Dövlət qulluğu vəzifələrinin tutulma prosesi test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan vətəndaşı müsabiqədə iştirak edə bilər.
İmtahanda namizədlərin 100 test tapşırığını yerinə yetirməsi nəzərdə tutulur. Test imtahanı dünyagörüşü, o cümlədən Azərbaycan dili və Azərbaycan haqqında ümumi biliklər üzrə 15, qanunvericilik sahəsində 40, informasiya texnologiyaları sahəsində 15, məntiqi düşünmə qabiliyyəti sahəsində 30 test tapşırığından ibarətdir.
Müsabiqədə iştirak etmək arzusunda olan vətəndaşlar müraciət formasını 17 oktyabr 2015-ci il saat 18-dək komissiyanın rəsmi internet səhifəsində qeydiyyatdan keçərək doldurmalıdır.
Müraciət forması şəxsən və yaxud poçt vasitəsilə də kağız daşıyıcılarla təqdim edilə bilər.
Sentyabrın 16-dan isə “ASAN xidmət”ə qəbulla bağlı müsabiqənin test imtahanları keçirilir. Müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçmiş 772 namizəddən 254 nəfər test imtahanında iştirak edib. Onlardan 43-ü müsabiqədə uğur qazanıb, 189 nəfər test imtahanına gəlməyib. “ASAN xidmət”ə qəbulla bağlı test imtahanları 21 sentyabr 2015-ci ildə başa çatacaq.
Sabir Rüstəmxanlı deputatlığa namizəd olmayacağını açıqladı
18.09.2015
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı noyabrın 1-də keçiriləcək parlament seçkisində namizəd olmayacağını bəyan edib. APA-ya danışan Sabir Rüstəmxanlı deyib ki, həyat yoldaşı, “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının deputat seçilməsinə yardımçı olacaq: “Namizədliyimi irəli sürməmək barədə qərarım qətidir. Tənzilə xanım namizədliyini verib, qeydiyyatdan keçsə, ona kömək edəcəm”.
Sabir Rüstəmxanlı parlamentdə 72 saylı Yardımlı-Masallı dairəsini təmsil edir. Tənzilə Rüstəmxanlının 42 saylı Sumqayıt seçki dairəsindən namizəd olacağı bildirilir.
69 yaşlı Sabir Rüstəmxanlı şair, yazıçı, publisist, ictimai xadim və siyasətçidir. Milli azadlıq hərəkatının liderlərindəndir. Azərbaycan parlamentində 1990-cı ildən təmsil olunur. 1992-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının sədridir.
1991-1995-ci illərdə mətbuat və informasiya naziri postunu tutub. Dünya Azərbaycanlıları Konqresinin həmsədridir.
“BBC Monitorinq” Bakıdan Tiflisə köçür
18.09.2015
“BBC Monitorinq” öz ofisini Bakıdan Tbilisiyə köçürür. Novator.az bildirir ki, bu məlumatı RİA Novosti agentliyi Sputniknews.com-a istinadla yayıb.
Məlumatda deyilir ki, “BBC Monitorinq”in ofisinin Azərbaycan paytaxtından Gürcüstan paytaxtına köçürülməsi prosesi 6 ay çəkəcək.
Ofisin Bakıdan Tbilisiyə köçürülməsinin səbəbi açıqlanmır.
“BBC Monitorinq”in Bakı ofisi məsələyə şərh verməkdən imtina edib. “BBC”nin Londondakı Rusiya xidməti də sualdan yayınıb.
BBC Böyük Britaniyanın teleradio şirkətidir. “BBC Monitorinq” həmin şirkətin bütün dünyada hər növ KİV-in monitorinqini aparan bir bölməsidir. Bölmə Bakıda 15 ildən artıqdır fəaliyyət göstərir.
İntihar edən uşağın atası: “Maddi sıxıntılar ona təsir edirdi”
18.09.2015
Sentyabrın 14-ü İsmayıllıda 12 yaşlı İsmət Əsədov özünü asıb. Bəzi media orqanlarının iddiasına görə, İsmət ailəsinin ona məktəbli forması və dərs ləvazimatı ala bilmədiyi üçün özünü öldürüb.
