iki pilləli bank sistemi. Bu sistem mərkəzi bank və kommersiya banklarından ibarətdir;
mərkəzsizləşdirilmiş bank sistemi. Bu sistemdə Mərkəzi bank həm dövlət və həm də xüsusi mülkiyyətə əsaslanmaqla qarışıq mülkiyyət kimi fəaliyyət göstərir.
Müasir bank sisteminin ilk pilləsini təşkil edən Mərkəzi Bank dövlətin nəzarətində olsa da, nisbi müstəqilliyə malikdir. Bu bank, ölkə iqtisadiyyatının pul-kredit sisteminin makroiqtisadi səviyyədə tənzimlənməsinin başlıca vasitəsidir. O, milli iqtisadiyyatın bütün bank sistemi şəbəkəsinin fəaliyyətinin əlaqəsini həyata keçirir. Bank sisteminin əsasını təşkil edən Mərkəzi Bank (Milli Bank) aşağıdakı funksiyaları yerinə yetirir:
Milli pul vahidlərinin emissiyasını həyata keçirir, onların tədavülə buraxılması, yaxud tədavüldən götürülməsini təşkil etməklə, ölkədə ümumi pul kütləsinin həcmini tənzimləyir.
Ölkənin maliyyə-kredit təşkilatları və digər banklarının fəaliyyəti, onların maliyyə qanunlarına əməl etmələri üzərində nəzarəti həyata keçirir;
Kommersiya banklarına müəyyən faizlə kredit (borc) verir;
Dövlət qiymətli kağızlarını buraxır, onların ödənilməsini təşkil edir, xarici ölkələrlə maliyyə əməliyyatları aparır;
Dövlət orqanlarının hesablaşmalarını aparır, büdcənin kassa (xəzinədarlıq) icraçısı rolunu yerinə yetirir;
Dövlətin qızıl-valyuta ehtiyatlarını toplayıb saxlayır, beynəlxalq maliyyə əməliyyatlarını yerinə yetirir, ölkədə valyuta tənzimlənməsini həyata keçirir;
İnkişaf etmiş ölkələrin əksəriyyətində iki pilləli bank sistemi mövcuddur. Bu sistemdə başlıca rol Mərkəzi banka məxsusdur. Bir qayda olaraq Mərkəzi bank dövlətə məxsus olur və iqtisadiyyatın makroiqtisadi səviyyədə tənzimlənməsinin mühüm aləti hesab olunur. Mənsubiyyətlərinə görə Mərkəzi banklar bütün ölkələrdə eyni deyildir, başlıca fərq onların kimin mülkiyyətində olmasıdır. Məsələn, Almaniyada, Azərbaycanda, Böyük Britaniyada və Fransada, Rusiya Fedurasiyasında Mərkəzi banklar dövlət mülkiyyətindədir. ABŞ-da Mərkəzi bank səhmdar cəmiyyəti formasında fəaliyyət göstərir və onun kapitalı əsasən özəl bankların kapitalı hesabına formalaşır. ABŞ-ın bütün kommersiya banklarının 40%-i Federal Ehtiyatlar Sisteminin (FES) üzvləridir, 60%-i müstəqil fəaliyyət göstərirlər. Beləliklə, Azərbaycan Respublikasında da ikipilləli bank sistemi fəaliyyət göstərir.
Bazar iqtisadiyyatı şəraitində geniş fəaliyyət göstərən, ikinci pillədə duran banklar kommersiya banklarıdır. Kommersiya bankı mənfəət əldə etmək məqsədilə yaradılmış kommersiya müəssisəsidir. Kommersiya bankları universal xarakter daşıyır, konkret sahələrə maliyyə-kredit xidməti göstərir.
Kommersiya bankları ənənəvi xidmət növləri ilə yanaşı, nisbətən yeni sayılan və müasir dövrün tələblərinə cavab verən lizinq, faktorinq, farfeytinq, trast kimi kreditləşdirmə formalarının dairəsini getdikcə genişləndirirlər.
Lizinq - bank kreditinin bir forması olub, istehsal vasitələrinin, texnikanın, avadanlığın, maşınların, dəzgahların, nəqliyyat vasitələrinin, istehsal təyinatlı binaların və digər əmlakın müəyyən müddətə öz müştərilərinə icarəyə verilməsidir. Banklar bu işdə texnika və avadanlıqların sahibi (mülkiyyətçisi) ilə onu icarəyə götürən (istifadəçisi) arasında vasitəçi rolunu oynayır. Adətən 1 ildən 10 ilə qədər müddəti nəzərdə tutan lizinq sövdələşmələri, istifadə olunmuş texnikanın və müəyyən bank faizinin ödənilməsindən sonra icarədarın mülkiyyətçiyə çevrilməsini nəzərdə tutur.