Yazılıb tamamlanmışdır : 1916 İlk nəşri: 1916 İlk səhnə quruluşu: 1922 ƏŞxas



Yüklə 256,87 Kb.
tarix07.05.2018
ölçüsü256,87 Kb.
#50155
növüYazı

ŞEYDA 

Faciə - 5 pərdə 


Yazılıb tamamlanmışdır : 1916 
İlk nəşri: 1916 
İlk səhnə quruluşu: 1922 

ƏŞXAS 


Məcid əfəndi — mətbəə müdiri. 
Əşrəf — onun oğlu. 
Şeyda Rəmzi — 
Rauf — 
Maks Müller — rəssam, alman. 
Roza — Müllerin qızı. 
Mariya — Rozanın anası. 
Məsud — baş mürəttib. 
Qara Musa — 
Yusif — 

Məzarçı, qara geyimli mələk, sair mürəttiblər, çalğıçılar, polislər və həbsxana məmurları... 

BİRİNCİ PƏRDƏ 

Mətbəəyə məxsus böyük bir müdiriyyət odası. Odanın bir qapısı ilə iki pəncərəsi - sağ tərəfdən caddəyə açılır. Digər qapısı da sol tərəfdə - mətbəəyə enmək üzrə daim açıqdır. Divarlarda təqvimlər, xəritələr, teleqraf kağızları və məktublar asılmış... Sağda və solda sandalyalar və bir neçə masa... Masalar üzərində idarəyə məxsus kitablar, risalələr, məcmuələr, qəzetlər və sairə... Qışın ikindi zamanı. 


Pərdə açıldıqca munis və zində çöhrəli Rauf pəncərə önündəki masa qarşısında yazı yazmaqla məşğul görünür. Sarışın, həssas baxışlı Şeyda isə cığarayı dumanladaraq, əli alnında düşünüb durur. 

Rauf. Şeyda! Yenə nə düşünürsən? 


Şeyda. Heç sorma, əzizim, halım çox fəna... poslayı şaşırmış bir gəmiçi kimi nə yapacağımı bilməyirəm. 
Rauf (yarım qəhqəhə ilə). İştə gördünmü!.. Altı ay əvvəl sənə nə söylədim? Mühərrirlik şaqa deyil a!.. İnsan nə qədər qəhrəman olsa, yenə ən nəhayət yorulur, bıqır, usanır. Hələ bizim kimi gənc mühərirllər, adətən, çıldıracaq dərəcədə əsəbiləşir. 
Şeyda. Xeyr, Rauf, xeyr... Nə mühərrirliyin verdiyi yorğunluq, nə müdirin usandırıcı əmrləri, nə sansor istibdadı, nə də məişət darlığı əsla məni düşündürmür, əsla məni sıxmır. Məni üzüb bitirən bir qüvvət var ki, o da yalnız həyatdakı boşluqdan, həyatdakı mənasızlıqdan ibarətdir. (Yerindən qalxaraq son dərəcə sinirli və həyəcanlı.) Allah eşqinə, bir düşün!.. Böylə heyvancasına yeyib-içmək, çalışıb-çabalamaq neçin? Usanmadan soyunub-geyinmək, yatıb-qalxmaq neçin? Duyğusuz bir makina kimi düşünüb-daşınmaq, yazıb-pozmaq neçin? Ah, bu mənasız “neçin”ləri, bu təməlsiz həyatın heçliyini düşündükcə, adətən, kəskin dırnaqlı bir qartal ciyərlərimi qoparır, kinli bir əjdaha beynimi gəmirir. Gülmək istəyirəm də, gülməyirəm. Ağlamaq istəyirəm də, ağlamayıram. Daim issız bir qaranlıq, sisli bir durğunluq bütün mənliyimi sarsıdır. Daim əməlsiz bir boşluq, acı bir yorğunluq məni boğur, məni məhv edir. Könlümü sevindirəcək heç bir hiss, heç bir qüvvət yox. Ruhumu güldürəcək heç bir ümid, heç bir təsliyət yox... Xəyalımı oxşayacaq bir şölə, bir yıldız arayıram da, bulmayıram. İntihar edib də qurtulmaq istəyirəm, heyhat! Ona da müvəffəq olmayıram. 
Rauf. Nafilə, əzizi m, həp nafilə... Çünki hər ümidsizlikdə bir ümid, hər qaranlıqda bir işıq yaşayır, yalnız səbir və mətanət lazım. (Pəncərədən dışarı baxaraq.) İştə ən füsunkar bir şölə! Ən parlaq bir yıldız!.. Həm də sən onu arayacağına, o səni arayır. İştə alman çiçəyi! Rəssamın qızı, gözəl Roza gəlir. 
Şeyda. Allahını sevərsən, mənimlə az əylən... 
Rauf (yarım qəhqəhə ilə). Əvət, şaşqınlar daim əsəbi və bədbin olurlar. 

Bu sırada Roza, məktəbli qiyafətində daxil olur. Şeyda dərhal yerindən qalxır, pərəstişkaranə bir tövrlə ona doğru irəlilər. Rozanın uzun, qumral kirpikləri, cazibəli, mavi gözləri, məsumanə baxışları, məlakanə ədaları ona şayani-pərəstiş bir ülviyyət bəxş edir. 

Roza (nazikanə bir baş təmənnası ilə Raufu salamlayaraq, Şeydaya). Necəsən, əzizim!... 
Şeyda. Təşəkkür edirəm. 
Roza. Babam nerdə? 
Şeyda. Hənuz idarəyə gəldiyi yox. 
Məcid əfəndi (mətbəədən). Rauf, Rauf... Buraya gəlsənə... 
Rauf. Bu saət, əfəndim (Haman mətbəəyə enər.) 
Roza. Çox şükür! Səni də görmək olurmuş. İştə bu ikinci dəfədir ki, səninçin, fəqət səninçin buraya gəlirəm. 
Şeyda. Ah, bu nəvazişə, bu alicənablığa qarşı sıxılmamaq qabil deyil... Böylə umulmaz bir səadətə məzhər olduqca, iztirab və sevinclə qarışıq bir duyğu, fövqəladə bir həyəcan, adətən, məni çıldırtıyor, xəstə ruhimi rəqs etdirir. 
Roza (mütəbəssim). Pəki, onlar sonraya qalsın, bu axşam dəniz qıyısına çıxalımmı? 
Şeyda. Madam ki, arzu edilir, əlbəttə çıxarıq. 
Roza. Bu gecələri qəflətlə keçirmək nə böyük günahdır bilsən!.. Hələ mehtaba qarşı qayıq gəzintisi yapmaq nə qədər nəşəli, nə qədər xəyalpərvər!.. 

Bu sırada şıq geyimli, pensneli Əşrəf daxil olur. 

Şeyda (təbdili-tövr etmiş olan Rozaya). Qaliba, Əşrəf bəyi tanımırsınız?.. İştə mətbəə müdiri Məcid əfəndinin oğlu, özü də Avropadan yeni gəlmiş... (Əşrəfə.) Bu da rəssamımız almaniyalı Maks Müllerin qızı mademuazel Roza!... 
Əşrəf (pərəstiş edərcəsinə əl verərək). Sizi tanımaqla özümü son dərəcə bəxtiyar sanıram. 
Roza. Təşəkkür edirəm. 
Maks Müller (daxil olur, yarıağarmış enli saqqalını oxşadığı halda). Roza! Sən buradamısan? 
Roza. Əvət, babacığım! Sənin üçün gəldim. 
Maks Müller. Çox gözəl, bu rəsmləri verim də bərabər gedəlim. (Qoltuq çantasından bir qaç rəsm çıxarıb, masa üzərinə buraxaraq.) Məcid əfəndi nerdə? 
Şeyda. Mətbəədədir, əfəndim. 
Maks Müller. Şeyda! Sənə bir müjdə vermək istərəm. 
Şeyda. Nasıl müjdə? 
Maks Müller. Sən bir həftədir ki, oda arayırsan; bizim evdəki boşboğaz yəhudi dəllal oturduğu odanı boşaltmış, Rusiyaya gedir. Bu gün oraya köçərsən. 
Şeyda (onun əlini sıxaraq). Ah, bilsəniz bu xəbərdən nə qədər məmnun oldum. Bu axşam, əvət, bu axşam köçərəm. 
Maks Müller. Sabah, axşam çayını da Rozanın anası verir, birevli kimi yaşarıq, heç sıxılmazsan. Bilirsən ya, mən səni çox sevirəm; çünki səndə bütün mənasilə türk nəcabəti görürəm. 
Şeyda. Təşəkkür edirəm. 

Bu sırada şişmanca, ortaboylu, ciddi simalı Məcid əfəndi Rauf ilə 


bərabər çıxar. 

Maks Müller. Əfəndim, iştə, həftəlik məcmuəniz üçün gətirdiyim rəsmlər. 


Məcid əfəndi (rəsmləri alıb baxaraq). Çox əla, çox gözəl... Eyi ki, gəldiniz, sizinlə xüsusi bir işim daha var, gedəlim də mağazada qonuşalım. 
Maks Müller. Pəki, əfəndim, buyurun baxalım... 

Məcid əfəndi, Maks Müller, Roza çıxarlar. 

Məcid əfəndi (çıxdığı sırada Şeydaya). Mürəttiblər gəldikləri kimi işə başlasınlar, bu gün iş pək çox, saqın, tənbəllik etməsinlər. 
Şeyda. Baş üstünə, əfəndim... 
Əşrəf (məczubiyyət və heyrətlə). Aman, Şeyda! Bu nə lətafət, bu nə cazibə? Haman, bir baxışda insanı təsxir edir. Faust mühərriri sağ olsaydı, əmin ol ki, gözəl Marqaritasını unudar da, Rozaya pərəstiş edərdi. Həm də mövhum bir xəyal deyil, parlaq bir həqiqət qarşısında bulunmuş olurdu. 
Şeyda. Əvət, Roza gerçəkdən çox sevimli xilqət, çox nazlı afət... 
Əşrəf. Doğrusu, mən hənuz böylə füsunkar bir gözələ təsadüf etmədim. (Bir cığara yaxıb da, düşüncəli addımlarla çıxar.) 
Rauf (Şeydaya). İştə, sana müdhiş bir rəqib... 
Şeyda. Əvət, hərif çox mütəəssir oldu. 

Bu sırada Qara Musa ilə Yusif daxil olur. Musa qara bənizli, orta yaşlı, ortaboylu qorxunc simalı bir tipdir. Sol əli biləyinin yarısına qədər ağ bez ilə sarınmış, üzərindəki əlbəsə olduqca əski və yamalıdır. Qardaşı Yusif isə vərəmin son dövrlərini keçirməkdə olan solğun bənizli bir gəncdir. 

Rauf (onları görər-görməz). Gəl, baxalım. Musa əfəndi, necəsən? Əlin eyiləşdimi? 
Musa. Xeyr, əfəndim, biləks, gündən-günə fənalaşır. 
Rauf. Otursana, neçin ayaqda durursan? 
Musa (qardaşına). Otur, Yusif, sən otur... Mən Məcid əfəndini görür də, şimdi gəlirəm. Canın sıxılsa, məni bəkləməzsən, faytona oturur da evə gedərsən. (Raufla Şeydaya). Müsaidənizlə, əfəndim, sizinlə sonra görüşəriz. (Çıxar.) 
Şeyda (Yusifə). Nerdən, əcəba, doktordanmı gəlirsiniz? 
Yusif. Əvət. (Bir-iki öskürür.) 
Şeyda . Özünü nasıl hiss edirsən? Keçənlərə nisbətən eyisin, deyilmi? 
Yusif (acı və mənalı təbəssümlə). Şübhəsiz, əfəndim!.. Şimdi olmasa belə, azacıq sonra büsbütün eyiləşirəm, həm də bu iztirablara vidala əbədiyyən rahatlanıram. (Məndilini ağzına tutaraq, bir qaç dəfə öskürər.) 
Şeyda. (mütəəssir). Yusif, neçin bir düşünməyirsən? Böylə qara xülyalara uymaqdan nə çıxar? Ah, sən, nəhayət, özünü xarab edəcəksən. 
Rauf. Əvət, əzizim, hər işdə səbir və mətanət lazım... Hissiyyata qapılıb da, hər şey üçün maraq edənlər təhlükəni öz əlləri ilə dəvət etmiş olurlar. İnşallah, az bir zamanda sağalıb, eyiləşərsən, fəqət bir daha mətbəədə çalışmayacağına əminəm. 
Yusif. Xeyr, əfəndim, xeyr... Hər ikiniz yanılırsınız, yaxud öylə görünmək istəyirsiniz. Halbuki, doktorların məyus baxışları, bildiklərin sönük təsəlliləri, Musanın, o bədbəxt qardaşımın iztirab və əndişələri, həp sönüb bitdiyimə birər aydın şahiddir. (Sürəkli və şiddətli öskürəklərdən sonra yerindən qalxaraq.) Uvf, uvf! Heç bir təsəlli istəməm. Ölüm məncə ən sevimli bir təsəlli, ən dəyərli bir xilaskardır. Hər kəs ölümdən qaçar, fəqət, mən onu dörd gözlə bəkləyirəm . Çünki mən yalnız onun qara qanadları altında məsud ola bilərəm. Əvət, yalnız onun issız qucağında rahatlıq bula bilərəm. (Yaralı öskürəklər içində boğularaq, məyus bir halda.) Uvf... Əfv edərsiniz... Rahatsız etdim... Sağlıqla, əfəndilərim... Bəlkə bir daha görüşmədik... 

Arası kəsilməksizin öskürərək, məndili ağzına sıxar. Ortalığı acı və dəhşətli bir sükut qaplar. Bu sırada mürəttiblər birər-birər, ikişər-ikişər, kirli iş əlbisəsində daxil olurlar. Kimi sağlam, kiminin bənizi solmuş, kimi qanburlaşmış; birisi də bir gözünü qara məndillə sarmış... Qalın gövdəli, gur səsli Məsud isə ən arxada gəlir. 

Birinci mürəttib (arxadaşlarına). Yusifi gördünüzmü? Allah, allah, bu nə hal, bu nə qiyafət!? İnsan üzünə baxmağa belə cəsarət eləmir. 

Məsud. Sən nə zənn etdin, paşam? Bu mürəttiblikdir, şaqa deyil a! Hərif tam altı ildir ki, məhbəsdən fərqi olmayan bu mənhus mətbəədə çalışıb durmuş... 


İkinci mürəttib. Zavallı!.. Heç olmasa, bir qədər parası olsaydı... 
Məsud (laübali). Çocuqmusan, yahu, mürəttibdə paramı bulunur? On iki ildir ki, bu kargahi-aləmpənahda çalışıb çabalayıram və kamali-iftixarla baş mürəttiblik vəzifəsini ifa edirəm; halbuki, cibi-humayunumda bir fülus belə bayat para yox... 
Birinci mürəttib (təəssüflə). İştə Qara Musa göz önündə!.. Qurşun tozu udaraq, alın təri tökdüyü halda aldığı mükafat nə? Bir danəcik məsum yavrusu sıtmalar içində can çəkişir, qardaşı Yusif vərəm pəncəsində qəhr olub gedir, özü də min dürlü müsibət, min dürlü fəlakət qarşısında çırpınıb durur. Zavallı!... Ailəsini bəsləyəcək bir ələ, nasırlı-minnətsiz bir ələ güvənərkən, tanrı onu da ona çox gördü. 
İkinci mürəttib. Pəki, bundan sonra bədbəxtin halı nə olacaq? Dərmansız, ailəsini necə bəsləyəcək? Necə bəsləyə biləcək? 
Məsud (acı təbəssümlə). Maraq etmə, orası çox qolay... Oturduğu ev Məcid əfəndinin yanında rəhn... həm də yarı fiatına... Şimdiyə qədər o paradan üçdə iki payını alıb, xəstələrinə yedirmiş, qalan bir payını da, şübhəsiz, bu günlərdə alıb bitirir. İştə əsl fəlakət, əsl səfalət də bundan sonra başlar. 
Birinci mürəttib. Ah, insafsız, mərhəmətsiz!.. 
İkinci mürəttib. Xalqın qanına girdiyi yetişmirmiş kimi, bir də ev-eşiyinə, var-yoxuna göz dikir. 
Şeyda. Əcəba, qüsur kimdə?.. Məcid əfəndidəmi? Yoxsa ondan insaf, mərhəmət uman sadədillərdəmi? Bu dünya çəkişib-çarpışmaq dünyasıdır. Təbii, o sizin qanınızı sorub sümürmək istər, fəqət sizdə də himmət olmalı, əldən gəldiyi qədər kəndinizi müdafiə etməlisiniz, yoxsa insaf, mərhəmət xülyaları ilə sürünəcək olsanız, nəticədə, zillət və səfalətdən başqa bir şey bulmazsınız. Bu gün Yusiflə Musanın boğazlandığını görüb də, qoyun sürüsü kimi kənardan seyr edirsiniz; halbuki, yarın həpiniz, əvət, həpiniz bu qanlı, bu uçurumlu keçiddən keçməyə məcbur olacaqsınız. Əfsus ki, son nədamət, son fəryad heç bir fayda verməyəcək. 
Birinci mürəttib. Nə yapmalı, əfəndim, nə yapmalı? Həpimiz aciz, həpimiz gücsüz... 
İkinci mürəttib. Ah, bu istibdad qorxusu ilə keçinmək bəlası olmasaydı!.. 
Şeyda. Xeyr, əzizim! Məncə, bu bəhanələrin heç bir əhəmiyyəti, heç bir mənası yox. Yer üzünü sarmış olan bütün əmələlər, bütün füqərayi-kasibə həp sizin kimi düşünsələr, bəşəriyyət bir çox əsrlər daha ayaqlar altında əzilməyə məhkum olar. Halbuki bütün cahanı bəsləyən, bütün orduları silahlandıran, bütün sərmayədarları — bütün sahibkarları sərsəmlədən həp bu aciz sandığınız əmələlər, həp o nasırlı əllərdir. Bu gün yer üzünün bütün səadət və fəlakəti yalnız o əllərə baxır. Əmin olunuz ki, o əllər bir gün çalışmaz olursa, bütün bəşəriyyət şaşırır, bütün dünya hərəkətsiz qalır. 
Birinci mürəttib. İştə yalnız qeyrət və cəsarət istəyir. 
İkinci mürəttib. Əvət, yalnız səbat və mətanət istəyir. 
Məsud (saata baxaraq). Artıq vaxt keçir. Haydı, iş başına, arş!.. 

Mürəttiblər gurultu ilə mətbəəyə enərlər. 

Musa (daxil olaraq, Raufa). Yusif nə oldu, getdimi? 
Rauf. Əvət, sən çıxdığın kimi getdi. 
Şeyda. Gəl baxalım, nə yapdın? Məcid əfəndini görə bildinmi? 
Musa. Xeyr, əfəndim, mağazada yox... 
Şeyda. Oturub baxalım, nerdə olsa, şimdi gəlib çıxar. 

Musa bir tərəfdə oturur, bu sırada mürəttiblər tərəfindən mətbəədə 


gurultulu, həyəcanlı bir ahənglə aşağıdakı marş söylənməyə başlar: 

Yaş zindanlar yuvamız, 


Fəlakət aşinamız; 
Ordular yıxan qurşun 
Olmuş bizim qidamız. 
Arxadaş, göz aç, aman! 
Qalx ölüm uyqusundan! 
Zülmə çox əydin boyun, 
Çox əzildin, qalx, oyan! 

Marş başlandığı kimi Məcid əfəndi daxil olur. Şaşqın bir halda azacıq 


dinlər, haman hiddətlə mətbəəyə enər. 

Rauf (Şeydaya). Nədir bu, yahu? Heç öylə bir yazı böylə abdallara, böylə sərsəm həriflərə verilərmi ya?! 


Şeyda. Nə yapalım, əzizim? Nə yapalım? Xəbərim olmadan dəftərlərimin arasından çalmışlar. 
Rauf. Kağız ələ keçərsə, çox fəna... Həm də Məcid əfəndi əsla yaxanı buraxmaz. 
Şeyda. Artıq keçmiş. 

Azacıq sükut. 

Məcid əfəndi (mətbəədən çıxar, əlində tutmuş olduğu kağızı hiddətlə süzərək). Şeyda! Bunları sənmi yazdın? 
Şeyda (sükut edər). 
Məcid əfəndi. Mühərrirlər içində səndən başqa böylə yazı yazan yox... (Qızğın.) Haydı, söylə, baxalım, sənmi yazdın?.. (Daha qızğın.) Bunları sənmi yazdın?.. 
Şeyda (qısa bir tərəddüddən sonra). Əvət... 
Məcid əfəndi. Öylə isə, daha burada sənlik bir iş yox. Ah, məni Nikolayın jandarmalarına təslim etməkmi istəyirsən? Söylə, sənə burası mətbəəmi, yaxud inqilab ocağımı? 

Şeyda düşünüb durur. 

Məcid əfəndi. Düşünmə, mətbəədə bir alacağın varsa, söylə!.. 
Şeyda. Xeyr. 
Məcid əfəndi. Daha bəkləyib durmaqda məna yox... Haydı, gedə bilərsən. 
Şeyda (paltosunu alaraq sinirli və mütəəssir). Lakin... Lakin... 
Məcid əfəndi (sözünü kəsərək). Haydı, yavrum, haydı!... Başqa laf istəməm. 
Şeyda (kinli bir baxışla Məcid əfəndini süzərək, yarım səslə). Ah!, əvət!.. (Deyə qapını qapayıb çıxar.) 
Məcid əfəndi (Musaya). Pəki, sən nə istəyirsən? 
Musa. Əgər mümkün olsa... 
Məcid əfəndi. Söylə, bitir. Bəkləyəcək vaxtım yox... 
Musa. Əgər mümkün olsa, bir qədər para veriniz, bir də... 
Məcid əfəndi (usanmış bir halda). Pəki, bir də?.. 
Musa. Mətbəədə bir iş veriniz. Tək əlimlə də olsa, çalışmaq istərəm. 
Məcid əfəndi (para çantasını çıxarır, bir qaç qaimə verərək). Al, iştə bu da evinə biçilən qiymətin üçdə biri, son qismi... Daha bir alacağın qalmır... İki ay sonra evdən çıxıb da, özünə başqa yer bulmalısan, anladınmı? (Böyük bir dəftər açar. İki-üç söz yazaraq.) Haydı, gəl də, imza et... 
Musa (imza edərək). Əfəndim, bu para da ancaq iki ay evi idarə edər. Lakin sonra... Ah, hər halda, mənə bir iş verməlisiniz. 
Məcid əfəndi. İş yox deyil, fəqət tək əldən səs çıxmaz. 
Musa. Pəki, bu əl ki, mətbəədə əzilmiş, o əl sahibinə burada da iş bulunmazsa, əcəba, nerdə bulunar? 
Məcid əfəndi. Nə yapalım? Qüsur özündə. Üsulluca hərəkət etməliydin. 
Musa. Əfəndim, mən heç... Fəqət çoluq-çocuğumu düşünməlisiniz. 
Məcid əfəndi. Yox dedilər. Artıq bitdi. 
Musa (çıxmaq üzrə qapıya yaxlaşar, bir daha dönərək). Əfəndim! 
Məcid əfəndi. Haydı, get, daha söylənib durma! 
Musa (sinirli). Əfəndim, mən sizdən yardım diləmirəm, mərhəmət ummayıram. Yalnız bir iş, yalnız bir vəzifə istəyirəm. (Həyəcanlı.) Yalnız bir iş... Yalnız bir vəzifə... 
Məcid əfəndi (son dərəcə hiddətlə). Dedim ya, saçma dinləməyə vaxtım yox... Tək əl işə yaramaz, eşitmirsən? 
Musa (şaşqın və çılğın). Tək əl işə yaramaz, öyləmi?! (Acı qəhqəhələrlə.) Ah, alçaq, vicdansız!... 

PƏRDƏ 


İKİNCİ PƏRDƏ 

Kiçik, sadə bir oda... Sağda iki pəncərə, solda bir qapı, ucda bir yataq karyolası... Pəncərə önündə bir masa və bir qaç iskəmlə... Masa üzərində bir-iki qədəh, su və raqı sürahisi, qarma-qarışıq bir taqım qəzetlər, məcmuələr və kitablar... Divarda böyücük bir ayna, bir taqım şairanə rəsmlər və lövhələr... Lampanın ölgün ziyası odanı aydınladır. Odanın qapısı balkona, pəncərələr isə bağçaya açılır. Nisanın son gecəsi... Aydınlıq... 


Raufla Məsud bağça tərəfindən görünərək, pəncərəyə doğru yaxlaşırlar. 

Rauf (barmağı ilə pəncərəyə vuraraq). Şeyda! Şeyda! 


Məsud. Odasında yox, gedəlim. 
Rauf. Şeyda! Yahu, nerdəsin? 
Məsud (boylanıb odaya baxaraq). Xeyr, burada yox... Gedəlim, sonra bir daha gələrik. (Gedərlər.) 
Mariya (odaya daxil olur, lampanı aydınladaraq). Əşrəf bəy, Əşrəf bəy! Bəri gəlsənə!.. 
Əşrəf (gələrək). Nə imiş, Mariya? Şeyda buradamı? 
Mariya. Xeyr, özü yox... Yalnız ayinəyi-həyatı olan odasını seyr edə bilərsiniz. 
Əşrəf (yarımqəhqəhə ilə). Amma da oda ha, gerçəkdən çox tühaf mənzərə!.. Hər tərəfdə bir qırıqlıq, bir pərişanlıq, hər güşədə bir öksüzlük, bir məhzunluq yaşayır, həm də hər təklifdən, hər qeyddən azadə... (Pəncərədən bağçaya baxaraq.) İştə ən laübali, ən şairanə bir həyat!... 
Mariya. Ah, bilməm ki, Maks Müller bu sərsəmi bu odaya neçin gətirdi. Böylə əsəbi qonşu hər halda insanı usandırır. 
Roza (gələrək). Şeyda nerdə? 
Mariya. Kim bilir, yenə şimdi hanki meyxanədə qafayı dumanlatıyor. 
Roza (Əşrəfə). İnan, Şeydanı görsəniz, tanımazsınız, mətbəədən çıxalı bəri busbutun dəyişmiş. (Masa üzərindəki raqı qədəhini göstərir.) Həm içkiyə çox düşgün, həm də son dərəcə sinirli və bədbin olmuş... 
Mariya. Gecələr çılğın, sərsəm bir aktyor kimi həp çığırıb bağırır. Həyəcanlı və qorxunc gurultularla kimsəyə rahatlıq vermir. 

Əşrəf. Təbii, səbəbsiz deyil a?! 


Roza (təbəssümlə). Kim bilir? 
Mariya (çıxaraq). Nəmizə lazım, canım, haydı, gəliniz birər qəhvə içəlim. 
Əşrəf (Mariya çıxdığı kimi Rozanın əlini öpər). Roza, yenə Şeydanı sevirsən, deyilmi? 
Roza (heyrət və təbəssümlə). Sevməkmi? Heyhat! Mən yalnız ona acıyıram, həm də bir zavallıya acır kimi acıyıram. 
Əşrəf. Ah, nə qədər mərhəmətli, nə qədər alicənabsan! (Təkrar əllərini öpməyə başlar.) 
Mariya (dışarıdan). Əşrəf bəy! Roza! 
Roza. Gedəlim artıq, validəm bəkləyir. 
Əşrəf. Şeydaya yazılacaq bir-iki sözüm var. Sən get, mən də şimdi gəlirəm. 
Roza (çıxaraq). Saqın, çox gecikmə... 
Əşrəf. Bu saat gəlirəm. (Masa üzərindən bir parça kağız alır, lakin bir şey yazmaz, cığarayı dumanladaraq ağır və düşüncəli addımlarla odada gəzinməyə başlar.) 
Şeyda (pərişan bir qiyafətdə daxil olaraq). Vay, əfəndim! Xoş gəldiniz, səfa gətirdiniz... (Əşrəfin əlini sıxaraq.) Nasıl oldu da birdən-birə dərvişləri yad etdiniz? 
Əşrəf (heyrətlə). Dərvişmi? Vallahi, mən bu dərvişliyi sultanlığa tərcih edərim. 
Şeyda (acı təbəssümlə). Bəlkə!.. 
Əşrəf. Lakin gözümə çox məhzun görünürsən? 
Şeyda. Orasını heç sorma! 
Əşrəf. Təbiətimi bilirsən, allah eşqinə söylə, qəlbində nə varsa həpsini aç, söylə! 
Şeyda (müztərib). Nə söyləyim, qardaşım, nə söyləyim? Tam iki aydır ki, tale, iqbal, ümid, ümidi-istiqbal, hər şey, əvət, hər şey məncə məhv olub bitmiş... Lakin bunca ümidsizliklərə qarşı, yenə özüm bir az mətanət, bir az müqavimət hiss edirdim. (Həyəcanlı.) Əfsus, əfsus ki, o da qeyb oldu. Əvət, yalnız Rozanın eşqi ilə yaşayırdım, yalnız o qəddar afətlə təsəlli bulurdum, əfsus ki, o da məni atdı, o da məni unutdu. Bir binada yaşayırkən, həftələrlə gözümə görünmür. 
Əşrəf. Xeyr, Şeyda! Yanılırsan, çünki o son dərəcə lütfkar və mərhəmətli bir mələkdir. 
Şeyda (məyus). Əvət, ehtimal ki... 
Roza (daxil olaraq). Axşamlar xeyir, Şeyda, nasılsınız? (Əlini Şeydaya uzadır.) 
Şeyda (əl verərək). Təşəkkür edirəm. 
Əşrəf (Şeydaya). Bilirmisən, yarın mayısın biridir. Onunçün mürəttiblər bir səhra gəzintisi, səhra ziyafəti yapırlar, bizi də müsafir dəvət edirlər. 
Roza. Nerəyə? Əcəba, hanki tərəfə gedirlər? 
Əşrəf. Hanı ya, şəhərdən kənar, təpə başında mənzərəli bir bağça yoxmu ya? İştə oraya getmək istəyirlər. 
Roza. Çalğı taqımı da olacaqmı? 
Əşrəf. Təbii, çalğısız bir ziyafət nəyə yarar? 
Roza. Nədənsə bilməm, Şərq musiqisi mənim son dərəcə xoşuma gedir. 
Əşrəf. Tənəzzül buyurulsa, çox məmnun olarız. 
Roza. Zatən, mən səhra gəzintisini çox sevirəm, maneə çıxmazsa bərabər gedərik. 
Əşrəf. Baxalım, Şeyda nə deyir? 
Roza. Şübhəsiz, rədd etməz. 
Əşrəf (Şeydaya). Gələcəkmisən? 
Şeyda (yarımütərəddid). Gəlirəm, əfəndim. 
Mariya (dışarıdan). Roza! Nə oldunuz? 
Roza (qapı arxasından). Gəlirik, gəlirik. (Hər ikisinə.) Haydı, birər qəhvə içəlim. 
Şeyda. Təşəkkür edərim. 
Əşrəf (Şeydaya). Haydı, baxalım... 
Şeyda. Azacıq rahatsızam, siz buyurun, mən də sonra gəlirəm. 
Əşrəf (Rozaya). Zərər yox, biz gedəlim. 
Mariya (dışarıdan). Roza!.. 
Roza. Gəlirik. 

Əşrəflə bərabər çıxar. Şeyda alnını ovuşduraraq, düşüncəyə dalar. 

Məsud (dışarıdan). Müsaidə buyurulurmu? 
Şeyda. Kim o? Gəl baxalım. 
Məsud (birinci və ikinci mürəttiblə bərabər daxil olaraq.) Çox şükür, nəhayət, bula bildik. 
Şeyda. Buyurun, əfəndilər, oturun... (İskəmlə və karyola üzərində otururlar.) 
Məsud. Nerdəsən, yahu? Bu axşam bir kərə özüm, bir daha Raufla bərabər gəldik. Odada yox idin... 
Şeyda. Azacıq hava almaq üçün dışarı çıxmışdım. 
Məsud. Yenə nə olmuş? Gözümə çox dalğın görünürsən. 
Şeyda. Canım sıxılır. 
Məsud. Fəqət neçin? 
Şeyda. Heç özüm də bilmirəm. 
Məsud (yerindən qalxaraq arxadaşlarına). Haydı, gedəlim, rahatsız etməyəlim. Yarın bağçada uzun-uzadıya qonuşuruq. 
Birinci mürəttib. Azacıq otursana, nə əcələ edirsən? 
Şeyda. Otur, otur, baxalım nə yapırsınız? İşlər nə yolda? 
Məsud (arxadaşlarına işarətlə). Onu inqilabçılara sormalı... 
Birinci mürəttib (Şeydaya). Məlum ya, siz Məcid əfəndini daha eyi tanıyırsınız. Bu hərif bizə göz verir də, işıq vermir. Birisi xəstə, ya səqət oldumu, əsla umurunda deyil; maaşlar həp əski halda, bir quruş artdığı yox, lakin iş, vəzifə qucaq-qucaq... Həm də gündən-günə üstünə gəlir də, əskilməyir. Artıq bu rəzalət çəkilməz, bu istibdada təhəmmül edilməz. 
Şeyda. Pəki, çarə? 
Birinci mürəttib. Çarəsi çox qolay... (Kəskin bir ahənglə.) İşdən çəkilmək, haqqımızı tələb etmək, iştə bu qədər!.. 
Şeyda. Çox gözəl... Tələbnamə yazılmışmı? 
Birinci mürəttib. Əvət, baxa bilərsən... (Qoltuq cibindən böyük qitədə bir kağız çıxarır.) 
Şeyda (alıb baxaraq). Hər halda, əl birliyi, dil birliyi ən böyük şərt. Həm də son dərəcə diqqət və ehtiyat lazımdır. 
İkinci mürəttib. Əmin ol, bəyim! Həpsi öncə düşünülmüş.... 
Məsud. Fəqət bu tələblər son dərəcə ağır və kəskin... mənə qalırsa, azacıq yüngül və mülayim yazılmalıydı. 
Birinci mürəttib. Yanılırsan, Məsud, çox yanılırsan. Bir kərə düşün ki, biz tələb edəcəyik; boyun büküb yalvarmayacağıq. 
Şeyda. Əvət, haqq alınır, verilməz. 
Məsud. Lakin o güclü, biz aciz... O halda nə yapa bilərik? 
Şeyda. Fironu qəhr edən Musa bir çobandan başqa bir şey deyildi. Lakin sarsılmaz bir ruhla meydana atıldı. Öylə qəddar, zalım bir imperatora qalib gəldi. Zöhhakı məhv edən Gavə yoxsul, arxasız bir dəmirçi idi. Fəqət atəşli bir qəlblə inqilaba başladı, öylə xunxar, məğrur bir hökmdarın taxtını başına çevirdi. Məcid əfəndi kimdir?.. Yalnız o deyil, hətta onu qudurdan qocaman rus çarlığı belə bu gün-yarın yerin dibinə batar. 
Məsud. Çox əla, necə istərsiniz, öylə yaparız. (Saatına baxaraq.) Getməyəlimmi? Vaxt çox gec... 
Birinci mürəttib. Əvət, artıq mane olmayalım. 
Şeyda. Xeyr, mane deyilsiniz... Fəqət bu kağız məndə qalsın, eyicə oxur, düşünərim də, yarın öz fikrimi söylərəm. 
İkinci mürəttib. Daha eyi, daha eyi... 
Məsud. Haydı, gedəlim. 
Birinci və ikinci mürəttib. Allaha ismarladıq... 
Şeyda. İzzət və səadətlə... 

Onlar təmənna edib çıxdığı sırada Şeyda bağça tərəfə olan pəncərəni açar. Əllərini köksündə çarpaz edərək, dalğın və düşüncəli bir halda bağçaya baxar. 

Roza (gələrək). Şeyda! Neçin gəlmirsən? Babam səni bəkləyir. 
Şeyda (həzin bir ah çəkərək, cavab verməz). 
Roza. Əcəba, nə var, nə olmuş?.. Bu gecə səndə ağlar gözlü bir öksüz ruhu, pürşikəstə bir şair iztirabı var. 
Şeyda (ona yaxlaşaraq). Xeyr, xeyr... Olsa-olsa, məndə ancaq sərsəri bir məcnun qəlbi, fələkzədə bir aşiq hissi ola bilər. Fəqət o, qəlbi ovudacaq bir nəzəri-şəfqət istər ki, o da yalnız sənin məsumanə baxışlarındır. O, hissi oxşayacaq bir şəhpəri-təsliyət istər ki, o da yalnız sənin nurdan tökülmüş əllərindir. 
Roza. Şeyda! Çox fəna hissiyyata qapılmışsan, həm də nafilə yerə üzülürsən. 
Şeyda (Rozanın əlini yaxalar, sinirli və həyəcanlı.) Əvət... Lakin bir düşün ki, sən xırçın bir çocuq kimi bu müztərib qəlbimlə oynadın, həm də aylarca əlində atıb-tutdun, adəta onu bir çocuq oyuncağı zənn etdin... Ah, fəqət, nəhayət, nəhayət birdən-birə qırıb parçaladın, birdən-birə ayaqlar altında çeynəməyə başladın. 
Roza (əlini çəkərək). Salonda bəkləyirlər, şimdi gedəlim də, sonra... 
Əşrəf (gəlir. Əvvəl Rozanın, sonra Şeydanın əlini sıxaraq). Müsaidənizlə, mən gedirəm. 
Roza. Neçin? Əcələ bir işinizmi var? 
Əşrəf. Əvət, babam uşaq göndərmiş, bir məsələ üçün məni görmək istəyirmiş. 
Roza. Heç bu oldumu ya?! Həftədə bir gəlirsiniz, o da böylə... 
Əşrəf. İştə talesizlik, mənim üçün böyük talesizlik. (Şeydaya.) Sağlıqla, əzizim, yarın təkrar görüşərik. (Təmənna edərək çıxar, Roza da kəndisini izlər.) 
Maks Müller (dəxi çıxar, Əşrəfə). Əşrəf bəy! Evimizi tanıdınız, şübhəsiz, tez-tez gəlirsiniz. (Şeydaya.) Şeyda! Buyurun, qəhvə içəlim. (İçəri girər.) 
Şeyda. Təşəkkür edərim. 
Mariyanın səsi (dışarıdan). Əşrəf bəy! Yarın axşamlayın yenə bəklərik. 
Rozanın səsi. Saqın, unutma, gəl ha!... 
Əşrəfin səsi. Pəki, əfəndim, pəki. 

Şeyda qapını qapar. “Ah!” deyə qısqanc və məyus bir tövrlə əli alnında olaraq iskəmləyə oturar. 

PƏRDƏ 

ÜÇÜNCÜ PƏRDƏ 

Bağçada ətrafı yaşıllıqlar, güllər və çiçəklərlə süslənmiş fəvvarəli bir hovuz... Kənarda çinarlar, sərvlər... oturmağa məxsus uzun sıralar... Ta uzaqlarda gözəl və şairanə mənzərələr... Mayıs, ikinci çağı. Açıq hava... 
Pərdə açıldıqda Şeyda yaşıl çəmən üzərində, yanüstü olaraq uzanmış görünür. Cığarasını dumanladaraq, düşüncəli bir baxışla ətrafı seyrə dalar. Bu sırada Qara Musa sürətli addımlarla qarşı tərəfdən keçib gedər. 

Şeyda (haman yerindən qalxaraq). Musa əfəndi, Musa!.. 


Musa (istehzalı təbəssümlə). Xeyr, əzizim, mən artıq bildiyin Musa deyilim. İndi mənə səfillər kralı, sərsərilər sultanı derlər. (Yoluna davam etmək istər.) 
Şeyda (buraxmayaraq). Yahu, nerəyə? Bu sürətlə nerəyə? 
Musa. Gedəcək bir yerim yox... Yalnız bir şikar izləyirəm. Boğub parçalamaq üçün bir tülkü arayıram. 
Şeyda. Musa! Bu müəmmaları burax da, gəl azacıq qonuşalım. 
Musa. Şübhəmi edirsən?.. İştə isbat! (Yamaqlı paltosunun cibindən böyücük bir tapança çıxarar.) 
Şeyda. Allah eşqinə, heç tapança ilə şikar edilirmi ya?! 
Musa. Zatən, mənim avlayacağım şikarları bu daha gözəl nişanlaya bilir. 
Şeyda (onun sarıqlı əlinə işarətlə). Əlin necədir? Hənuz sağalıb bitmədimi? 
Musa (acı-acı gülərək). Mətbəə yadigarı olan bu barmaqlara ürək qanı sürülmədikcə mümkün deyil, sağalmaz, həm də o qan yalnız zəngin, çox zəngin bir insan qanı olmalı, anlayırmısan? 
Şeyda (mütəəssir və mərhəmətli). Anlayıram, əvət, anlayıram. 
Musa. İştə bu qədər! (Uzaqlaşmaq istər.) 
Şeyda. Musa, Musa! 
Musa (əli ilə rədd edərək). Daha vəqtim yox. 

Haman sürətli addımlarla çəkilib gedər. Şeyda onun arxasınca bir qədər şaşqın nəzərlərlə baxmaqda davam edər. Bu sırada mürəttiblərin çalğı ilə həmahəng olduqları halda, marş söyləyərək yaxınlaşdıqları eşidilir. Şeyda eyni tərəfə doğru ilərilər. Mürəttiblər tətil günlərinə məxsus əlbəsədə, əllərində birər qızılgül olaraq gəlirlər. Fəqət Şeyda onların arasında görülməz. 


Mürəttiblərin söylədiyi marş: 

Yaş zindanlar yuvamız, 
Fəlakət aşinamız. 
Ordular yıxan qurşun 
Olmuş bizim qidamız. 

Arxadaş, göz aç, aman! 


Qalx ölüm uyqusundan! 
Zülmə çox əydin boyun, 
Çox əzildin, qalx, oyan! 

Gözlərdə qalmamış nur, 


Könüllərdə yox sürur. 
Qanı bitmiş cəsədlər 
Er-gec sönər, məhv olur. 

Arxadaş, ayıl bir an! 


Haqsızca olma qurban! 
Yetər, miskinlik yetər, 
Qalx! Oyan, oyan, oyan! 

Marş bitdiyi sırada mürəttiblər iki-bir, üç-bir sıralarda otururlar. Bir qaçı da gəlişi gözəl ot üzərində uzanırlır. Xanəndə və sazəndələr isə çalğı taqımını buraxıb, bir tərəfə gedərlər. 

Birinci mürəttib (arxadaşlarına). Yahu, Şeyda nə oldu? 
Rauf. Nə olacaq?! Rozanı görməyincə məyus olub da bağçanı tərk etdi. 
Məsud. Doğrusu, məhəbbət çəkilməz bir bəladır. 
Rauf. Əvət, bəla... Fəqət ən sevimli bir bəla... 
Birinci mürəttib. Xeyr, məhəbbət bulunmaz bir səadətdir. 
İkinci mürəttib. Əvət, səadət... Fəqət ən fəlakətli bir səadət! 

Bu sırada mürəttiblərdən bir qaçı sağ tərəfdə, pək uzaqda maraqlı bir şey görmüş kimi baxışırlar. Haman sevinc və təlaşla arası kəsilməksizin islıq çalmağa başlarlar. 

Məsud. Kim o! Yenə kimi çağırırsınız? 
Birinci mürəttib. Musanı, Qara Musanı... 
Rauf. Gerçəkdən omu? 
İkinci mürəttib. Əvət! 
Rauf (diqqətlə baxaraq). Əvət, tam özü. 
Məsud (mürəttiblərdən birinə). Haydı, onu buraya çağır. 

Bir mürəttib dərhal qoşub gedər. 

Birinci mürəttib. Fəqət tühaf adam, bir kərə olsa da, dönüb baxmaq istəmir. 
İkinci mürəttib. Bəlkə burada bulunduğumuzu bilmir. 
Rauf. Kim bilir, zavallının başında yenə nə fəlakət var? 
Məsud. Allah etməsin, canım, yazıqdır. İki ay yox ki, həm qardaşı Yusifi, həm də bir danəcik oğlunu qara torpaqlara gömmüş. 
Rauf. Fəlakət birmi ya! Var-yox bir evi vardı, dün Məcid əfəndi onu da əlindən aldı. Həm də zorla, hökumət əli ilə... 
Məsud. Ah, insafsız, mərhəmətsiz!.. 
Rauf. Hələ Əşrəf, hələ Əşrəf! 
Məsud. Pəki, o nə yapmış? 
Rauf. Evi günündə boşaltmadığı üçün biçarəni alçaqcasına təhqir etmiş, ağzına gələni sovurmuş. 
Birinci mürəttib. İştə son mükafat! 
İkinci mürəttib. İştə bizim kimi səfillərin cəzası! 
Məsud. Əvət, bu gedişlə ki, biz gedirik, daim önümüz uçurumdur. Həm də öylə fəlakətli uçurum ki, əsla qurtuluş yox, əsla çarə yox... 
Birinci mürəttib (qoltuğundakı tələbnaməni çıxarıb silərək). İştə çarəsi qolay!.. Yalnız həmiyyət, qeyrət lazım... Yalnız erkəkcə mətanət lazım... Yoxsa, həşərat kimi üzü üstə süründükcə, əsla ağ gün görmiyəcəyik. Həm də gündən-günə əzilib məhv olacağıq. 
İkinci mürəttib. Daha düşünmək lazım deyil, yarın tələbnaməni verməli, hüququmuzu tələb etməli! 
Birinci mürəttib. Əvət, ya dediyimizi yürütməli, ya mətbəəni tərk etməli! 
İkinci mürəttib (yerindən qalxaraq). Həm də başqa söz istəməz. Ya əvət, ya xeyr! 
Məsud. Mənə qalırsa, bir az mülayim olmalı; hər işdə hiddətdən ziyadə mühakimə aramalı. 
Birinci mürəttib (hiddət və həyəcanla). Xeyr, başqa laf istəməz. Ya əvət, ya xeyr. 

Bu sırada Musanı çağırmaq üçün gedən mürəttib gələr. 

Məsud. Nə oldu? Gəlmədimi? 
Mürəttib. Xeyr, sürətli addımlarla aşağıdakı qapıdan çıxıb getdi. 
Rauf. Eyi ki, gəlməmiş, Əşrəfi gördüyü kimi qanı xarab olacaqdı. 
Birinci mürəttib (ətrafa baxaraq). İştə gəlirlər. 
Məsud. Haydı, əfəndilər! Kef vaxtında kef, iş vaxtında iş, anlaşıldımı? 
Birinci mürəttib (kağızı cibinə qoyaraq). Əvət, sözümüz sözdür. 
İkinci mürəttib. Öldü var, döndü yox! 
Məsud (gələn çalğıçılara). Haydı, başlayın, baxalım, çoxdan bəri ruhumuza qida verilmədi. 

Onlar hazırlaşdığı sırada Roza ilə Əşrəf gələr. 

Rauf. Maşallah, buyursunlar əfəndim. 

Hər kəs yerindən qalxar, təmənna edər. 

Əşrəf. Aman, rica edirəm, oturunuz, biz bir qədər gəzinmək istəyirik. 
Roza. Bu tərəf daha gözəl deyilmi? 
Əşrəf. Əvət. (Mürəttiblərə.) Lakin bizi burada bəkləməyin, doğru çinar altında gedərsiniz, biz də şimdi oraya gəlirik. 
Rauf (çalğıçılara). Haydı, bir segah çal, baxalım. 

Çalğı başlar. 

Əşrəf (Roza ilə bərabər uzaqlaşaraq). Çalın, oxuyun! Biz də uzuqdan zövqünüzdə iştirak edərik. 
Xanəndə (aydın bir ahənglə başlar). 

Yad eylədikcə vəslini, ey mahi-tələtim! 


Ağlar gözümdə qanə dönər əşki-həsrətim. 
Sənsiz füzun olur gecə-gündüz fəlakətim, 
Səbrim tükəndi, yox qəmi-hicranə taqətim, 
Gəl, gəl! Mənim gözəl mələyim, nazlı afətim. 

Röyada mən keçən gecə eylərkən ahü zar, 


Sən vermədinmi bir əbədi vəsl için qərar!? 
İnsafə gəl, aman! Məni məhv etdi intizar, 
Səbrim tükəndi, yox qəmi-hicranə taqətim, 
Gəl, gəl! Mənim gözəl mələyim, nazlı afətim. 

Ruhum! Səadətim sənə vabəstə hər zaman, 


Sənsiz cahanda mən yaşamaq istəməm, inan! 
Artıq burax sitəmləri, gəl, bağrım oldu qan, 
Səbrim tükəndi, yox qəmi-hicranə taqətim. 
Gəl, gəl! Mənim gözəl mələyim, nazlı afətim. 

Bu sırada mürəttiblər həpsi xanəndə ilə həmavaz olaraq, xüsusi ahənglə. 

Gəl sevgili yarım, gözəlim, qönçə dəhanım! 
Gəl ruhi-rəvanım! 
Vazehdir, əminim, sənə hər razi-nihanım, 
Ey afəti-canım! 
Sən bir güli-xəndan, mən bülbüli-nalan
Biz hər ikimiz bir çəmənistanə şitaban. 

Məsudun işarətilə hər kəs yerindən qalxaraq, oxuya-oxuya gedərlər. 

Sənsiz mənə zindan görünür sanki bu aləm, 
Heç könlüm açılmaz. 
Sarmış bütün ətrafımı qəm-qüssə, nə etsəm, 
Bir yanə qaçılmaz! 
Gəl, dönmə vəfadan! Vaz keç bu ədadan! 
Gəl, gəl, mələyim! Gəl məni qurtar bu bəladan! 

Onlar çəkildikdən sonra Roza ilə Əşrəf qol-qola gəlirlər. 

Əşrəf. Ah, bu gözəl mənzərəni seyrə daldıqca, insan cənnətin xəyaldan ziyadə həqiqət olduğuna inanmaq istəyir. 
Roza. Əvət, gerçəkdən, bahar aləmi başqa bir aləm... 

Bu sırada Şeyda arxa tərəfdə, ağaclar arasında görünər. Mütəcəssis 


və qısqanc bir tövrlə onları dinlər. 

Əşrəf (Rozanı məftunanə bir baxışla süzərək). Roza, Roza, allah eşqinə, baxmırmısan?! Aman, ya rəbbi! Bu buludların bir-birinə sarılması, ta ötədə iki quşçuğazın baş-başa verib də həsbi-hal etməsi, ətrafımnızdakı çiçəklərin dodaq-dodağa öpüşməsi nə qədər munis, nə qədər şairanə! 

Kiçik bir tərəddüd və sükutdan sonra hər ikisi aşiqanə bir nəzərlə baxışar və iki dodaq biixtiyar bir-birinə yaxlaşar, fəqət öpüşməzlər. 

Şeyda (məcnunanə bir fəryadla). Roza! Ah, Roza! 

— deyə ilk öncə hücum etmək istər. Fəqət nifrət və hiddətlə geri çəkilər. Haman sürətli addımlarla uzaqlaşıb gedər. Roza ilə Əşrəf şaşırıb da, nə yapacaqlarını bilməzlər. Şeyda çəkildiyi sırada qarşı tərəfdən qaba və qorxunc bir qəhqəhə eşidərlər. Bu qəhqəhədən onlara daha böyük bir şaşqınlıq gələr. 

Roza (müztərib). Əşrəf, Əşrəf! Artıq gedəlim. 


Musa (əlində tapança olduğu halda qarşıdan çıxar, amiranə bir tövrlə). Xeyr, getməyəcəksiniz. 
Əşrəf (şaşqın). Ah, Musa! 
Musa (zəhrxəndlə). Əfv edərsiniz, rahatsız etdim. 
Roza. Gedəlim, Əşrəf, gedəlim. 
Musa (tapançanı əlində sallayaraq). Dedim ya, getməyəcəksiniz. 
Əşrəf. Musa! Ağlını başına topla, yoxsa... 
Musa. Ya! Yoxsa... (İstehzalı qəhqəhələrlə gülər.) 
Əşrəf (əlini sürətlə cibinə soxaraq təhdidamiz). Musa! 
Musa. Məni təhdid ha?! (Qəhqəhə ilə tapançasını göstərər.) Heç maraq etmə, əzizim! Bunda yalnız üç danəcik qurşun var. Onların ikisi Məcid əfəndi ilə sənə, biri də yalnız, yalnız özümə məxsusdur. (Müstəhzi.) Əvət, mən sizin kimi insafsız deyiləm. Sizə rəva gördüyümü əsla özümdən əsirgəməm. 
Əşrəf (yanında silah olmadığı anlaşılır bir tərzdə, əlini cibindən çıxarar, yarıkinli, yarımülayim). Musa! Musa! 
Musa (sarılı əli ilə sağ əlini göstərər). Bax, bu tək əli görürmüsən? İştə, səni təlaşa düşürən də yalnız budur, bu! (Təbdili-tövrlə.) Tək əl işə yaramazmış, tək əldən səs çıxmazmış; öyləmi?! (Acı və şiddətli qəhqəhələrlə gülər.) 
Əşrəf (müztərib). Musa! 
Musa. Tək əl işə yaramazmış, deyilmi? Tək əldən səs çıxmazmış, öyləmi? (Məcnunanə qəhqəhə ilə.) Halbuki, bir danəcik yavrumu, vərəmli qardaşımı bununla, iştə bu tək əlimlə qara torpaqlara gömdüm. Hətta bu gün səni də, kəndimi də, o vicdansız babanı da yenə bu tək əlimlə rahatlandıracağım; həm də bu gün, anlarmısan? 

Bu sırada hava tutulur. Ara-sıra göy gurlaması davam edər. 

Roza (qorxu və iztirabla). Ah, aman, ya rəbbi! 
Əşrəf (para çantasını çıxarıb açar, Musaya doğru bir-iki addım irəliləyərək). Musa! Bu işin sonu xeyirli olmaz. Al, nə qədər para istəyirsən, al! Lakin... 
Musa (zəhrxənd ilə). Xeyr! Xeyr. O paralara bir az sonra nə sənin ehtiyacın olur, nə mənim. Həm də bu gün sizə öylə bir cəza verməliyəm ki, bundan sonra hər kəsə ibrət olsun (qəhramiz) və siz ruhda olan zənginlər, o vicdansız haydutlar, o etibarlı xırsızlar bir daha mənim kimilərin qanını içməsinlər. Bir daha gücsüzləri çeynəyib əzməsinlər, artıq anlasınlar ki, yalnız yaşamaq deyil, yaşatmaq da lazımmış! (Vəhşicə bir baxışdan sonra haman nişan alar.) 
Roza. Ah! 
Əşrəf. Musa! 
Musa. Sus, daha kafi! 

Tapança patlar, Əşrəfin sol qolu yaralanar. 

Əşrəf (sağ əli ilə yaralı qolunu tutaraq). Ah!.. 

Sıraya oturur. 

Roza (Əşrəfə sarılaraq). Aman, ya rəbbi! (Musaya) Cəllad! 
Musa. Xeyr, bu olmadı. 
Roza (niyazkar). Musa! 

Musa (son dərəcə kinli və qızğın). Çəkil! 


Roza. Allah eşqinə... 
Musa. Çəkil, deyirəm sənə! 

Tapança bir daha patlar. Əşrəflə Musanın arasında duran Rozanın 


köksünə isabət edər. Musa dərhal çəkilər. 

Roza. Ah, annəciyim!.. (Bitab olaraq sıra üzərinə düşər.) 

PƏRDƏ 

DÖRDÜNCÜ PƏRDƏ 



Ətrafı sərvlərlə əhatə olunmuş bir xristian məzarlığı, səhnənin ucunda məzarçıya məxsus bir oda, hənuz günəş batmamış... Mariya matəm əsvabında olaraq, ətrafı, üzəri əklillərlə, çiçəklərlə süslənmiş tazə bir məzar qarşısında dalıb gedir. Müller isə mütəəssir bir halda düşünüb durar. Bu sırada aşağıdakı türkü — şikəstə havasında olaraq — yaralı və tutqun bir ahənglə ətrafdan eşidilməyə başlar. 

Türkü 
Fələk hər gün qıyar bir növcəvanə, 


Hər gün qılar bir aşiqi divanə, 
Hər tərəf məzarlıq, hər yer qəmxanə, 
Açılmadan solmuş çiçəkli bağlar. 

Bir gülən yox bu qayğılı dünyadə, 


Çoxlar nakam olub irməz muradə, 
Kimsəni görmədim zövqü səfadə. 
Bülbül ağlar, sünbül ağlar, gül ağlar. 

Maks Müller. Artıq günəş batır, getmiyəlimmi? 


Mariya. Ah, mənim yeni doğmuş günəşim batdıqdan sonra, başqa günəşlərin batıb çıxmasında nə əhəmiyyət ola bilir?! (Gözləri yaşarmış olduğu halda.) Ah, Roza, Roza, mələk Roza! 
Maks Müller (onun qolundan tutaraq). Gedəlim, Mariya, vaxt keçir. (İstirham və nəvazişlə.) Haydı, qalx, Mariya! 
Mariya. Ah, məni buracıqda, yavrucığazımın yanında buraxıb getsən, daha məmnun oluram. 
Maks Müller. Mariya! Gedəlim, qalx, gedəlim, yarın yenə gələrik. 
Mariya (qalxaraq). Gedəlim, uf, gedəlim. (Müllerin yardımı ilə dörd-beş addım yürür, birdən-birə yaralı ahu baxışı ilə dönüb baxaraq.) Əlvida! Yavrum, əlvida! 

Hər ikisi məhzun və mütəəssir addımlarla çəkilər. Bu sırada Raufla 


Məsud gələr. 

Rauf (Mariyanın uzaqlaşdığı tərəfə baxaraq). Zavallı Mariya, bir an səbr və aramı yox. 


Məsud. Nə yapsın? Gözünün işığı, yeganə ümidi, bir qızcığazı var idi, o da əlindən getdi. Əvət! Mariyanın halı çox acınacaq bir hal... Lakin bu Musaya nə dersin? Bir həftə var ki, hökumət hərifi arayır da, bir dürlü bulmayır. 
Rauf. Doğrusu, mən onun sağ qaldığına əsla inanmıram. Allah Məcid əfəndinin bəlasını versin, hərifi durduğu yerdə bədbəxt etdi. 
Məsud. Hələ Şeyda, hələ Şeyda! Onu unudurmusan? 
Rauf. Onu heç söyləmə! Şeydanın dərdi çəkilir dərdlərdən deyil... O, Rozanın Məcnunu olmuş, mən də onun. Yoxsa şimdi mənim buralarda nə işim? 
Məsud. Nə etməli, əzizim, məhəbbət əsarətdir. 
Rauf. Ən tühafı bu ki, Şeyda Rozanın ölümünə əsla inanmaq istəmir. 
Məsud. Öylə isə onun burada nə işi? 
Rauf. Kim bilir, bəlkə... 
Məsud. Bəlkə bilir də sezdirməyir, sezdirmək istəmir. 
Rauf. Xeyr, inan ki, Əzrail belə şəhadət eyləsə, yenə inanmaz. 
Məsud. Haydı, özünü bulalım da, mən işin həqiqətini şimdi anlarım. 

Bu halda məzarçı odasından çıxar. 


Rauf (məzarçıya). Arxadaş! Dünənki hərifi gördünmü? 


Məzarçı. Şıq bəyimi? İxtiyarımı? Dağınıq saçlı dəliqanlınımı? Hankisini sorursan? 
Məsud (Raufa). Bu böylə ixtiyar kim imiş, əcəba? 
Rauf. Bəy bizim Əşrəf, ixtiyar da babasıdır. 
Məsud. Pəki, onlar burada nə yapıyor? 
Rauf (Rozanın məzarına işarətlə). Əşrəf bəy bu məzarın daimi mücavirlərindəndir. Babası da hər axşam oğlunun arxasınca qoşub durur, kölgəsi kimi peşindən ayrılmır. 
Məzarçı (ətrafa). Əcaib şey! Nerdə bir şaşqın, sərsəri varsa, həp buraya toplaşır. 
Məsud. Haydı, Şeydanı bulalım da evə gedəlim. 
Rauf. Əvət, gedəlim, bəlkə şad bir xəbər duyarıq. 
Məsud. Nə şad xəbər? 
Rauf. İnqilab xəbəri... 
Məsud. Nasıl inqilab? 
Rauf. Yəqindir ki, qocaman şimal ayısının dərisi parçalansın. Müstəbid rus zənciri üzərimizdən qalxsın və hər millət kəndi yurduna, kəndi hüququna qovuşsun. 
Məsud. Gəl, canım, gəl... sən də Şeyda kimi xəyalpərəst olma. 

Gedərlər. 

Musa başında əski, yırtıq bir şapka, təbdili-qiyafət etmiiş olduğu halda məzarçı odasından çıxar. Raufla Məsud getdiyi tərəfə baxaraq məzarçıya. 

Musa. Onları tanırmısan? İştə bizim əski arxadaşlar! 


Məzarçı. Aman, odaya çəkil, başqa bir adam daha gəlir. 
Musa (müstəhzi). İştə o da bizim başımızın sahibi Məcid əfəndi! (Məmnun.) Amma nə eyi təsadüf. Heç şimdiyə qədər bir avın avçını izlədiyini eşitdinmi? 
Məzarçı. Haydı, söylənmə, odaya get; mən də şuradakı odunları gətirim. 
Musa. Pəki, arxadaş, pəki... (Odaya girər, məzarçı da bir tərəfə gedər). 
Məcid əfəndi (ağır addımlarla məzarçının odasına yaxlaşaraq). Mənə bax! Orada kim var? 
Musa (çıxar. Tanınmayacaq bir səslə). Kimi istəyirsən? 
Məcid əfəndi. Əşrəf buraya gəlmədimi? 
Musa (sükut edər). 
Məcid əfəndi. Hər axşam buraya gələn dəliqanlını görmədinmi? 
Musa (cavab verməksizin ona yaxlaşar). 
Məcid əfəndi (qorxu və hiddətlə). Sağırmısan, yahu? Neçin cavab verməyirsən? 
Musa. Əvət, alçaqca sözləri eşitməmək üçün sağıram. 
Məcid əfəndi. Ah! (Deyə geri çəkilər). 
Musa. Al, iştə sənə ən kəskin cavab! (Dərhal revolverlə köksündən vurar.) 
Məcid əfəndi. Ah, ax... (Deyə arxası üstə düşər.) 
Musa (vəhşiyanə). Gəbər!.. Gəbər, alçaq hərif, gəbər!.. Nəhayət cəzanı buldun! (Müstəhzi.) Tək əl işə yaramazmış, tək əldən səs çıxmazmış, öyləmi? (Çılğınca qəhqəhələrlə gülər.) 
Məzarçı (qoltuğunda beş-altı odun parçası olaraq gələr, heyrət və təlaşla). Aman, bu hərif kim? Buna nə oldu? 
Musa (acı qəhqəhə ilə). İştə sənə yeni bir müştəri daha! 
Məzarçı (şaşqın). Nə yapdın? Yahu, nə yapdın? 
Musa. Başqa laf istəməz. (Cənazəyə işarətlə.) Haydı, al da şuracıqdakı boş məzarə göm! (Təbdili-tövrlə.) Amma şikar çox yağlı şikar! Saqın, ciblərini unutma! 
Məzarçı. Ah, sən başımızı bəlaya soxacaqsan! 
Musa. Haydı, çox söylənmə! Şimdiyə qədər sən mənə əmr etdin. Artıq bundan sonra sıra mənimdir.

Cənazəni ayağından tutub göstərdiyi tərəfə çəkər, məzarçı da odun 


parçalarını buraxaraq baş tərəfdən yaxalar, bərabər götürürlər. 

Əşrəf (onlar çəkildiyi sırada, yaralı qolu ağ məndillə bağlı olaraq gələr, yaralı-məhzun baxışlarla Rozanın məzarı qarşısında dalıb gedər, sonra məzarı tutaraq, sinirli və titrək bir səslə). Roza! Roza! Neçin məni yalnız buraxdın, neçin?! 

Ani bir hiss ilə dönüb ətrafa baxar. Haman cənazə aparılan tərəfə getmək istər, bu sırada Şeyda başıaçıq, saçları dağınıq, solğun və pərişan bir halda yan tərəfdən qarşısına çıxar. 

Əşrəf (bir-iki addım geri çəkilərək). Kim o? 


Şeyda. Ah, xain, mərhəmətsiz.. Sənin burada nə işin? Yoxsa, yoxsa məni məhv etmək üçünmü gəldin? 
Əşrəf (müztərib). Şeyda, əmin ol ki... 
Şeyda (onun sözünü kəsərək). Tanıyıram, mən səni tanıyıram, bəhanə istəməz. Qəlbimi necə parçaladınsa, vücudumu da öylə parçala, bəlkə rahatlanayım. (Həyəcanla.) Fəqət sən!.. Sən yaşa! Roza ilə bərabər yaşa! Roza ilə bərabər məsud ol! 

Bu halda Əşrəfə doğru bir qurşun açılar. Hər ikisi şaşırıb durar. Fəqət 


heç birinə dəyməz. 

Musa (gələrək Şeydaya). Xeyr! Xeyr! Yaşayacaq sənsən, sən... Yalnız xainlər gəbərməli, xainlər məhv olmalıdır. 


Əşrəf. Nə istəyirsən, yahu, məndən nə istəyirsən? 
Şeyda (ikisinin arasına girər. İstehzalı və məcnunanə bir baxışla Musaya). Çılğın hərif, sən də şaşırdınmı! Bəxtiyarların ölməsində, talesizlərin yaşamasında nə məna var? İştə məhv olacaq mənəm, mən... Anlayırmısan?! 
Musa. Aldanırsan, Şeyda, aldanırsan... Çəkil önümdən, çəkil. 
Şeyda. Xeyr, xeyr! Mən bu intiqama razı deyiləm. Baxsana, burası xristian məzarlığı... bu xaçları görmürmüsən? Heç İsanı xatırlamırmısan? İnan ki, əfv etmək, intiqam almaqdan daha müdhişdir. (Bu sırada Rozanın xəyalı görünər, təkrar çəkilər.) Bax, bax, Rozanı görmürmüsən? İştə o, intiqamdan sıxılır, o da əfv etməni diləyir. (Qısa bir qəhqəhədən sonra.) Əvət! “Düşmənlərini sev. Əgər bir kimsə sağ yanağına vursa, ona digər yanağını çevir!” Anladınmı? Heç anlayırmısan? (İstehzalı qəhqəhələrlə gülər. Əşrəfin qolundan tutub itələyərək.) Haydı, əfəndim, get! Get də, rahat yaşa, Roza ilə bərabər yaşa! 
Musa. Xeyr, getməyəcək, gedəməyəcək! 

Təkrar tapança ilə nişan almaq istər, bu sırada Raufla Məsud bir 


tərəfdən, məzarçı da digər tərəfdən çıxar. 

Rauf. Musa! Musa! Nə yapıyorsın? 


Məsud (Əşrəfin qolundan tutaraq). Mənə bax, söyləyəcək sözüm var. 

Bir tərəfə çəkilirlər. Musa onları izləmək istər. 

Məzarçı (mane olaraq). Dur bə, şaşqın hərif! Heç nə yapdığını düşünürmüsən? (Bu sırada bir qaç kərə islıq səsi eşidilər. Məzarçı təlaşla.) Ah, şimdi polislər ətrafımızı saracaq. 

Musa. Fəqət ilanı öldürüb də yavrusunu buraxmaq sərsəmlik deyilmi ya?! 


Məzarçı. Sus bə, yahu, çıldırıyormısın? Bəri gəl, səninlə işim var. (Musanı bir tərəfə çəkər.) 
Rauf (Şeydaya). Pəki, qalpağını nerdə buraxdın? 
Şeyda (acı təbəssümlə). Ruzigarın xoşuna getdi də, alıb götürdü. 
Rauf. Vaxt keçir, artıq gedəlim. 
Şeyda. Xeyr, siz gediniz, məncə burası daha eyi... (Məzarlara işarətlə.) Çünki bunlar, bu cansız cəsədlər, bu duyğusuz biçarələr sizə nisbətlə daha səmimi, daha munis. Həm də bunlar sizlər kimi yalançı, xain deyillər; hiylə və şeytanət bilməzlər. 
Rauf (mütəəssir və mərhəmətli). Şeyda! Şeyda! 
Məsud (gələrək). Daha nə bəkliyorsınız? Haydı, gedəlim. 

Bu sırada Rozanın xəyalı təkrar Şeydaya görünər. 

Şeyda. Ah, gedir. Roza gedir, iştə sizin ölmüş bildiyiniz afət məzarları dolaşır, sevgilisini arayır, Əşrəfi arayır. 

Raufla Məsud şaşqın və mütəəssir bir tövrlə baxışırlar. Rozanın xəyalı, gözləri yerə dikilmiş olduğu halda, bir qaç addım yürür, sonra birdən-birə dönərək, əzici və kəskin bir baxışla Şeydanı süzməyə başlar. 

Roza! Roza! Allah eşqinə! Məni rahat burax! 
Rauf. Şeyda! Neçin kəndinə acımırsan? Neçin özünü üzürsən? 

Rozanın xəyalı, munis və füsunkar bir təbəssümlə çəkilib gedər. 

Şeyda (səbirsiz). Ah! Mənə darıldınmı? Aman, nerəyə gedirsən? (Yaralı bir fəryadla.) Roza! Roza! Roza! 

Sürətli addımlarla xəyala doğru ilərilər, arxadaşları da kəndini izlər, bu 


sırada iki polis əllərində silah olaraq, qoşub gələrlər. 

Birinci polis. Ey, nə qaçırsınız? 


İkinci polis. Qımıldanma, dur! 

Hər üçü durduğu yerdə dona qalar, polislər dərhal üçünün də əllərini 


kələpcə ilə bağlar. 

Birinci polis (barmağı ilə işarət edərək, amiranə). Haydı, buyurun! 


İkinci polis. Doğru qarovula! 
Rauf. Əfəndim, bizdə silah yox... 
Məsud (ciblərini, qoltuqlarını göstərərək). İştə baxa bilərsiniz. 
Birinci polis. Söylənib durmaq fəzlə... 
İkinci polis. Haydı, qarovula! 

Musa ilə məzarçı da əli bağlı olaraq, digər tərəfdən iki polislə bərabər 


gələr, həpsi bir yerdə çəkilib gedərlər. 

PƏRDƏ 

BEŞİNCİ PƏRDƏ 

Üst qatda həbsxanaya məxsus böyücük bir oda... Odanın bir qapısı, üç-dörd kiçik pəncərəsi var. Raufla Məsud bir tərəfdə yatır, Şeyda isə digər tərəfdə, pəncərə önündə, öskürüb inildəyir, hər üçü dustaq qiyafətindədir. Lampanın donuq və qəsvətli işığı mart sabahına qarşı getdikcə sönük və ölgün bir tövr alar. Şeydanın solğun çöhrəsi, dagınıq saçları acınacaq bir lövhə ərz edər. 

Şeyda (sayıqlar). Buraxınız, buraxınız!.. Ah, məndən nə istəyirsiniz? (Çevrilərək). Uf... (Sinirli və darğın.) Xeyr, heyhat! Heyhat!... 
Rauf. Zavallı, zavallı çocuq! 
Məsud. Ya, ya... məhəbbət fəlakətdir. 
Rauf (qalxıb oturar). Əvət, fəlakət, həm də ən dəhşətli bir fəlakət!.. 
Məsud (qalxar, bir-iki udum su içərək). Allah həbsxana müdirinin bəlasını versin. Mən böylə qaba ruhlu, mərhəmətsiz hərif görmədim. Bir dustaq bu gün xəstələndimi, yarın onu xəstəxanaya alırlar. Halbuki, Şeyda bir aydır can çəkişir də, kimsənin umurunda da deyil. 
Rauf. Maraq etmə, bu gün, şübhəsiz, alıb götürəcəklər, çünki doktor söz vermiş. 
Məsud. Eşit, inanma!.. Öylə dadlı sözlər pək çox, fəqət əməl yox, nəticə yox; hanya? Bir zaman sən də kahinlik edirdin, “bizi dörd günlüyə həbs etmişlər” deyirdin, nə oldu? O sozlər nə oldu? Şimdi doqquz aydır burada yatırıq da, hənuz qurtuluş ümidi yox. 
Rauf. Heç təlaş etmə! Hər necə olsa, iki-üç gün sonra çıxarıq. 
Məsud (istehzalı qəhqəhələrlə). Əvət, iki-üç gün sonra! 
Rauf. Yahu! Bir düşünməli ki, işin əvvəlində məzarçı ilə Musanı bizdən ayırdılar, həm də aşağı qatda qəsvətli və qaranlıq bir bodruma yerləşdirdilər. Demək ki, biz cinayətdə çox da müttəhim deyilik. 
Məsud. Həp xülya, əfəndim, həp xülya!.. 
Rauf. Əvət, xülya, sağlıq olsa, iki gün sonra anlarsan. 
Məsud (etimadsız). Baxalım! 
Rauf. Hələ tühaf bir xəbər var ki, sən deyil, hətta, mən özüm də inanmıram. Söylənən sözlər doğru çıxarsa, yalnız biz deyil, bütün millət, bütün məmləkət qurtulmuş olur. 
Məsud (mütəbəssim). O nə imiş, əcəba? 
Rauf. Böyük və dəhşətli bir inqilab, məmləkəti alt-üst edəcək bir inqilab. 
Məsud. Əvət! Röyan fəna röya deyil. (Yorğun bir halda yatağına uzanar.) 
Rauf (sevinclə). Aman, röya dedin də, eyi xatirimə gəldi. Şimdicə gözlərimi qapamışdım, bir də gördüm ki, damın üstü yarıldı, göydən nurani bir zat endi. Onun kiçik bir işarəti ilə, bu böyük divar havaya qalxdı; dərhal üçümüz də quş kimi qanadlanıb uçmağa başladıq. Fəqət biz ikimiz uca dağ üzərinə endik; Şeyda isə uçduqca uçdu, yüksəldikcə yüksəldi. Nəhayət, buludlara qovuşaraq, büsbütün qeyb oldu. (Məsudun yanı başında uzanı verir.) 
Məsud (usanmış bir halda). Allahını sevərsən, bu röyaları burax da, azacıq rahatlanayım, bu gecə gözümə uyqu girdiyi yox... (Bu sırada Şeydanın yanındakı pəncərəyə barmaq ucu ilə vurularaq, “Şeyda! Şeyda!...” deyə Rozanın səsi eşidilir.) 
Şeyda. Xeyr, xeyr, gəlməm. Get, allah eşqinə, get! 

Təkrar pəncərəyə vurularaq, “Şeyda! Şeyda!” deyə əvvəlki səs eşidilər. 

Şeyda. Nə istəyirsən? Ah, məndən nə istəyirsən? (Üzgün bir halda qalxıb oturar. Pəncərəni açaraq, bir qədər alıq-alıq dışarıya baxdıqdan sonra.) Roza! Roza! Nerəyə getdin? Neçin gəldin də, neçin getdin? Ah, neçin mənə rahat vermirsən? Qəhr olmuş bir zavallıdan nə istəyirsən? 

Rozanın xəyalı yıldızlı nurlar içində, mələk qiyafətində olaraq görünər. Süzgün və munis baxışlarla Şeydaya doğru ilərilər. 

Şeyda (dönüb baxınca). Ah, röyamı görürəm? 
Roza (nəvazişlə). Şeyda! 
Şeyda (heyrətlə). Aman, ya rəbbi! 
Roza (həsrətlə). Şeyda! 
Şeyda. Ah, nə istəyirsən? 
Roza (təbəssümlə). Şeyda! 
Şeyda (darğın). Roza, Roza! Allah eşqinə, get! 

Bu halda qəhrəman simalı, durğun baxışlı, qara geyimli bir mələk gələr. Şeyda duymaz. 

Roza. Şeyda! Məni unutdunmu? 
Şeyda (köks keçirərək, sinirli). Xeyr, xeyr, sənə pərəstiş etdiyim günləri, sənə sarıldığım dəqiqələri hənuz unutmadım. İlk eşqimizlə süzülən baxışlarını, o məsumanə təbəssümlərini hala xatırlayıram. Lakin, uf!.. Məni atmış olan vəfasız Rozanı, o mərhəmətsiz afəti bir daha xatırlamam, bir daha görmək istəməm. 
Qara geyimli mələk (yarı nəvazişkar, yarı amiranə bir tövrlə). Nə söyləyirsən, Şeyda, nə söyləyirsən? O sənin məftununsa, sən də onun məcnunusan. 
Şeyda (müztərib). Ah, sən kimsən? 
Qara geyimli mələk. Mən mənim, müstərih ol!.. Mən oyam ki, bütün ağlar gözlər, yaralı könullər, bütün iztirablar və həyəcanlar həp mənim sayəmdə rahət bulur, həp mənimlə mütəsəlli olur. 
Şeyda (onun durğun və mənalı baxışlarından sarsılaraq). Uf, aman, ya rəbbi! 
Qara geyimli mələk (mütəbəssim). Şeyda! Sən bəxtiyarsan. Əvət, şimdi bəxtiyarsan. 
Şeyda. Xeyr... Xeyr... Mən heç bir təsəlli istəməm (Təlaşla.) Ah, o munis çöhrən nə qədər nəvazişkar isə, dərin və durğun baxışların da bir o qədər qorxuncdur. 
Qara geyimli mələk. Qorxma, heç qorxma! Mən səni sıxmaq üçün deyil, yalnız könlünü almaq, acılarını unutdurmaq üçün gəldim. (Barmaqları arasında parlamaqda olan üzüyü göstərər.) İştə bu almaz üzüyü görürmüsən? Əbədi bir nişan olmaq üzrə Rozaya təqdim edirəm, sənin tərəfindən təqdim edirəm. İştə, bu, qırıq könüllərinizi birləşdirər, küskün ruhlarınızı barışdırar. 
Şeyda (Rozaya işarətlə). Xeyr, mən ona inanamayıram, ah, inanmaq istəmirəm. 
Qara geyimli mələk. Əmin ol, Şeyda, əmin ol! Bundan sonra heç bir maneə, heç bir qüvvət sizi bir-birinizdən ayırmaz. (Açıq pəncərəyə işarətlə.) Baxsana! İştə bu ilahi eşqi yıldızlar da alqışlayır, mələklər də təqdis edir. 
Şeyda (baxaraq, son dərəcə heyrət və sevinclə). Aman, ya rəbbi! O incə buludların toqquşması, bu parlaq yıldızların axışması nə gözəl... Ah, o rəngarəng quşlar, bu qanadlı mələklər necə də oynaşır, necə də uçuşur!.. 

Bu sırada Rozanın xəyalı ilə qara geyimli mələk haman qeyb olurlar. 

Rauf (gözlərini ovuşdurub yerindən qalxar. Şeydanı bu halda görüncə, təlaş və mərhəmətlə). Aman, nə yapırsan?! 
Şeyda (mültəfit olmayaraq). Uf... bu behişti mənzərə nə qədər lətif, nə qədər ülvi... (Dönub Raufu yanında göruncə.) Ah, onlar nə oldu? Onlar nerəyə getdi? 
Rauf (heyrətlə). Kimi arayırsan? 
Şeyda (səbirsizliklə). Allah eşqinə, onlar nə oldu? 
Rauf. Kimi sorursan? 
Şeyda (sinirli). Roza!.. Ah, mərhəmətsiz mələk!.. 
Rauf (Şeydanın açmış olduğu pəncərəni qapayaraq). Heç bu olur şeymi ya!? Sən, nəhayət, özünü xərab edəcəksən. 

Yatar. Bu sırada qonşu odadan yaralı bir ahənglə dəşti məqamı üzərinə söylənən aşağıdakı şərqi eşidilər. 

İlahi, biqərarım, biqərarım, 
Yanar ruhim, dəmadəm əşkbarım; 
Vuruldum bir vəfasız işvəkarə, 
Əsirəm mən, əsiri-eşqi yarım. 

Bu sırada qara geyimli mələk təkrar görünər. 

Şeyda. Uf, bu səs sanki mənim ruhumu tərənnüm edir. (Onu görüncə.) Ah, yenəmi gəldin? 
Qara geyimli mələk. Əvət, gəldim də bərabər gedəlim. 
Şeyda. Pəki, nerəyə, nerəyə gedəcəyik? 
Qara geyimli mələk. Başqa aləmlərə, daha yüksəklərə. 
Şeyda. Xeyr, mən yalnız, yalnız Rozanı istərəm. 
Qara geyimli mələk (Rozanın görünməkdə olan duvaqlı xəyalına işarətlə). İştə, gəlir, həm də gəlin duvağında... 
Şeyda. Uf, gəl, gəl də bərabər gedəlim. 
Qara geyimli mələk (Rozanın köksünü süsləməkdə olan pənbə gülü Şeydaya uzadaraq.) İştə cənnət fidanlarından dərilmiş bir qönçə... Al, al da qoxla, bax nə qədər gözəl qoxuyur. 
Şeyda (mütərəddid). Ah, xeyr... xeyr.... 
Roza. Rədd etmə, al! 
Şeyda. Roza, Roza! Bu munis çöhrə könlümə dəhşət verir. Onun gözəllərinə əsla inanmıram. 
Qara geyimli mələk (mənalı bir təbəssümdən sonra). Əvət, mən çox anaları yavrusuz, çox yavruları anasız qoydum. Bir düyün, yas olursa, mənim əlimlə olur. Bir məmləkət padşahsız qalırsa, yenə səbəb mənim. Əvət, bir çoxlarını eşindən ayırdım. Çox aşiqləri sevgilisinə həsrət qoydum. Lakin, lakin sizi ayırmaq deyil, biləks əbədi bir eşqlə, sönməz bir məhəbbətlə qovuşdurmaq istərim. 
Roza. Şeyda! Bütün səadət və fəlakətlər onun əlində... O, lətifə bilməz, həm də hər sözü dəyişməz bir qanundur. 
Şeyda (şaşqın və sarsılmış bir halda). Roza, Roza! Ah, fəqət, heyhat. 
Roza. Maraq etmə, heç maraq etmə! 
Qara geyimli mələk (gülü Şeydanın burnuna tutaraq). İştə bax, nə müəttər çiçək! Nə gözəl rayihə! 
Şeyda (qoxladıqdan sonra, azacıq arxa tərəfə mail olaraq). Uf... Əvət... 
Qara geyimli mələk (bir az daha yaxlaşaraq). İştə görürmüsən? Nə qədər sevimli, nə qədər ruhaşina!.. 
Şeyda (bir daha qoxlar, dərəcə-dərəcə arxaya mail olaraq, sönük və titrək bir səslə). Əvət, çox lətif, çox gözəl... Lakin, lakin (müztərib və bitab.) Roza!.. Roza!.. 

Rozaya doğru qollarını açmış olduğu halda, arxası üstə düşər, təslimi-ruh edər. Bu sırada həbsxana saatı bir kilsə çanı kimi vurmağa başlar. Səhər açılar. 

Rauf. Haydı, Məsud, qalx! 

Hər ikisi əcələ geyinib hazırlanar. 

Məsud. Artıq yatıb-qalxmaqdan usandıq, allah Şeydaya insaf versin. 
Rauf. Məyus olma, əzizim, məyus şeytandır. Bir gün gələr ki, bu qaranlıq pərdələr qalxar. Zalımlar, müstəbidlər, xudkam sərmayədarlar həp əkdiklərini biçərlər, həp intiqam şərbətini içərlər. 

Bu sırada uzaqdan Marselyozu andıran gurultulu və həyəcanlı bir ahənglə aşağıdakı marş eşidilər. Hər ikisi son dərəcə heyrətlə pəncərəni açıb dinlərlər. 

Marş 

Arxadaş! Əl verir bunca zillət, 


Bunca qəflət yetər, qalx, oyan! 
Qəhr olub getdi zülmü fəlakət, 
Artıq fürsət! Gözəl bir zaman... 
Çox əzildin yetər, haydı doğrul, ər ol! 
Həqq sənindir bu gün, arxadaş! Hazır ol! 
Həqq sənin, çünki zəhmət sənin... 
Güc sənin, səyü qeyrət sənin... 

Rauf. İştə inqilab marşı, inqilab nəğməsi! Of, nəhayət, istibdad heykəli devrildi. Rusiya çarlığı məhv oldu, qara buludlar çəkildi. 


Məsud. Əvət, bu da başqa bir xülya, bu da başqa bir röya! 
Rauf. Yahu! Çox keçməz, sən günəşi də inkar edərsən, hətta, öz varlığına da inanmazsan. 

Dışarıda gurultulu səslər eşidilər. 

Qara Musa (şiddətlə qapını açar). Arxadaşlar! Artıq zəncirlər qırıldı, həqq yerini buldu. İştə səadət günəşi parlayır, hürriyyət pərisi gülümsəyir. İştə bu gün məzlumlar üçün şərəfli bir bayram, zalımlar üçün qorxunc bir intiqam günüdür. (Şeydaya yaxınlaşır.) Şeyda!.. Şeyda!.. (Qolundan tutub qaldırmaq istər, hərəkətsiz bir halda yanına düşdüyünü görüncə heyrətlə.) Ah, ölmüş... Şeyda... Şeyda... (Deyə acı bir fəryadla qucaqlar). 

PƏRDƏ 


SON 
Yüklə 256,87 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin