İNSANI NƏFSİN TƏRBİYƏSİNƏ SÖVQ EDƏN AMİLLƏR
İnsanı Allaha yaxınlaşmağa sövq edən amillərdən biri Qur`ani-kərimdəki təşviqlərdir. Behiştdəki bağlardan, hurilərdən, süd və bal axan çaylardan danışan ayələr bu qəbildəndir. Qur`an nəfsinə nəzarət edib onu kamala çatdıranlara misilsiz ne`mətlər və`d edir. Amma Qur`anda təşviqdən əlavə təhlükədən xəbər verən ayələr də vardır. İnsana xatırladılır ki, nəfsinə nəzarət etməyənləri müxtəlif bəlalar gözləyir. Allah-təala insana xəbərdarlıq edərək buyurur ki, ey insan, əlli il ömür sürdükdən sonra səni peşman edəcək günahlardan uzaq ol.
Əgər bağımızda bir ağac əkib neçə illər zəhmətini çəksək onun quruması bizi mə`yus edər. İnsanın vücudu Allahın yer üzündə əkdiyi ağaca bənzəyir. Bu ağaca lazımi tərzdə qulluq edilməsə çətin ki bəhrə verə.
İnsanda nəfsin tərbiyəsinə maraq oyatmaq üçün müxtəlif ayələrdə cəhənnəm əzabından danışı-lır. “Nisa” surəsinin 56-cı ayəsində oxuyuruq: “Ayələrimizi inkar edənləri oda yaxacaq və əzabı dadsınlar deyə yanmış dərilərini yenisi ilə əvəz edəcəyik.” “Nəbə” surəsinin 40-cı ayəsində buyurulur: “Sizi yaxın olan əzab ilə xəbərdar etdik. O gün insan öz əlləri ilə göndərdiyi əməllərə baxar və kafir olan kəs deyər: «Ey kaş torpaq olaydım.»” Bəli, elə bir gün gələr ki, bə`ziləri «öz vücud ağacları»ndan bəhrə götürə bilməz. Belə insanları həsrət və peşmançılıq bürüyər. Şübhə yoxdur ki, onlar özləri-özlərini müsibətə salarlar. “Yunis” surəsinin 44-cü ayəsində buyurulur: “Allah heç vəchlə kimsəyə zülm etməz, amma insanlar özləri-özlərinə zülm edirlər.” Allah-təala insanı gözəl biçimdə yaratmış və ona səadət yolunu göstərmişdir: “Öz aranızdan sizə peyğəmbər gəlmədimi ki, ayələrimi sizə oxuyub bu günkü görüşdən xəbərdar etsin?”1
Dostları ilə paylaş: |