NİYYƏTİN ALİ MƏRTƏBƏSİ
İnsan elə bir məqama çata bilər ki, Allaha nə behişt tamahı üçün, nə də cəhənnəm qorxusundan ötrü, bəlkə, onu ibadətə layiq bildiyi üçün ibadət edər. Amma bu məqamın da müxtəlif mərtəbələri vardır.
Həzrət Əli (ə) buyurur ki, bir qism insan Allaha təşəkkür üçün ibadət edirlər. Onları rükuya, səcdəyə gətirən nə behişt istəyidir, nə də cəhənnəm qorxusu. Bu insanlar Allahın ne`mət-ləri müqabilində şükr edirlər. Bu, “haqqı itirməmək” ruhiyyəsidir. Onların vicdanı ilahi ne`mətlərin şükrünü yerinə yetirməyi hökm edir. İnsanın yaxşılıq müqabilində təşəkkür etmək istəyi onun fitrətində var. “Loğman” surəsinin 14-cü ayəsində buyurulur: “Biz insana ata–anasını tapşırdıq. Anası onu getdikcə artan zəifliklə daşıdı və süddən kəsilməsi iki il çəkdi. Mənə və ata–anana şükr et. Axır dönüş Mənə sarıdır”. İnsan ata-ananın zəhmətini daha tez hiss edir. O, ananın yuxusuz gecələrini, atanın zəhmətlərini daha asan dərk edir. Ona görə də insan ata–ananın qarşısında özünü borclu bilir. Bu hiss illər ötdükcə güclənir və xarakter halına çevrilir. İnsan bütün yaxşılıqlara təşəkkürlə cavab verməyə başlayır. Bütün ne`mətlərin Allah tərəfindən əta olunduğunu anlayan insan Allaha təşəkkür etməyi özünə borc, vəzifə bilir. Bu məqamı bəyan edən digər bir tə`bir məhəbbətdir. Əgər iki nəfər arasında həqiqi məhəbbət olarsa, onlar bir-birlərinin yolunda istənilən əzaba qatlaşar və bu əzaba görə heç bir qarşılıq istəməzlər. Xalis məhəbbət olan qəlbə müxtəlif meyllər daxil ola bilməz. Bütün diqqətin məhbuba yönəldiyi könüldə behişt, huri istəyi müşahidə edilməz. Həzrət Əli (ə) buyurur: “Pərvərdigara, mən Sənə behişt həvəsi, cəhənnəm qorxusuna görə ibadət etmədim. Səni pərəstişə layiq bildiyim üçün ibadət etdim. Səndən başqa pərəstişə layiq olan kəs tapmadım. Sənə pərəstiş etməyim, kimə edim? Sənə könül verməyim, kimə verim?”1
Dostları ilə paylaş: |