Prosesin başlanmasını yalnız rentgenoloji məlumat təsdiq edə bilər. Bu vaxt süngər
maddənin osteosklerozu (sümüyün kiçik ilgəkli strukturu) və dişarası çəpər zirvələrinin
dəyişilməsi aşkara çıxarılır.
Paradontozun
birinci dərəcəsi zamanı xəstələr gicişmə, diş ətinin və dişlərin keyiməsi
(xüsusən frontal sahələrdə) hissi keçirirlər, bəzən dişlərin boyun nahiyəsində kimyəvi
və temperatur qıcıqlandırıcılarına həssaslıq yaranır. Diş əti kənarının selikli qişası
solğunlaşır, diş əti məməciyinin ölçüsü kiçilir, dişlərin boyun nahiyəsi açılır, bəzən
yeyilə bilir. Diş ətiüstü diş daşı çöküntüsünə təsadüf edilir.
Dişlərin möhkəm olmasına baxmayaraq rentgenoqramda dişarası çəpərlərin sümük
toxumasının öz hündürlüyünün 3/4- 1/3 hissəsi səviyyəsində aydın rezorbsiya
mənzərəsi, qalmış kartikal qatda sümüyün süngər maddəsinin sklerozlaşması aşkara
çıxarılır.
Paradontozun
ikinci dərəcəsində xəstələr diş ətində xoşagəlməz hisslər olmasından,
diş boynunun qıcıqlandırıcılarının təsirindən ağrımasından şikayətlənirlər. Diş ətinin
selikli qişası solğunlaşır, dişlərin boyun hissəsi çox açılır və diş arası sahələr boşalır (diş
ətinin atrofiyası nəticəsində). Tez-tez pazabənzər qüsurlara təsadüf edilir. Dişlərin
yerdəyişmə hadisəsi ola bilir.
Rentgenoloji cəhətdən bütün dişlərin dişarası çəpərlərinin 1/2 - 2/3 hündürlüyü
səviyyəsində sümük toxumasının rezorbsiyası aşkara çıxarılır (bərabər səviyyədə).
Bununla yanaşı, alveolyar çıxıntının sümük toxumasının sklerozlaşması təsviri aydın
görünür.
Paradontozun distrofik formasının
üçüncü dərəcəsində xəstələr diş ətinin
ağrımasından, dişlərin tərpənməsindən və yerdəyişməsindən şikayətlənirlər. Selikli
qişa solğunlaşır, dişlərin boyun nahiyəsində iltihab hadisələri aşkara çıxarıla bilir.
Dişlərin boynu öz uzunluğunun 1/2 - 2/3 hissəsi qədər açılır, qıcıqlandırıcıların təsirinə
həssas olur. Rentgenoloji cəhətdən dişarası çəpərlərinin sümük toxumasının kök
zirvəsinə qədər çatan atrofiyası aşkara çıxarılır.
Paradontozun distrofik-iltihabi formasına distrofik formaya nisbətən daha tez-tez
təsadüf edilir. Distrofik formada olduğu kimi, burada da başlanğıc mərhələsi, I,II,III
dərəcələri mövcuddur.
Paradontozun distrofik-iltihabi formasının
başlanğıc mərhələsi zamanı subyektiv
hisslər olmaya, yaxud gicişmə və diş ətində xoşagəlməz hisslər duyula bilər. Bu vaxt
diş əti kənarına selikli qişasının iltihab hadisələri zəif ifadə olunur, ayrı-ayrı diş qrupları
nahiyəsində lokallaşır. Diş əti məməciklərinin ödemliyi aldadıcı diş əti ciblərinin əmələ
gəlməsinə səbəb olur (diş əti cibləri ona görə aldadıcı adlanır ki, epitelial örtüyün
halqavari bağın tamlığı pozulmur).
Rentgenoloji təhqiqat zamanı alveolyar çıxıntının sümük toxumasının süngər
maddəsinin osteoporozu və dişarası çəpərlərin zirvəsinin rezorbsiya əlamətləri aşkar
edilir.
Paradontozun əlverişsiz şəraitdə xronik gedişə malik olan başlanğıc mərhələsi
kəskinləşə bilir. Belə hallarda diş əti qişası ödemli, hiperemiyalaşmış olur, ondan qan
gəlir.
Paradontozun distrofik-iltihabi formasının birinci dərəcəsi zamanı xəstələr bərk qidanı
dişləyərkən diş ətindən zəif qan gəlməsindən şikayətlənirlər. Proses kəskinləşən halda
qangəlmə güclənə bilir, ağızdan pis
iy gəlir, diş ətində ağrı olur və i.a. diş.əti kənarının
selikli qişası hiperemiyalaşır, diş əti məməcikləri ödemli olur. Patoloji diş əti ciblərinin
dərinliyi 2-3mm-ə çatır, lakin diş əti kənarının ödemi hesabına daha da dərin ola bilər.
Rentgenoloji müayinədə alveolyar çıxıntının süngər maddəsinin osteoporozu və
dişarası çəpər zirvəsinin aydın görünən rezorbsiyası aşkar edilir. Sümük toxumasının
daha aydın dəyişikliyi diş sırasının deformasiya sahəsində aşkara çıxarılır.
Paradontozun distrofik-iltihabi formasının
ikinci dərəcəsində xəstələr diş ətindən qan,
ağızdan pis iy gəlməsindən, ağrılardan, dişlərin tərpənməsinin ilk təzahürlərindən və
yerdəyişmənin ilk əlamətlərinin meydana çıxmasından şikayətlənirlər. Dişlər
arasındakı məsafənin böyüməsi aşkar görünür. Patoloji prosesin bu dərəcəsində diş
əti kənarlarının dəyişiklikləri aydın görünür: diş əti məməcikləri iltihablaşır, ödemli
olur və ya hiperemiyalaşır. Patoloji diş əti ciblərinin dərinliyi 5 mm-ə çatır, onların
zondla üzdən yoxlanması qan gəlməsi ilə müşaiyət olunur. Bəzən patoloji diş əti
ciblərindən irin gəlir, dişlər tərpənir, yerini dəyişir. Proses kəskinləşdikdə göstərilən
simptomlar daha intensiv təzahür edir: diş ətindən qan və irin gəlməsi güclənir, diş əti
absesləri əmələ gələ bilir.
Rentgenoloji müayinədə alveolyar çıxıntının sümük toxumasının xeyli itdiyi aşkara
çıxarılır, destruktiv dəyişikliklər qeyri-bərabər olur. Onlar paradont toxumalarının
həddən artıq yükləndiyi sahələrdə xüsusilə intensiv təzahür edir.
Paradontozun distrofik-iltihabi formasının
üçüncü dərəcəsində diş ətindən qan
gəlməsindən, dişlərin tərpənməsindən yerdəyişməsindən və düşməsindən
şikayətlənirlər. Anamnezdən aydınlaşır ki, sağlam (dağılmamış) dişlərin çıxarılması
halları olmuşdur. Adətən, xəstələr xəstəliyin uzun müddət davam etdiyini, lakin
patoloji prosesin son 1-2 ildə xüsusilə intensiv inkişaf etdiyini göstərirlər. Müayinə
zamanı, adətən, diş sıralarının normal nisbətinin pozulduğu, dişlərin olmadığı, qeyri-
səmərəli protezləmə aşkara çıxarılır. Diş əti kənarının selikli qişasının aydın görünən
iltihabı, qranulyasion toxumanın çox böyüməsi, artması ilə birlikdə diş əti
məməciklərinin böyüməsi də müşahidə edilir. Patoloji diş əti cibləri dərin olur, bəzən
kökün zirvəsinə qədər çatır. Ciblərdən çox vaxt irin ifraz olur. Dişlər laxlayır (bəzən III
dərəcə), yerini dəyişir. Rentgenoloji cəhətdən diş arası çəpərlərin sümük toxumasının
atrofiyası aydın görünür.
Gingivit, paradontit, paradontoz, paradont toxumasının şiş xəstəliklərini bir-birindən
differensiasiya etmək lazımdır. Belə ki, kliniki əlamətlər və rentgenoloji metodlar
diaqnozun qoyulmasında böyük rol oynayır.
Diş daşı ağız suyunda olan kalsium duzlarının çöküntüsüdür. Diş daşında ağız boşluğu
selikli qişası epitelisi, qida qalıqları, mikroorqanizmlər və s. olur. Eksperimentlə sübut
olunmuşdur ki, diş daşının tərkibində şüalı göbələklər (Qrinyov və Baranova, 1928)
olur, buna görə də diş daşının əsasını birləşdirən aktinomisetlərdir.
Paradontoz zamanı patoloji ciblərdə əmələ gəlmiş iltihabi proses diş boynu
nahiyəsində və kök sementində diş daşının çökməsi üçün yaxşı şərait yaradır.
Paradontoz zamanı alveol çıxıntının hündürlüyünü ilkin görkəminə qədər bərpa etmək
mümkün olmasa da, diş yuvasının sonrakı sorulmasının qarşısını almaq, dişlərin
hərəkiliyini azaltmaq mümkündür. Bu zaman xüsusi müalicə kompleksi tətbiq edilir:
1. Diş çöküntülərinin, xüsusilə dişətialtı çöküntülərin mexaniki və kimyəvi yolla
təmizlənməsi
2. Dişəti kapilyar qan dövranının xüsusi terapevtik üsullarla, dişətinin massaji ilə
yaxşılaşdırılması.
3. Toxuma terapiyası
4. Dişlərin dişəti cibini dezinfeksiya, ağız boşluğunu dezodorasiya edən və şişkin dişəti
kənarına büzücü təsir göstərən medikamentoz tozlarla təmizlənməsi.
5. 40-50 yaşa qədər insanlara kalsium preparatlarının daxilə qəbuli və ionoforez (15-
20 seans) təyini.
6. Göstərişə görə vitamin terapiyası
7. Diş yuvalarının küretajı və patoloji dişəti kənarının kəsilməsi-gingivoektomiya.
8. Lazım gələrsə, antibiotikoterapiya.
9. Dişlərin plastmas və ya metal kappalarla immobilizasiyası.
10. Çeynəmə funksiyasının protezlənmə ilə bərpası (dişlərin artıq yüklənməsinin
qarşısını almaq məqsədilə).
11. Dişlərin patoloji qapanmasının aradan qaldırılması.
12. Həm horizontal (üfiqi), həm də vertikal (şaquli) laxlama zamanı dişlərin çıxarılması
13. Endokrin, sinir sistemi və mədə bağırsaq traktının patologiyaları ilə məşğul olan
ixtisasçıların yanında müalicə.
Dostları ilə paylaş: