda qeydə alınmış namizədin qeydiyyatının ləğv olunması üçün məhkəməyə müraciət edilməsi barədə;
- şikayətçinin qaldırdığı məsələyə müvafiq seçki komissiyasında yenidən baxılması barədə.

Ekspert rəyi verildikdən dərhal sonra elan olunur və ya növbəti 18 saatdan gec olmayaraq müvafiq seçki komissiyasının qərarı ilə birlikdə dərc olunur (internet səhifəsində yerləşdirilir), şikayətçiyə çatdırılır və ya göndərilir.

Dövlət Sosial Müdafiə Fondu Beyləqanda “Açıq qapı günü” keçirib

11.09.2015



fond - teqdimat
Dövlət Sosial Müdafiə Fondu (DSMF) “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq sentyabrın 11-i Beyləqanda “Açıq qapı günü” — vətəndaş forumu keçirib. “Sosial sığorta müavinətlərinin ödənişinin avtomatlaşdırılması” mövzusuna həsr olunan tədbirdə Beyləqan, Xocavənd, Füzuli və İmişli rayonlarından olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar iştirak edib. Vətəndaş forumunda sığortaolunanlar və pensiyaçıların əsasən sosial sığorta müavinətlərinin ödənişinin avtomatlaşdırılmasına dair çoxsaylı sualları cavablandırılıb, bu məsələlərlə bağlı ətraflı müzakirələr aparılıb.

Fondun ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a verilən məlumata görə, müzakirələrin gedişində DSMF-nin şöbə müdiri Famil Qədimov bildirib ki, mərkəzi məlumat bazasında 1 milyon 291 mindən çox pensiyaçı, 3 milyon 126 min 905 sığortaolunan barədə müvafiq məlumatlar toplanıb, bu da ölkə əhalisinin 45 faizini təşkil edir.

“Elektron hökumət” portalının statistikasına əsasən DSMF-nin göstərdiyi elektron xidmətlərin ən çox istifadə olunan xidmətlər sırasında yer aldığını diqqətə çatdıran Qədimov onu da qeyd edib ki, fondun sosial sığorta haqları hesabına ödənilən müavinətlərlə bağlı sığortaedənlərə göstərdiyi elektron xidmətlər hər bir müavinət növü üzrə ayrıca təşkil olunub: “Bu xidmətlər 5 növ müavinətlər üçün müraciətlərin elektron qaydada DSMF-yə təqdim olunmasını nəzərdə tutur. Bunlar əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, hamiləliyə və doğuma görə müavinət, uşağın anadan olmasına görə müavinət, uşağa qulluğa görə müavinət və dəfn üçün müavinətdir. Qeyd olunub ki, qüvvədə olan qanunvericiliyə əsasən, müavinətlərin təyin olunması işçinin işlədiyi sığortaedəndə fəaliyyət göstərən müvafiq komissiya tərəfindən yerinə yetirilir. Sonra zəruri sənədlər sığortaedən tərəfindən müraciətlə birgə DSMF orqanına elektron qaydada təqdim olunur. DSMF orqanı qeyd edilən sənədlər əsasında müavinətin bilavasitə işçinin plastik kart hesabına dərhal ödənişini həyata keçirir”.

Rəsmi Bakı Avropa İttifaqına etiraz etdi

11.09.2015

xinSentyabrın 11-də Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard Xarici İşlər Nazirliyinə çağırılıb.

Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bu fikirləri Malena Mardın diqqətinə çatdırıb: “Sentyabrın 10-da Avropa Parlamenti tərəfindən qəbul edilmiş qətnaməni kəskin şəkildə qınayırıq. Qərəzli və destruktiv xarakter daşıyan bu sənəd Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrə zərbə vurur və münasibətlərimizin perspektivlərinə ciddi əngəl yaradır.

Plenar iclasda Avropa Parlamentinin bəzi üzvləri tərəfindən də deyildiyi kimi, aidiyyəti komitələrdə əvvəlcədən müvafiq müzakirələr aparılmadan plenar iclasda tələm-tələsik səsvermə yolu ilə qətnamənin tez bir şəkildə qəbulu bir sıra prosedur çatışmazlıqları ilə müşayiət olundu. Qətnamə Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə əlaqədar qərəzli və təhrif olunmuş məlumatla doludur. Məxsusi olaraq sənəd fərdi cinayət hallarını siyasiləşdirir və onların əsl mahiyyətinin ziddinə olaraq əsassız iddialar irəli sürür.

Həmçinin Avropa Parlamentinin Azərbaycana münasibətdə daim seçimli yanaşması insan hüquqları məsələsinin Azərbaycana qarşı siyasi təzyiq vasitəsi kimi istifadə olunduğunu göstərir. Lakin Avropa Parlamentinin üzvləri bilməlidirlər ki, belə cəhdlər ilkin başlanğıcdan uğursuzluğa məhkumdur. Bununla yanaşı qətnamənin müəyyən müddəalarında istifadə edilən həqarətli ifadə forması etik normalardan və çərçivələrdən kənara çıxır. Ölkəyə ünvanlanmış cəfəng və çirkin böhtanlar tamamilə qəbuledilməzdir və təşkilatın etibarlılığını ciddi sarsıdır. Eləcə də hədəfli sanksiyalar və viza qadağaları haqqında əsassız çağırışlar heç bir halda qəbul edilə bilməz. Bu, aydın şəkildə təsdiq edir ki, belə bir sənədin qəbulu Azərbaycanın artan beynəlxalq nüfuzunun zədələnməsini qarşısına yeganə məqsəd qoyan maraqlı məhdud qüvvələrin marağına xidmət edir.

Eyni zamanda qətnamədə istifadə olunan “Dağlıq Qarabağ” ifadəsi beynəlxalq hüquqa zidd xarakter daşıyır və buna görə də qəbuledilməzdir. Avropa qitəsi təxirəsalınmaz həll tələb edən çoxsaylı ciddi təhdidlərlə üzləşdiyi halda Avropa Parlamentinin davamlı əsasda Azərbaycanda insan hüquqları məsələsinə diqqət yetirməsi təəccüb doğurmaya bilməz.

