ALLAHIN BİZİM İBADƏTİMİZƏ EHTİYAcI VARMI?
“Allah insanı ibadət üçün yaradıb” dedikdə nə nəzərdə tutulur? İnsanların ibadətinə, səcdəsinə Allahın ehtiyacımı var? İnsan özünə qarşı ehtiram görəndə qəlbi açılır. Görən Allah da ehtirama möhtacdırmı?
Bütün bu suallar Allahı tanıyan insan üçün öz qənaətbəxş cavabını tapmışdır. Allah mütləq kamal sahibi və mütləq ehtiyacsızdır. İnsanın yaradılması və ibadət edib-etməməsi Allaha bir şey artırıb-əskiltmir. Tənhalıqdan əziyyət çəkmək naqis vücuda xas sifət olduğundan yaranışı Allahın tənhalığı ilə də əlaqələndirmək olmaz. Həzrət Əli (ə) “Nəhcül-bəlağə”də buyurur: “Allah məxluqu onun ibadətin-dən ehtiyacsız, itaətsizliyindən amanda olduğu halda yaratdı.”
Allah insanın ibadətindən ləzzət almadığı kimi, onun üsyanından da əziyyət çəkmir. Allahıtanıma bəhslərində oxuyuruq ki Allahın sifətləri özünəməxsusdur. Yə`ni əgər eyni bir sifət Allahda və insanda varsa bu sifətlər arasında fərq vardır. Məsələn, Allahın elmi insanın elmindən fərqlənir. İnsanın elmi “hüsuli”, yə`ni öyrənməklə əldə edilmişdir. Amma Allahın elmi “hüzuri”dir, yə`ni Allah zatən alimdir. İnsanın qüdrəti, gücü inkişaf etmiş əzələlərdən ibarətdirsə, cism olmayan Allahın qüdrəti tamam başqa məzmundadır.
Allahın razılığı və qəzəbi də insanın razılıq və qəzəbindən fərqlənir. Əgər insan razı qalanda şadlanırsa, Allah şadlanmaq halından çox uzaqdır. “Ərəfə” duasında oxuyuruq: “Pərvər-digara, Sənin rizayətin müqəddəsdir və heç bir səbəbə bağlı deyil. Belə deyil ki, əvvəl Sənin rizayətin mövcud olmayıb, Sən onu sonradan xəlq etmişsən, o ki, qaldı mən Sənin rizayətinə səbəb olum.” Allahın qəzəbi də belədir. Bu qəzəb onun halını dəyişmir. Allah üçün hal dəyişməsi qeyri-mümkün olduğundan insan bu halı dəyişməkdə acizdir.
Dostları ilə paylaş: |