TƏHSİL MƏRKƏZLƏRİNDƏ TƏRBİYƏNİN ROLU
Elmi mərkəzlərdə tə`lim və tərbiyəyə paralel diqqət göstərilməlidir. Təəssüf ki, bə`zən müəyyən islam elminə üstünlük verildiyi halda başqa bir islam elmi kölgədə qalır. Lazımi diqqət göstərilməyən ən mühüm sahə əxlaq və mə`nəviyyat sahəsidir. Dini elm mərkəzlərində (hövzələrdə) tərbiyə, təzkiyə məsələsi ən ağrılı məsələdir. Hələ də bu problem öz həllini tapmamışdır.
Bu problemi doğuran səbəblərdən biri ilahi əxlaqa yiyələnmiş arif alimlərin həddi aşan təvazökarlığıdır. Dini mərkəzlərdə bu insan-ların nəfəsinə ehtiyac olduğu halda onlar başqalarına əxlaq dərsi keçməyə özlərini layiq bilmirlər. Bu böyük şəxsiyyətlər onlardan nəsihət istəyənlərə “bizim özümüzün nəsihətə ehtiyacımız var” deyirlər. Onların bu hərəkəti böyük mə`nəviyyat əlaməti olsa da təvazökarlıq vəzifənin qarşısını almamalıdır. Əgər bütün əxlaqsevərlər yalnız öz tərbiyəsi ilə məşğul olsa cəmiyyətdə insanlıqdan əsər qalmaz. Məgər peyğəmbərlərin bir zaman icra etdiyi tə`lim və tərbiyə vəzifəsi bu gün alimlərin öhdəsində deyilmi?! Başqalarına nisbətən daha əxlaqlı olanlar cəmiyyəti islah etməyə borcludurlar.
Bir sözlə, tərbiyə də tə`lim kimi vacib əmrdir. Nə tə`lim, nə də tərbiyə sahəsində layiqli insanlar üçün təvazökarlıq maneə ola bilməz. Əgər həqiqi alim “danışsam deyərlər ki, özünü göstərir” düşünərək susarsa bəşəriyyət cəhalətə düçar olar.
Tarixdə hətta ən yaxın adamlarından öz elm və fəzilət mərtəbəsini gizlədən böyük şəxsiyyətlər olub. Düzdür, bu şəxsiyyətlərin bir çoxu həmin hərəkətlərinə bəraət qazandıracaq möhkəm dəlillərə malik olublar. Şəxsiyyətini gizlətmək insan üçün kamal hesab oluna bilər, amma həmişə yox! Əgər bütün alimlər şöhrətpərəstlikdən qurtulmaq üçün öz elmini gizlədərsə xalqın tə`lim-tərbiyəsi ilə kim məşğul olar?! Bu kifayi vacib işlə hökmən kimsə məşğul olmalıdır.
Mənim də tərbiyəyə ehtiyacım başqalarından daha çoxdur. Amma özümdən soruşuram ki, əgər bu vəzifəni yerinə yetirməsəm qiyamət günü nə cavab verərəm? Bu vacib işdən boyun qaçırdığıma şöhrətpərəstlik qorxusu səbəb ola bilərmi? Elmi mərkəzlərdə tanınmış əxlaq ustadları dərs keçsələr də, yenə də bu işə ehiyac duyulur. Ona görə də bütün nöqsanlarına baxmayaraq mənim kimiləri üçün də tərbiyə işi ilə məşğul olmaq vacib görünür.
Dostları ilə paylaş: |