Hesab edirik ki, Avropa Parlamenti tərəfindən BMT-nin insan hüquqları mexanizmləri, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatlar tərəfindən Avropa İttifaqına üzv dövlətdə müəyyən edilmiş həddən artıq gücdən istifadə, hüquq mühafizə orqanları tərəfindən pis rəftar, ayrı-seçkilik və dözümsüzlük, islamofobiya, korrupsiya, miqrasiya problemləri və sair bu kimi sistemli insan hüquqları zorakılıqlarına zəruri diqqətin ayrılması daha məqsədəuyğun olardı.

Avropa Komissiyasının Avropa Parlamentinin bu qınaq obyekti olan qətnamənin səsverməyə çıxarılmasının qarşısının alınması üçün ciddi addımlar atmaması təəssüf doğurur. Əksinə olaraq Avropa Komissiyasının yüksək vəzifəli şəxslərinin bu yaxınlarda verdikləri açıqlamalar bu prosesə öz mənfi təsirini göstərdi”.

Malena Mard Azərbaycanın mövqeyinin Avropa İttifaqının aidiyyəti strukturlarına çatdırılacağını bildirib.



AZƏRTAC

Avropa Parlamentində Azərbaycanla bağlı yeni layihə

Avropa Parlamentindən Azərbaycan qətnaməsi. Bakıdan ilk reaksiya

“Avropa Parlamenti hüququn aliliyinə hörmətsizlik nümayiş etdirir”

Deputatlar növbədənkənar sessiyaya toplaşır

Azərbaycan hökuməti Avropa Komissiyası nümayəndə heyətinin səfərini təxirə saldı

11.09.2015

xin
Sentyabrın 11-də Xarici İşlər Nazirliyinin mətbuat xidməti rəsmi məlumat yayıb. Məlumatda deyilir: “Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlığa dair saziş üzrə ilkin müzakirələrin aparılması üçün gələn həftə Azərbaycana gəlməsi nəzərdə tutulan Avropa İttifaqı Komissiyasının nümayəndə heyətinin səfəri Avropa Parlamentinin sentyabrın 10-da Azərbaycan haqqında qəbul etdiyi qərəzli qətnaməyə görə Azərbaycan tərəfindən təxirə salınır”.

Məlumatda həmçinin qeyd olunur ki, anti-Azərbaycan və antiislam meyllərin güclü olduğu Avropa İttifaqı ilə əlaqələr yenidən nəzərdən keçirilməlidir.

Prezidentin türk sammitindəki çıxışı

11.09.2015



sammit
Sentyabrın 11-i Qazaxıstanın paytaxtı Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) V sammiti keçirilib. Azərbaycan prezidenti İlham Əliyev sammitdə çıxış edərək deyib ki, türkdilli ölkələrin əməkdaşlığının təməlində ortaq tarix, ortaq mədəniyyət, etnik köklər dayanır: “Budur bizi birləşdirən amillər və biz öz fəaliyyətimizi bu təməl üzərində qururuq. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası artıq beynəlxalq aləmdə də özünə layiq yer tuta bilib. Əminəm ki, gələcəkdə şuranın fəaliyyəti daha da uğurlu olacaq.

Bizim humanitar sahə ilə bağlı çox böyük planlarımız var. Humanitar sahə əslində bizi birləşdirən əsas sahədir. Bu baxımdan mən xüsusilə TÜRKSOY-un fəaliyyətini yüksək qiymətləndirmək istəyirəm. TÜRKSOY nəinki bizim dövlətlərimizi, bütün türk xalqlarını birləşdirir. Əminəm ki, biz gələcəkdə də bu təşkilatın fəaliyyətinə öz dəstəyimizi verəcəyik.

TÜRKSOY ilə yanaşı, yeni qurumlar da yaranır. Onların içərisində Türk Akademiyasını xüsusilə qeyd etmək istəyirəm. Türk Mədəniyyəti və İrsi Fondunun yaradılması gələcəkdə müxtəlif konkret layihələrin icrası üçün gözəl imkan yaradacaq. Ortaq televiziya kanalının yaradılması da bizim həm niyyətimizi ifadə edir, həm də siyasətimizi göstərir. Bir neçə il ərzində bu məsələ ilə bağlı danışıqlar aparılıb. Artıq bu qərar da qəbul olundu. Hesab edirəm ki, həm xalqlarımız, həm dünya üçün bizim mədəniyyətimiz, tariximiz, milli dəyərlərimiz, o cümlədən bugünkü həyatımız böyük maraq doğuracaq.

Əminəm ki, ortaq televiziya kanalı qısa müddət ərzində beynəlxalq auditoriyaya çıxacaq və böyük maraq doğuran, bizim siyasətimizi əks etdirən kanala çevriləcək. Çünki bu gün dünyada informasiya təhlükəsizliyi xüsusi yer tutur və hər bir ölkə buna hazır olmalıdır. Biz öz informasiya təhlükəsizliyimizi təmin etməliyik, eyni zamanda ölkələrimiz haqqında həqiqətləri dünyaya olduğu kimi çatdırmalıyıq.

Regional təhlükəsizlik məsələləri də böyük əhəmiyyət daşıyır. Bu gün qəbul edəcəyimiz bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox dəyərli fikirlər var. Bu sənəddə beynəlxalq hüququn norma və prinsipləri öz əksini tapır.

Bildiyiniz kimi, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb. Nəinki Dağlıq Qarabağ, eyni zamanda qədim türk torpağı olan Zəngəzur da bizim əzəli torpağımızdır. XX əsrin əvvəllərində Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana verməklə əslində bütün türk dünyasının coğrafi bağlılığını artıq aradan götürüblər. Bizim bağlılığımız, təbii ki, gündən-günə güclənir. Amma coğrafi baxımdan biz bir-birimizdən ayrıyıq”.

Dövlət başçısı deyib ki, beynəlxalq birlikdə Azərbaycanın ayrılmaz hissəsi kimi tanınan Dağlıq Qarabağ və ətraf yeddi bölgə erməni işğalı altındadır: “Ermənistan bütün hüquq normalarını kobudcasına pozub, bu bölgələrdə etnik təmizləmə siyasəti aparıb, bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın, köçkün vəziyyətinə düşüb.

Beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz fikirlərini bildiriblər. BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib ki, orada Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması tələb edilir. Əfsuslar olsun ki, Ermənistan buna məhəl qoymur, işğalı davam etdirir, danışıqlar prosesində özünü səmimi və konstruktiv aparmır. Bu münaqişə və bütün başqa münaqişələr ancaq beynəlxalq hüququn norma və prinsipləri, ölkələrin suverenliyi, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü əsasında öz həllini tapmalıdır.

Biz iqtisadi əməkdaşlığımıza da çox böyük önəm veririk. Azərbaycan qonşu ölkələrə, türkdilli dövlətlərə investisiyalar yatırır və bizim ölkəyə də investisiyalar qoyulur. Azərbaycan Qazaxıstan, Türkmənistan üçün artıq tranzit ölkəyə çevrilib. Həm enerji daşıyıcıları, həm digər yüklər Azərbaycan ərazisindən keçir. Nəqliyyat təhlükəsizliyi şuraya üzv olan hər bir ölkə üçün böyük əhəmiyyət daşıyır. Azərbaycan çalışır ki, müasir infrastrukturun yaradılması ilə bu işə töhfəsini versin. Hazırda Bakıda yeni böyük Beynəlxalq Dəniz Ticarəti Limanı inşa edilir. Bu limanın ümumi yükaşırma qabiliyyəti 25 milyon tona bərabər olacaq. Eyni zamanda Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi davam edir. Azərbaycan üzərinə götürdüyü bütün öhdəlikləri əminəm ki, yaxın aylarda yerinə yetirəcək. Bu dəmir yolu əslində Asiyanı Avropa ilə birləşdirən dəmir yoludur. Keçən ay Çindən Qazaxıstan ərazisindən Azərbaycana birinci sınaq konteyner qatarı da yola salınıb və hesab edirəm ki, artıq bu birinci addım çox uğurlu olub. Əminəm ki, Bakı-Tbilisi-Qars dəmir yolunun inşası başa çatandan sonra on milyonlarla yeni yük bizim ərazimizdən keçəcək və beləliklə, həm iqtisadi, həm siyasi maraqlarımızı təmin edəcək.

Enerji təhlükəsizliyi məsələləri də xüsusi əhəmiyyət daşıyır. Bu gün hər bir ölkənin təhlükəsizliyi, o cümlədən və bəlkə də ilk növbədə enerji təhlükəsizliyi ilə bağlıdır. Burada da artıq çoxformatlı əməkdaşlıq yaranıb. Azərbaycan, Qazaxıstan, Türkmənistan Xəzər dənizində uğurlu fəaliyyət göstərirlər. Eyni zamanda bizim əsas ixrac yollarımız Türkiyə ərazisindən keçir və beləliklə, bu amillər bizi bir-birimizlə daha da sıx bağlayır.

Bizim əsas birləşdirici amilimiz birliyimizdir, etnik köklərdir, ortaq tarixdir, mədəniyyətdir. Budur bu gün bizi birlikdə gücləndirən amillər. Əminəm ki, gələcək nəsillər də bu amallarla yaşayacaq və bizim birliyimiz daimi olacaq”.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətlərinin rəhbərləri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V sammitinin bəyannaməsini, şuranın baş katibinin müavinin, Türk Mədəniyyəti və İrsi Fondunun prezidentinin təyin edilməsi ilə bağlı sənədləri imzalayıblar. Bununla da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V sammiti işini başa çatdırıb.

İqtisadiyyat və Sənaye Nazirliyi sahibkarlara yoxlamalarla bağlı müraciət edib

14.09.2015

İqtisadiyyat və Sənaye Nazirliyi sahibkarlara müraciət edərək xatırladıb ki, bu sahədə hər bir yoxlama 1 may 2011-ci ildən fəaliyyətə başlamış “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydə alınmaqla həyata keçirilməlidir:

“Reyestrin fəaliyyəti sahibkarlıq sahəsində yoxlamaların aparılması ilə əlaqədar sahibkarların hüquqlarının müdafiəsinə, sui-istifadə hallarının qarşısının alınmasına və bu sahədə şəffaflığın artırılmasına xidmət edir. Sahibkarlar www.yoxlama.gov.az saytına daxil olmaqla qeydiyyatdan keçə, öz VÖEN-ni və qeydiyyatdan keçdikdən sonra əldə etdiyi şifrəni daxil etməklə özü barəsində təyin edilmiş plan üzrə yoxlamalar haqqında əvvəlcədən məlumat əldə edə bilərlər. Vergi orqanlarının apardığı operativ nəzarət tədbirləri istisna olmaqla plandankənar yoxlamalar haqqında məlumatla isə sahibkarların həmin yoxlamanın keçirilməsinə ən geci 1 gün qalmış tanış olmaq imkanı ver”.

Transparency.az-ın məlumatına görə, müraciətdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun 2014-cü il martın 1-dən qüvvəyə mindiyi vurğulanır: “Qanun yoxlayıcı orqanların sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə apardığı bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Yoxlayıcı orqan səlahiyyətlərinə aid məsələlər üzrə sahibkara yazılı və şifahi şəkildə izahatlar verməyə, habelə qarşıya çıxan çətinliklərin aradan qaldırılmasına dair metodiki köməklik göstərməyə borcludur.

Qanunda yoxlamaların plan üzrə və plandankənar formalarda aparılması nəzərdə tutulub. Plan üzrə yoxlama həmin sahibkarlıq subyektinin maksimum son üç ildən artıq olmayan fəaliyyət dövrünü əhatə edə bilər. Plandankənar yoxlama isə yalnız həmin yoxlamanın keçirilməsinə əsas yaradan məsələləri əhatə etməlidir.

