XÜŞUNUN ƏMƏLƏ GƏLMƏ SƏBƏBLƏRİ
Xüşu halı əldə etmək üçün ən yaxşı yol Qur`an ayələri üzərində düşünməkdir. “Məryəm” surəsi-nin 58-ci ayəsində buyurulur: “...Allahın ayələri oxunduğu zaman ağlayaraq səcdəyə düşərlər”. Bəli, Qur`an ayələrində belə bir tə`sir gücü var!
Qeyd etdik ki, xüşunun mərtəbələri var. Şüşə qab müxtəlif cür sına bilər: iki, üç, dörd və daha çox hissələrə parçalanar, ya da ki, ovulub çilik–çilik olar. Qəlb də belədir. İnsan elə sına bilər ki, özünü unudar. Ən ali mərtəbə isə özündə me`rac qüvvəsi daşıyan olan namaz vasitəsilə əldə edilir. Digər tərəfdən, namazın me`rac qüdrətinə malik olması üçün xüşu başlıca şərtdir. Uyğun hala nail olmaq üçün bə`zi müqəddimələrə, hazırlıqlara ehtiyac var. Bu müqəddimələrdən biri Allahın əzəməti haqqında düşünməkdir. Öz vücudunu Allahın əzəməti ilə müqayisə edən insan istər–istəməz ilahi əzəmət qarşısında müt`i olur. Ümumiyyətlə, insan özündən elmli, güclü, iste`dadlı insan qarşısında təslim olmaq xüsusiyyətinə malikdir. Bu xüsusiyyət insanı Allah qarşısında tə`zimə gətirir. Əlbəttə ki, bu halı keçirmək üçün Allaha iman gətirib, Onu tanımaq zəruridir. Allahın əzəmətini daha dərindən dərk edən insanın xüşusu da güclü olur. Amma bu düşüncə elm öyrənməklə hasil olmur. Fəlsəfə, kəlam, irfandan Allahın əzəməti haqqında nə qədər oxusaq da, bu biliklər qəlbə bir o qədər də tə`sir etmir. Allahın əzəmətinə kifayət qədər dəlilləri olan alimdə xüşu olmaya da bilər. Elm bu işdə yalnız yardımçı rol oynayır. Bəs həqiqi xüşuya çatmaq üçün zəruri olan mə`rifət necə əldə olunur? Allahın əzəmətini qəlbən dərk etmək üçün nə etməliyik?
Dostları ilə paylaş: |