“Yeni Müsavat” qəzetinin əməkdaşı İlkin Muradov İsmayıllıya gedərək İsmət Əsədovun atası ilə görüşüb. Qismət Əsədov jurnalistlə söhbətində məktəbli forması və dərs ləvazimatı barədə iddialara toxunaraq deyib: “İsmət bizdən nəsə tələb etməzdi. Maddi imkanımızın nəyə çatdığını bilirdi. Sıxıntımız çox idi, amma İsmət bunu başa düşürdü. İmkanımız çatmayan heç nəyi tələb etməyib. Yeni məktəbli forması ala bilməmişdik, amma İsmət bunu problem eləmirdi. Elə həmin gün mağazadan dəftər və qələm almışdı. Belə bir hadisənin olacağını nə bilərdik?”
Qismət Əsədov sentyabrın 14-ü yoldaşı, özü və İsmətlə birgə bağda üzüm yığdığını deyib: “Bağda işləyirdik. İsmət evə bizdən tez getdi. Ardınca biz gələndə səs-küy idi, gördük ki, İsməti yerə uzadıblar. Onu kəndirdən bacısı və qardaşı çıxarıb”.
İlkin Muradov yazır ki, Əsədovlar ailəsinin 4 övladı var: İsmətdən 1 yaş böyük bacısı, 2 yaş kiçik qardaşı Xəyal və evin ən kiçik övladı olan 2 yaşlı Ümid.
İsmət evə qayıtdıqdan sonra evin anbarındakı çardaqdan özünü asıb. Onu ilk olaraq qonşuda yaşayan uşaq görüb. Evdəkilərə xəbər verəndən sonra bacısı və özündən kiçik qardaşı İsməti xilas etməyə çalışıblar. Xəyal İsməti qucağına alıb, bacısı isə kəndiri boğazından çıxarıb. Lakin artıq gec olub.
Qismət Əsədovun sözlərinə görə, ailədə maddi çətinlik var: “Bir neçə banka kredit borcumuz var. Son zamanlar ödəyə bilmirdik. Borclar qızımın müalicəsindən sonra yaranıb. Bankdan götürdüyüm krediti verə bilmirdim. Ödənişləri başqasından borc alıb qaytarırdım. Sonra bu borclar da çoxaldı. Borclar qaytarmaq üçün yenə də kredit götürdük. Yoldaşımın da, mənim də adıma kredit var. Heç birimiz işləmirik. Qazancımız elə bağda işləməkdən çıxır.
İsmətin intiharından iki gün əvvəl bankdan evə bir neçə nəfər gəlib. Biz evdə olmamışıq. Qızım və balaca uşaqlar olub. Uşaqlara deyiblər ki, əgər borcunuzu ödəməsəniz, polislə gəlib evinizdəki əşyaları aparacağıq. Uşaqlar qorxmuşdu. İsmət də bundan təsirlənmişdi. Bilirəm ki, maddi sıxıntılar ona təsir edirdi. Amma gizlətmək də olmurdu axı. Hər şey göz qabağında idi”.
Jurnalistin yazdığına görə, “Azəriqaz”ın işçiləri ailənin qazını bir aydan çoxdur borc səbəbindən kəsibmiş. İntihar hadisəsindən sonra ailənin qazı verilib: “Əsədovlar ailəsi İsmayıllının Müdrüsə kəndindən 2007-ci ildə rayon mərkəzinə köçüb. 1977-ci il təvəllüdlü Qismət Əsədov fəhləliklə məşğul olur. Əlavə olaraq dağlarda itburnu yığmaqla məşğul olan Qismət Əsədov bununla ailəsinin dolanışığını təmin etməyə çalışıb. Oğlu İsmət bu işdə atasına kömək edirmiş.
