Son söz
Elmlə sənətin əlaqəsi haqqındakı söhbətimiz sona çatır. Mən istəməzdim ki, oxucu buradakı mühakimə və mülahizələri təhlilə, tənqidə ehtiyacı olmayan hökmlər kimi qəbul etsin. Yazıya belə bir oxucu münasibəti söhbətimizin ruhuna zidd olardı. Ancaq çox istərdim ki, oxucu müəllifin xeyirxah bir məqsəd güddüyünə inansın.
Elə bir müasir adam tapılmaz ki, onun sənətlə elmin əlaqəsinə öz münasibəti olmasın. Bu söhbət belə münasibətlərdən biridir və daha ciddi, elmi araşdırma üçün bir stimul olacağına ümidimin doğrulmasını ən böyük müvəffəqiyyətim sayırdım.
Elmin sənətə təsirini işıqlandırmaq arzusu ilə gətirdiyim misallardan çıxarıla biləcək nəticələri aşağıdakı şəkildə qruplaşdırmaq istərdim. Əslində onlar nəticədən çox açılmasına ehtiyac duyulan suallardır.
Hər şeydən əvvəl, elm-bilik sənətkarda müasir dünyagörüşünun formalaşması üçün zəruridir. Elmin nailiyyətləri ilə ümumi tanışlıq sənətkar düşüncəsini insan – təbiət, insan – insanlıq, insan – insan, isan – həyat və s. kimi münasibətlərin müasir problemləri təsiri altında saxlayır. Çox halda belə problemləri hamıdan qabaq sənətkar duyur.
Müasir estetika, sənətşünaslıq, bədii tənqid ictimai elmlərin inkişaf etməkdə olan vacib qollarıdır. Elm sənətə, sənətkara bu qollar vasitəsi ilə təsir edir. Elmin bu sahələrinin rolunu yalnız şərhçilikdə, müşahidəçilikdə və təhlildə görmək səhv olardı. Əlbəttə, sənətkarın bu sahələrdə tanışlığının onun yaradıcılığına təsirini açmaq bütün hallarda asan deyil. Əksinə, belə bir tanışlığın olmamasının təsirini görmək daha asandır. Bir qayda olaraq, görkəmli sənətkarlar həm də elm sahələrini inkişaf etdirmiş olurlar və hər bir sənət əsəri yeni sənət meyarı ilə birlikdə yaranır.
Elm, bilik sənətin xidmət göstərdiyi insanları dəyişdirir. Emosional mühitə ehtiyac həm kəmiyyət, həm də keyfiyyətcə dəyişir. Elmin sənətə təsir yollarının biri də budur. “Atom əsrində sənət necə olmalıdır?” kimi sualları meydana atan səbəb bu təsirdir.
Elm, bilik sənətin texniki vasitələrini dəyişdirir, daha doğrusu, zənginləşdirir. Elm, texnika, sənət əsərlərinin bir məlumat kimi yayılma vasitələrini keyfiyyətcə yeniləşdirir, oxucu, dinləyici, tamaşaçı sənət əsəri ilə tamamilə yeni şəraitdə, yeni tərzdə tanış olur: radio, televiziya, kino, maqnitafon, və s. Bu texniki yeniliklər yeni sənət janrlarının meydana gəlməsinə səbəb olur. Başqa tərəfdən belə vasitələr sənətin kütləviləşməsinə kömək edir. Sənət, texniki tərəqqidəki inqilabların təsirindən azad deyil. Buna, sənəti kiçildəcək bir təsiri kimi yox, onun inkişafına yeni tələb qoyan təbii bir hal kimi baxmaq lazımdır.
Elm, bilik sənətkara ağılın gözləri ilə görünən aləmin üfüqlərini açır. Aləmin bilavasitə gözlə görünən hissəsinin zənginliyi onun ümumi zənginliyinin çox kiçik bir hissəsidir. Aləmin genişlənməsi isə sənətə təsirsiz qala bilməz. Müasir elmi fantastikanın xeyli hissəsi, kosmik mövzular, riyazi asılılıqlardan təsviri sənət mövzuları kimi istifadə və s. bu təsirin hələ ilk əlamətləridir.
Elmlə tanışlıq biliyə inam yaradır. Bu inam insana, onun gələcəyinə inamdır. Sənətkarın hissinə əsaslandığı inamın üstünə belə bir inam da gələrsə onun yaratdığı əsər heyran etməklə bərabər, daxili məntiqi, dərinliyi, ciddiliyi ilə heyrətləndirə də bilər.
Elmin sənətə təsirinin mahiyyəti sənətin elmə təsirindən çox-çox mürəkkəb olduğunu nəzərə alaraq, belə bir təkrarı lazım bildim. Ali məktəb illərindən bu günə kimi elm adamlarının sənətə münasibəti ilə onların elmdə müvəffəqiyyətləri arasındakı uyğunluğun səbəbi mənim üçün maraqlı bir sual kimi qalmışdır. Bir qayda olaraq, istər təhsildə, istərsə də elmi işdə orijinal müvəffəqiyyət qazananların sənət həvəskarları olduğunu müşahidə etmişəm. Bu adamların çoxunda sənətə ehtiyac o qədər böyük olub, o qədər sənəti duya biliblər ki, tanıyanlar onları “sənət üçün itirilmiş adamlar” hesab edirlər. Belə itki ağrı gətirmir. Qoy həmişə elmin itirdiyi adamları sənət, sənətin itirdiklərini elm tapsın. Bəlkə də belə hallarda kimin harada olmasının əlverişliliyini dəqiq təyin edə bilməməyimizin mübhəm bir əhəmiyyəti var. Bir neçə il bundan qabaq iki şəxsiyyətin yuxarıda göstərdiyim qanunauyğunluqdan kənara çıxması məni darıxdırırdı. Bunlardan biri müasir fizikanın yaradıcılarından olan alman alimi Heyzenberq idi. Lakin fizikanın ümumi məsələlərinə həsr etdiyi bir kitabını və bir neçə məqaləsini oxuyandan sonra onun təbiətcə şair olduğuna şübhəm qalmadı.
İkinci böyük şəxsiyyət alimimiz Yusif Məmmədəliyev idi. Bəlkə də onun sözə qənaətcilliyi sənətə münasibətini kənar adamlardan gizli saxlayırdı. Belə böyük alim, gözəl insan (mən bu sözləri öz müşahidələrimin nəticəsi kimi deyirəm!) sənətə necə laqeyd ola bilər! Sonra onun həmyaşlarından öyrəndim ki, Yusif Məmmədəliyev də böyük sənət pərəstişkarı imiş! Beləliklə, elm üçün istedadlı kadrlar seçilməsində, sənətə münasibət bəlkə də bir meyar kimi istifadə oluna bilər.
Mənim iştirak etdiyim aspirant, kiçik elmi işçi attestasiyalarında, bir qayda kimi, öz elmi işinə marağı olmayanların sənətə ancaq utilitar münasibət bəslədiklərinin şahidi olmuşam.
Fikrimizə incəlik verən, onu dağ çayları kimi coşqun, iti, gözlənilməz döngəli, şəlaləli edən sənətin təsiri elmimizin inkişafı üçün son dərəcə lazımdır. Sənətin inkişafı, çiçəklənməsi dünya elminin tərəqqisi və onun insanlığın xeyrinə yönəldilməsi üçün lazımdır. Sənət insanı həm “ağıl artıqlığı”, həm də ağıl azlığı bəlasından qoruyan vasitədir. Sənət bizi peşə, məşğələ əsirliyindən qurtarır, gözümüzdə dünyanın sxematikləşməsinə imkan vermir, daxili – psixoloji bütövlüyümüzü, xarici aləmlə sağlam vəhdətimizi saxlamağa kömək edir.
Müasir elmin sənəti zəifləşdirdiyini, “intellekt sahibləri” üçün sənətin az əhəmiyyətli olduğunu eşitdikdə, necə deyərlər, matım-qutum quruyur. Elə bil, sənətin vaxtı ilə meydana gəlməsinin səbəbi elmin zəifliyi olmuşdur. Sənətin və ya elminmi insan üçün daha vacib olması sualı da gülüncdür. Bu suyun və ya havanınmı insan üçün daha vacib olması sualına oxşayır.
Elm və sənət insan mədəniyyətini yüksəklərə qaldıran qoşa qanaddır. Quş tək qanadla uça bilməz. Uçuş, yüksəliş hər iki qanad eyni qüvvədə olduğu zaman əldə edilə bilər.
Dostları ilə paylaş: |