XII FƏSİL
PUL-KREDİT SİSTEMİ
12.1. Müasir pul sistemi və onun tərkibi
12.2. Kredit: mahiyyəti, prinsipləri və formaları
12.3. Banklar, vəzifələri və funksiyaları
12.1. Müasir pul sistemi və onun tərkibi
İqtisadiyyatda pul mühüm funksiyaları yerinə yetirir və əhali pulu həmin funksiyalarına görə qiymətli sayır.
Bazar iqtisadiyyatı sistemində pul daim hərəkətdə olur, öz funksiyalarını yerinə yetirir. Pulun tədavülü fasiləsiz olmalıdır və bunsuz bazarlar fəaliyyət göstərə bilməz. Pulun daim hərəkətdə olması pulun dövriyyəsi adlanır.
Pul sisteminin ən mühüm tərkib hissələri aşağıdakılardır:
vasitəsilə əmtəə və xidmətlərin qiymətləri ifadə olunan milli pul vahidi (manat, dollar, rubl, dinar və s.);
nağd pul dövriyyəsində qanuni ödəmə vasitələri hesab olunan kredit və kağız pullar, xırda metal pullar;
pul emisiyası sistemi, yəni tədavülə pul buraxmağın qanunla müəyyən edilməsi qaydası;
pul tədavülünün tənzimlənməsi ilə bağlı məsələlərlə məşğul olan dövlət orqanları;
valyuta nisbəti.
Dünyada pul tədavülünün müxtəlif sistemləri mövcuddur və onlar tarixi inkişafın gedişi ilə formalaşmış və hər dövlətin öz qanunları ilə təsbit edilmişdir. Deməli, pul sistemi dedikdə, hər bir ölkədə qərarlaşmış və dövlət tərəfindən qanunvericilikdə müəyyən edilmiş pul tədavülünün təşkili forması başa düşülür.
Dövriyyədə olan pullar müxtəlifdir və bu pulların növündən asılı olaraq pul dövriyyəsi sistemi iki tipə ayrılır:
tam qiymətli qızıl və gümüş pulların dövriyyədə olduğu, kredit pulların isə sərbəst şəkildə metal pullara dəyişdirildiyi metal pul tədavülü sistemi;
qızıl pulların tədavüldən çıxarıldığı və buna görə də kredit və kağız pulların qızıl pullara dəyişdirilmədiyi kredit və kağız pulların dövriyyəsi sistemi.
Tarixdə iki cür metal pul sistemi mövcud olmuşdur: bimetalizm və monometalizm. Bimetalizm ikili pul sistemidir. Bu sistemdə pul kimi qızıl və gümüşdən istifadə olunurdu. İkili pul sistemi bir sıra Qərbi Avropa ölkələrində mövcud olmuşdur. XIX əsrin axırlarında gümüş mədənlərinin kəşfi, gümüş metalının bolluğu nəticə etibarilə onların kəsilməsinin dayandırılmasına gətirib çıxardı. Bimetalizm monometalizmlə (bir pul sistemi) əvəz olundu və yalnız qızıl pullardan istifadə olunmağa başlandı. Bu zaman kredit və kağız pullar sərbəst surətdə qızıla dəyişdirilirdi. Monometalizmin üç növü mövcud olmuşdur: qızıl-sikkə standartı, qızıl büdcə standartı, qızıl devizli standartı.
1929-1933-cü illərdə dünyanı bürümüş dağıdıcı böhran monometalizm sisteminə də son qoydu və kredit pul sistemi adlanan yeni bir sistem qərarlaşmağa başladı. Bu yeni sistemin səciyyəvi cəhətləri aşağıdakılardan ibarətdir:
kredit pulların üstünlük təşkil etməsi;
qızıl pulların tədavüldən çıxarılması;
kağız pulların (banknotların) qızıla dəyişdirilməsindən imtina edilməsi və bu pulların qızıl məzmununun ləğv edilməsi;
pul tədavülünün dövlət tərəfindən tənzimlənməsi və s.
Beləliklə, müasir pul tədavülü kredit və kağız pullardan və xırda pullardan ibarətdir. Kredit və kağız pulların buraxılması funksiyası ancaq dövlətə məxsusdur. Dövlətin bu funksiyasını onun tabeliyində (mülkiyyətində) olan Mərkəzi Bank icra edir.
Hər bir ölkədə onun iqtisadiyyatına xidmət edən müəyyən miqdarda pul kütləsi olur. Pul kütləsi dedikdə, bütövlükdə ölkədə əmtəə və xidmətlərin alqı-satqısını, nağd və nağdsız formalarda ödənişləri təmin edən mövcud pul vəsaitlərinin məcmusu nəzərdə tutulur. Pul kütləsinin strukturu iki hissədən ibərətdir: aktiv və passiv hissə. Təsərrüfat dövriyyəsinə real surətdə xidmət edən pul vəsaitləri aktiv hissəyə, pul yığımları, hesablarda qalan qalıqlar isə passiv hissəyə aiddir. Passiv pullardan hesablaşma vasitəsi kimi istifadə olunur. İnkişaf etmiş bazar iqtisadiyyatlı ölkələrdə passiv pullardan (çeklərdən, kredit kartlarından və s.) daha geniş istifadə olunur.
Bunlardan başqa pul kütləsinin passiv hissəsində elə komponentlər var ki, onlardan bilavasitə alqı-satqı vasitəsi kimi istifadə etmək olmaz. Bunlara aiddir: kommersiya banklarında və digər kredit-maliyyə müəssisələrindəki əmanətlər, müddətli hesablara qoyulmuş pullar, qısa müddətli dövlət istiqrazları, investisiya fondlarının səhmləri. Adı çəkilən bu komponentlər (ünsürlər) “kvazi-pullar” adlandırılır. (Kvazi - latın mənşəli “quasi” sözü olub, mənası - sanki, elə bil ki, guya deməkdir) Bunlar qeyri-həqiqi pullar hesab olunsalar da pul kütləsinin strukturunda daha çox paya malikdir və onların payı sürətlə artır.
Pul tədavül vasitəsi funksiyası ilə yanaşı, tədiyyə (ödəniş) vasitəsi funksiyasını da yerinə yetirdiyinə görə, pul tədavülü qanununu tam şəkildə aşağıdakı kimi ifadə etmək olar:
Burada, M - tədavül edən pulun miqdarı, Əq - reallaşdırılacaq əmtəələrin qiymətlərinin cəmi, Kq - kreditə satılan əmtəələrin qiymətlərinin cəmi, T - ödənilmə vaxtı çatmış tədiyyələr, qT - qarşılıqlı ödənilən tədiyyələr, Ds - pulun dövriyyə sürəti.
Hər bir bazarda olduğu kimi pul bazarında da tarazlıq tələb olunur. Bu o zaman mümkündür ki, pula olan tələblə pul təklifi arasında uyğun nisbət yaranır.
Dostları ilə paylaş: |