İqtisadiyyatda kredit bir çox funksiyaları yerinə yetirir. Əvvəla, kredit istehsalın həcminin genişlənməsinə kömək edir. İkincisi, kredit yenidən bölgü funksiyasını yerinə yetirir. Onun sayəsində xüsusi əmanətlər, müəssisə və firmaların mənfəətləri, dövlət gəlirləri borc kapitalına çevrilərək iqtisadiyyatın zəruri olan sahələrinə yönəldilir.
Üçüncüsü, kredit tədavül xərclərinə qənaət etməyə imkan verir.Belə ki, kredit münasibətləri inkişaf edib genişləndikcə nağdsız hesablaşmalardan daha çox istifadə olunur və pul kütləsinin hərəkəti sürətlənir.
Dördüncüsü, kredit kapitalın təmərküzləşməsi və mərkəzləşməsi prosesini sürətləndirir. Beşinci, müştərilərin fəaliyyətinə nəzarət edir və kredit tənzimləyici funksiyasını yerinə yetirir. Altıncı, kredit nağd pullara qənaət edilməsinə kömək edir. Kredit əmtəə və pul şəklində olmaqla müxtəlif formalarda həyata keçirilir. Kreditin aşağıdakı formaları var:
Dövlət krediti. Kreditin bu forması dövlətlə vətəndaşlar və hüquqi şəxslər arasında münasibətləri əhatə edir. Burada dövlət borc alan, əhali və xüsusi biznes isə borc verəndir. Dövlət kreditinin mənbəyi dövlətin və yerli orqanların buraxdıqları istiqrazlardır. Bu kreditdən dövlət büdcəsinin kəsirini doldurmaq üçün istifadə olunur.
Kommersiya krediti.Bu, müəssisələrin bir-birinə məhsul şəklində verdikləri borcdur. Müəyyən məbləğin, yaxud haqqın ödənilməsi müddəti təxirə salınmaqla, bir sahibkar (biznesmen) tərəfindən başqasına əmtəələr formasında verilən kreditdir (borcdur). Kommersiya kreditinin obyekti əmtəə kapitalıdır. Bu kredit forması müxtəlif əmtəələrin dövriyyəsinə, məhsulların istehsal dairəsindən (müəssisələrdən, şirkətlərdən) istehlak dairəsinə (bazara, alıcılara) doğru hərəkətini sürətləndirərək, məhz bu işə xidmət edir. Kommersiya kreditinin əsas aləti vekseldir. Veksel qiymətli kağız olub, möhlət vaxtı başa çatanda veksel verən (borc alan) şəxsin veksel sahibi (borc verən) qarşısında pul öhdəçiliyini əks etdirir. Verilmiş veksellər bankda uçota alınır.
Bank krediti. Bu, banklar, xüsusi maliyyə kredit təşkilatları (fondlar, assosiasiyalar) tərəfindən sahibkarlara, müəssisələrə və təsərrüfatlara pul borcu formasında verilən kreditdir.