Plan üzrə yoxlamanın müddəti iri sahibkarlara münasibətdə 10 iş günündən, orta və kiçik sahibkarlara münasibətdə isə 5 iş günündən, plandankənar yoxlamanın müddəti isə iri sahibkarlara münasibətdə 5 iş günündən, orta və kiçik sahibkarlara münasibətdə isə 3 iş günündən artıq olmamalıdır.

Qanuna əsasən, yoxlama zamanı yalnız yoxlama suallarının siyahısına daxil edilmiş məcburi tələblərin icra vəziyyəti yoxlanılır. Yoxlama zamanı yoxlama suallarının siyahısına daxil edilməyən tələblərin pozulması faktı aşkar olunduğu halda həmin fakt üzrə məsuliyyət tədbiri tətbiq oluna bilməz.

Plandankənar yoxlamalar aşağıdakı hallarda aparılır:

1) sonuncu yoxlama nəticəsində aşkar edilmiş pozuntuların və ya onların nəticələrinin müəyyən edilmiş müddət ərzində aradan qaldırılmasına dair sahibkar tərəfindən yoxlayıcı orqana məlumat verilmədikdə və ya verilmiş məlumatın yanlış olduğu müəyyən edildikdə;

2) sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirlərin tətbiqi (təkrar tətbiqi) barədə qərarın icra vəziyyəti yoxlanıldıqda;

3) insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükənin olması və ya bu barədə yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda;

4) sahibkar plandankənar yoxlamanın aparılması barədə yoxlayıcı orqana müraciət etdikdə.

Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara təqdim etməli, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verməlidir. Həmin sənədlər və məlumatlar sahibkara təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər”.

Müxtəlif ödənişlər bir portalda birləşdirilib

14.09.2015



e_gov“Hökumət ödəniş” portalı “Elektron hökumət” portalına inteqrasiya olunub. Məlumat Hesablama Mərkəzinin direktoru Mail Mərdanov AZƏRTAC-a deyib ki, Nazirlər Kabinetinin qərarına əsasən, informasiya sistemlərinin inteqrasiyası işlərinə 6 ay əvvəldən başlanıb: “Hökumət ödəniş” portalı müxtəlif ödənişləri “Kommunal”, “Rabitə”, “İpoteka”, “Büdcə” kimi qruplarda birləşdirir. Vətəndaş istənilən qrup üzrə ödəniş etmək üçün xidmətin adını və tələb olunan informasiyaları daxil edərək yaratdığı xidməti yadda saxlaya və ödənişi reallaşdıra bilər. Sistem üzrə bütün sahələr üzrə ödənişlərin tarixi saxlanır və istənilən vaxt baxılması mümkündür. Həmçinin yeni sistem vasitəsilə vətəndaş bir neçə xidmət üçün ödəniş etmək imkanına sahib olacaq. Portalda əks olunan “Kommunal” bölməsində “Azəriqaz” İstehsalat Birliyi, “Azərsu”, “Azəristiliktəchizat” və “Azərişıq” ASC-lər üzrə çevik və operativ ödəniş etmək mümkündür.

“Rabitə” bölməsi “Azərcell Telekom” MMC, “Nar”, “Bakcell” stasionar telefon xidmətləri üzrə ödənişləri bir arada toplayır. Vətəndaşlar rabitə borcunu vahid məkandan faydalanaraq ödəyə biləcəklər. “İpoteka” bölməsi üzrə kreditin kodu daxil olunmaqla çevik ödəniş təmin ediləcək.

“Büdcə” bölməsində isə Dövlət Miqrasiya Xidməti, Dövlət Sosial Müdafiə Fondu, Energetika, Fövqəladə Hallar, Vergilər, İqtisadiyyat və Sənaye, Daxili İşlər nazirliklərinin, Dövlət Gömrük və Əmlak Məsələləri üzrə Dövlət komitələrinin ödəniş xidmətləri inteqrasiya olunub. Artıq vətəndaşlar cərimə, dövlət rüsumu kimi ödənişləri portal üzərindən reallaşdıracaqlar”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi elektron xidmət hesabatı yayıb

14.09.2015

nazirlikƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) rəsmi açıqlama yayaraq bildirib ki, “Elektron hökumət” portalında təqdim etdiyi xidmətlərdən avqust ayında 151946 dəfə istifadə olunub, bu da “E- hökumət” portalı üzrə müxtəlif qurumların göstərdiyi bütün e-xidmətlər üzrə ümumi istifadə sayının 12,2 faizini təşkil edir.

Ötən ay əhali nazirliyin “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” elektron xidmətindən 91250 dəfə, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən 36416 dəfə faydalanıb.

“İş yerinə dair arayış” e-xidmətindən isə avqust ayında 21966 dəfə istifadə qeydə alınıb.

Hər üç e-xidmət əhalinin ən çox faydalandığı e-xidmətlər sırasındadır.

Hesabata görə, yanvar-avqust aylarında “E-hökumət” portalı üzərindən göstərilən bütün e-xidmətlərdən ümumi istifadə sayının 16,3 faizi, yəni 1 424 110 ədədi ƏƏSMN-nin e-xidmətlərinin payına düşüb.

Samir Əliyev: “Xarici ticarətin vəziyyəti getdikcə pisləşir”

14.09.2015

1samir_aliyev_ 1Dövlət Gömrük Komitəsinin 7 aylıq statistik məlumatlarına görə, ixracda qeyri-neft sektorunun payı 13%-ə yüksəlib. Uzun müddət bu göstərici 7%-dən çox olmayıb.

Amma qeyri-neft sektorunun ixracda ilk baxışdan artım kimi görünən payı əslində həcmcə azalıb. 2014-cü ilin yanvar-iyul aylarında qeyri-neft sektorunun ixracı 991 milyon dollar olub, bu ilin müvafiq dövründə 4 milyon dollar azalaraq 987 milyona dollara düşüb. Qeyri-neft sektorunun faizdə payının artması isə neft sektorunun ixracının 2 dəfəyədək azalması ilə bağlıdır.

Transparency.az-a danışan iqtisadçı ekspert Samir Əliyev deyib ki, xarici ticarətin vəziyyəti getdikcə pisləşir: “7 aylıq nəticələrə görə, müsbət saldo azalır və ixracla idxalın bərabərləşmək ehtimalı da artır. 2014-cü ilin 7 ayında ixrac idxaldan 2,7 dəfə çox olduğu halda bu ilin müvafiq dövründə üstünlük 41,5%-ə enib. İxrac 13,3 milyard dollardan 7,5 milyard dollara düşüb, idxal isə 4,9 milyarddan 5,3 milyard dollara qalxıb. Yanvar-iyul aylarında müsbət saldo 8,4 milyard dollardan 2,2 milyard dollara düşüb.

İxracın azalmasının əsas səbəbi neftin dünya bazarlarında ucuzlaşmasıdır. Ötən ilin 7 ayı ilə müqayisədə xam neft ixracı dəyər ifadəsində 43,6%, neft məhsulları 40,3%, təbii qaz 31,8% azalıb.

Ancaq azalma qeyri-neft sektorunda da baş verib. Yeyinti məhsullarından çayda ixrac 43,7%, bitki və heyvan mənşəli piylər və yağlarda 30,3%, şəkərdə 7,4%, spirtli və spirtsiz içkilərdə 32,3% azalıb. Sənaye məhsullarından isə plastmas və onlardan hazırlanan məmulatların ixracı 19%, gön və aşılanmış dəri ixracı 36,9%, qara metal ixracı 43,7% düşüb. Yeganə artım meyvə-tərəvəz (0,8%), kimya sənayesi məhsulları (66,9%) və alüminium məmulatlarının (10,85%) ixracında qeydə alınıb.

Azərbaycanın ixracında MDB ölkələrinin mövqeyi bu il pisləşib və ümumilikdə 43% azalma olub. Rusiyaya ixrac 40%, Belarusa 51,4%, Qazaxıstana 63%, Qırğızıstana 84%, Özbəkistana 70%, Ukraynaya 65% azalıb. Avropa İttifaqına ixracda da azalma var və bunun əsas səbəbi neftin ucuzlaşmasıdır”.

Kənd Təsərrüfatı Nazirliyi dağ və dağətəyi zonalarda çətinliklə üzləşib

14.09.2015

Kənd Təsərrüfatı Nazirliyi rəsmi məlumat yayıb. Məlumatda qeyd olunur ki, regionlarda payızlıq əkinləri üçün şum qaldırılması, torpaq becərmə və dağlıq rayonlarda səpin işləri davam etdirilir: “Şumun gedişatı barədə gündəlik məlumatlar nazirliyin bitkiçilik şöbəsində toplanır və müvafiq təhlillər aparılır. Ərazi kənd təsərrüfatı idarələrindən daxil olan məlumatlara əsasən, şum qaldırılmasında traktor və digər kənd təsərrüfatı alətləri ilə bağlı heç bir çətinlik yoxdur.

Sentyabrın 1-dək ölkə üzrə 237610 hektar sahədə təmiz herik şumu da daxil etməklə payızlıq əkinlər üçün şum qaldırılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14.7 min hektar (7,5 faiz) çoxdur.

Bununla yanaşı, dağ və dağətəyi zonalarda yerləşən Şəki, Qəbələ, Oğuz, İsmayıllı, Şamaxı, Ağsu, Qobustan rayonlarında proqnozlaşdırılan şum işlərində gecikmələr müşahidə olunur, bu da 2016-cı ilin məhsuluna mənfi təsir göstərə bilər.

Payızlıq əkinlər üçün şum qaldırılmasını sürətləndirmək və taxıl səpinini optimal müddətdə başa çatdırmaq məqsədilə 16 sentyabrda Şəki rayonunda “Şum qaldırılmasının başa çatdırılması və payızlıq taxıl səpininə hazırlıq” mövzusunda regional müşavirənin keçirilməsi planlaşdırılır. Tədbirdə nazirliyin bitkiçilik şöbəsinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin, “Aqrolizinq” ASC-nin, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin, aidiyyəti elmi-tədqiqat institutlarının, yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin, eləcə də fermer və sahibkarların iştirakı nəzərdə tutulur”.

Nazir müavini: “Bakı müəllimlərinin əməkhaqqı orta hesabla 35 faiz artıb”

14.09.2015



ceyhun bayramov 1
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə çalışan müəllimlərin əməkhaqqı orta hesabla 35 faiz artıb. 7760 nəfər müəllimin əməkhaqqı 500-1000 manat, 466 müəllimin əmək haqqı isə 1000 manatdan yuxarıdır. APA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir səlahiyyətlərini müvəqqəti icra edən Ceyhun Bayramov paytaxtın təhsil işçilərinin sentyabr konfransındakı çıxışında deyib.

Nazir müavini bildirib ki, Bakı müəllimlərinin orta aylıq əməkhaqqı ilə ölkə üzrə orta aylıq əməkhaqqı arasındakı uyğunsuzluq aradan qaldırılıb: “Hazırda bu fərq 6 faiz təşkil edir”.

Dövlət Statistika Komitəsinin rəsmi açıqlamasına görə, 2015-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 458,9 manat olub.

Vergilər Nazirliyi hüquqi xidmət sektorunda yoxlamalara başlayıb

14.09.2015

vergiler-nazirliyi-3Vergilər Nazirliyi notarius, vəkillik və auditor fəaliyyəti istisna olunmaqla hüquq xidməti göstərən fiziki və ya hüquqi şəxslərin fəaliyyətini yoxlamağa başlayıb. Nazirliyin analitik-informasiya şöbəsindən APA-Economics-ə verilən məlumata görə, yoxlamalar hüquq xidməti göstərən digər şəxslərin “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun 9-12-ci maddələrinin tələblərinə əməl edilməsi vəziyyətinin araşdırılması məqsədilə aparılır.

Nazirlikdən bildiriblər ki, qanunun 10.2-ci maddəsinə əsasən, hüquq xidməti göstərən digər şəxslər müştərinin, benefisiarın və ya səlahiyyətli nümayəndənin eyniləşdirmə sənədlərini və müştərinin həyata keçirdiyi pul vəsaitləri və ya digər əmlakla əməliyyatlara dair sənədləri (hesabdan çıxarışlar, əməliyyatların aparılması üçün əsas və s.) müvafiq sorğu əsasında maliyyə monitorinqi orqanına və ya Vergilər Nazirliyinə təqdim etməlidir.

Hüququn ayrı-ayrı sahələri üzrə hüquq xidmətləri göstərən fiziki və ya hüquqi şəxslərin Vergilər Nazirliyinə bu sənədləri də təqdim etməli olduğu vurğulanır:

- daşınmaz əmlakın alğı-satqısı ilə əlaqədar əməliyyatlar;

- müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakının idarə olunması ilə əlaqədar əməliyyatlar;

- müştərinin bank və ya qiymətli kağız hesablarının idarə olunması ilə əlaqədar əməliyyatlar;

- hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanmasının təşkil edilməsi, habelə hüquqi şəxslərin alğı-satqısı ilə əlaqədar əməliyyatlar.

Nazirlikdən bildiriblər ki, yoxlamanın nəticəsi olaraq akt, qanun pozuntusu aşkar olunanda isə inzibati xəta haqqında protokol tərtib edilir.

İnzibati Xətalar Məcəlləsinin 348-3.0.6-cı maddəsinə əsasən, hüquq xidməti göstərən digər şəxslərin Vergilər Nazirliyinin fəaliyyətinə maneələrin yaratmasına, o cümlədən sorğulara cavab verməməsinə, tələb olunan sənədlərin və məlumatların təqdim etməməsinə, yanlış məlumatların verməsinə görə vəzifəli şəxslər 800 manatdan 1500 manatadək miqdarda, hüquqi şəxslər 8000 manatdan 15000 manatadək miqdarda cərimə olunur.

Hüquq xidməti göstərən digər şəxslərə münasibətdə yoxlama nəticəsində qanun pozuntusu aşkar edilərsə, vergi orqanları İnzibati Xətalar Məcəlləsinin 348-3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edir və baxılması üçün rayon (şəhər) məhkəmələrinə göndərir.

Paytaxtın iki marşrutunda yenilik oldu, iki marşrut ləğv edildi

14.09.2015



bus
Sentyabrını 14-dən paytaxtda “BakuBus” MMC-nin 5 nömrəli marşrut avtobusu fəaliyyətə başlayıb. Bununla əlaqədar mövcud marşrut avtobuslarının xətlərində dəyişikliklər olunub.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yeni 5 nömrəli marşrut avtobusunun hərəkət istiqaməti “Nəriman Nərimanov” metro stansiyası-Təbriz küçəsi-Azadlıq prospekti-“28 May” metro stansiyası-Puşkin küçəsi-Azadlıq prospekti-Zərifə Əliyeva küçəsi-Ə.Yaqubov küçəsi-20-ci sahə olacaq. Bu səbəbdən mövcud xətt üzrə hərəkət edən 20 və 24 nömrəli marşrut avtobusları xətdən kənarlaşdırılacaq.

5 nömrəli marşrut avtobusunun istiqaməti üzrə hazırda fəaliyyət göstərən 37 və 88 nömrəli marşrut avtobuslarının mövcud hərəkət istiqamətləri isə hələlik saxlanıb.

Hərəkət istiqaməti Avtovağzal-“20 Yanvar” metro stansiyası-Badamdar qəsəbəsi-Səbail meydanı-20-ci sahə olan əvvəlki 5 nömrəli marşrut avtobusunun isə nömrəsi dəyişdirilərək 53 nömrəsi ilə əvəz olunub.

Parlament sədri anons verdi: Azərbaycan Avronestdən çıxa bilər

14.09.2015



oqtay esedov 2
Sentyabrın 14-də Milli Məclisin növbədənkənar xüsusi plenar iclası keçirilir. Gündəlikdə Avropa Parlamentinin Azərbaycanla bağlı son qətnaməsinin müzakirəsi durur.

Avropa Parlamenti sentyabrın 10-da Azərbaycanla bağlı qətnamə qəbul edib. Qətnamədə bəzi Azərbaycan rəsmilərinə sanksiyaların tətbiqi üçün Avropa Komissiyasına çağırış əksini tapıb: “Avropa Parlamenti Avropa Komissiyasını və üzv ölkələri Azərbaycanda davam edən təqiblərə güclü və birgə cavab verməyə, habelə siyasi təqiblərdə əli olan hakimlər, rəsmilər və siyasətçilərə qarşı sanksiya və viza qadağası məsələsinə baxmağa çağırır”.

Sənəddə Azərbaycan hakimiyyəti bütün siyasi məhbusları, insan haqları fəallarını, jurnalistlər və vətəndaş cəmiyyəti təmsilçilərini dərhal həbsdən azad etməyə, onlara qarşı ittihamlara xitam verməyə dəvət olunur.

APA-nın məlumatına görə, Milli Məclisin bugünkü iclasını açıq elan edən spiker Oqtay Əsədov deyib ki, Avropa Parlamentində Azərbaycana qarşı növbəti siyasi aksiya təşkil olunub: “Sentyabrın 10-da keçirilən iclasda etiket qaydaları pozulub, Azərbaycana şər və böhtan atılıb. Mən Avropa Parlamentinin bu qətnaməsini tam qərəzli və saxta hesab edirəm. Bu qurumun iclasında əvvəllər 50-60 nəfər güclə iştirak edirdi. Bu dəfə məqsədli 600-dən yuxarı deputat toplamışdılar. Son iki ildə Avropa Parlamentində Azərbaycana qarşı bir çox qərəzli sənəd qəbul olunub. Biz çox vaxt dinmirdik, amma artıq susmaq olmur. Avropa bu dəfə bütün davranış qaydalarını pozdu”.

Spiker deyib ki, 10 sentyabr qətnaməsinin qəbul edilməsinin əsas hədəflərindən biri Azərbaycanı Avropadan təcrid etmək, nüfuzuna xələl gətirmək və Dağlıq Qarabağ məsələsində Azərbaycana hansısa şərtlər qəbul etdirməkdir: “Separatçı rejimin başçısı terrorçu Saakyanı Avropaya dəvət etməkdə də məqsədləri bu idi”.

Azərbaycanın Avropa ilə əməkdaşlıqda keçdiyi yolu, Avronest səviyyəsində xidmətlərini xatırladan Oqtay Əsədov bildirib ki, Milli Məclis bugünkü iclasda Nazirlər Kabinetinə tövsiyə edəcək ki, Azərbaycanın Avronestlə əməkdaşlığına yenidən baxsın.

2011-ci il mayın 3-də Brüsseldə Avronest Parlament Assambleyası təsis edilib. Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramının parlament formatı olan Avronestə Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova və Ermənistan daxildir.

Fərdi uçot sistemində qeydiyyatla bağlı yeni statistika

14.09.2015

dsmf sonSentyabr ayının 1-nə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondunda (DSMF) fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 126 905 nəfər olub. Fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,16 faizi (1 849 083 nəfər) kişi, 40,84 faizi (1 277 022 nəfər) isə qadındır.

Fondun ictimaiyyətlə əlaqələr sektorunun məlumatına görə, fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olan sığortaolunanlar üstündür. Həmin yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığortaolunanların 24,94 faizidir (779 763 nəfər).

Fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21,39 faizini (668 789 nəfər) 30 yaşa kimi olan şəxslər, 20,62 faizini (644 645 nəfər) 40-50 yaş aralığında olan şəxslər, 21,15 faizini (661 519 nəfər) 50-60 yaş aralığında olan şəxslər, 11,9 faizini (372 189 nəfər) 60 yaşdan yuxarı olan şəxslər təşkil edir.

Səməd Seyidov: “Avropa Parlamenti öz nüfuzuna böyük zərbə vurub”

14.09.2015

semed seyidov 1“Avropa Parlamentinin qətnaməsinə layiqli cavab verilməlidir”. AZƏRTAC-ın məlumatına görə, Milli Məclisin sentyabrın 14-də keçirilən növbədənkənar iclasında parlamentin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov belə deyib.

Səməd Seyidov qeyd edib ki, Avropa Parlamenti seçki öncəsi tələsik, böhtan və yalanlarla dolu bu qətnaməni qəbul etməklə öz nüfuzuna böyük zərbə vurub: “Bəlkə də uzun müddət bu zərbənin altından çıxa bilməyəcək. Bundan sonra onların deyəcəkləri sözlər, qəbul edəcəkləri qərarlar heç bir ciddi əhəmiyyət kəsb edə bilməz. Ona görə ki, yalnız Azərbaycanın yox, bütün dünyanın, Avropanın gözü qarşısında onlar ölkəmizə qarşı təhrikçi və məsuliyyətsiz bir addım atdılar.

Azərbaycan müstəqil siyasət apararaq dünyada söz sahibinə çevrilib. Dövlətimiz kiminsə diktəsi ilə deyil, öz xalqının maraqları ilə hərəkət edir. Ən əsası isə bu gün Azərbaycan iqtidarı işğal edilmiş torpaqlarını ATƏT-in Minsk qrupundan, Avropa Parlamentindən kənar azad etmək iqtidarındadır. Budur onları qorxuya salan.

Biz beynəlxalq təşkilatlar vasitəsilə öz problemlərimizi dünyaya çatdırmaq və nəticədə bu məsələləri həll etmək istəyirik. İnsan haqlarını müzakirə edəndə biz qaçqınları, demokratiya deyəndə bərabərliyi, qanunun aliliyini fikirləşəndə beynəlxalq qanunun aliliyini düşünürük. Amma bu qətnamə insan hüquqları pərdəsi altında müstəqil dövlətin məhkəmə sisteminə zərbə vurmaq cəhdlərini göstərdi. Demokratiya deyəndə islamofobiya, irqçilik, qeyri-tolerantlıq kimi məsələlərin gündəmə gəlməsini gördük. Qanunun aliliyi deyəndə isə separatçı qüvvələrlə, terrorçularla birgə oturub iş görməyi gördük.

Biz dövlətimiz, milli maraqlarımız naminə öz sözümüzü deməliyik. Avropa Parlamentində sağlam qüvvələrlə birləşib orada korrupsiyaya uğramış lobbiçilik qruplarını ifşa etməliyik”.

Avropa Parlamenti sentyabrın 10-da Azərbaycanla bağlı qətnamə qəbul edib. Qətnamədə bəzi Azərbaycan rəsmilərinə sanksiyaların tətbiqi üçün Avropa Komissiyasına çağırış əksini tapıb: “Avropa Parlamenti Avropa Komissiyasını və üzv ölkələri Azərbaycanda davam edən təqiblərə güclü və birgə cavab verməyə, habelə siyasi təqiblərdə əli olan hakimlər, rəsmilər və siyasətçilərə qarşı sanksiya və viza qadağası məsələsinə baxmağa çağırır”.

Sənəddə Azərbaycan hakimiyyəti bütün siyasi məhbusları, insan haqları fəallarını, jurnalistlər və vətəndaş cəmiyyəti təmsilçilərini dərhal həbsdən azad etməyə, onlara qarşı ittihamlara xitam verməyə dəvət olunur.

Müdafiə naziri Komanda Qərargah Hərbi Oyunlarının nəticələrini açıqlayıb

14.09.2015

zakir hesenov
Sentyabrın 14-də Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov nazirliyin və Silahlı Qüvvələrin rəhbər heyəti, birlik və birləşmələrin komandir və qərargah rəisləri, eləcə də irimiqyaslı təlimlərə cəlb olunan məsul zabitlərin iştirakı ilə Komanda Qərargah Hərbi Oyunlarının yekunlarına dair müşavirə keçirib. Müdafiə naziri praktiki atışlarla icra olunan irimiqyaslı təlimlərin nəticələrini təhlil edərək bildirib ki, qarşıya qoyulan məqsəd və vəzifələr məharətlə yerinə yetirilib. Zakir Həsənov bütün qoşun növ və qisimləri, xüsusi təyinatlılar, təminat vasitələrinin döyüş şəraitinə maksimal uyğunlaşdırılmış vəziyyətdə təlim-döyüş tapşırıqlarını tələb olunan səviyyədə icra etdiyini vurğulayıb, həmçinin döyüş atışlarının icrası, manevrlərin həyata keçirilməsi zamanı komandirlərin və şəxsi heyətin təşəbbüskarlığını yüksək qiymətləndirib.

Müdafiə naziri düşmənlə çətin radioelektron mübarizə şəraitində qarşılıqlı əlaqəli fəaliyyətin təşkilinə və bölmələrin dəqiq idarə edilməsinə xüsusi diqqət yönəldilməsini və gələcəkdə də bu istiqamətdə səmərəli tədbirlərin görülməsini tələb edib. O, hərbi əməliyyatlar zamanı mülki əhalinin, hərbi və mülki obyektlərin, təsərrüfat sahələrinin, kommunikasiyaların və digər həyati əhəmiyyətli sahələrin mühafizəsində, həmçinin səfərbərlik ehtiyatlarının vaxtında toplanmasında, qəbulunda yerli icra orqanları ilə qarşılıqlı əlaqələrin daha sıx olmasının vacibliyini də diqqətə çatdırıb.

Sentyabrın 6-dan 13-dək keçirilən Komanda Qərargah Hərbi Oyunlarına 65000 nəfərədək şəxsi heyət, 700-dək zirehli texnika, 500-dən çox raket və artilleriya qoşunlarının qurğusu, Hərbi Hava Qüvvələrinin 40-dək təyyarəsi və 50-dək helikopteri, Hərbi Dəniz Qüvvələrinin 20-dək gəmi və kateri, eləcə də Xüsusi Təyinatlı Qüvvələrin və qruplaşmaların havadan mühafizəsi məqsədilə qoşunların hava hücumundan müdafiə bölmələri və müasir hava hücumundan müdafiə kompleksləri ilə silahlanmış zenit-raket birləşmələri cəlb edilib. Təlimlərdə hava kəşfiyyatının aparılması məqsədilə pilotsuz uçan aparatlardan istifadə olunub.

Birləşmə və hissələrin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsini yoxlamaq məqsədilə ehtiyatdan çağırılmış 6000 nəfərdən artıq hərbi vəzifəli toplanışa çağırılıb.

Gənclər və İdman Nazirliyi yarım ilə yekun vurub

14.09.2015



ginGənclər və İdman Nazirliyi 2015-ci ilin birinci yarısında görülmüş işlər haqqında məlumat yayıb. Hesabatda qeyd olunur ki, birinci yarım il ərzində federasiyalarla birlikdə ölkədə 81 respublika yarışı təşkil edilib, 28 beynəlxalq yarış keçirilib, yığma komandalar 48 beynəlxalq yarışa qatılıb. Olimpiya və qeyri-olimpiya idman növləri üzrə dünya, Avropa çempionatları, kubok yarışları və ilk Avropa Oyunlarında (Bakı, 12-28 iyun) 57 qızıl, 43 gümüş və 61 bürünc — cəmi 161 medal əldə edilib.

Hesabat dövründə Avropa Oyunları üçün nəzərdə tutulan 18 idman obyekti tikilib və ya yenidən qurularaq istifadəyə verilib. 18 idman obyektindən 12-nin daimi (o cümlədən 5 yeni obyekt — Milli Gimnastika Arenası, Bakı Olimpiya Stadionu, Su İdmanı Sarayı, Bakı Atıcılıq Mərkəzi, BMX Veloparkı), 6-sının isə müvəqqəti yarış obyektləri olmasına baxmayaraq Su Polosu, Çimərlik və 3×3 Basketbol arenalarını özündə birləşdirən Avropa Oyunları Parkının daimi idman obyekti kimi istifadəsi nəzərdə tutulur.

İlin ilk yarısında Bakı şəhərində və regionlarda 9 olimpiya və idman kompleksinin tikintisi və tikintiyə hazırlıq işləri, Lənkəran Olimpiya İdman Kompleksinin yenidən qurulması, Bakı şəhərində Olimpiya Hərəkatı və İdman Muzeyinin, 12 idman zalı və qurğusunun tikintisi davam etdirilib.

Dmitri Medvedyevin 50 yaşı tamam oldu

14.09.2015

medvedyevRusiyanın baş naziri Dmitri Medvedyevin 50 yaşı tamam olub.

Transparency.az bildirir ki, 1965-ci il sentyabrın 14-də Leninqradda (Sankt-Peterburqda) anadan olan Medvedyev 1987-ci ildə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini, 1990-cı ildə aspiranturanı bitirib. 1990-1999-cu illərdə təhsil aldığı universitetdə dərs deyib.

1995-ci ilədək Leninqrad Şəhər Soveti sədrinin müşaviri və Sankt-Peterburq meriyasının xarici əlaqələr komitəsinin eksperti işləyib.

1999-cu ildə Rusiya Federasiyası hökuməti aparatının rəhbərinin müavini, 2000-ci ildə isə birinci müavini olan Medvedyev 2000-2003-ci illərdə “Qazprom”da çalışıb (Direktorlar Şurasının sədr müavini, sədri). 2003-cü ilin oktyabr ayından 2005-ci ilin noyabr ayına qədər Prezident Administrasiyasına rəhbərlik edib. 2005-ci ilin noyabrından Rusiya baş nazirinin birinci müavini olub, daha sonra baş nazir kürsüsünə gətirilib.

2008-2012-ci illərdə Rusiya prezidenti olub.

2012-ci ildən baş nazirdir.




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə