Yazıda əsasən "İ.İ. R. mədəniyyət mərkəzi" tərəfindən,üçüncü nəşr,Bakı 2009-cu ildə çap olunmuş "



Yüklə 125.01 Kb.
tarix14.07.2018
ölçüsü125.01 Kb.

“Nəhcul bəlağa”dan seçmələr

بسم الله الرحمن الرحيم

Möhtərəm oxuculara təqdim olunan bu yazıda əsasən “İ.İ.R. mədəniyyət mərkəzi” tərəfindən,üçüncü nəşr,Bakı 2009-cu ildə çap olunmuş “Nəhcul bəlağa” kitabından sitatlar təqdim olunacaqdır.Qeyd olunan mənbədən təqdim olunan sitatlarda şərhçilər tərəfindən mötərizələrdə qeyd olunan yazılar,yəni izahlar silinmişdir.Təbii ki,mötərizədə qeyd olunan şərhlər “Nəhcul bəlağa”-dan sayılmır.Bu yalnız şiə müəlliflərinin təfsiri hesab olunur.

“Nəhcul Bəlağa”də Əli (r.a) öz şiələrini və yoldaşlarını qınayır, onları qarğıyaraq deyir: “...Əgər sizdən birinə taxta qədəhi belə tapşırsan, qorxuram ki, onun tutacağını aparasınız. Pərvərdigara, mən onlardan bezmişəm və qəlbim sıxılıb, onlar da məndən doyublar. Belə isə, onlardan daha yaxşısını mənə nəsib et, mənim əvəzimə onlara bir şər ver. Allahım, onların ürəklərini duz suda əriyən kimi ərit. Agah olun ki, Allaha and olsun, mənim üçün sizlərin yerinə Fəras ibn Qənm övladlarından min süvarinin olmasını istərdim.” (xütbə 25)

Əli (r.a) deyir: “...Ey kişilikdən nişanəsi olmayan namərdlər! Ey ağlı uşaq və bəy otağına təzə girmiş qadın ağlı kimi olanlar! Ey kaş mən sizləri nə görə, nə də tanıyaydım. And olsun Allaha, sizi tanımağın nəticəsi peşmanlıq, qəm və qüssədir. Allah sizləri məhv etsin ki, mənim ürəyimi qan etdiniz, sinəmi qəzəblə doldurub-daşırdınız. Aldığım hər nəfəsdə mənə qəm və hüzn yedirtdiniz. Mənə itaətsizlik, etinasızlıq edərək tədbirimi pozub, puç etdiniz, bunun nəticəsində də Qüreyş «Əbu Talibin oğlu igiddir, ancaq müharibə aparmaq qaydasını bilmir» dedilər. Allah atalarına rəhmət etsin! Onlardan hansı biri döyüşdə mənim qədər çalışqan və ciddi idi, yoxsa öndə getməkdə və ya müqavimətdə məndən artıq idilər? Hələ iyirmi yaşıma çatmamış döyüşə hazır idim və indi də ömrümdən altmış ildən çox keçmişdir.Ancaq fərmanına itaət olunmayanın,hökmünə əməl edilməyinin əlacı yoxdur.”(xütbə 27)

Əli (r.a) deyir: “Ey bədənləri bir, fikir və arzuları müxtəlif olan insanlar! Sizin sözləriniz sərt daşları yumşaldır, sizin işiniz isə düşmənlərdə tamah yaradır. Məclislərdə özünüzdən çox danışır düşmənlə döyüş vaxtı çatanda isə «ey müharibə, bizlərdən uzaq ol» deyirsiniz. Sizi dəvət edənin dəvəti qəbul olunmadı. Sizin uğrunuzda sizlərə zəhmət və əziyyət çəkənin ürəyi rahatlıq tapmadı. Üzr və bəhanələr borclu şəxsin öz borcunu gecikdirməsi kimi azğınlıqdır. Zəlil və qorxaq zülmə mane ola bilməz. Zəhmət və səy olmadan haqq əldə edilə bilməz. Hansı evi öz evinizdən sonra saxlayarsınız? Məndən sonra hansı əmir və İmamla cihada gedəcəksiniz? Allaha and olsun, sizin aldatdığınız şəxs doğrudan da aldanıb. Allaha and olsun, sizin kömək və yoldaşlığınızla nicat tapan kimsə, daha uğursuz oxla nicat tapandır. Sizin köməyinizlə ox atan kimsə başı sınmış, ucluğu olmayan ox atmışdır. Allaha and olsun, sizin sözlərinizə inanmadan, sizin yoldaşlığınıza tamarzılanmadan səhəri açdım və düşməni sizlərin köməyi ilə qorxutmuram.Sizlərin halı nədir, sizin dərdinizin dərmanı nədir, nə ilə əlac olunursunuz? Düşmənlər də sizin kimi insanlardır. Bilmədiyiniz və inanmadığınız sözləri danışırsınız? Günahlardan uzaqlarda qəflətdəsiniz? Haqqdan qeyrisinə tamah salırsnız?” (xütbə 29)

Əli (r.a) deyir: “Mən sizlərdən bezmişəm və narahatam. Sizi danlamaqdan əziyyət çəkirəm. Əbədi həyatın əvəzinə dünyanın müvəqqəti həyatından şadsınız? İzzət və başıucalığın yerinə rəzalət və alçaqlığa boyun əymisiniz? Sizləri düşmənlə müharibəyə çağıranda gözlərinizi döyürsünüz. Çətinliklə can verirmiş, huşsuzluqdan əziyyət çəkirmiş kimi mənimlə danışmaq üçün diliniz tutulur, qulaqlarınız bağlanır, sözlərimin müqabilində mat-məəttəl qalırsınız, elə bil ağlınızı itirib dəli olmusunuz və başa düşmürsünüz. Heç vaxt sizlərdən əmin olmadım və sizləri düz əməl sahibləri saymadım. Nə meyl salınası ordu, nə də ehtiyyac duyulası güclü dostlarsınız. Siz, bir tərəfdən yığdıqda, digər tərəfdən dağılan sarvansız dəvələr kimisiniz.” (xütbə 34)

Əli (r.a) deyir: Biz Allahın peyğəmbəri (s.a.s) ilə olduğumuz vaxt öz atalarımızı, övladlarımızı, qardaş və əmilərimizi öldürürdük. Belə rəftar iman və etiqadımızı çoxaldırdı, itaət yolunu tuturduq və doğru yolda dönməzliyimiz çoxalırdı. Ağrıların yanğısına dözümümüz və düşmənlə cihad yolunda səylərimiz daha da artırdı. Bizlərdən biri düşmənlərdən biri ilə bir-birinə hücum edirdi və onlardan biri başqasına ölüm camı ilə doydurana qədər iki erkək heyvan bir-birinin canına düşən kimi bir-birinin üstünə düşürdülər. Bəzən biz düşmənə zəfər çalır, bəzən də düşmən bizə qalib gəlirdi. Allah bizim doğruluğumuzu gördüyündən dəvənin istirahət vaxtı sinə və boynunu yerə qoyduğu tək, İslam möhkəmlənənə,öz yerlərində yayılana qədər düşmənlərimizi xar, qələbəni isə bizə nəsib etdi. Öz canıma and olsun, əgər rəftarımız sizin kimi olsaydı,dinin bünövrəsi qoyulmazdı və iman ağacının budağı göyərməzdi. And olsun Allaha! Bu rəftarınıza görə qan sağacaqsınız və ondan sonra peşman olacaqsınız. “ (xütbə 55)

Əli (r.a) deyir: “Elələrinə düçar olmuşam ki, əmr etdikdə boyun əymir, çağırdıqda cavab vermirlər. Ey atasızlar, öz Allahınıza kömək və yardım üçün nəyi gözləyirsiniz? Sizi bir yerə toplayacaq din, sizi tərpədəcək bir qeyrət yoxdurmu? Sizin aranızda dayanıb fəryad çəkə-çəkə yar və yoldaş istəyirəm. Mənim sözümə qulaq asmır, pis hadisələr aşkar görünənə qədər əmrimə itaət etmirsiniz, sizlərlə intiqam almaq olmaz,sizlərlə məqsədə çatmaq olmaz. Sizi qardaşınıza kömək etməyə çağırdım, göbəyi ağrıyan dəvə kimi nalə çəkdiniz. Arxası yaralı xəstə dəvə kimi süstlük etdiniz. Sizlərdən mənə tərəf gələn azsaylı qoşun da narahat və acizdirlər. Sanki ölümə göndərilir və ölümü öz qarşılarında görür.” (xütbə 39)

İmam Əlinin beyəti barədə olan kəlamlarındandır.

“Sonra camaat mənim yanımda özlərini bir-birinə vurdular, sarbanın açıb buraxdığı, dizlərinin kəndiri açılmış susuz dəvələrin su içərkən yaratdıqları izdiham kimi izdiham yaratdılar.Elə bildim ya məni öldürmək istəyirlər, ya da bəziləri mənim hüzurumda digərlərini qətlə yetirmək niyyətindədirlər.Mən bu işin zahir və batinini o qədər ələk-vələk etdim ki,yuxum çəkildi. Vuruşmaqdan, ya da Muhəmməd (s.a.s)-in gətirdiyini inkar etməkdən başqa çarəm qalmadı. Beləliklə, mənim üçün müharibəyə əlac etmək ilahi əzaba əlac etməkdən daha asan idi, dünya ölümləri mənə qiyamət ölümlərindən daha asandır.” (Xütbə 53)

Əli (r.a) deyir: Yükün ağırlığı donqarını əzən cavan dəvələrlə yol gedilən kimi nə vaxta qədər sizinlə yola gedim, dalbadal cırılan, bir yerini tikdikdə başqa tərəfdən sökülən paltarlar kimi rəftar edim? Şam əhlinin qoşunundan bir dəstə sizlərə yaxınlaşdıqda, hər bir kişiniz kərtənkələ və kaftar öz yuvalarında gizlənən kimi evlərinizin qapısını bağlayıb, bir guşəsində gizlənirsiniz. Allaha and olsun, sizin kömək göstərdiyiniz şəxs zəlil və xardır. Sizlərin köməyilə ox atan ucsuz, başı sınıq ox atmışdır. And olsun Allaha, sizlər evlərinizdə çox, bayraqların altında isə azsınız. Mən sizləri islah edib və əyriliyinizi düzəldən şeyi bilirəm. Ancaq, Allaha and olsun ki, özümü puç və zay etməklə sizi islah etməyi caiz bilmirəm. Allah üzünüzü qara etsin, bəhrə və nəsibinizi az etsin, batillə tanış olduğunuz qədər, haqqı tapmırsınız. Haqqı və həqiqəti batil etdiyiniz qədər batili məhv etmək niyyətində deyilsiniz.“ (xütbə 68)


Əli (r.a) deyir: “Ey İraq camaatı! Siz hamiləliyi başa vurduqdan sonra uşağını salaraq, ölü doğan, əri ölən və dulluq müddəti uzun çəkən, tamamilə yad adamların, irsinə sahib çıxdığı hamilə qadın kimisiniz. Bilin ki, Allaha and olsun, mən öz ixtiyarımla sizə doğru gəlmədim. Ancaq naçar qalıb gəldim. Mənə xəbər çatıb ki, siz deyirsiniz: «Əli yalan deyir. Allah sizi həlak etsin! Kimə yalan danışıram? Allah barəsində yalan danışıram? Mən ki, ona ilk iman gətirən şəxsəm. Yoxsa onun Peyğəmbərinin adından yalan qoşuram? Mən ki, onu təsdiqləyən ilk şəxsəm. Allaha and olsun, belə deyil. Dediklərim doğru, sözlərim aydındır. Siz o vaxtlar orada yox idiniz və onu eşitməyə layiq deyildiniz. Vay anasının halına! Pulsuz müamilə edirəm. Onun qabında bir şey olsa,bundan sonra həqiqətən sözümün doğruluğunu başa düşəcək.” (xütbə 70)

Əli (r.a) deyir: “Allahım, məni bağışla ki, Sən onu daha yaxşı bilirsən. Mən yenə dönsəm sən bağışlanmağı da mənə qaytar. Allahım, mən özümlə bağladığım və mənim ona vəfalı olduğumu görmədiyin əhdimi bağışla. Allahım, dildə Sənə yaxınlaşmaq istəyimi, ürəyimin onun əksinə olmasını bağışla. Allahım, gözümün ucunun işarələrini, boş söhbətlərimi, ürəyimin arzularını və dilimin büdrəmələrini bağışla.” (xütbə 77)

Osman (r.a)-nın vəfatından sonra, cəmaat ona beyət etmək istəyəndə, Əli (r.a) dedi: “Məndən əl çəkib başqasını istəyin. Müxtəlif sifətləri və rəngləri olan bir işə qol qoyuruq. Ürəklərin ona dözümü yoxdur və ağıllar onun yükünü çəkməyəcəklər. Üfüqləri qara bulud bürüyüb, aydın yol dəyişib. Bilin ki, mən sizin dəvətinizi qəbul etsəm, özümün bildiyim kimi rəftar edəcəyəm. Və danışanın sözünə, məzəmmət edənin qınağına qulaq asmayacağam. Əgər məni buraxsanız, sizlərdən biri kimi olaram və bəlkə də sizlərin sözlərinizə daha çox qulaq asaram, özünüzə vali və hakim etdiyiniz şəxsin əmrlərini daha yaxşı yerinə yetirərəm. Mənim sizlərə vəzir və müşavir olmağım, əmir və hakim olmağımdan daha yaxşıdır.” (xütbə 91)
Əli (r.a) deyir: “Öz məclislərinizə qayıdırsınız,bir-birinizi öz öyüdlərinizlə aldadırsınız. Hər səhər erkən sizləri, hər axşam əyilmiş kamanın arxası kimi üstümə qayıdırsınız. Öyüd verən aciz qaldı və qulaq asan çətin sandı. Ey bədənləri burada olanlar, ağılları isə tapılmayan, düşüncələri müxtəlif olanlar! Onlara görə başçıları mübtəla və giriftar olanlar. Sizin əmiriniz Allaha itaət edir. Siz isə onun göstərişinə uyğun rəftar etmirsiniz....Allaha and olsun, istərdim ki, Müaviyə sizlər üçün sərraf kimi mənimlə alver etsin, bir qızıl dirhəm verim və bir gümüş dirhəm alım, sizin on nəfərinizi məndən alsın və qoşunundan bir nəfər versin.

Ey Kufə əhli, sizdə üç şeyə və iki şeyə görə qəmə, kədərə batmışam. Qulağınız olsa da karsınız, danışsanız da lalsınız və gözünüz olsa da korsunuz,müharibə vaxtı doğruluqda və dönməzlikdə azad insanlar kimi deyilsiniz və bəlada, çətinliklərdə etimad oluna biləcək həqiqi qardaşlar deyilsiniz. Əlləriniz torpağa bulaşsın. Ey sarbanları uzaqlaşmış, bir tərəfdən toplaşanda başqa tərəfdən dağılan dəvələrə bənzəyənlər.Allaha and olsun, güman edirəm ki, müharibə şiddətlənsə və döyüş alovu şölələnsə, qadın qarnındakı uşaqdan uzaqlaşdığı kimi Əbu Talibin oğlundan uzaqlaşıb dağılışacaqsınız.” (xütbə 96)

Əli (r.a) deyir: “Mən Muhəmmədin (səlləllahu əleyhi və alih) səhabələrini görmüşəm və sizlərdən heç birinin onlar kimi olduğunu görmürəm. Onların səhərlər saçları dağınıq və tozlu olar, gecələri səcdə və qiyam halında oyaq keçirərdilər. Alınları ilə üzləri arasında növbə qoymuşdular.Qayıdışı xatırlayaraq köz kimi yanardılar. Alınları səcdənin uzunluğundan keçilərin dizləri kimi idi. Pak Allah zikr ediləndə əzab və cəzanın qorxusundan, savab və mükafata ümiddən gözlərindən axan yaşlardan yaxaları islanar və şiddətli küləkli günlərdə ağacın titrədiyi kimi əsərdilər.(xütbə 96)

Əli (r.a) deyir: “Dilsiz-ağızsız olmusunuz, lalsınız? Onların bir dəstəsi dedi: «Ya Əmirəl-möminin. Əgər sən getsən, biz də səninlə gedərik». Sonra İmam əleyhis-salam buyurdu:

“Sizə nə olub ki, haqqın yoluna gəlmir, doğru yola hidayət olmursunuz? Belə bir vaxtda mənim çıxmağım yaraşan işdirmi? Belə vaxtda sizlərdən mənim bəyəndiyim və güclü, qüdrətli bir igid sərkərdə döyüşə gedər. Mənə yaraşmaz ki, qoşunu, şəhəri, beytülmalı, torpağa görə xəracın yığılmasını, müsəlmanların idarəçiliyini, müraciətçilərin hüquqlarının təminini başlıbaşına buraxım və qoşunla bayıra çıxaraq qoşunun ardınca gedib boş qutuda ox kimi hərəkət edim. Mən dəyirmanın qütbü və mismarıyam ki, dəyirman mənim ətrafımda fırlanır. Mən öz yerimdəyəm. Mən buradan ayrılsam, dəyirman məhvərindən çıxar, aşağıdakı daşı titrəyər. Allaha and olsun, mənim sizinlə getməyim barədə fikir pis bir rəy və fikirdir.And olsun Allaha, düşmənlə görüşdə şəhadətə əgər nəzərdə tutulubsa-ümidim olmasaydı, hər an atıma minib cənub və şimal küləkləri əsən vaxta qədər sizlərdən uzaqlaşar, sizə yoldaş olmaq istəməzdim. Çox tənə vuran, eyb axtaran, haqdan üz döndərən, məkrli və hiyləgərsiniz. Sizin sayınızın çox, qəlblərinizin birliyinin az olmasının xeyri yoxdur. Sizləri yalnız azğınlardan başqa kimsənin həlak və puç olmadığı haqq və aşkar yola yönəltdim. Müqavimət göstərib dayanan behiştə gedəcək, ayağı büdrəyən cəhənnəm oduna salınacaq.” (xütbə 118)

Əli (r.a) deyir: “Sizin özünüz mənə dərd və xəstəlik olduğunuz halda sizinlə müalicə etmək istəyirəm. Tikanın meylinin tikanda olduğunu bilsə də, tikanla ayağındakı tikanı çıxarmaq istəyənə bənzəyirəm.

İlahi, bu əlacsız dərdin təbibləri usandılar, kəndirlə quyudan su çəkənlər yorulub taqətsiz qaldılar. Hanı İslama çağrılanda onu qəbul edənlər, Quranı oxuyub onu möhkəmləndirənlər və cihada ruhlandıranlar. Sonra aşiq oldular, dəvələr balalarına aşiq olduqları kimi. Qılınclarını qınlarından çıxararaq dəstə-dəstə, səf-səf yerin ətrafını bürüdülər. Bəziləri həlak oldu,bəziləri isə sağ qaldı. Sağ qalmalarına sevinməzlər.Ölənlərə görə başsağlığı istəməzdilər. Gözləri ağlamaqdan ağardı. Qarınları oruc tutmaqdan arıqladı, dodaqları dua etməkdən qurudu. Rəngləri oyaq qalmaqdan saraldı, üzlərinə təvazökarlığın qubarı əyləşdi. Onlar qardaşlarım idilər ki, getdilər. Layiq olanı budur ki, onların təşnəsi olub ayrılıqlarına və uzaqlıqlarına görə əllərimizi çeynəyək. Şeytan öz yollarını sizlərə asanlaşdırır və kələfdən bir-bir düyün açmaqla dininizin möhkəmliyini sarsıtmaq, sizlərdə birlik, ittifaq əvəzinə təfriqə, ayrılıq və ayrılığın nəticəsində fitnə-fəsad yaratmaq istəyir. Belə isə onun vəsvəsə və əfsunlarından üz döndərin.Sizə öyüd-nəsihəti hədiyyə, ərməğan edəndən onu qəbul edib qoruyun. “ (xütbə 120)

Əli (r.a) deyir: “Sonra Biz Həzrət Peyğəmbərlə (səlləllahu əleyhi və alih) birgə idik və atalarla oğullar, qardaşlar və qohum-əqrabalar bir-birini qətlə yetirir, qanlarını axıdırdılar. Hər müsibət və çətinliyə imandan, haqq iş görməkdən, əmr və fərmanlara təslim olmaq və yaraların yanğısına dözməkdən başqa bir şey artırmırdıq. Ancaq bu gün küfrə meyl, əyrilik, səhv salınma və təvil kimi İslama daxil edilənlərin nəticəsində öz müsəlman qardaşlarımızla döyüşürük. Hərgah, onun səbəbinə Allahın bizim dağınıqlığımızı bir yerə yığacağı, onun təsirindən aramızda qalanla bir-birimizə yaxınlaşacağımız vasitəni tapsaq, ona meyl, rəğbət göstərib qeyrisindən (müharibədən) imtina edəcəyik.” (xütbə 121)


O demişdir: “Siz əmin olası, etimad ediləsi deyilsiniz ki, sizə əl uzatmaq mümkün olsun,nə də yoldaşlıq umulacaq adamlar deyilsiniz. Siz müharibə atəşini alovlandırmaq üçün yaramırsınız.Off, sizin əlinizdən! Sizlərə görə çətinliyə və giriftarçılığa düşdüm. Bir gün sizi çağırır, bir gün isə sirrini deyirəm. Çağrıldıqda azad və doğru danışan insanlar və sirr verərkən əmin olunası, etimad ediləsi qardaşlar deyilsiniz.” ( xütbə 125)

Əli (r.a) deyir: “Ey bədənləri görünən və ağılları isə özlərinə gizlin olan dağınıq qəlbli cürbəcür insanlar! Sizi böyük mehribanlıqla haqqa doğru yönəldirəm, ondan keçi şirin səsindən hürkən kimi hürkürsünüz. Sizlərin köməyi ilə gizlin ədaləti aşkar etməyim və ya əydikləri haqqı düzəltməyim nə qədər də çətindir!...” (xütbə 131)

Əli (r.a) və Ömər ibn Xəttab (r.a) Rum döyüşünə çıxarkən məsləhətləşəndə Əli (r.a) Ömərə (r.a) belə dedi: “Allah İslam əhlinin sərhəd və hüdudlarını qorumağa, övrətlərini örtməyə zamin olmuşdur. Allah az olduqları və intiqam ala bilmədikləri vaxt onlara yardım etdi. Az olduqları və özlərini qorumağa gücləri olmadığı vaxt onları yenilməkdən saxladı. O Allah diridir və heç vaxt ölməyəcək. Sən özün bu düşmənə doğru gedib onlarla görüşdə məğlub olsan, ucqar şəhər və sərhədlərdəki müsəlmanlar üçün pənah yeri qalmayacaq. Onların səndən sonra müraciət etməyə yerləri yoxdur. Onların üstünə bir müharibə görmüş igid göndər. Döyüşün bəla və çətinliklərinə taqəti olan, öyüd-nəsihət eşidənləri onunla yola sal. Əgər Allah-təala zəfər yetirsə, bu elə sənin istədiyin olacaq. Başqa bir hadisə baş versə, sən müsəlmanların köməyi və pənahı olacaqsan.(xütbə 134)

İbn Əbil Hədid bu sözlərin şərhində yazır: “Əli (r.a) Ömərin həlak olmasından ehtiyyat edirdi.Onu döyüşə getməməyə və yerinə qalmağı məsləhət gördü.Çünki,onun gedişi ilə müsəlmanlar tərəddüdə düşər və başsız qalardılar.Yaxşı olardı ki,yerinə başqasını göndərsin.Özü isə Mədinədə qalsın ki,müsəlmanlar əgər məğlub olsalar kimə üz tutacaqlarını bilsinlər.” (İbn Əbil-Hədid "Şərhu Nəhcil-Bələğa", c.2,səh 369-370,cüz 12,cüz 8)

“İmam Əli İran əhli ilə döyüşə gedərkən buyurduğu kəlamlarındandır. Onunla məsləhətləşən Ömər ibn Xəttaba demişdir:

“Bu işə yardım və ya onu xar etmək azlıq və çoxluğu ilə olmamışdır.O, Allahın dinidir ki, onu qalib edib. O, Allahın qoşunudur. Çatmalı olduğu mərtəbəyə çatana, aşkar olmalı olduğu yerdə aşkarlanana qədər onları hazırladı və kömək etdi. Biz Allah tərəfindən verilən vədi gözləyirik. Allah öz vədinə vəfa edərək qoşununa yardım edər. Din başçısının və məmləkətin hökmdarının yeri fəqərələri toplayıb onları bir-birinə birləşdirən ipə bənzəyir. Əgər ip qırılsa, fəqərələr bir-birindən ayrılaraq dağılar və heç vaxt bir yerə yığılmaz. Ərəblər bu gün az olsalar da, İslam dininə görə çoxdurlar. Birlik və bütövlüyünə görə qalibdirlər. Sən dəyirmanın ortasındakı mismar kimi ol. Dəyirmanını ərəblərin vasitəsilə fırlat. Onları müharibə alovuna daxil edərək özün döyüş meydanına getmə. Çünki, sən bu torpaqdan bayıra çıxsan, ətraf və nahiyələrdən ərəblər səninlə olan peymanlarını pozacaq və fitnə-fəsad salacaqlar. İş o yerə çatacaq ki, arxada qoyduğun sərhədləri qorumaq sənin üçün döyüş meydanına getməkdən daha mühüm olacaq. İranlılar səni görəcək və deyəcəklər: Bu ərəblərin rəhbəridir. Onu aradan götürsəniz, rahatlıq taparsınız. Bu düşüncə onların sənə olan hərisliyini və səni tamahını daha da artırar. İranlıların müsəlmanlarla döyüşə gəlmələri barədə xatırlatmana gəlincə isə, səndən daha çox Allah-təala onların gəlişini xoşlamır və O, bəyənmədiyi şeyi aradan götürməkdə daha qüdrətlidir. Sayların çoxluğu barədə dediyinə gəlincə isə, biz bundan əvvəl qoşunun çoxluğu ilə döyüşmürdük, əksinə, Allah-təalanın yardımı, köməyi ilə döyüşürdük.” (xütbə 146)

Əli (r.a) Osman (r.a)-a deyir: “Xalq mənim arxamdadır və məni səninlə özləri arasında elçi və vasitə təyin edib. Allaha and olsun ki, sənə nə deyəcəyimi bilmirəm. Sənin özünün xəbərsiz olduğun bir şey bilmirəm. Sənə tanımadığın və bilmədiyin bir iş barəsində bələdçi deyiləm. Bizim bildiyimizi sən də bilirsən. Bir şeydə səndən qabağa düşməmiş, səni ötməmişik ki, səni ondan xəbərdar edək. Heç bir hökmdə xəlvətə çəkilməmişik ki, onu sənə çatdıraq. Sən bizim gördüklərimizi görmüş və eşitdiklərimizi eşitmisən. Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) ilə biz ünsiyyətdə olduğumuz kimi, sən də ünsiyyətdə olmusan.” (xütbə 163)

İbn Əbil-Hədid "Nəhcul-Bələğə" əsərinin şərhində nəql edir ki, Əbu Bəkrin xəlifə seçilməsinin səbəbi soruşulduqda Həzrəti Əli belə cavab vermişdir: "Biz insanlar içində bu işə ən layiq olanın Əbu Bəkr olduğunu düşünürdük.Çünki, O (Quranda zikr olunmuş) mağara yoldaşıdır, iki nəfərdən ikincisidir və bir onun təcrübəsini də bilirdik və Allahın Elçisi (s.a.s) sağ olduğu zaman ona namazda imam durmağı əmr etmişdi."("İbn Əbil Hədid "Şərhu Nəhcil Bələğa”, c.1,səh 332)

Əli (r.a) deyir: “Vacib etdiyi işə, təqdir etdiyi əmələ və məni sizinlə sınadığına görə Allaha şükr edirəm, ey o dəstə ki, nə vaxt əmr etdimsə tabe olmadınız və çağırışımı qəbul etmədiniz. Əgər sizə möhlət verilsə, boş sözlər danışmağa başlayırsınız, əgər qarşıya döyüş çıxsa, zəiflik və süstlük göstərirsiniz....” (xütbə 179)

Həmçinin Əli (r.a) digər xütbəsində belə buyurmuşdu: “Allaha and olsun ki, mən xilafəti istəmirdim, hakimiyyətə meylim yox idi. Amma, siz məni dəvət edərək ona məcbur etdiniz.” (xütbə 196)

Şamlıları söyən ordusunun əsgərlərinə Əli (r.a) deyir: “Mən sizin söyüş söyməyinizi bəyənmirəm. Amma, əgər onların əməllərini açıqlasanız və vəziyyətlərini xatırlatsanız, bu, danışarkən daha yaxşı və dəlil gətirmək məqamında daha tutarlı və yetərli olar. Yaxşı olar ki, onları söyməyin əvəzinə belə deyəsiniz: “Allahım! Bizim və onların qanlarını tökülməkdən qoru; bizimlə onların aralarını düzəlt; onlara azğınlıqlarından nicat ver ki, haqqdan xəbərsiz olan onu tanıya bilsin və azğınlıq və düşmənçilik hərisi və vurğunu olan kəs ondan əl çəksin.” (xütbə 197)

Əli (r.a) deyir: “Mənim barəmdə belə güman etməyin ki, əgər haqq deyilsə, o mənə ağır gələcək və mən özümü böyük tutmaq istəyirəm. Çünki, mən Allahın mənim nəfsimə daha malik və güclü olduğu yerlərdə kifayət etməsi istisna olmaqla, nə səhv etməkdən yüksəkdəyəm, nə də öz işimdə ondan amandayam. Həm mən, həm də siz Ondan başqa tərbiyə edən və yetişdirən olmayan Rəbbin ixtiyarındakı bəndə və quluq. O, bizim özümüzün ixtiyarımız olmayan şeylərimizin maliki və ixtiyar sahibidir. O bizi olduğumuz nadanlıqdan çıxardaraq xeyrimizə olan elmə sövq etdi; bizim azğınlığımızı hidayət və doğru yola çevirdi və bizə korluqdan sonra görmə bəxş etdi.” (xütbə 207)

Əli (r.a) deyir: “Allah filankəsin (Ömər ibn Xəttabın) şəhərlərinə bərəkət versin və qorusun ki, o, əyriliyi düzəltdi, xəstəliyi müalicə etdi,sünnəni bərqərar etdi və fitnə-fəsadı arxaya atdı. Dünyadan pak paltar və az eyblə getdi. Xilafətin xeyrini əldə etdi və onun şərini qabaqladı. Allahın itaətini yerinə yetirərək itaətsizlikdən çəkinib, Onun haqqını əda etdi. O, köçdü, onları (müsəlmanları) elə haçalanmış yollarda qoyub getdi ki, o yollarda yolunu azan hidayət, hidayət edilmiş isə yəqinlik tapmaz.” (xütbə 219)

Nəhcul Bəlağanın məşhur şərhçisi Meysəm əl Bəhrani bu sözlərin şərhində deyir:

Bilin ki,Şiə Əli (r.a)-n bu sözləri qarşısında ortaya bir sual qoyub.Bu mədhlər bizim bu iki şəxs baradə olan iddialarımızı alt üst edir.Hansı ki,biz bu iddialar üzərində icma etmişik.Ola bilsin ki,Nəhcul Bəlağada olan Əli (r.a)-ın bu sözləri heç Əli (r.a)-ın sözləri deyil,ya da bizim bu icmamız xətadır. Xülasə bizə vacibdir ki,Əli (r.a)-ın bu sözlərini təqiyyəyə aid edək.”(c.4,səh 98)

İbn Əbil Hədid yazır: “Burada rəhbər sözündən qəsd olunan Ömər ibn Xəttabdır.Mən bu nəqlin Əbul Həsən ər Riza tərəfindən Nəhcul Bəlağada yazıldığı digər nüsxəni tapdım və filankəs sözünün yanında Ömər yazıldığını gördüm.Mən bunu Naqib Əbu Cəfər Yəhya ibn Əbu Zeyd əl Ələvidən soruşdum və O dedi ki,bu Ömərdir.Mən ondan soruşdum: “Məgər Möminlərin Əmiri Öməri tərifləyib?”



O dedi: “Bəli” (İbn Əbil-Hədid "Şərhu Nəhcil-Bələğa", c.3,səh 92,cüz 12)

Əli (r.a) deyir: “Əgər siz İslamdan qeyrisinə sığınsanız, kafirlər sizinlə vuruşacaqlar. Həmin vaxt Cəbrail, Mikail, Mühacirlər və Ənsar da olmayacaq ki, sizə kömək etsin. (xütbə 234)

İmam Əli Ənsarın mədhində buyurmuşdur: “Allaha and olsun ki, onlar var-dövlətləri, səxavətli əlləri və iti dilləri ilə İslamı süddən ayrılmış at balası bəslənən kimi bəsləyərək yetişdirdilər.” (457-ci kəlam)

İmam Əli (Ömər ibn Xəttab barəsindəki) bir kəlamında buyurmuşdur:


Bir vali xalqa hakim oldu. (Ömər xilafət məqamında oturdu). Beləliklə, (xilafət işini) bərpa etdi və müqavimət göstərdi, nəhayət,din qərar tutdu.” (459-cu kəlam)
Nəhcul Bəlağənin məşhur şərhçisi Meysəm əl Bəhrani və əd Dənbali dedilər: “Rəhbər- Ömər ibn Xəttabdır.” (“Şərh Nəhcul Bəlağa” Meysəm Bəhrani c.5,səh 463; “Diraru Nəcəfiyyə” səh 394)
Mötəzilə Şiə olan İbn Əbil-Hədid Əli (r.a)-ın çıxışlarından bəhs edərkən yazır: “Rəhbər sözündən qəsd olunan Ömər ibn Xəttabdır.Bu sözlər isə onun Xəlifəliyi vaxtı etdiyi çıxışdandır.Bu sözlərdə onun Peyğəmbər (s.a.s)-ə yaxınlığı,etibar və sirr sahibi olması xatırlanır.Əli (r.a) deyir:

Müsəlmanlar Peyğəmbər (s.a.s)-dən sonra elə insanı seçdilər ki,O insanların aralarını yaxınlaşdırdı,hər kəsə bacardığı qədər özündə ciddilik və zəiflik olan halda haqqını verdi.Ondan sonra dini ucaldan,haqq yoluna qoyulan və dini möhkəmləndirən rəhbər gəldi.” (İbn Hədid “Şərh Nəhcul Bəlağa” c.4,səh 519)

Əli (r.a)-nin Müaviyəyə olan məktublarındandır: “Əbu Bəkr, Ömər və Osmanla beyət edənlər həmin yolla mənimlə beyət edərək əhd-peyman bağladılar. Odur ki, orada olanların ondan başqasını seçmək haqqları yoxdur. Orda olmayanın da onu qəbul etməmək haqqı yoxdur. Məşvərət aparmaq Mühacirlərin və Ənsarın haqqıdır. Onlar toplaşaraq bir nəfəri xəlifə və imam adlandırsalar, Allahın razılığı da həmin işdə olar. Əgər kimsə eyb və nöqsan tapması səbəbindən bidət nəticəsində onların əmrlərindən boyun qaçırsa, onu itaət etməyə vadar edərlər. Əgər onların göstərişlərini qəbul etməsə, onunla möminlərin yolundan başqa bir yol ilə getdiyi üçün vuruşarlar. Allah da onu üz tutduğu şeyin öhdəsinə buraxar.” (məktub 6)

Əli (r.a) deyir: “Ey Allah bəndələri! Bilin ki, pərhizkarlar keçici dünyanı və gələcək axirəti qazanıblar. Beləliklə, onlar dünya əhli ilə dünyalarında şərik oldular. Dünya əhli isə onların axirətlərində şərik olmadılar.Onlar dünyada ən yaxşı mənzildə məskunlaşdılar və yeməlilərin ən yaxşısını yedilər. Beləcə, dünyadan əylənənlər kimi bəhrələndilər və itaətsizlərin aldıqları ləzzəti aldılar. Dünyadan sonra onları çatdıran azuqə və mənfəəti olan sövdələşmə ilə getdilər. Dünyada öz zahidliklərinin ləzzət və şirinliyini daddılar. Sabah, axirətdə Allahın yaxınlığında olacaqlarını yəqin etmişdilər ki, istəkləri rədd edilməyəcək və rahatlıq və asayiş bəhrələri azalmayacaq.” (Məktub 27)

....Mühacir və Ənsarın bir hissəsi Allah yolunda öldürüldü və onların hamısı şərafət və fəzilət sahibi idi........ Görmürsənmi ki, Allah yolunda bir dəstənin qolları ayrıldı və onların hamısı fəzilət və şərafətə malik idi. Onların başına gələn iş bizlərdən də birinin (Cəfər ibn Əbu Talibin) başına gəldi...” (məktub 28)

Əli (r.a)-nin Siffindən qayıtdıqdan sonra oğlu Həsən (r.a)-ə yazdığı vəsiyyəti.İmam deyir:

“...Sənin işin məni öz işlərim qəm-qüssəyə saldığı kimi kədərləndirir. Buna görə də sağ qalmağımdan və ya ölməyimdən asılı olmayaraq bu məktuba möhkəm arxalanaraq onu sənə yazdım. Oğulcan! Sənə təqvalı olaraq Allahdan qorxmağı, Onun əmr və hökmlərinə tabe olmağı, qəlbini Onu yada salmaqla abadlaşdırmağı və Onun ipindən yapışmağı tövsiyə edir, tapşırıram. Əgər sən ondan yapışsan, hansı səbəb və ip səninlə Allah arasında olan ip və səbəbdən möhkəm ola bilər?!

Qəlbini öyüd-nəsihətlə öldür, yəqin və inamla qüvvətləndir, hikmətlə nurlandır, ölümü yada salmaqla zəlil və xar et fanilik və yoxluğu etiraf etməyə məcbur et. Onu dünyanın pislikləri və dərdləri ilə dərindən tanış et və gecə ilə gündüzün pis keçməsi ilə qorxut. Keçənlərin xəbərləri ilə tanış edərək səndən qabaqkıların başına gələnləri onun yadına sal. Onların diyarlarını, qalıqlarını və nişanələrini gəz dolan, nə etdiklərinə, haradan köçdükləri və harada düşüb yerləşdiklərinə nəzər sal. Görəcəksən ki, onlar dostlardan ayrılaraq qürbət və tənhalıq diyarına düşüblər. Sanki az müddət sonra sən də onlardan biri olacaqsan. Belə isə öz mənzil və uyuyacağın yeri abadlaşdır, axirətini dünyana satma. Bilmədiyin şey barəsində söz söyləmə. Sənə aid olmayan şey barəsində söhbət etmə. Azğınlıq olmasından qorxduğun yoldan çəkin. Çünki azğınlıq sərgərdanlığı zamanı özünü saxlamaq, qorxulu işlər görməkdən daha yaxşıdır. Yaxşı işlərə əmr et ki, yaxşılardan olasan. Pis işləri əlinlə, dilinlə qadağan et. Öz səy və təlaşınla onları yerinə yetirən kəsdən ayrıl. Allah yolunda Ona layiq tərzdə cihad et. Allah yolunda, tənə vuranın tənəsindən qorxub çəkinmə. Harada olmağın və hansı çətinliklə üzləşməyindən asılı olmayaraq haqq-həqiqət uğrunda çalış. Dində elm əldə et. Özünü xoşagəlməz işlərə səbr etməyə adət ver. Haqq yolda səbrli olmaq necə də gözəl xasiyyətdir! Bütün işlərində öz nəfsini Allahına tapşır. Çünki sən onu qüdrətli sığınacağa və qoruyucuya tapşırmış olursan. İstədiyin şeyi ancaq Rəbbindən istə,çünki bağışlamaq və vermək də Onun əlindədir, məhrum etmək də. Çoxlu xeyir dilə. Mənim vəsiyyət və tapşırığım barəsində dərrakə və fikir işlət, ondan üz çevirmə. Çünki, sözün ən xeyirlisi və gözəli onun fayda verənidir. Bil ki, fayda verməyən bilikdə xeyir yoxdur. Öyrənilməsi münasib olmayan elmdən fayda əldə edilməz.....

Buna görə də ürəyin bərkiməmiş və ağıl və dərrakən mübtəla olmamış səni ədəbləndirməyə başladım ki, öz işlərində tam düşüncə ilə, təcrübə edənlərin sənin axtarmaq və sınaqdan keçirmək ehtiyacını aradan qaldırdıqları şeyə üz tutasan, təcrübə etməyə möhtac olmayasan və sınaqdan keçirməkdən qurtulasan. Beləliklə, bizim əldə etdiyimiz ədəb sənə çatar və bizim üçün qaranlıq olan şey, sənə aydın olar....

Sənin üçün hər bir işin gözəlini seçdim, bəyənilmişini istədim və onun qaranlıq və naməlum olanını səndən uzuqlaşdırdım. Sənin işin məni, mehriban atanı vadar edən şeyə vadar etdiyi vaxt və səni tərbiyə etmək və ədəbləndirmək qərarına gəldiyim zaman belə məsləhət gördüm ki, bu işi həyata üz tutduğun, zəmanəni yeni dərk etdiyin və pak niyyət və təmiz nəfsə malik olduğun vaxtda görüm. Və bu işə Allahın kitabı, onun təvili,İslamın yolları, şəriət hökmləri və Allahın halal-haramını öyrətməklə başlayıram. Allahın kitabından başqa bir şeylə başlamıram sənin təliminə. Sonra xalqın nəfsi istəklər və rəylərə uymaları səbəbindən şübhələrə düşüb ixtilafa düçar olduqları şey barəsində sənin şübhəyə düşəcəyindən qorxdum. Onu sənin yadına salmağa meylim olmasa da, mənim üçün onu möhkəmləndirmək, səni həlak və məhvediciliyindən əmin olmadığım işdə təkbaşına buraxmaqdan daha xoşdur. Allahın, onda sənə qurtuluş və nicat müvəffəqiyyəti əta etməsini və səni düz yola hidayət etməsini diləyirəm. Beləliklə, bunları vəsiyyət edirəm sənə....

Oğulcan, bil ki, vəsiyyətimdən öyrənəcəyin ən yaxşı şey Allahdan çəkinərək qorxmağın, Allahın sənə vacib etdiyinə kifayətlənməyin və keçmiş babaların və əməlisaleh əhli-beytinin qoyub getdiklərini əldə etməyindir. Çünki, sən fikirləşərək düşündüyün kimi, onlar da öz sayıq düşüncələrini əldən vermədilər. Beləliklə, nəticədə düşüncə onları bildiklərini yerinə yetirməyə və vəzifə daşımadıqlarından çəkinməyə yönəltdi.....



Beləliklə, əgər nəfsin, sənin qohumlarının keçdiklərini onlar kimi bilməməsinə baxmayaraq, qəbul etməkdən boyun qaçırırsa, sənin bu barədəki istəyin şübhələrə girişərək mübahisə və çəkişmələrə daxil olmaq deyil, başa düşmək, çalışmaq və elm və bilik əldə etmək olmalıdır. Ona nəzər salıb barəsində düşüncəyə dalandan qabaq öz Allahından kömək istə, müvəffəqiyyət qazanmağın üçün Ona üz tut və səni şəkk-şübhəyə salan və ya zəlalət və azğınlığa aparan bütün pis işləri tərk et. Beləliklə, ürəyinin təmizlənib saflaşaraq təvazökar və itaətkar olmasını, fikrinin kamilləşərək, cəmlənməsini və o barədəki səyinin məqsədyönlü olmasını yəqin etdikdən sonra dediklərimə nəzər sal və barəsində fikirləş. Əgər istədiyin fikir və düşüncə rahatlığını əldə edə bilməsən bil ki, öz qabağını görməyən dəvə kimi anlaqsız addım atır və zülmət qaranlıqlara düşürsən. Anlayışı olmadan bilmədiyi yol ilə gedən və ya qatışdıran kimsə dini istəyən adam deyil! Belə olan halda, dayanmaq və özünü saxlamaq daha yaxındır....

Buna görə də oğul can, mənim vəsiyyət və tapşırığımı yaxşı anla. Bil ki, ölümün sahibi həyatın da sahibidir, yaradan öldürəndir, yox edən, qaytarandır düçar edən nicat verəndir. Dünya ancaq Allahın nemətlər, imtahanlar, axirət cəzası və bizim bilmədiyimiz şeylərdən istədiyini müəyyən etdiyi şey üzərində dayanıb. Buna görə də işlərdən hansısa sənə çətin gələndə, onu sənin ondan xəbərsizliyin və nadanlığın hesab et. Çünki, sən yaradılışının əvvəlində nadan idin, sonra bilik sahibi oldun. Sənin bilmədiyin, düşüncənin barəsində sərgərdan qaldığı, görmənin azdığı və sonra görüb dərk etdiyin şeylər çoxdur. Buna görə də yaradan, ruzi verən və gözəl əndamını xəlq edəndən yapış. İbadət və bəndəliyin Ona olsun, Ona üz tut və qorxun Ondan olsun...

Oğulcan, səni dünya, onun necəliyi, aradan getməsi və əldən-ələ keçməsindən xəbərdar etdim. Sənə axirətdən və həmin diyarda onun əhli üçün hazırlanmış şeylərdən xəbər verdim. Dünya və axirət işləri barəsində sənin üçün misallar da çəkdim ki, onlardan ibrət götürərək ardınca gedəsən!....

Bil ki, qarşında uzaq məsafəli uzun və çox qorxulu bir yol var. Sən orada yaxşılıq axtarışına və yükünün yüngül olması ilə birgə səni məqsədə çatdıracaq miqdarda azuqə götürməyə də möhtacsan. Buna görə də arxana taqət və bacarığından artıq yük götürmə ki, ağırlığı səni incidər. Sənin azuqəni qiyamət gününə aparacaq və sabah, sən möhtac olduğun zaman onu sənə qaytaracaq möhtac və imkansız bir adam tapsan qənimət bil və azuqəni ona yüklə. Nə qədər ki, imkanın var, ona çox kömək et. Çünki, ola bilər ki,onu axtarasan və tapmayasan. Sənin ehtiyyacın olmayan zaman səndən borc istəyəni qənimət bil ki, möhtac olduğun gündə onu sənə qaytarsın....

Bil ki, göylər və yerin xəzinələri əllərində olan Allah sənə dua etmək və istəmək icazəsi verib və qəbul edilməsinə zəmanət verib. Sənə vermək üçün istəməyini, mehribanlıq etməsi üçün rəhmət və mehribanlıq diləməyini əmr edib. Səninlə Özü arasında Onu səndən ayıracaq bir kimsə qoymayıb. Səni Onun yanına şəfaətçi və vasitəçi aparmağa məcbur etməyib. Pis iş görəndə tövbə etməyinə mane olmayıb,) cəza verməyə tələsməyib. Rüsvay edilməyə layiq olduğun yerdə rüsvay etməyib səni. Tövbənin qəbul edilməsində səni əziyyətə salmayıb. Günahlara görə səni sıxıntıya salmayıb və rəhmətindən naümid etməyib. Hətta, sənin özünü günahdan saxlamağını yaxşı iş kimi dəyərləndirib. Sənin günah və pis işini bir günah, yaxşı və gözəl işini isə on bərabər hesab edib. Sənin üçün tövbə, peşman olaraq qayıtmaq və razı salmaq qapısı açıb. Beləliklə, nə vaxt çağırsan, səsini eşidər, nə vaxt Onunla münacat və razü-niyaz etsən, qəlbinin sirrini bilər. Belə isə, istəyini Ona çatdırarsan, ürəyinin sirrini Onun yanında açarsan və dərd-qəmindən Ona şikayət edər, Onunla dərdləşərsən. Ondan istəyərsən çətinliklərinin çarəsini və kömək və yardım diləyərsən Ondan. Ömür uzunluğu, can sağlığı və ruzi bolluğu kimi başqalarının verə bilmədikləri şeyləri, Onun rəhmət xəzinələrindən istəyərsən. Sənə Ondan istəmək icazəsi verməklə, xəzinələrinin açarlarını sənin əllərinə verib. Beləliklə, istədiyin zaman dua vasitəsi ilə nemətlərinin qapılarını açar, bir-birinin ardınca rəhmət yağışlarının gəlməsini istəyərsən. Allahın sənə gec cavab verərək gec qəbul etməsi naümid etməməlidir səni. Çünki, bəxşiş niyyət miqdarında olur. Ola bilər, sənin duanın qəbul edilməsi təxirə düşsün ki, istəyənin mükafatı daha böyük, ümidvar olanın bəxşişi daha çox olsun. Çox şey var ki, istəyərsən və o sənə verilməz. Amma, dünyada və axirətdə sənə ondan daha yaxşısı verilər. Yaxud da duan sənin üçün daha yaxşı olan şeyə görə qəbul edilməz. Çox vaxt da elə şey istəyirsən ki, o sənə veriləcəyi təqdirdə dinin məhv olar. Buna görə də gərək gözəlliyi sənə qalan, günah və əzabı isə səndən uzaq olan şeyi istəyəsən. Mal sənə qalmır. Sən də ona qalmayacaqsan....

Bil ki, sən dünya üçün deyil, axirət üçün, qalmaq üçün deyil, yox olmaq üçün və yaşamaq üçün deyil, ölmək üçün yaradılmısan. Sən köç edilən yerdə, müvəqqəti diyarda və axirətə gedən yoldasan. Sən əlindən qaçanın qurtula bilmədiyi və axtaranın əldən çıxarmadığı ölüm üçün bir ovsan və ölüm onu mütləq haqlayacaqdır. Belə isə ölümün səni özünə «ondan tövbə edərəm» deyib etdiyin günah zamanı haqlayaraq səninlə fikrin arasında ayrılıq salmasından qorx və çəkin. Həmin vəziyyətdə sən özünü məhv etmisən....Tamah və hərislik dəvələrinin səni sürətlə həlak suyunun başına aparmasından çəkin...



Arzulara güvənmək və dalmaqdan çəkin. Çünki, arzu axmaqların və ağlı az olanların sərmayəsidir. Ağıl təcrübələri yadda saxlamaq, qorumaqdır.Etdiyin ən yaxşı təcrübə sənə öyüd verən təcrübədir.” (Məktub 31)

İmam Əlinin Malik Əştərə yazdığı məktubdandır: “....Bu ümmətin başçı və böyüklərinin əməl etdikləri, ülfət və ünsiyyət yaranmasına səbəb olmuş və rəiyyəti səhmana salmış gözəl adət və qaydanı pozma. Keçmiş adətlərdən nəyəsə ziyan vuran ənənə və üsulları icra etmə. Çünki, savab və mükafat həmin adət və qaydaların kökünü qoyanın, günah isə həmin adətləri pozduğun üçün sənin olacaqdır.” (Məktub 53)



“.....Aciz qaldığın çətin işləri, sənə şübhəli görünən işləri Allaha və Onun Peyğəmbərinə həvalə et. Çünki, nöqsan sifətlərdən pak və təmiz olan Allah hidayət etmək istədiyi dəstəyə belə buyurub: «يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ أَطِيعُواْ اللّهَ وَأَطِيعُواْ الرَّسُولَ وَأُوْلِي الْأَمْرِ مِنكُمْ فَإِن تَنَازَعْتُمْ فِي شَيْءٍ فَرُدُّوهُ إِلَى اللّهِ وَالرَّسُولِ» «Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar sahiblərinə itaət edin. Əgər bir iş barəsində mübahisə etsəniz, onu Allaha və Peyğəmbərə həvalə edin.” Deməli, Allaha müraciət etmək Onun kitabından «möhkəm» olanları götürmək, Peyğəmbərə müraciət isə onun təfriqə yaratmayan və birləşdirici olan sünnəsini götürməkdir. Beləliklə, xalq arasında qəzavət və hakimlik üçün rəiyyətin ən yaxşısını seç. Eləsini ki, işlər ona çətin gəlməsin, çəkişməyə düşmüş kəslər dava və qalmaqal barəsində öz nəzərlərini ona qəbul etdirə bilməsinlər, mütəmadi olaraq səhvə yol verməsin, haqqı dərk edəndə ona qayıtmaqda aciz qalmasın.....” (Məktub 53)
Əli (r.a) Siffin döyüşü ilə bağlı demişdi: “İşimizin əvvəlində biz Şam əhli ilə zahiri görünüşdə Rəbbimiz bir, Peyğəmbərimiz bir və İslamda təbliğ üsulumuz eyni imiş kimi qarşılaşdıq. Biz onlardan Allaha və Onun Peyğəmbərinə imanlarını artırmalarını istəmirdik. Onlar da bizdən bunu istəmirdilər. İş bərabər və yeksan idi və Osmanın qanı məsələsindən başqa, aramızda heç bir ixtilaf və fikir ayrılığı yox idi. Biz həmin işdən uzaq və kənar idik.” (Məktub 58)

Meysəm Bəhrani şərhində yazır: “Əli (r.a) deyir: “Mən artıq demişəm ki,Allah Təala öz Peyğəmbərinə müsəlmanlardan olan köməkçilər seçib.Dediyim kimi bu müsəlmanlar öz təqvaları ilə seçilirdilər.Onlardan Allaha və Peyğəmbər (s.a.s)-ə ən sadiqi Siddiq və onun varisi Faruq idi. And içirəm ki, onların İslamda yerləri həqiqətən böyükdür. Onların yoluxduğu adam şiddətli İİslam xəstəliyinə tutular (yəni, onlardan ibrət götürənlər dinlərində daha möhkəm olardılar). Allah onlara rəhmət etsin və onları gördükləri ən yaxşı işlərə görə mükafatlandırsın.” (Meysəm “Şərh Nəhcul bəlağə”, 1/31, Tehran çapı)

Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə