Xiii respublika elmi konfransının mater I allari (Bakı, 24 may, 2013) Bakı – “Elm və təhsil” – 2013 azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 4,06 Mb.
səhifə24/41
tarix20.01.2017
ölçüsü4,06 Mb.
#726
1   ...   20   21   22   23   24   25   26   27   ...   41

Ədəbİyyat:


  1. Abdukelimi B. Uyğur türklərinin dini inanışları. Yüksek lisans tezi (basılmamış). Ankara: 2006, 145 s.

  2. Çandarlıoğlu G. Uygur Devletleri Tarihi ve Kültürü (Çin Kaynakları ve Uygur Kitabelerine Göre). İstanbul: Türk Dünyası Araştırmalar Vakfı, 2004, 156 s.

  3. Chuastuanit, das bussgebet der Manichäer, hrsg. und übers. von W. Radloff. St. Petersburg: Buchdruckerei der Kaiserlichen akademie der wissenschaften, 1909,

  4. Le Coq A.von, Müller F.W.K. Chuastuanift. Ein sündenbekenntnis der Manichaischen auditores. Gefunden in Turfan (Chinesisch- Turkis­tan), Yahre: Reimer in Komm, 1911, 43p.

  5. Le Coq A.von. Chuastuanift, ein Sündenbekenntnis der manichais­chen Auditores. Gefunden in Turfan (Chinesisch-Turkistan). Berlin: (APAW. Phil.-hist. Cl. 1910. Anhang: Abhandlungen nicht zur Aka­de­mie gehöriger Gelehrter. 4.) [Reprint in: SEDTF 1, 564-604].

  6. Rəcəbli Ə.Ə. Qədim türk yazısı abidələri, 4 cilddə. III cild. Qədim uy­ğur yazızı abidələri. II hissə. Bakı: Elm və Təhsil, 2010, 499 s.

  7. Sodiqov Q. Turkiy til tarixi. Toshkent: Toshkent Davlat Sharqshunaslik institutu, 2009, 368 s.


Mətanət Muradova

(Əlyazmalar İnstitutu)
Türk alİmİ Kamal Paşazadənİn əsərlərİ Azərbaycanda
XVI əsrdə yaşayıb-yaratmış böyük Osmanlı alim, şair və tarixçisi Kamal Pa­şazadənin elmin bütün sahələrinə aid bir çox əsərləri vardır. Qaynaqlar alimin əsər­lərinin sayının 100, 300, 400, hətta 500 olduğunu göstərməkdədır. İslam Alimləri ensiklopediyası üç dildə yazılmış əsər­lə­rin sayının 219 olduğunu xa­tır­la­dır və onları aşağıdakı bölgüdə təq­dim edir: 19-u türk, 7-si fars və 183-ü isə ərəb di­lində yazılmışdır. Bib­lioqrafik mənbələrdən əldə etdiyimiz məlumata görə müəl­li­fin əsər­lə­rinin 36-sı Əhməd Cövdət Paşa tərəfindən nəşr olunmuşdur. Müəllifin müxtəlif elm sahələrindən bəhs edən əsərləri arasında kəlam elminə aid “Ri­sa­lətül-Mümeyyizə” və “Risalətün fi əvsafi ümmil-kitab”, əqaidlə bağlı “Mü­fər­ri­cül-Qürub”, üsuldan bəhs edən “Təğyirüt-tənqih”, hədis el­minə aid “Şərhu hədisi-ər­bəin”, dilçilik elminə həsr etdiyi “Gəlatatil-əvam” və “əl-Fəlah şərhil-Mə­ran” ad­lı əsərləri elm aləminə məlumdur.

Müəllifin “Risalətün fi bəyanil-vücud” ad­lı əsəri Midhəd Əfəndi tə­rəfın­dən “Ləaliyi Məani” adı ilə türk dilinə tərcümə edi­lərək yayın­lan­­mışdır. 

Kamal Paşazadənin islam huququndan bəhs edən “Təfsirül-Quran”, “Hədisi- ərbəinnin tərcüməsi”, “Fətva Məcmuəsi”, “Hidayənin  şərhi”, “Hədiqatül-Əs­har”  və “Şərhü viqayə” kimi əsərləri də vardır.

Ərəb və fars dillərini mükəmməl bilən Kamal Paşazadə sərf və nəhvə aid fars dilində “Daqaiqül-Həqaiq”, “Mühitül-Luğat” adlı ərəbcə farsca lü­gət tərtib et­miş­dir.

Sədi Şirazinin “Gülüstan” əsərinə nəzirə olaraq türk dilində yazdıgı “Di­van"ı, 1313/1895-ci ildə İstanbulda nəşr olunmuşdur. Onun Şey­xül­islam Yəhya Əfən­di tərəfındən fars dilindən türk dilinə etdiyi tərcümə “Nigaristan” və 7777 beyt­lik “Yusif və Züleyxa”sı onu ədəbi əsərlər mü­əl­lifi kimi də tanıtmaqdadır. Onun Yavuz Sultan Səlimin vəfatı ilə bağlı bir mərsiyə də vardır.  

Kamal Pa­şa­za­də ədəbi mühitə bacarıqlı tərcüməçi kimi də təqdim olunur. Kamal paşazadənin bir sıra tərcümə əsərləri də vardır. Mənbələr onun tər­cü­mə­çilik fəaliyyətindən bəhs edərək ən önəmli nümunə kimi İbn Təğribinin “ən-Nü­cümuz-zahirə fi Mülük-i Misr vəl-Qahirə” əsəri­nin ərəbcədən türk dilinə tər­cü­mə­sini göstərilər. O bu əsəri Yavuz Sul­tan Səlimin əmri ilə türk dilinə tərcümə etmişdir.

AMEA Əlyazmalar İnstitutunda Kamal Paşazadənin ilkin olaraq hə­ləlik 4 əsə­rini aşkarlamışıq. Bu əsərlərdən ikisi ərəb dilindədir. Bunlar “Risalət fi tabaqat əl-fuqaha” və “Şərh tərixi İbn Kamal Paşa” adlanır. “Risalət fi tabaqat əl-fuqaha” əsə­rinin adı bəzi mənbələrdə “Tabaqatul-fuqaha” kimi də verilir. Bu risalənin hə­lə­lik xəzinəmizdə 4 nüsxəsini il­kin olaraq aşkarlamışıq. A-100, B-5135, B-3978, B-6491 şifrələr altın­da qorunub saxlanan bu nüsxələr XVI-XVIII əsrlərdə kö­çü­rül­müş­dür. (“Kamal Paşazadə və onun “Tabaqat” əsəri “haqqında geniş məlumatı Azər­­­baycan Milli Elmlər Akademiyası akad. Z.M.Bünyadov adına Şərq­şü­naslıq İns­titutu görkəmli şərqşünas alim, akademik Vasim Məm­mədəliyevin anadan ol­ma­sının 70 illiyi münasibətilə “Azərbaycan şərq­şünaslıq elminin inkişaf yolları” möv­zusunda keçiriləcək Beynəlxalq Elmi Konfransa təqdim etmişəm).

Kamal Paşazadənin tarixə aid olan ən mühüm əsəri “Təvarixü  ali Os­man” əsə­ridir. O, “Təvarixi ali-Osman” əsərini Sultan İkinci Bəyazid Xa­nın (1481-1512) sifarişi ilə yazmışdır. Mənbələrin yazdığına görə “O, Bəyazid İdris Bitlisiyə Osmanlı tarixini farsca yazmağı əmr etmiş, Kamal Paşazadədən isə hamının başa dü­şəcəyi bir dildə - türk dilində bir tarix əsəri yazmasını istəmiş və bunun mü­qa­bi­lin­də ona 30.000 min axca vermişdir”. Hər padışahın tarixi dövrünü bir cilddə yazan Ka­mal Paşa 1510-cu ilə qədər olan dövrü əhatə edərək Sultana həsr etdiyi səkkiz cild­lik tarixi əsər ərsəyə gətirmişdir. Sonralar isə Qanun Sultan Sü­ley­manın əmri ilə əsəri qaldığı yerdən davam edərək, Mohac Səfəri sonuna qədər (1527) olan ta­ri­xi dövrü yazmışdır. Beləliklə, “Təvarixi ali-Osman” əsəri Osmanlı dövlətinin ya­ran­dı­­ğı vaxtdan, 1527-ci ilə qədər olan 234 illik tarixi əks etdirən on cildilik dəyərli bir mənbə ola­raq ortaya qoyulmuşdur.

“Təvarixi ali Osman” əsərinin dünyanin bir çox kitabxana və əlyaz­ma xə­zi­nəsində onlarla əlyazma nüsxələri və əski çap kitabları qorunub saxlanır. Bu tari­xi abidənin nüsxələri Türkiyə kitabxanalarında daha ge­niş yayılmışdır. Əlyaz­ma­lar İnstitutunda “Təvarixi ali Osman” əsərinin ilkin olaraq 2 əski çap nüsxəsini aşkar­la­mışıq. Bu nüsxələr aşağdakı şifrələr altında xəzinəmizdə qorunub saxlanır IX-392, XVI-77 şifrəsi altında mühafizə olunan nüsxə üzərində bir qədər dayanmaq istərdik. H.1327/1909-cu ildə İstanbulun “Mahmud bəy və Rəsmli kitab” mət­bəəsində nəşr olu­nub, həcmi 311 səhifədir. Kitabda XV əsrdə Osmanlı tarixində baş verən mühüm ha­disələr xronoloji ardıcıllıqla təhlil edilir. Çələbi Sultan Məhəmmədin ha­ki­miy­yət dövründə mərkəzi Ağşəhər olan Qaraman hökuməti məğlub edilib, Osmanlı döv­lətinə qatılır. Çə­ləbi Sultan Məhəmməd dövründə Şeyx Bədrəddin hadisəsi, Düz­mə Mustafa fitnələri baş vermiş və bu hadisələr mərkəzi hökumət tərə­fin­dən ya­tırılmışdır. Həmin tarixdə Şirvan hakimi Sultan Xəlilin Teymur nəslindən olan Şah­ruxa qarşı ittifaq bağlamaq barədə məktubu, Çələbi Sultan Məhəmmədin Şah­ru­xu geri çəkilməyə məcbur etməsi qeyd olu­nur. Burada eyni zamanda II Sultan Mu­rad dövründə baş verən tarixi hadisələr və Albaniyada İsgəndər bəyin üsya­nın­dan bəhs olunur. Həmin kitabda eyni ilə bu əsərin IV cildi verilib və qeyd olunub ki, h.1327/ 1909-da, “İstanbul Mahmud bəy və rəsmli kitab” mətbəəsində nəşr olu­nub, həcmi 256 səhifədir. Bu nüsxədə Fateh Sultan Məhəmmədin haki­miy­yəti döv­rü təhlil edilir. Bu dövürdə Osmanlı dövlətinin daxili və xarici siyasəti, İstanbulun fəthi üçün görülən hərbi hazırlıqlar, Bizansın son imperatoru Konstantinin mü­qa­bil tə­rəfə qarşı hərbi hazırlığı, onun Avropadan gözlədiyi hərbi yardımı ala bilməməsi təs­vir edilir.

Kamal Paşanın digər bir tarixi əsəri IX-392 şifrəsi altında saxlanır və “Ta­rixi-siyasi dövləti-ülyeyi-Osmaniyyə” adlanır. Əsər İstanbulda “Əh­məd İhsan” mət­­bəəsində h.1325/1907-də nəşr olunub, həcmi 6+48+329 səhifədir. Bu abidə XIV əsrin əvvəllərindən XVI əsrin sonu­na qədər olan Osmanlı tarixini, Sultan Os­man, I Sultan Məhəmməd, II Sul­tan Murad, II Sultan Məhəmməd dövründən, İs­tan­bulun 1453-cü ildə Sultan Məhəmməd Fateh tərəfindən fəth edilməsi, Sultan Ba­yazid, I Sultan Səlim, Sultan Süleyman, II Sultan Səlim, III Sultan Murad, Sul­­tan Məhəmməd hakimiyyətinə qədər Osmanlı dövlətinin Yaxın Şərq və Avropa döv­lətləri ilə siyasi münasibətləri əks etdirir.

İslam Alimləri Ensiklopediyasından və internetdən aldıgımız mə­lu­matlara gö­rə Kamal Paşazadənin “Divan”ı da vardır. Bu əsərin Türkiyə kitabxanalarında on əlyazma və bir neçə əski çap nüsxəsi qorunub sax­la­nır. Əlyazmalar İnstitutunda isə hələlik Kamal Paşazadənin “Divan”ı­nın yeganə əski çap nüsxəsini ilkin ola­raq aşkarlamışıq. Bu abidə IX-435 şifrəsi altında mühafizə olunur. “Divan” mü­na­cat, nətlər, iki qəsidə, məsnəvi tərzində mənzumələr, 400-dən artıq qəzəl və çox­lu müqədda­dan ibarətdir. Əsərin bu əski çap nüsxəsi h.1313/1895-də İstanbulda Dəru-səadətdə “Əqdəm” mətbəsində nəşr olunub, həcmi 189 səhifədir. Divanın tən­qidi nəşrini Türk alimi Mustafa Dəmirəl İstanbulda 1996-cı ildə həyata keçir­miş­dir .

Bütün bunları nəzərdən keçirdikcə belə bir qənaətə gəlmək olar ki, Kamal Paşazadə özündən sonra zəngin bir irs qoyub getmişdir. Bu irsin öyrənilməsi isə ayrıca bir tədqiqat işinin mövzusudur.


İradə Qaİbova

(Əlyazmalar İnstitutu)

Böyük Azərbaycan xəttatı Abdulla Seyrəfİ Təbrİzİ yaradıcılığının əsas xüsusİyyətlərİ və onun «Adab ul-xətt» əsərİ haqqında
Bəşər övladı kamala yetişdikcə başlanğıcı və sonu olmayan zamanı müxtəlif meyarlarla – Yerin, Ayın, günəşin dövrünə, təbiətin həqiqətləri və çalarlarına, öz həyatında baş verən mühüm hadisələrə, böyük dəyi­şik­liklərə görə günə, aya, ilə, fəsillərə, əsrlərə böldü, həyatını, fəaliy­yə­ti­ni bu bölgülərə əsasən tənzimləyib çərçivəyə saldı, keçmişini səhifə­lə­rə ayırdı. Amma özünün saysız-hesabsız yaratdıqları var ki, bu bölgüyə, çər­çivəyə sığmadı, zamanla birgə keçib getmədi, zamanın fövqündə day­andı, hər zaman dəyərli və mühüm oldu. Bu gün özümüzü bəşəriy­yə­tin inkişafının yüksək bir pilləsində hiss edərkən, çox-çox keçmiş­lər­də bəşər övladının əli ilə yaradılmışlar, dəyəri və möhtəşəmliyi hansısa çər­çivəyə sığmayan maddi və mənəvi miras qarşısında heyran qalır, daima ona üz tutub bəhrələnirik. O miras bəşəriyyətin kökünü, kimli­yini, tarixini, maddi və mənəvi fəaliyyətinin bütün cəhətlərini əhatə edən hədsiz-hüdudsuz bir xəzinədir. Bu xəzinənin yaranmasında və ya­şa­masında Azərbaycan xalqının xidməti, payı olduqca dəyərli, mü­hüm və əzəmətlidir. Şübhəsiz, istər Azərbaycan milli maddi-mənəvi irsi­nin, istərsə də bütövlükdə dünya maddi-mənəvi mədəniyyət xəzinə­sinin ən yüksək məqamı əlyazma kitabına məxsusdur. Əsrlər boyu ka­ğız istehsal edən səhhafların, cildçilərin, rəssamların, nəqqaş-müzəh­hib­lə­rin böyük zəhməti və məharəti sayəsində ərsəyə gələn əlyazma əsər­ləri katib və xəttatlar olmadan yarana, var ola bilməzdi.

Zamanın orta əsrlər adlandırdığımız böyük bir hissəsində əlyazma abi­dələrinin yaradıcılarının – katib və xəttatların bir çoxu yalnız yazı yaz­­maqla kifayətlənməmiş, kitab mədəniyyətinin digər sahələrinin, bü­töv­lükdə yazı işinin, xətt növlərinin bütün incəliklərinin bilicisi, öyrə­dəni olan ustad – müəllim, yazının və xətt növlərinin tarixini, inkişaf yol­larını araşdırıb tədqiq edən, yeni xətt növləri icad edən, həm də bu sahədə pedaqoji vəsaitlər yaradan, elmin-ədəbiyyatın müxtəlif sahələri­ni mükəmməl mənimsəmiş alimlər, fəaliyyəti, istedadı yalnız əlyazma əsərləri ilə məhdudlaşmayan böyük sənətkarlar olmuşlar. Bu cəhət Azər­­baycan katib-xəttatlarına da aiddir və XIV əsrdə yaşayıb yaratmış Abdulla Seyrəfi Təbrizinin fəaliyyəti və yaradıcılığı bunun gözəl nü­mu­nəsidir.

Böyük Azərbaycan xəttatı Abdulla Seyrəfi ibn Mahmud Sərraf Təb­rizinin həyatı haqqında məlumat çox azdır. Anadan olduğu tarix məlum deyildir. Onun həyatı monqol yürüşləri və işğalçılıq siyasətinin nəticəsi olaraq, əsası Çingiz xanın (1155-1227) nəvəsi Hülakü xan (1217-1265) tərəfindən qoyulmuş Hülakülər sülaləsinin – Elxanilərin hakimiyyəti döv­rünə (Elxanilər, yaxud İlxanilər dövləti; 1256-1357) təsadüf etmiş­dir. Müxtəlif mənbələrdən əldə edilən məlumatlara əsasən, o, Ölcaytu Sul­tan Məhəmməd Xudabəndənin (h.q. 702-716 / miladi təqvimi ilə 1304-1316) dövründə yaşamışdır. Lakin 1342-ci ildə vəfat etdiyini (bu, təqribi rəqəmdir) nəzərə alsaq, deyə bilərik ki, Əbu Səid (1316-1335), Məhəmməd xan (1336-1338), Məhəmməd Ölcaytunun qızı Satibəy xa­tun (1339-1340), Süleyman xan (1340-1344) və digər elxani hökmdar­larının da müasiri olmuşdur. Yazının incəliklərini və sirlərini Mübarək­şah Qütb Zərrinqələm Təbrizi, Mir Heydər Qondenevis, Yusif Məşhədi kimi böyük xəttatlardan öyrənmiş, onların şagirdi olmuşdur. Xatırladaq ki, bu görkəmli katib-xəttatların hər üçü müsəlman Şərqində bədii xət­tat­lıq nəzəriyyəsinin əsasını qoymuş görkəmli ərəb katib-xəttatları İbn Müqlə və İbn Bəvvabın (X-XI əsrlər) davamçısı və bu nəzəriyyəni inki­şaf etdirən mahir ustad Cəmaləddin Yaqut Müstəsiminin (XIII əsr) «us­ta­dani-sittə», yəni «altı ustad» kimi məşhur olan mahir şagirdlərindən ol­muşlar. Onlar Yaqutun adı ilə imza atmaq səlahiyyətinə malik ol­muş­­lar. Qeyd etmək lazımdır ki, Abdulla Seyrəfinin mahir katib-xəttat kimi yetişib inkişaf etməsində orta əsrlərdə Azərbaycanda xəttatlar şə­cə­rəsinin başlanğıcı hesab edilən Mübarəkşah Qütb Zərrinqələmin (XIII-XIV əsrlər) xüsusi xidməti olmuşdur. Abdulla Seyrəfi adlarını çək­diyimiz katib-xəttatların sayəsində Yaqut Müstəsimi sənətini mü­kəmməl surətdə əxz etmiş, onun davamçılarından hesab olunmuş, xü­susilə nəsx və süls xətləri üzrə onu öz dövrünün Yaqutu adlandırmışlar. Hətta bəzi mənbələrdə Azərbaycan və İran katib-xəttatları şəcərəsinin məhz Abdulla Seyrəfi Təbrizidən başlandığı bildirilmişdir. Xatırlatmaq istərdik ki, bəzi müəlliflər səhvən Abdulla Seyrəfini Yaqut Müstəsi­mi­nin bilavasitə altı məşhur şagirdindən biri kimi təqdim etmişlər. Məsə­lən, Mirhəmzə bin Mustafa Əfəndi (XIX əsr) özünün «Xətt və xəttatan» əsərində Abdulla Seyrəfini Mübarəkşah Qütb, Şeyx Əhməd Sührəvərdi və b. ilə yanaşı Y. Müstəsiminin bilavasitə şagirdləri sırasında təqdim et­mişdir [3, s. 30].

Qeyd edək ki, VII-VIII əsrlərdə ərəb işğalına və hücumlarına məruz qalmış bir çox Yaxın və Orta Şərq ölkələri kimi, Azərbaycan da nəticə etibarı ilə təkcə İslam dinini və ərəb xilafəti hakimiyyətini deyil, ərəb əlifbasını, ərəb yazısını da – ilk dövrdə kufi və nəsx xəttini – qəbul etməli olmuşdur. Sonrakı dövrlərdə kufi və nəsx xətləri əsasında yeni xətt növləri yaranmış və yəqin ki, İslamla birgə gəldiyi, ilk növbədə Qurani-Məcid, ona dair təfsirlər, şəriət qanunları və ümumiyyətlə, dini mövzuda əsərlərin yazılması üçün və İslam aləmində tətbiq edildiyinə görə həmin xətt növləri bəzi hallarda islami xətlər kimi təqdim olun­muşdur. Abdulla Seyrəfi Təbrizi ərəb əlifbası və kufi, nəsx xətləri üzə­rində yaradılmış bütün klassik ərəb xətt növlərinin, yəni «xotuti-sittə» – süls, nəsx, mühəqqəq, reyhani, toqi və rüqədən ibarət «klassik altı xətt»in və xüsusən isə süls və nəsx xətlərinin mükəmməl bilicisi, mahir icraçısı olmuşdur. Mənbələrdən əldə edilən məlumatlara əsasən deyə bilərik ki, həyatını elə doğma Təbriz şəhərində keçirmişdir. Vəfatı tari­xinə gəldikdə, bu haqda fərqli məlumatlar mövcuddur: bəzi mənbələrdə hicri təqvimi ilə 742-ci (1340/1341) və ya 744-cü ildə (1342/1343), bəzi mənbələrdə isə 753-cü ildə (1352) vəfat etdiyi bildirilir. Lakin onun indiyədək qorunub saxlanılmış əl işləri altında özünün qeyd etdiyi məlumatlara – tarixə əsasən deyə bilərik ki, hicri təqvimi ilə 750-ci ildən əvvəl vəfat etmişdir. Həm də nəzərə alsaq ki, indiyədək onun h.q. təqvimi ilə 744-cü ildən sonrakı tarixə aid heç bir əl işi aşkar edilmə­mişdir, bu səbəbdən 744-cü ilin üzərində də dayanmaq olar. Qeyd edək ki, Türkiyənin «İslam muzeyi»ndə qorunub saxlanılan və Abdulla Sey­rəfi tərəfindən üzü köçürülmüş Quran nüsxəsinin altında xəttatın özü tə­rəfindən h.q. təqvimi ilə 744-cü ildə yazıldığı bildirilir.

Abdulla Seyrəfi Təbrizdə vəfat etmiş və elə həmin şəhərdə Çərən­dab məqbərəsində mövlana Əbdülsəmədin məzarı yaxınlığında dəfn edil­mişdir.

Abdulla Seyrəfi ibn Mahmud Sərraf Təbrizi mahir kaşı ustası olmuş, kaşı yonmaq və kitabə yazmaq, xüsusilə kaşılı kərpiclər üzərində kitabə yazmaq baxımından təkcə Təbriz şəhərində deyil, ümumiyyətlə həmin dövrdə Şərq aləmində tanınmış və ən məharətli kitabə yazan hesab olun­muşdur. Müxtəlif mənbələrin təsdiqlədiyi kimi, o dövrdə Təbriz­də­ki binaların üzərindəki kitabələrin əksəriyyəti Abdulla Seyrəfinin əl­lərinin məhsulu olmuşdur. Onlardan bəzilərini xatırlatmaq istərdik: «Da­rüssəltənət imarətləri» («Ali hökmdarın iqamətgahı binaları»), xü­susilə «Ustad və şagird imarəti»nin daxili və xarici kitabələri, günbəz­lərin kəmər hissələri, qapıların üzərindəki ecazkar yazılar, məşhur mon­qol əyanlarından olan Əmir Çobanın oğlu Dəməşq Xacəyə məxsus olan binalardan biri – «Darüssəltənətin Dəməşqiyyə mədrəsəsi» binasındakı tağın üzərində həkk olunmuş kitabə, Təbrizin şəhərətrafı Vəlyənkuh mə­həlləsindəki binaların kitabələri, Süleymaniyə qəsəbəsinin yaxınlı­ğın­da yerləşən məscid binasının pəncərəsi üzərində həkk olunmuş beyt və s. kitabələr. XVI əsr İran alimi və tarixçisi Qazi Əhməd Qumi orta əsrlərdə yaşayıb yaratmış xəttatlar və naqqaş-rəssamlar haqqında yaz­dığı əsərdə («Трактат о каллиграфах и художниках») Abdulla Sey­rəfi Təbrizinin bu sənət sahəsində möcüzələr yaratdığını bildirmişdir. O bu əsərdə Süleymaniyə yaxınlığındakı məscid binasında daş üzərində həkk olunmuş beyt haqqında maraqlı bir hadisəni də xatırladaraq yaz­mışdır: «…Мирза-султан-Ибрахим ибн-мирза-Шахрух, признан­ный мастер почерка сульс, послав в Тавриз, велел перевезти этот стих, который был написан его [т.е. Абдаллаха Сейрафи] письмом, и установил во дворе здания, что находится среди соборной мече­ти царского города Шираза и которое построено в месяцах 820 года ». («...Süls xəttinin mahir ustası Mirzə Sultan İbrahim ibn Mirzə Şahrox Təbrizə adam göndərib buyurdu ki, onun (yəni Abdulla Seyrəfi) tərəfindən yazılmış şeir parçasını götürüb gətirsinlər. Həmin yazını həşəmətli Şiraz şəhərindəki cümə məscidinin ərazisində 820-ci ildə (1417/18) tikilmiş binanın həyətində yerləşdirdi».) [8, s. 70].



Abdulla Seyrəfi Təbrizi ərəb və fars dillərini mükəmməl bilmiş, öz dövründə mövcud olan ərəb qrafikalı yazı növlərinin xüsusiyyətləri, incəlikləri, tətbiq olunduqları məqamlar və sahələr barədə hərtərəfli bi­liyə malik olmuşdur. O təkcə mahir icraçı deyil, həm də ixtiraçı katib-xət­tat olmuşdur. Abdulla Seyrəfi müsənna – ikili, «güzgülü» (yazının eyni şəkildə, güzgüdə olduğu kimi əks olunması) xətt növünü icad etmiş, beləliklə də, kitab mədəniyyətinin, yazının imkanlarını artırıb ge­nişləndirmişdir. O bu icadı ilə Şərq maddi-mənəvi mədəniyyətinə tama­milə yeni bir çalar bəxş etmişdir.

Qeyd etmək lazımdır ki, orta əsrlərin öncəki və sonrakı yüzillik­lə­rində olduğu kimi XIV əsrdə də aydın və gözəl xətlə, həm də savadlı yazmaq xüsusi bir imtiyaz hesab olunmuş, gözəl xətt sahibləri həmişə lazımlı və mühüm olmuşlar. Katiblik və xəttatlıq mədrəsələrdə ayrıca fənn kimi tədris olunmuş, imkanlı şəxslər öz övladlarının gözəl xəttə yi­yələnməsinə xüsusi diqqət yetirmişlər. Dini məzmunlu əsərlərin yazıl­ması, xüsusilə Qurani-Kərimin üzünün köçürülüb artırılması həmin dövr kitab mədəniyyətində xüsusi bir əhəmiyyətə və dəyərə malik ol­maq­la yanaşı, həm də olduqca məsuliyyətli bir iş olmuşdur. 1258-ci il­də ərəb xilafətinin – abbasilər sülaləsinin hakimiyyətini devirərək bö­yük bir ərazini zəbt etmiş monqol işğalçıları zəbt etdikləri ərazilərə öz­ləri ilə bərabər bütpərəstliyi də gətirmiş, lakin bərqərar edib yaşatmağa qadir olmamışlar. Bir müddət sonra isə yerli əhali arasında nüfuz qa­zanmaq və öz hakimiyyətlərini möhkəmləndirmək məqsədilə, bəlkə həm də səmimiyyətlə, inam-əqidə ilə islam dinini qəbul etmişlər. Mon­qol hökmdarı Qazan xan öz hakimiyyəti dövründə (1295-1304) bu ba­xım­dan ciddi, olduqca cəsarətli və çox mühüm bir addım atmış, bütpə­rəstlikdən üz döndərib İslamı qəbul etmiş, onu yenidən dövlət dini elan etmişdir. Bu addım İslamın və Ulu tanrının mətni olan Qurani-Kərimin yenidən həyatın bütün sahələrinə hakim kəsilib zirvədə dayanmasına gətirib çıxarmışdır. Quran nüsxələrinin sayının artırılmasına yenidən xü­su­si diqqət yetirilməyə başlanmışdır. Abdulla Seyrəfi Təbrizi bu ba­xımdan da öz zəhmətsevərliyini, istedad və bacarığını lazımi səviyyədə əks etdirmişdir. XIX əsrdə yaşamış görkəmli İran katibi, xəttatı, təz­kirəçisi və səyyahı Mirzə Sənglax özünün «Təzkirətül-xəttatin» (yaxud «İmtəhanül-füzəla») əsərində (I cild) bildirmişdir ki, Xacə Abdulla Sey­rəfi Qurani-Kərimin 36 nüsxəsini yazmışdır [4]. Təəssüf ki, Mirzə Səng­lax özünün bu ikicildlik əsərində Abdulla Seyrəfi haqqında olduq­ca qısa – cəmi bir-iki cümlədən ibarət məlumat verməklə kifayətlən­miş­dir. O həm də səhvən belə bir məlumat vermişdir ki, Xacə Cəma­ləddin Yaqutun misli-bərabəri olmayan şagirdləri doqquz nəfərdir və on­lardan biri də Xacə Abdulla Seyrəfidir. Lakin artıq qeyd etdiyimiz kimi, o, Cəmaləddin Yaqut Müstəsiminin birbaşa deyil, bəlkə onun şa­girdlərinin şagirdi olmuşdur. Qeyd etmək istərdik ki, Abdulla Seyrə­finin 1327-ci ildə kufi və reyhani xətləri ilə üzünü köçürdüyü Quran nüs­xəsi ingilis kolleksiyaçısı Çester Bittinin Dublindəki şəxsi kitabxa­na­sında qorunub saxlanılmışdır. Tək bircə bu əlyazma nümunəsi Ab­dulla Seyrəfinin olduqca istedadlı və bacarıqlı katib-xəttat kimi təs­diq­lənməsi üçün kifayət edər. Orta əsrlər Azərbaycan kitab mədəniyyətinin görkəmli tədqiqatçısı A.Y.Qazıyev özünün «Художественное оформле­ние азербайджанской рукописной книги XIII-XVII веков» əsərində bu məlumatı təqdim edərək bildirmişdir ki, «onun surələ­rin­dən birinin – «Surət un-nəba» – başlanğıc səhifəsi çoxsaylı Quran nüs­xə­lərini və Təbriz, Sultaniyə və Dəməşq binalarının üzərindəki deko­rativ yazıları ərsəyə gətirmiş katibin yüksək səviyyəli sənətkarlığını sə­ciyyələndirir» [9, s. 118]. Qeyd etmək lazımdır ki, burada A.Y.Qazıyev görkəmli İran alimi Qazi Əhməd Qumiyə əsaslanaraq bu məlumatı ver­miş, lakin mədrəsə binasının adı olan Dəməşqiyyəni səhvən Dəməşq (şəhər) kimi təqdim etmişdir. Müxtəlif mənbələr Abdulla Seyrəfi tərə­fin­dən eyni keyfiyyət və eyni məharətlə qələmə alınmış digər Quran nüs­xələrinin də zəmanəmizədək gəlib çatdığını təsdiqləyir. XX əsr gör­kəmli İran alimi, gözəl xəttə malik olmuş xətşünas tədqiqatçı Mehdi Bəyani «Əhval və asar-e xoşnevisan» əsərində Abdulla Seyrəfinin yaratdığı əlyazmalardan bəhs edərkən bildirmişdir ki, öz tədqiqatları zamanı Türkiyənin «İslam muzeyi»ndə qorunub saxlanan və Abdulla Seyrəfi tərəfindən üzü köçürülmüş kiçik ölçülü Quran nüsxəsini gör­müş­dür. Həmin nüsxə h.q. təqvimi ilə 744-cü ildə qələmə alınmışdır. Mətni nəsx, sərlövhələri süls xətti ilə yazılmışdır. Mehdi Bəyani «Məc­mue-ye Mehdəvi»də («Mehdi almanaxı») Abdulla Seyrəfinin qələmin­dən çıxmış digər Quran nüsxəsini də öz gözləri ilə gördüyü barədə mə­lumat vermişdir [2, s. 1090-1091]. O, hər iki nüsxənin yüksək sə­viy­yədə işləndiyini bildirmişdir. M. Bəyaninin verdiyi məlumata görə, Ab­dulla Seyrəfinin qızıl əllərinin məhsulu olan, süls, nəsx və rüqə xətləri ilə yazılmış bir səhifəlik mətn (qitə) bir mürəqqənin (albom) tərkibində İstanbul Universitetində, təkcə süls xətti ilə yazdığı bir səhifəlik əlyaz­ması yenə də bir mürəqqənin tərkibində İstanbul Universitetində, nəsx və rüqə xətləri ilə yazdığı bir səhifə başqa bir mürəqqənin daxilində yenə də İstanbul Universitetində, nəsx və rüqə xətləri ilə yazdığı birsə­hi­fəlik mətn bir mürəqqənin daxilində Ketabxaneyi-səltənətidə (İran), süls və nəsx xətləri ilə yazdığı qitə bir mürəqqənin daxilində Türkiyə­nin Topqapı sarayının fondunda, süls, nəsx və rüqə xətləri ilə yazdığı bir qitə isə başqa bir mürəqqənin tərkibində yenə də Topqapı sarayında qo­runub saxlanılır [2, s. 1090-1091].

Azərbaycan kitab mədəniyyətinin ən mühüm amili – bu mədəniy­yə­tin yaradıcıları olan katib-xəttatlarımızdan bir çoxu öz fəaliyyətləri ilə yeni məktəbin bünövrəsini qoymuşlar. Abdulla Seyrəfini belə xəttat­la­rımızdan biri kimi təqdim etsək, səhv etmərik. Bu, hər şeydən öncə onun bir ustad – müəllim kimi fəaliyyəti ilə bağlıdır. Bir çox tədqiqat­çı­lar Azərbaycan və İran xəttatları şəcərəsinin – məktəbinin başlanğıcını belə onun adı ilə bağlamışlar. Məsələn, XX əsr görkəmli İran alimi Nəcib Mail Herəvi «Ketabarayi dər təməddon-e Eslami» əsərində bil­dirmişdir ki, nəsx və süls xətləri üzrə İran və Xorasan xəttatları süla­ləsinin başlanğıcı Abdulla Seyrəfiyə gedib çıxır, baxmayaraq ki, o heç bir zaman Xorasanda olmamışdır [5, s.40]. Eyni fikri Azərbaycan xət­tat­larına da aid etmək olar. Xüsusilə, kitabə sənəti, süls və nəsx xətləri üzrə mahir katib-xəttatlarımızın bir çoxunun ilk ustadı – müəllimi məhz Abdulla Seyrəfi Təbrizi olmuş, yaxud da onun sənətindən bəhrələnmiş, onun yolu ilə gedib davamçıları olmuşlar. Onlardan biri – ustad Moinəd­din Hacı Məhəmməd daş kitabələr yazmaq üzrə öz ustadının layiqli davamçısı olmuşdur. Təbriz şəhərindəki məşhur Çahar Minar üzə­rindəki gözəl yazıların müəllifi odur [8, s.71].

Abdulla Seyrəfinin başqa bir şagirdi – Hacı Bədrəddin Məhəmməd Bəndgir Təbrizi öz dövründə müsəlman dünyasında mövcud olan bütün xətt növlərini – klassik altı xətt, kufi, təliq xətlərini, həmçinin XIV əsrin sonlarında böyük Azərbaycan xəttatı Mir Əli Təbrizi tərəfindən icad edilmiş nəstəliq xəttini mükəmməl öyrənmiş və olduqca gözəl tərzdə icra etmişdir. Elm və sənət, nəzəriyyə və əməli təcrübə baxımından möh­kəm bünövrəyə malik Hacı Bəndgir Təbrizi süls və nəsx xətləri üzrə öz ustadı A. Seyrəfinin ən məharətli davamçılarından olmuş, hətta süls, nəsx və nəsx-təliq xətlərini yazmaqda dövrünün bütün xəttat­ların­dan üstün sayılmışdır. Xatırlatmaq istərdik ki, məşhur «Ustad və şagird» binası böyük ustad A. Seyrəfi ilə şagirdi Bəndgir Təbrizinin bir­gə əməyinin gözəl təmsilçisidir. Görkəmli Azərbaycan alimi Məhəm­mədəli Tərbiyət (1877, Təbriz – 1940, Tehran) bu haqda məlumat ve­rərək bildirmişdir ki, kiçik Şeyx Həsən kimi tanınan Əlaəddin tərəfin­dən tikilmiş bina ona görə «Ustad və şagird» adlandırılmışdır ki, bina­nın müxtəlif hissələrindəki yazılar bu iki mahir sənətkarın əlinin məh­suludur. Xüsusilə binanın şərq hissəsindəki yazılar Abdulla Seyrəfinin şagirdi tərəfindən işlənib ərsəyə gətirilmişdir. Lakin təəssüf ki, bina tə­mir olunmuş və həmin yazılardan əsər-əlamət qalmamışdır [7, s. 238]. Ça­har Minarda yerləşən Qaziyə mədrəsəsi üzərindəki kitabə də Hacı Məhəmməd Bəndgir tərəfindən yazılmışdır. O, Qurani-Kərimin yeddi nüsxəsini, Xacə Rəşidi Səmərqəndinin «Zinətnamə» əsərini, Həkim Əbu əl-Leys Təbərinin «Divan»ını, Həkim Səid Taininin «Divan»ını və s. əsərləri öz gözəl xətti ilə yazıb ərsəyə gətirmişdir [4]. Qeyd etmək lazımdır ki, bu istedadlı və işgüzar katib-xəttat Əmir Teymurun (Tey­mur­ləng, Topal Teymur; 1336-1405) diqqətini özünə cəlb etmiş, onu saraya dəvət edərək münşi (katib) vəzifəsinə təyin etmişdir. Bəndgir Təb­rizi Əmir Teymurun sarayında katib-xəttat kimi fəaliyyətini davam etdirmişdir. Onun irihəcmli xanbalıq və tirmə kağızları üzərində qızıl məhlulu ilə yazdığı mətnlər – qitələr, Əmir Teymurun yüzədək fərmanı, yüzlərlə məktubu, xüsusilə, Misir hökmdarı Məlik Fərəc haqqında Tey­murun 1700 sətirlik – yetmiş metr uzunluğunda məktubu və s. onun is­te­dadının, zəhmətsevərliyinin, güc və qüdrətinin şahidləridir. [9, s. 85]

Abdulla Seyrəfi Təbrizi Şərq aləmində, müsəlman dünyasında yazı­nın tarixinin araşdırılması, xəttatlıq və katibliyin, yazının elmi-nəzəri və əməli-təcrübi əsaslarının öyrənilməsi, inkişaf etdirilməsi sahəsində də böyük xidmət göstərmişdir. O, Azərbaycan kitab mədəniyyəti tarixində əlyazma kitabının yaradıcıları olmuş elə azsaylı katib-xəttatlarımız­dan­dır ki, mükəmməl bir dərslik – pedaqoji vəsait də hazırlayıb təqdim et­miş­dir. Onun bugünümüzədək gəlib çatmış «Adab ul-xətt» («Yazı qay­daları») əsəri [5, s. 13-32] əlyazma kitabının hazırlanmasının ən mü­hüm məsələlərini əhatə etmiş və süls xəttinin bütün incəliklərini, yazılış qaydalarını dəqiqliklə açıqlamışdır. Ümumiyyətlə, Abdulla Seyrəfinin süls xəttinin inkişaf etdirilməsi baxımından xidməti əvəzsizdir və bəzi mənbələrdə çox haqlı olaraq onu bu xətt növünə yeni bir çalar verən xət­tat kimi dəyərləndirmiş, sülsi-iraninin yaradıcısı kimi tanımışlar. Xa­tırladaq ki, bu, böyük sənətkarın bizə gəlib çatmış yeganə əsəridir. Əsə­rin bir neçə nüsxəsi məlumdur və «Adabi məşq» («Məşq qaydaları»), «Qələmiyə» («Yazı») adı altında qələmə alınmışlar. Nəcib Mail Herəvi bu məlumatı təqdim edərək bildirmişdir ki, «Qələmiyə» nüsxəsi (MJ nüsxəsi; h.q. 962) 3366 saylı məcmuədə, «Adabi-məşq» adlı nüsxəsi isə (DM nüsxəsi; h.q. tarixi ilə XI əsr) 688 saylı məcmuədə Ketabxaneyi-Məclisdə qorunub saxlanılır. Bu əsərin R işarəli başqa bir nüsxəsi də möv­cuddur ki, katib Talib ibn Cəfər Novruzi tərəfindən nəsx xətti ilə h.q. təqvimi ilə 1010-cu il ramazan ayının 8-də qələmə alınmışdır [5, s. 42]. Təqdirəlayiq haldır ki, əsərin bir nüsxəsi də AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda aşkar edilmişdir. Belə ki, Nəcib Mail Herəvi­nin məlum əsərində dərc olunmuş «Adab ul-xətt» risaləsi tərcümə edil­dikdən sonra (bu məqalənin müəllifi tərəfindən) həmin nüsxəni aşkar etmək mümkün olmuşdur. Bu nüsxə uzun illər Əlyazmalar İnstitutunda müəllifi naməlum bir əsər kimi bir məcmuənin tərkibində saxlanmışdır və «Usuli-xətt» («Yazının üsulları») adlanır. Əlimizdə olan bu iki nüs­xə arasında kəskin fərq yoxdur. Əsas fərq risalənin başlanğıc hissə­sin­dədir. Belə ki, «Adab ul-xətt»in başlanğıcı nisbətən geniş və daha ob­razlı, irfani dildə yazılmışdır. Qeyd edək ki, bu əsər Abdulla Seyrəfi Təb­rizinin olduqca savadlı, yazıçılıq istedadı və qabiliyyətinə, dəqiq və məntiqi şəkildə təsnifat aparmaq bacarığına malik olduğunu bariz şəkil­də əks etdirir.

«Adab ul-xətt» risaləsi dibaçə, müqəddimə, iki hissə – iki məqalə və son sözdən ibarətdir. Dibaçədə sözünü ənənəvi olaraq Rəbbimizə həmd və şükürlərlə, həzrət Məhəmməd Mustafanın (s) pak ruhuna, onun ailə­sinə və ümmətinə salavat və salamla başlayan müəllif ərəb əlifbasının hərf­lərini tək-tək, irfani-fəlsəfi tərzdə, olduqca rəvan, bədii-obrazlı bir dildə təqdim edir. Əsərin elə təkcə bu hissəsi müəllifin dərin fəzilət sa­hi­bi, gözəl yazıçılıq istedadı və geniş təxəyyülə malik olduğunu söy­lə­mək üçün yetərlidir. Dibaçədə qısa və aydın surətdə əsərin yazılmasının məqsədi göstərilmişdir: yeni öyrənməyə başlayanların ehtiyacını ödəsin və öyrənib qurtarmaqda olanlar üçün bir dəlil olsun.

Müqəddimədə yazının bir elm kimi məziyyətlərindən bəhs olunur, ərəb yazısının tarixinə «səyahət» edilir. Abdulla Seyrəfi bildirir ki, ərəb­cə yazmış ilk şəxs Adəm (ə) olmuşdur və Nuh (ə) tufanından sonra İs­mayıl (ə) zamanında ərəbcə yazı peyda olmuşdur. Bəziləri isə deyir ki, ərəbcə yazan ilk şəxs İdris (ə) olmuşdur. Müəllif yazı və gözəl xəttin əhəmiyyətinə toxunaraq xatırladır ki, peyğəmbərimiz (s) yazının elmin yarısı olduğunu söyləmişdir. Əmirəlmöminin Əli (ə) isə gözəl xəttə yi­yə­lənməyin yoxsul üçün mal-dövlət, dövlətli üçün gözəllik, müdrik üçün isə kamal olduğunu bildirmişdir. Müqəddimədə həm də yazı ləva­zi­matının bir qisminin – midadın, qələmin hazırlanması, yaxşı qələmin müəyyən edilməsi, qələmin yonulması və s. qaydaları göstərilir. Təkcə midadın – yazmaq üçün istifadə edilən maddənin hazırlanması çox mürəkkəb, uzun sürən və böyük zəhmət tələb edən bir işdir.

Əsərin birinci hissəsində yazı və islami xətlərin tarixi və növləri haq­qında məlumat verilir. Müəllif bildirir ki, xəttin növü altıdır: mü­həq­qəq, süls, toqi, rüqə, reyhani və nəsx. Bütün başqa xətlər bunlardan doğmuşdur. Birinci məqalənin II hissəsi ayrı-ayrı hərflərin, II məqalə isə hərf birləşmələrinin yazılış qaydalarından bəhs edir. «Son söz»də qələmi tutmaq, kağız üzərinə qoymaq və hərəkət etdirmək qaydaları göstərilir.

Yekun olaraq bildirmək istərdik ki, əzəməti, əhəmiyyəti və dəyəri heç bir çərçivəyə sığmayan, hər zaman bəhrələndiyimiz tükənməz milli maddi-mənəvi sərvətlərimizin Abdulla Seyrəfi Təbrizi kimi yaradıcıla­rı­na və yaşadanlarına borcluyuq və onlarla qürur duyuruq.


Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin