İyİrmİ dördüncü dərs: NAMAZA ÜÇ YANAŞMA
Ayə və rəvayətlərdən mə`lum oldu ki, insanın Allah qarşısında ən böyük vəzifəsi namazdır. Bütün səmavi dinlərdə namaz var və hər bir dində bu ibarətə böyük əhəmiyyət verilir. Buna səbəb namazın insanın xoşbəxtliyində oynadığı əsaslı roludur. Namaza aid olan bəhslərdən biri onun fiqhi məsələləridir. Zahirən çox sadə görünən və cəmi bir neçə dəqiqə vaxt aparan namazın fiqhdə yüzlərlə hökmü var. Bu hökmləri öyrənib onlara riayət etmək çox mühümdür. Namazın fiqhi hökmlərinə e’tinasızlıq uzun illərin namazını batil edə bilər. Məsələn, qüsulu düzgün yerinə yetirməyən insanın namazı, orucu, həcci və sair ibadətləri batil ola bilər. Qırx il namaz qıldıqdan sonra namazın qiraətində (oxunuşunda) səhvə yol verdiyini anlayan şəxs bütün namazlarını təzələməlidir. Göründüyü kimi, namazın fiqhi hökmlərinə e’tinasız yanaşma böyük çətinliklər yarada bilər. Ona görə də böyük əziyyət və vaxt tələb etməyən bu biliklərə yiyələn-mək lazımdır.
Qeyd etdiyimiz üç mövzudan ikincisi ümumi ibadətlər mövzusudur. Namaz da bir ibadət kimi bu bəhsə daxildir. Üçüncü mövzuda isə namazın xüsusiyyətlərindən danışılır.
İBADƏTDƏ NİYYƏTİN ƏHƏMİYYƏTİ
İbadətdə çox mühüm məsələlərdən biri niyyətdir. Niyyət hər bir ibadətin ruhu hesab olunur. İbadətin dəyəri niyyətdən asılıdır. Hər hansı bir ibadətdə insanın niyyəti qüsurludursa bu ibadət səmərəsizdir. Gündəlik həyatımızda da insanların niyyətə çox fikir verdiklərini görürük. Əgər bir şəxs sizə saf niyyətlə mehribanlıq göstərirsə, onu yüksək dəyərləndirir-siniz. Əksinə, müəyyən məqsədlərlə göstərilən mehribançılıq insana xoş gəlmir. Çünki sizi bu mehribançılıqla aldadıb, hansısa məqsədə çatmaq istəyirlər. Saxta məhəbbət təkrarlandıqca daha çox cansıxıcı olur. Demək, zahirən eyni görünən əməllər müxtəlif niyyətlərlə icra oluna bilər. Sizə ehtiram göstərən iki nəfərin niyyətləri müxtəlif ola bilər. “Necəsən” kəlməsi həmişə məhəbbəti ifadə etmir. Bə`zən bir insanı məsxərəyə qoymaq üçün onun əhvalını soruşurlar. Əgər məsxərə məqsədi ilə sizdən hal-əhval tuturlarsa, xoşlanırsınızmı? Mə`lumdur ki, yox. Demək, hər hansı bir əməli qiymətə mindirən onun zahiri yox batini, yə`ni bu işdə güdülən məqsəddir.
Ötən söhbətdə namazın fəzilətindən danışan bə`zi ayə və rəvayətlərə nəzər saldıq. Namaz insanı təsəvvür olunmayan bir mərtəbəyə qaldıra bilər. Övliyaları ali məqama qaldıran da məhz namazdır. Rəvayətdə “namaz mö`minin me`racıdır” buyurulur. Namaz sayəsində hasil olan me`racın mərtəbələri sonsuzdur. Onu da qeyd etməliyik ki, insanı kamal zirvəsinə qaldıran namaz elə səviyyədə qılına bilər ki, insanı cəhənnəmə aparar. Eyni bir əməldə mövcud olan bu iki xüsusiyyət nə üçün bu qədər ziddiyyətlidir? Cavab aydındır: Əgər namazda ilahi niyyət yoxdursa bu namaz faciədir. Həzrət Peyğəmbərdən (s) nəql olunmuş rəvayətdə buyurulur: “İki nəfər məscidə daxil olub namaz qılır. Onlardan biri öz namazı ilə cəhənnəmə, digəri isə behiştə gedir. Cəhənnəmə gedən şəxs namaz qılması ilə qürrələnir və başqalarının diqqətini cəlb etmək üçün namazın rüku, səcdə və başqa əməllərini daha yaxşı yerinə yetirir. Bu niyyətinə görə həm namazını batil edir, həm də riyakarlıq səbəbindən cəhənnəmlik olur. İkinci şəxs isə namazda xəcalət hissi keçirir və daim düşünür ki, qıldığı namaz qəbuldur yoxsa yox. Namaz zamanı ona tövbə halı gəlir və bir daha günah etməyəcəyinə söz verir. Belə namaz insanı behiştə aparır”.1
Niyyət əməlin dəyərini müəyyənləşdirən ən mühüm amildir. İbadətlərin me’yarı niyyətdir və ibadətin hansı məqsədlə yerinə yetirilməsi çox mühümdür.
RİYA NAMAZI PUÇA ÇIXARIR
Riyakarlıq eqoistlik kimi mənfi xüsusiyyətlər ibadəti puça çıxarır bu sayaq qatqıları olan ibadət nəinki faydasızdır, hətta insanı tənəzzülə uğradır. İbadət üçün zərərli olan ən mühüm amillərdən biri riyakarlıq, özününümayişdir. Riyakar insan ibadət zamanı ətrafdakıların diqqətini cəlb etmək və özü haqqında tə`riflər eşitmək istəyir. O, bu təriflərdən ləzzət alır. Bu niyyətlə ibadət edən insan Allahın yox insanların razılığı üçün çalışır. Namazda riya haqqında Qur`ani-kərimdə iki ayə var: “Vay olsun o namaz qılanların halına ki, öz namazlarından qəflətdədirlər, o kəslər ki, riyakarlıq edir-lər”2; “Münafiqlər Allaha hiylə gəlmək istə-yirlər, halbuki, Allah onların hiylələrini qaytaracaq. Namaza duranda tənbəlliklə qalxar, xalqa riyakarlıq edər və Allahı çox az xatır-layarlar”.1
İstər qədim, istərsə də müasir münafiqlər heç vaxt açıq deməzlər ki, dini qəbul etmirik. Kafiri münafiqdən fərqləndirən də budur. Dini açıq inkar edən şəxs kafir, qəlbində inkar edən şəxs isə münafiqdir. Peyğəmbər dövründə münafiqlər xalqın nəzərini cəlb etmək üçün məscidə gəlib namaz qılardılar. Ayələrdən mə`lum olur ki, onların qəlbinə süstlük hökmran imiş və xalqın diqqətini cəlb etmək üçün qıldıqları namaz onların əzabını artırdı.
Qur`ani-kərimdə infaq, zəkat cihad kimi ibarətlərdəki riyakarlığa da işarə olunur. “Nisa” surəsinin 38-ci ayəsində buyurulur: “Öz mallarını camaata göstərmək üçün infaq edən, Allaha və axirət gününə inanmayan kəslər ...” Cihadda riya haqqında isə belə buyurulur: “Yurdlarından təkəbbürlə, özlərini camaata göstərmək üçün çıxanlar kimi olmayın”.2 Demək, riya təkcə namaza aid deyil və onunla hər bir ibadətdə rastlaşmaq olar.
Riyanın antonimi, yə`ni ziddi ixlasdır. İxlas odur ki, insan öz əməlində yalnız Allahın razılığını düşünsün. İxlaslı insan Allahdan qeyri bir kəsin razılığı intizarında deyil. İxlaslı insanın bə`zən başqalarının qarşısın-da ibadət etməsi müstəhəb olur. “İbrahim” surəsinin 31-ci ayəsində oxuyuruq: “Onlara verdiyimiz ruzidən gizlində və aşkarda infaq etsinlər”. Gizli verilən sədəqənin, infaqın üstünlüyü barədə rəvayət çoxdur. Hətta bir rəvayətdə buyurulur ki, sağ əllə edilən infaqdan sol əl xəbərsiz qalsın. Amma bə`zən infaqın açıq şəkildə verilməsi tələb olunur. Çünki açıq infaq cəmiyyətə xeyirxahlığı təbliğ edir. Başqalarının gözü qarşısında sədəqə verən insanın niyyəti həm saf həm də riya ola bilər. Əgər o, öz hərəkəti ilə başqalarını da sədəqə verməyə həvəsləndirmək istəyirsə, bu yaxşı niyyətdir. Yox əgər bu işi “bəh–bəhə” xatir edirsə, gördüyü iş puçdur.
NİYYƏT İKİ AĞIZLI QILINCDIR
Niyyətdən asılı olaraq beş dəqiqəlik bir namaz insanı həm behişt, həm də cəhənnəmə apara bilər. Ona görə də insan öz niyyətinə qarşı çox həssas olmalıdır. İnsanın öz qıldığı namazlardan razı qalıb qürrələnməsi çox pis haldır. Qiyamət günü bir çoxlarına deyilər ki, sən namazı filankəslə-rin razılığına xatir qılmısan get əvəzini onlardan al! Rəvayətlərdə buyurulduğuna görə, riyakarlıq bə`zən o qədər məxfi olur ki, mələklərin də nəzərindən qaçır. Riyakarlığı yalnız Allah-təala özü qeydə alır. İnsanın hər bir əməli bir neçə dəfə süzgəcdən keçirilir. Bəndənin əməli yuxarı qalxıb birinci səmaya çatır. Bu səmadakı mələklər onu qəbul etsələr, əməl ikinci səmaya qalxır. İkinci səmada da təftişçi mələklər var. Yalnız bu mələklərin təsdiqindən sonra əməl üçüncü səmaya qalxa bilər. Beləcə, yeddinci səmayadək təftiş gedir. Yeddinci təftişdən keçən əməl Allahın hüzuruna göndərilir. Bə`zən yeddi səmada qəbul olunmuş əməl haqqında Allah-taala buyurur: “Bu əməl mənim razılığım üçün görülməyib...”1
Belə rəvayətlər çoxdur. Bu rəvayətləri eşidib, ümidi itirmək yox, niyyətə qarşı diqqətli olmaq lazımdır. Bu məsələyə diqqətsiz yanaşan insan riyakarlığa düçar olacaqdır.
Əməldə niyyətin rolu o qədər böyükdür ki, saf niyyətli insanın bütün əməlləri ibadət hesab oluna bilər. Bəli, yemək, içmək, yatmaq, istirahət ibadət səviyyəsinə ucala bilər. İnsan bütün bu əməllərdə Allahın razılığını gözləyərsə, ötən hər an üçün ibadət savabı yazılar. Allahın razılığına səbəb olan hər bir əməl ibadətdir. Xüsusi ibadətlərin digər əməllərdən fərqi odur ki, namaz və oruc kimi xüsusi ibadətlərdə riyakarlıq olarsa, bu əməllər insanı cəhənnəmə aparar.
Namazın niyyətinə xüsusi ilə həssas olmaq lazımdır. Namazın niyyəti düz olarsa onun dəyəri çox-çox yüksəyə qalxar. Amma riyakarlıq namazı bir hala salar ki, insan bu ibadətdən zərərdən başqa bir şey görməz.
Pərvərdigara bütün ibadətlərdə, xüsusən namazda bizə ixlas nəsib et.
Dostları ilə paylaş: |