İsmətin bacısı uzun illərdir bel nahiyəsində olan xəstəlikdən əziyyət çəkir. Elə ailənin borcu da övladlarının müalicəsindən sonra çoxalıb. Qismət Əsədovla söhbətimizdə məlum oldu ki, onların 3 banka ümumilikdə 9 min manata yaxın borcu var. Amma bu borcu heç cür ödəyə bilmirlər. Qismət Əsədov borcunu geri qaytarmaq üçün banklardan vaxt istəyib”.
İsmətin təhsil aldığı İsmayıllı şəhər 5 saylı tam orta məktəbin direktoru Elçin Məmmədov da jurnalistə açıqlama verib. O qeyd edib ki, İsmətin bütün sinif yoldaşları ilə normal münasibəti olub, o, hər hansı məktəbli və ya müəllimlə problem yaşamayıb, dərsə davamiyyəti və nailiyyətləri ilə seçilib.
Direktoru İsmətin məktəbli formasına görə intiharı etməsi haqda deyilənlərin doğru olmadığını vurğulayıb: “Hansı səbəbdən bunu edib, dəqiq deyə bilmərik. Amma məktəbli formasına görə belə bir iş tutması mümkün deyil. Onların ailəsini yaxşı tanıyıram. Maddi imkanları yaxşı olmasa da, məktəb forması almayacaq qədər deyil. Məktəbdə isə imkanı zəif olan ailələrə az da olsa yardım edilir. Bizdə yardıma ehtiyacı olan ailələrin siyahısı var”.
Elçin Məmmədov İsmətin nevroloji probleminin olması haqda iddialara da münasibət bildirib: “Məktəbin psixoloqu daim uşaqlarla ünsiyyətdə olur, onların problemlərindən xəbər tutur. İsmətin şəxsi işinə baxdıqda onun necə şagird olduğunu bilmək olar. Qiymətləri, dərslərdə davranışı həmişə qaydasında olub. Psixoloqumuz mütəmadi olaraq şagirdlərlə söhbət edir. Əgər İsmətin nevroloji problemi olsaydı, bundan xəbər tutardı. Biz İsmətin şəxsi işini prokurorluq əməkdaşlarına da göstərmişik. İntihara səbəb nevroloji problem deyil”.
Jurnalist İsmətin şəxsi işi ilə tanış olduğunu, qiymətlərinin əksəriyyətinin əla və yaxşı olduğunu da yazır.
Azərbaycana qaçan erməni bəyanat yayıb
18.09.2015
Ermənistan Milli Azadlıq Hərəkatı Vətəndaş Təşəbbüsü adlı QHT-nin rəhbəri Vaan Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib. O, həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə Ermənistandan qaçaraq Azərbaycana gəlib. Sentyabrın 18-də Vaan Martirosyan Bakıda mətbuat konfransı keçirib. Mətbuat konfransında onun həyat yoldaşı və uşağı da iştirak edib.
APA-nın xəbərinə görə, Vaan Martirosyanın həyat yoldaşı Karina Qasparyanla birgə imzaladığı bəyanatda deyilir: “Mən, Martirosyan Vaan Emilyeviç, 1986-cı ildə Yerevanda anadan olmuşam. Ermənistan vətəndaşıyam. Azərbaycandakı qeyri-hökumət təşkilatlarından olan dostların və həmkarlarımın köməyi ilə könüllü şəkildə ailəmlə birlikdə Azərbaycan Respublikası ərazisinə keçmişəm. Azərbaycanda məni çox dostcasına və qonaqpərvərliklə qarşılayıblar, heç bir təzyiqlə qarşılaşmamışam.
Bu hərəkətə səbəb mənim Ermənistanda ictimai-siyasi, hüquq müdafiəçisi fəaliyyətim olub. Mən Milli Azadlıq Hərəkatı Vətəndaş Təşəbbüsünün rəhbəri olaraq prezident Serj Sərkisyanın cinayətkar rejiminə, Ermənistanda hakimiyyətin total korrupsiya fəaliyyətinə qarşı mübarizə aparmışam. Məhz bu fəaliyyətə görə mən və hərəkatdan olan digər həmkarlarım son 3 ildə davamlı şəkildə Ermənistanın hakimiyyət orqanlarının təqib və təzyiqlərinə məruz qalmışıq. Nəhayət, avqustun 12-də Serj Sərkisyanın yaxın dostu, hakim Ermənistan Respublika Partiyasının deputatı Mqer Sedrakyanın cangüdəni və qohumları öz evimdə mənə və ailəmə hücum ediblər. Hücum nəticəsində mən yaşlı anamın və 2 yaşlı oğlumun gözü qarşısında vəhşicəsinə döyülmüşəm, nəticədə hamilə həyat yoldaşım uşağımızı itirib.
Bundan sonra davamlı şəkildə işi bağlamaq və mediaya məlumat sızdırmamaq üçün rüşvət təklif ediblər. Mən bu təklifi rədd etdikdən sonra anama təzyiqlər başlayıb. Ermənistan İstintaq Komitəsi mənə qarşı müxtəlif saxta cinayət işləri qaldırıb, saxta şahidlər tapıblar və tibb məntəqələrini mənim döyülməyimlə bağlı saxta sənəd hazırlamağa məcbur ediblər.
Bütün bunların nəticəsində həbsdən, repressiyadan, ədalətsiz məhkəmədən və ailəmin təhlükə altında olmasından qorxaraq dərhal Ermənistanı tərk etmək barədə qərar verdim. Mənim məqsədim Serj Sərkisyanın qeyri-legitim rejiminin cinayətkar mahiyyəti, onun ətrafı tərəfindən törədilən qanunsuzluqla bağlı Azərbaycan KİV-i vasitəsilə dünya ictimaiyyətinin, erməni diasporunun və beynəlxalq ictimaiyyətinin gözünü açmaqdır. Həmçinin onu göstərməkdir ki, bu rejim düşünülmüş şəkildə Dağlıq Qarabağ münaqişəsindən necə istifadə edir və Ermənistan iqtisadiyyatının, ordusunun, erməni xalqının tənəzzülü hesabına, özünün mənfəəti məqsədilə Azərbaycanın simasında saxta düşmən görüntüsü yaradır”.
Mətbuat konfransında iştirak edən azərbaycanlı hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib ki, Vaan Martirosyan və ailəsi Azərbaycandan daimi yaşayış hüququ istəyirlər: “Bu çağırışa tək cavab verə bilməzdim. Milli Məclisin deputatı Azay Quliyevlə görüşdüm. Onun səyi nəticəsində müsbət cavab aldıq”.
Mehman Səlimov: “Özümü təqsirli hesab etmirəm”
18.09.2015
Sentyabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsi müdafiə nazirinin keçmiş müavini polkovnik Mehman Səlimovun işi üzrə prosesi davam etdirib.
1995-1999-cu illərdə müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini olmuş Mehman Səlimov ötən ilin noyabr ayında həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi 60 yaşlı Mehman Səlimovun işini Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə araşdırıb.
Report.az-ın məlumatına görə, bu gün hakim Zeynal Ağayevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxs məhkəmənin qapalı şəraitdə keçirilməsini istəyib. Lakin hakimlər onun şifahi vəsatətini təmin etməyib.
Mehman Səlimovun vəkili vəsatət qaldıraraq məhkəmədən Müdafiə Nazirliyinin hərbi qulluqçuları üçün tikilən bir neçə yaşayış kompleksinin inşası üzrə müqavilələrin araşdırılmasını istəyib. Hakim vəsatəti qəbul edib, amma təmin olunub-olunmadığı haqda qərarını açıqlamayıb.
Bundan sonra Mehman Səlimov ifadə verib. O bildirib ki, bütün işləri keçmiş müdafiə naziri Səfər Əbiyevin göstərişi ilə edib: “Prokurorun ittihamı ilə razı deyiləm. Özümü təqsirli hesab etmirəm. Müdafiə Nazirliyindən təqaüdə çıxandan sonra şirkət yaratdım və Sumqayıt şəhərində tikinti işləri ilə məşğul oldum. Həmin dövrdə müdafiə naziri olan Səfər Əbiyev məni yanına çağırıb Azərbaycan ordusu üçün bir neçə hərbi təyinatlı obyekt tikməyimi istədi. Bu işlər də elə həmin söhbətdən sonra başladı. Ekspertiza təyin olunsun. Çünki nazirliyin ayırdığı pullar görülən tikinti işləri üçün az idi. Dövlətin verdiyi pullar çəkilən xərcləri ödəmədi. Həmin vəsaitlə işin yarısını görmək olardı”.
Müdafiə nazirinin keçmiş müavini işlərin hansı formada görüldüyünü və ödənişlərin hansı şəkildə həyata keçirildiyini də açıqlayıb: “Müqavilə bağlanırdı, sonra pul verilirdi. Məndən həm də başqa tədris mərkəzinin təmir işlərinin başa çatdırılmasını istədilər. Səfər Əbiyevə dedim ki, bura sökülüb yenidən tikilməlidir. Keçmiş nazir gəlib baxdı və işçilərinə mənə köməklik etmək barədə tapşırıq verdi.
Səfər Əbiyev nazir vəzifəsindən azad olunandan sonra (2013-cü ilin oktyabr ayı – red.) Müdafiə Nazirliyi üçün həyata keçirdiyimiz işlərdən ayrılmaq qərarına gəldim. Çünki mənə verilən məbləğlə tapşırılan işləri görmək mümkün deyildi. Dövlətin mənə verdiyi ev və torpaq sahəmi satdım. Bankdan 170 min manat kredit aldım. 150 min manat isə kürəkənimin adına götürdüm. Həmin pulları tikinti işlərini başa çatdırmaq üçün götürmüşdüm. Bunun əvəzində mənə bir manat da olsun pul vermədilər. Əvvəl adıma 300 min avans yazdılar və başa düşdüm ki, məni tutacaqlar. Dekabrda “Forma 2” (təhvil-təslim sənədi – red.) təqdim etməli idim. Lakin noyabr ayında məni tutdular. Görülən işlərə heç kim gəlib baxmadı və məni ittiham etdilər”.
Prosesdə şahidlər Şəfa Kərimova və İlqar Əfəndiyev də dindirilib.
Məhkəmənin növbəti iclası sentyabrın 28-nə təyin edilib.
Elmar Məmmədyarov ABŞ müdafiə nazirinin təmsilçisinə bəzi dairələrdən gileylənib
18.09.2015
Xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 18-də ABŞ-ın müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Evelin Farkasın başçılıq etdiyi nümayəndə heyətini ilə görüşüb.
Evelin Farkas Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğulayıb. O, ABŞ-ın terrorizmə qarşı mübarizə, enerji təhlükəsizliyi və sülhməramlı əməliyyatlar üzrə strateji maraqlarının Azərbaycanın maraqları ilə üst-üstə düşdüyünü və qeyd olunan sahələrdə iki ölkənin əməkdaşlığının təqdirəlayiq olduğunu deyib. Əfqanıstan əməliyyatının həyata keçirilməsi üçün Azərbaycanın yaratdığı tranzit imkanlarının və hava məkanından istifadənin ölkəsində yüksək qiymətləndirildiyini deyən Evelin Farkas Azərbaycana təşəkkürünü ifadə edib.
XİN-in mətbuat xidmətinin məlumatına görə, Azərbaycanla ABŞ arasında əlaqələrə toxunan nazir Elmar Məmmədyarov ABŞ-da bəzi dairələrin Azərbaycana aid məsələləri ictimai müzakirə obyektinə çevirməsinin və Azərbaycana qarşı fəaliyyətlərinin iki ölkə arasında strateji xarakter daşıdığı qeyd olunan münasibətlərin ruhuna uyğun olmadığını deyib. O əlavə edib ki, enerji, terrorizmə qarşı mübarizə, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq siyasi əlaqələri tamamlamalıdır.
Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Nazirlik 100 nəfərə avtomobil təqdim etdi
18.09.2015
Sentyabrın 18-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) növbədə olan daha 100 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə minik avtomobilləri təqdim edib. Nazirlikdən Transparency.az-a verilən məlumata görə, onlardan 7 nəfəri Böyük Vətən müharibəsi və 58 nəfəri Qarabağ müharibəsi əlilləri, digərləri 20 Yanvar, Çernobıl əlilləri və hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olanlardır.
Ekoloji pozuntulara görə cəzaların statistikası açıqlanıb
18.09.2015
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamentinin sentyabrın 1-dən 15-dək apardığı araşdırma ilə bağlı hesabat yayıb. Transparency.az nazirliyin mətbuat xidmətinə istinadla xəbər verir ki, hüquqi və fiziki şəxslərin atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verdiyi qanun pozuntularına görə 182 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 56 müddətli məcburi göstəriş verilib.
Ümumilikdə 49 iş üzrə 58800 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 7 iş üzrə 400.25 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 265 iş üzrə 29926.42 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 4, icra qurumlarına 27 iş göndərilib.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarıldı
18.09.2015
Sentyabrın 18-də prezident İlham Əliyev fərman imzalayaraq “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 20 iyul 2009-cu il sərəncamında dəyişikliklər edib. Transparency.az xəbər verir ki, fərmanla “Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılıb.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi Nazirlər Kabinetinə və Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilib.
Fərmana əsasən, cəmiyyətin sədrinin və sədr müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsini, cəmiyyətin yenidən təşkili və ləğvini prezident həyata keçirir.
2017-ci il İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi üzrə təşkilat komitəsi yaradıldı
18.09.2015
Prezident İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə təşkilat komitəsi yaradılmasına sərəncam verib.
Novator.az xəbər verir ki, təşkilat komitəsinin sədri Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, üzvləri Bakı meri Hacıbala Abutalıbov, nazirlər Azad Rəhimov, Elmar Məmmədyarov, Şahin Mustafayev, Samir Şərifov, Ramil Usubov, Eldar Mahmudov, Ziya Məmmədov, Oqtay Şirəliyev, Əbülfəs Qarayev, Əli Abbasov, Mikayıl Cabbarov və başqalarıdır.
Seçki yarışı iştirakçıları ilə bağlı yeni rəqəmlər
18.09.2015
Sentyabrın 18-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. APA-nın məlumatına görə, MSK sədri Məzahir Pənahov deyib ki, 1 noyabr parlament seçkisində 923 nəfərin deputatlığa namizədliyi irəli sürülüb: “388 nəfərin namizədliyini özləri, 3 nəfərin namizədliyini təşəbbüs qrupu, 34 nəfərin namizədliyini “Azadlıq-2015” bloku, 498 nəfərin namizədliyini 13 partiya verib.
Sədr əlavə edib ki, 720 nəfərin namizədliyi təsdiqlənib, 583 nəfər imza vərəqi alıb: “İndiyə qədər 39 nəfər imza vərəqini dolduraraq geri qaytarıb və onlardan 8 nəfərin deputatlığa namizədliyi qeydə alınıb”.
Parlament seçkisinin təqvim planına əsasən, namizədin qeydə alınması üçün zəruri olan seçki sənədləri oktyabrın 2-dək təqdim edilir. Oktyabrın 12-dək MSK qeydə alınmış namizədlərin seçki dairələri üzrə siyahısını açıqlamalıdır. Seçki təşviqatı oktyabrın 9-dan 31-dək aparılacaq.
Pulsuz təşviqat dörd KİV-də aparılacaq
18.09.2015
Mərkəzi Seçki Komissiyası elan yayıb. Elanda qeyd olunur ki, noyabrın 1-nə təyin edilmiş parlament seçkisində dairələrin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına dörd kütləvi informasiya vasitəsində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq:
- İctimai Televiziya və Radio Yayımları Şirkəti;
- “Azərbaycan” qəzeti;
- “Xalq qəzeti”;
- “Bakinski raboçi” qəzeti.
Elana görə, bu dörd KİV, o cümlədən digər teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları seçkinin təyin edilməsi haqqında qərarın rəsmi dərc olunmasından sonra ən geci 30 gün keçənədək dərc etməlidirlər.
Dostları ilə paylaş: |