Lüğət və Ensiklopediya Mərkəzi
Xəzər Universitetinin Lüğət və Ensiklopediya Mərkəzi (XULEM) 1996-cı ilin aprel ayında yaradılmışdır.
XULEM bir neçə sahədə, xüsusilə ingilis dilinin mövcud lüğətlərinin araşdırılması və dəyərləndirilməsi, yeni ikidilli, çoxdilli və ensiklopedik lüğətlərin, həmçinin müxtəlif sorğu kitablarının tərtib və nəşri ilə məşğuldur.
XULEM-də leksikoqrafiya sahəsində zəngin təcrübəyə malik olan alimlər və Xəzər Universitetinin müəllimləri çalışır.
XULEM son bir neçə ildir ki, 6 cilddən ibarət olan İngiliscə-Azərbaycanca iri həcmli lüğətin tərtibi ilə məşğuldur. “Xəzər İngiliscə-Azərbaycanca Böyük Lüğət” (XİABL) adlanan bu lüğətin 3 cildi artıq nəşr olunmuşdur, qalan 4-cü cild çapa hazır vəziyyətdədir. Digər 2 cild isə çapa hazırlanır.
Bu əsər məzmununa, keyfiyyətinə və həcminə görə az rast gəlinən lüğətlərdəndir. Bu lüğət tərcüməçilər, tələbələr, alimlər, dil müəllimləri, kütləvi və elmi kitabxanalar üçün, həmçinin İgilis dilindən öz elmi və əməli fəaliyyətində istifadə edən hər kəs üçün nəzərdə tutulmuşdur.
Lüğətin diqqətəlayiq xüsusiyyətləri aşağıdakılardır:
onun təxminən 250 000 söz, külli miqdarda ifadə və nümunə cümlələrdən ibarət böyük həcmi;
onun insan həyatı və fəaliyyətinin demək olar ki, bütün sahələrini əhatə edən material zənginliyi;
bütün ingilis sözlərinin bitkin semantik quruluşu;
baş sözlərin mənalarının dəqiq tərcüməsi və onların işlədilməsinə dair izahat və cümlə nümunələri;
onun mükəmməl poliqrafiyası və nəfis xarici görkəmi.
XİYABL-ın redaktorları ümid edirlər ki, bütün keyfiyyətlərinə görə bu lüğət ondan istifadə edənlərin tələbatını ödəyəcək və rəğbətini qazanacaqdır.
Dostları ilə paylaş: |