ONUNcU DƏRS: ALLAHI XATIRLAMAĞIN ŞƏXSİYYƏTƏ TƏ`SİRİ “MAİDƏ” SURƏSİNİN 105-cİ AYƏSİ
Qeyd olundu ki, Qur`an ayələrinə əsasən, eləcə də, əqli və təcrübi araşdırmalara görə insanın mə’nəvi cəhətdən tənəzzülə uğraması qəflətdən irəli gəlir. Bu qəflət insanın özündən və yaranış məqsədindən xəbərdar olmamasından ibarətdir. Təbii ki, bu qəflətin müalicəsindən ötrü diqqəti həmin məsələlərə yönəltmək lazım-dır.
Qur`ani-kərimin “Maidə” surəsinin 105-ci ayəsi bu mövzunu işıqlandırır. Ayədə buyurulur: “Ey iman gətirənlər! Nəfslərinizi qorumaq sizin öz borcunuzdur. Siz doğru yolda olsanız, yolunu azanlar sizə heç bir zərər yetirə bilməzlər.”
Mərhum Əllamə Təbatəbai yuxarıdakı ayənin təfsirində nəfs barəsində mə’rifət əldə etmək, bu mə`rifətin mərtəbələri, bu mə`rifətin ilahi mə`rifətlə sonuclanması barədə dəyərli fikirlər söyləyir. Təfsirə görə ayənin zahiri mə`nası budur ki, insan öz eyblərinə məşğul olub başqalarında nöqsan axtarmamalıdır. Bə`zən insan bütün diqqətini ətrafdakılara yönəltdiyindən özündən xəbərsiz qalır. Əksərimiz insanların yaxşı xüsusiyyətlərini bir kənara qoyub, adətən onların eyblərinə diqqət yetiririk. Bizdən bir şəxs haqqında soruşulanda həmin şəxsin nöqsanlarından danışmağa üstünlük veririk. İnsan eyb axtara-axtara bir də onda ayılır ki, eyb axtarmaq onda xasiyyətə çevrilib. Deyilənlər ayənin zahiri mə`nasını təşkil edir. Amma bir az da diqqət etdikdə daha dərin mə`nalar üzə çıxır. Mərhum Əllamə diqqətimizi bə`zi dərin incəliklərə yönəldir. Ayədə insanın özünə qarşı diqqətli olması ilə onun doğru yolu tutması, hidayəti arasında əlaqə mövcuddur. Demək, doğru yola yönəlmək üçün insanın özünə diqqət yetirməsi şərtdir. Yə`ni nəfsi tanımaq Allahı tanımaq üçün bir müqəddimədir.
NƏFSİ TANIMAQLA ALLAHI TANIMAQ OLAR
Həyat təcrübəsi nəticəsində bizim hər birimizə mə’lumdur ki, bə’zən başımız ətraf mühitə, dünyəvi məsələlərə və nəfsani istəklərə elə qarışır ki, kim olduğumuzu, harada olduğumuzu, hansı hədəfdən ötrü yaradıldığımzı tamamilə unuduruq. Xüsusi ilə, bə`zi əyləncəli oyunlar zamanı insan hər şey yaddan çıxır. Dində bu hal “ləhv” adlanır və islama görə bu sifət mö`minə yaraşmayan sifətlərdən hesab olunur. Ləhvin bə`zi dərəcələri isə haram buyurulmuşdur. Bu cür halın əlaməti ondan ibarətdir ki, həmin vaxt insana özünü xatırlatdıqda narahat olur. Belə insanlar Allah, axirət, dini vəzifələri haqında düşünməməklə qalmır, bu fikirləri unutduracaq mühitə can atır. Bu adam sanki özündən qorxur. Tənhalıqda öz şəxsiyyəti haqqında düşünə biləcəyi halda özü ilə təklikdə qalmaqdan qaçır. Bu insan artıq kənarda başını müxtəlif əyləncələrə qatmağa adət etmişdir. Bir çox azğınlıqların, günahların səbəbi məhz insanın özündən qaçmasıdır.
İnsan şüurlu varlıqdır. Elm və özünüdərketmə hissi onun zatında mövcuddur. Ona görə də vücudunda özünüdərketmə hissi az olan insan insaniyyətdən uzaqlaşır. Bu, onun özünə biganəliyindən irəli gəlir. Özünəbiganəlik haqqında qərbdə də müxtəlif nəzəriyyələr mövcuddur. Amma İslamda həmin məsələ daha dərin və əsaslı şəkildə araşdırılmışdır. İslam maarifi nəzərindən insan özünü həqiqət prizmasından qiymətləndirə bilsə ilahi mə`rifətə nail olar. “Biharül-ənvar”da nəql olunmuş məşhur hədisdə buyurulur: “Özünü tanıyan Allahını tanımışdır.” Bu hədis həm Həzrət Peyğəmbər (s), həm də Həzrət Əlidən (ə) nəql olunmuşdur. Buna diqqət yetirmək lazımdır ki, hədisdə “Allahı tanımağın yolu nəfsi tanımaq-dır” deyilməyib. Bu iki məsələ (Allahı tanımaq və özünüdərketmək) bir növ cütlük təşkil edir, başqa sözlə, bir-birlərindən ayrılıqda mümkün deyil.
NƏFSİN KAMİLLƏŞMƏSİNDƏ ALLAHI TANIMAĞIN ROLU
Söhbətimizin xülasəsi olaraq deyə bilərik ki, bütün azğınlıqların və büdrəmələrin əsası qəflətdir; insanın özündən, öz şəxsiyyətindən, dini vəzifələrindən qəfləti! Özünü dərk edən insan daimi olaraq Allahdan asılı olduğunu anlayır. Anlayır ki, onun varlığı Allaha bağlı olmayacağı təqdirdə bir heçdir.
Qəflət xəstəliyinə yoluxmamaq üçün özümüzə diqqət yetirmək və nəzarət etmək məqsədi ilə günün müəyyən bir vaxtında “özümüzlə görüş” tə`yin etməliyik. Xəlvət bir guşədə özümüzdən soruşma-lıyıq: sən kimsən? Haradasan? nə axtarırsan? aqibətin nə olacaq? Bu proqrama hər gün müntəzəm olaraq əməl edən insan hökmən irəli doğru addım atır.
Qur`an, peyğəmbər və mə`sum imamlardan nəql olunmuş hədislərdə Allahı zikr etməyə çox böyük əhəmiyət verilir. Maraqlıdır ki, Allahı zikr etməyin insanın kamilləşməsində rolu nədən ibarətdir? Bu suala adətən belə cavab verilir ki, Allahı xatırlayan insan günaha yol vermir, vəzifələrini daha yaxşı icra edir. Əlbəttə ki, bu cavab doğrudur. Özünü Allahın hüzurunda hiss edən insan günaha cür`ət etməz, namazını əvvəl vaxtda və daha artıq diqqətlə qılar.
Amma bu deyilən faydalar çənənin yeməkdən götürdüyü faydaya bənzəyir. Yemək zamanı daim hərəkətdə olan çənə qüvvətlənməyə doğru inkişaf etsə də yeməkdə məqsəd çənənin inkişafı deyil. Həmçinin, Allahı xatırlamağın da daha böyük və daha mühüm faydaları vardır. Bunu da qeyd edək ki, Allahı düşünməklə günahdan uzaqlaşmaq heç də kiçik fayda deyil. Amma bundan da böyük faydaların olduğunu unutmamalıyıq. Nəzərdə saxlamalıyıq ki, insan kamillik üçün yaradıl-mışdır və bu sahədə nailiyyət daim Allahla əlaqədə olmağa bağlıdır. Allahla bağlılıq isə insanın qəlbi vasitəsi ilə gerçəkləşir və qəlbin işi Allahı düşünməkdir. Aparılan təhlildəki ardıcıllıqdan aydın olur ki, insanın yaranış məqsədi olan təkamül üçün Allahı xatırlamaqdan başqa vasitə yoxdur. Ruhunu kamilləşdirmək istəyən insan yalnız Allahı zikr etməklə məqsədinə nail ola bilər. İnsan Allahı düşündükcə qəlbi və ruhu Allahın nuru ilə işıqlanır.
Daim zahirə diqqət edən insana elə gəlir ki, insanı uçuruma yuvarladan ən böyük səbəb günahdır. Amma anlamırıq ki, bütün günahların arxasında Allahın zikrindən qəflət dayanır. Bütün büdrəmələrin, çaşqınlıqların, günah-ların, pisliklərin ilkin səbəbi Allahdan qəflətdir. Eyni zamanda insanı ibadətə, saleh əmələ sövq edən də Allahın zikridir. Bütün deyilənləri təsəvvür və təsdiq etmək üçün ruhumuzu nurani etməli, nəfsimizi paklaşdır-malıyıq.
Fəlsəfi baxımdan Allahla insan arasındakı əlaqə səbəblə nəticə arasındakı əlaqə kimidir. Belə bir əlaqədə nəticənin dərk olunması səbəbin dərkidir. Yə`ni nəticə səbəbi dərk etmədən özünü dərk edə bilməz. Nöqsanlı da olsa, belə bir bənzətmə var: insan çıraqla əlaqəli bir şö`lədir. Əlbəttə ki, Allah nəhayətsiz nurdur. Onun şö`lələri də nəhayətsizdir. Mənbəni dərk etmədən şö`ləni dərk etmək mümkün deyil. Biz Allahın müqəddəs zatının şö`lələriyik. “Hicr” surəsinin 29-cu ayəsində oxuyuruq: “Mən ona surət verib ruhumdan üfürdüm.” Buna görə də, ruhumuzun təkamülü yalnız Allahı xatırlamaqla mümkündür.
ALLAHI ÇOX ZİKR ETMƏK
Qur`ani-kərimdə zikrin kəmiyyəti barəsində “kəsir” (çox) və “şədid” (daha artıq) ifadələri işlədilmişdir. “Əhzab” surəsinin 41-42-ci ayələrində oxuyuruq: “Ey iman gətirənlər! Allahı çox yad edin. Səhər-axşam Onu təqdis edib şə’ninə tə’riflər deyin.” “Bəqərə” surəsi-nin 200-cü ayəsində buyurulur: “Həcc mərasimini tamamlayıb qurtaranda (keçmişdə) ata-babalarınızı yada saldığınız kimi, hətta ondan daha da artıq şəkildə Allahı yad edin.” Kəmiyyətcə çox zikr deyilməsi aydındır. Bəs şiddətli (Qur’anda işlədilən «şədid») zikr nədir? Görəsən, burada məqsəd zikri uca səslə deməkdirmi?
Ayədə həcc mərasimindən sonrakı vaxt nəzərdə tutulur. Mə’lumdur ki, insan vəzifəsini yerinə yetirdikdən sonra arxayınlaşdığı üçün şeytanın əlinə münasib fürsət düşür. Məsələn, əksər insanlar namazı bitirdikdən sonra dua etmək əvəzində ani olaraq ətrafa boylanırlar. Bu hal şeytanın vəsvəsəsindən irəli gəlir. İki-üç dəqiqəlik namazdan sonra insanı bu sayaq yayındıran şeytan, təbiidir ki, uzun və ağır həcc əməlindən sonra daha fəal olur. Ehram halından çıxmış insan güzgüyə baxmağa, ətirlənməyə tələsir. Şeytan da bu vəziyyətdən məharətlə istifadə edir. Məhz bu səbəbdən də həcc əməllərini bitirənlərə ehram halından çıxdıq-dan sonra Allah zikrini unutmamaqları tövsiyə olunur.
Aydındır ki, zikrin kəmiyyətindən əlavə şiddəti (dərinliyi) də ola bilər. İnsan ən əziz adamını kənar bir şəxsi xatırladığı kimi xatırlamır. Məsələn, övladını xatırlayan valideynin ruhu təlatümə gəlir. Demək, zikrin çoxluğundan əlavə şiddəti də şərtdir. Okeanla dənizin ləpəsi eyni gücdə olmur. Allahın zikri okean dalğası tək əzəmətli olmalıdır. Biz demək istəmirik ki, Allahı zəif şəkildə xatırlamaq səmərəsizdir. Sadəcə olaraq insan mövcud vəziyyətlə kifayətlənməyib, öz zikrini elə güclən-dirməlidir ki, bütün vücudu lərzəyə gəlsin.
Adi insanlar, adətən, Allahı bir adı və bir sifəti ilə xatırlayırlar. Bir çoxları Allahı yalnız ruzi verən kimi yad edirlər. Amma elə insanlar da var ki, bütün kamal sifətlər Allahın zatında toplandığından diqqətlərini bu zata yönəldirlər. Belə bir diqqət fəqət bir ilahi sifətə diqqətdən qat-qat güclüdür. Həzrət Əli (ə) namaz zamanı Allahın zatına o qədər diqqət verərdi ki, ayağından ox çıxarılan zaman heç bir şey hiss etmədi. Qur`ani-kərimdə buyurulur ki, Həzrət Yusifin gözəlliyindən heyrətə gəlmiş Misir qadınları özlərinin də xəbəri olmadan meyvə kəsdikləri bıçaqla əllərini kəsdilər.
ŞƏHİD MÜTƏHHƏRİDƏN BİR XATİRƏ
Bu əhvalatı o böyük alim və dahi şəxsiyyətin yaxın adamları danışırlar. Deyirlər, bir gün mərhum Mütəhhəri övliyalardan birinin məh-zərində olarkən mə`rifəti artırmaq yollarından söz düşür. Övliya Mütəhhəridən soruşur: «Namaz zamanı qəlbini kənar fikirlərdən necə qoruyursan?» Mərhum Mütəhhəri cavab verir: «Namazın əvvəlindən axırınadək dediyim sözlərin mə`nasına diqqət edirəm. Övliya buyurur: “Bəs Allaha nə vaxt diqqət edirsən?”
Olduqca uca mətləbdir! Elə bu söhbətdən aydın olur ki, adi insanlarla övliyalar arasında nə qədər fərq var. Hər halda çalışmalıyıq ki, öz zəif zikrimizə ilahi rəng verək və Allahdan istəyək ki, övliyalara nəsib etdiyi ləzzətdən bizə də daddırsın.
Bə`zi insanlar namazda o qədər diqqətsiz olurlar ki, namaz qıldıqlarını yalnız namazı bitirdikdən sonra xatırlayırlar. Bir mərtəbə üstün olanlar namazın sözlərinə diqqət edir. Növbəti mərhələdə insan dediyi sözlərin mə`na dərinliyinə varır. Daha sonrakı mərhələdə əvvəlcə qəlb, sonra isə dil danışır. Hər bir insan daha yuxarı mərtəbəyə qalxmaq üçün sə`y göstərməlidir. İnsan özünü elə tərbiyə edə bilər ki, təkcə namazın sözlərinə yox, hətta ətrafdakı bütün şeylərə diqqət verdikdə Allahı xatırlayar. Məsələn, üzünə toxunan küləyi hiss edən insan ani olaraq Allahın qüdrətini yada salıb, duyduğu sərinliyə görə Böyük Yaradana şükr edə bilər. Beləcə, insan Allahın zikrini artırmaq və dediyi hər bir sözün mə’nasını dərindən düşünməklə təhlükəli qəflətdən xilas ola bilər.
Dostları ilə paylaş: |