Yazılmışdır: 1925 İlk nəşri: 1926 İlk səhnə quruluşu: 1926 ƏŞxas I



Yüklə 389,28 Kb.
səhifə1/4
tarix07.04.2018
ölçüsü389,28 Kb.
#47706
növüYazı
  1   2   3   4

TOPAL TEYMUR 

Dram - 5 pərdə 


Yazılmışdır: 1925 
İlk nəşri: 1926 
İlk səhnə quruluşu: 1926 

ƏŞXAS 


Topal Teymur... 


Dilşad — Teymurun hərəmi. 
Divan bəyi — baş vəzir. 
Aqbuğa — Teymurun sərdarlarından. 
Orxan — minbaşı. 
Almas — Divan bəyinin qızı, Orxanın rəfiqəsi. 
Əsmər bənizli, şahin baxışlı... 
Şair Kirmani — ”Teymurnamə” müəllifi. 
Olqa — rus prenseslərindən sarışın və işvəkar bir qız. 
Sobutay — gənc zabit. 
Qaraquş — təşrifatçı, çevik bir dəliqanlı. 
Dəmirqaya —qalın gövdəli, qalın səsli bir əsgər. 
İki mühib simalı, qalın yapılı növbətçi və sairə... 

II 


Yıldırım Bayazid... 
Meliça — Yıldırımın hərəmi. 
Əli paşa — sədri-əzəm. 
Şeyx Buxari — fazil bir zat. 
Cücə — qısa boylu, kiçik yapılı bir masqara. 
Nazim ağa — arıq, uca boylu, qara ərəb (hərəm ağası). 

Köylü qadın, iki masqara, şamlı qızı (rəqqasə), digər rəqqasələr, cəllad və sairə... 

BİRİNCİ PƏRDƏ 

Səmərqənddə, Əmir Teymur sarayında Şərq zövqünə uyğun süslü bir salon... Salonun içi Türküstan, İran və Hindistan məfruşatilə döşənilmiş... Dörd guşədə gümüşdən yapılmış birər qartal, ortada altun sütunlar, yaldızlı masalar və sandaliyələr... Qarşıda böyük bir pəncərə, pəncərədən görünən son dərəcə baxımlı və çiçəkli gözəl bir bağça nəzərləri oxşar. Olqa pəncərə önündə ətrafı seyrə dalmış görünür. Dişarıda əsgəri marş çalınır. 



Orxan (Gəlir. Olqanı görür-görməz arxası sıra gələn Dəmirqayaya). İştə prenses Olqa!... İştə yeni açmış Moskva çiçəyi!.. 
Dəmirqaya (daima laübali və qalın səslə). Tühaf şey! Heç insandan çiçəkmi olur? Moskva qızı desənə... 
Orxan. Ah, o, çiçəkdən də lətifdir. 
Dəmirqaya. Tutalım ki, lətifdir. Nəmə lazım, mən qarışmam. 
Orxan. Dəmirqaya! Sən bir tərəfə çəkil. 
Dəmirqaya. Neçin? 
Orxan. Çünki onunla qonuşmaq istərəm. 
Dəmirqaya. Yaxşı, mən sənin kölgən deyilmiyəm? Səndən necə ayrıla bilərəm? 
Orxan. İnsan bəzi vəqt kölgəsini deyil, özünü belə unudur. 
Dəmirqaya (istehzalı gülümsəyişlə). Yoxsa imdi özünü unutdunmu? 
Orxan. Haydı, çox söyləmə, çəkil. 
Dəmirqaya. Çəkil dersən, çəkilərəm. Nəmə lazım, heç qarışmam. (Çəkilir.) 
Orxan. Yenə gözəl Olqa nə düşünür? 
Olqa (Orxana doğru gəlir). Ah, Orxan, sənmisən? 
Orxan. Əvət, Orxan özü səninlə bərabər deyilsə də, daima qəlbi, ruhu səninlədir. 
Olqa. Allah eşqinə, bu əsgərlər nerəyə gedir? Bu hazırlıq neçindir əcəba? 
Orxan. Yeni bir müharibə varmış. 
Olqa. Ah, müharibə, daima müharibə!.. Əcəba nerəyə, kiminlə? 
Orxan. Onu yalnız Qızıl Qaplan bilir. Əvət Əmir Teymurun planını bizim kimi kiçik yaradılmışlar bilməzlər. 
Olqa. Halbuki, onun üzündə heç bir şiddət və həyəcan izi yox... Hər zamankı vüqar və ciddiyyəti, hər zamankı halı üstündə. 
Orxan. Böyük qəhrəmanlar şiddət və qəzəb zamanlarında daha mülayim və həlim görünürlər. 
Olqa. Orxan! Səndəmi gedəcəksən? 
Orxan. Əlbəttə, heç onsuz olurmu? Biz türklər çadır altında doğular, açıq səhralarda, qanlı müharibələrdə ölürüz. 
Olqa. Rica edirəm, yetişir, bu müharibədən, ölümdən çox söyləmə! 
Orxan. Müharibədə ölənlər evdə ölənlərdən sayca daha azdır. Məncə mübarizəsiz bir ömür, ömür deyil... Biz türklərə qürur və nəşə verən bir şey varsa, o da müharibə, o da qalibiyyətdir. Unutma ki, sən özün də fəth və zəfər səhralarında bulunmuş bir çiçəksən. 
Olqa. Ah, sən məni Moskvadan buraya neçin gətirdin, neçin?! Teymur sarayında həbs etmək içinmi? 
Orxan. Xeyr, sən burada məhbus deyilsən, bəlkə şahzadə xanımlar qədər hörmət və izzətə maliksən. Daha doğrusu, böyük xaqanın möhtəşəm sarayını bəzəyən ən parlaq bir yıldızsan. 
Olqa (ətrafa). Ah, mərhəmətsiz... (Orxana) Demək məni yalnız buraxıb da gedəcəksən, öyləmi? 
Orxan. Nə olar? Başqa qadınlar necə, sən də öylə... 
Olqa (ətrafa). Ah, duyğusuz!.. Dur, mən sənə imdi anladaram. 
Orxan. Çox düşünürsən, Olqa. Sənə bir şeymi oldu? 
Olqa. Daha nə olacaq? Sən məni düşünmürsən, sən məni sevmirsən. 
Orxan. Xeyr! Aldanırsan. Səni sevməmək, gözəlliyə qarşı kor olmaq deməkdir. Ah, nazlı gövərçinim! Nə qədər xırçın və sinirli imişsən. Gəl! Gəl də bu mavi göyləri andıran cazibəli gözləri, bu al şəfəqləri utandıran füsunkar dodaqları öpüm. (Qolları arasına alıb öpmək istər. Olqa geri çəkilir.) 
Olqa. Xeyr, istəməm. 
Orxan. Neçin? 
Olqa. Çünki könül verdiyim bir qəlbə xəyanət etmiş oluram. 
Orxan (heyrətlə). Könül verdiyin bir qəlbəmi? 
Olqa (kəskin). Əvət. 
Orxan (onun əlini yaxalar, sarsılmış bir halda). Söylə, o necə qəlb, o kimin qəlbi imiş? 
Olqa. Xeyr, söyləməm. (ətrafa) İştə bu söz onu qısqandırmaq üçün kafi... 
Orxan (qızğın). Söylə deyirəm sənə, o kim, mənə qarşı çıxan o cəsarətli rəqib kimdir? 
Olqa. Səndən daha böyük, səndən daha qəhrəman... 
Orxan. Adını söylə! 

Olqa. Xaqanlar xaqanı Topal Teymur... 


Orxan (həyəcanlı və qızğın). Olqa, Olqa!.. Moskvadakı halını nə çapuq unutdun? Düşün ki, biz Moskvaya girdiyimiz zaman hər tərəf kinli, amansız bir atəş içində yanırdı. Ordumuz qaçanları izlərkən mən qanadlarımı yalnız sənin üzərinə gəldim, yalnız səni ölümdən qurtardım, əvət. Sən o zaman məsum bir qızcığazdın. Vəqtini xoş keçirib də eyi tərbiyə alman üçün Teymur sarayına gətirdim. İştə sən böyüdükcə mənim arzularım da çiçəklənməyə başladı. Əfsus ki, bu gün bəslədiyim vüsal ümidləri yerinə, qarşıma acı bir ümidsizlik çıxır. 
Olqa. O da səndən, sənin vəfasızlığından. 
Orxan. Nasıl vəfasızlıq? Anlıyamadım. 
Olqa. Orxan, Orxan! Sən baş vəzirin qızı Almasa uyduqca, o qısqanc və məğrur hərəmindən ayrılmadıqca, aramazdakı sevgidən bəhs etmək yersizdir. 
Orxan. Neçin insaf etmirsən, o imdi anadır. Bununla bərabər Almas bizim sevgimizə əsla mane olamaz. 
Olqa (gülərək). Xeyr, yanılma, əzizim. O çox dəhşətli qadın... 
Orxan. Qadınların incə təbəssümləri dəhşətlərindən daha güclüdür. (Olqanın əlini yaxalar.) İmdi mən ona mərhəmət edirəm, fəzlə qısqanclıq edərsə, özü zərər görər. 
Olqa. Demək, məni daha çox sevirsən, öyləmi? 
Orxan. Olqa, səni sevməməkmi olar? Unutma ki, Orxan sənin əsirindir. 
Qaraquş (Dəmirqaya ilə bərabər pərdə arasında görünür). Ah, xain!.. (Dəmirqayaya) İştə gördünmü, get də Almas xanıma xəbər ver. 
Dəmirqaya. Gəl bəri, canım, nəmə lazım, mən qarışmam. 

Çəkilirlər. 

Orxan. Teymur son səfərində, Hindistana hücum edərkən Səmərqənd inzibatını gözətmək üçün məni burada buraxdı. Ehtimal ki, yenə qalıram, o zaman istədiyimiz kimi zövq və səfaya baxarız. 
Olqa (ətrafa baxır). İştə Topal gəlir. Yarın axşam səni çinarlı bağçada hovuz kənarında bəklərəm.
Orxan. Yaxşı... (Gedir.) 
Olqa (yalnız). Xeyr, Orxan mənimdir. Onu kimsəyə verməm. (Azacıq tərəddüd) Ah, fəqət Elmas, baş vəzirin qızı Elmas!.. O məni çox düşündürür. 

Əli alnında məhzun bir tövr ilə düşüncəyə dalır. Bu sırada Əmir Teymur gəlir. O, ortaboylu, qəvi bünyəli, yüksək alınlı, iri başlı, rəngi ağ, üzü azcıq qanlı, omuzları geniş, barmaqları yuvarlaq, qalçaları uzun, əzəlatı qayət sağlam bir şəxsiyyətdir. Vücudunun düzgünlüyündən ayağındakı axsaqlıq bir o qədər gözə çarpmır. Səsi güclü və gurultuludur. Asya üsulu geniş və açıq ətəkli ipək kaftan (çapan) büründüyü halda baş örtüsü keçədən yapılma məxruti bir külahdan ibarətdir. Külahın təpəsində inci və sair mücövhərat ilə süslənmiş uzunca bir yaqut püskül bulunur. 

Teymur. Yenə Moskva ərməğanı, gözəl rus qızı nə düşünür? 
Olqa (məhzun təbəssümlə). Böylə möhtəşəm bir sarayda mənim nə düşüncəm ola bilər? 
Teymur. O halda üzünü saran bu kədər buludları nə demək? Mən solğun çiçəkləri heç sevməm. Daima yeni açmış güllər kimi, daima gül bənizli şəfəqlər kimi nəşəli olmanı istərəm. Əvət, söyləyəcəyin sözləri hər zamankı şətarətinlə gülərək, nazlanaraq söylə!.. 
Olqa. Mənim şətarətim böyük qəzəbinə səbəb olar deyə əndişə edirəm. 
Teymur. Yaxşı, əndişə neçin? 
Olqa. Çünki qəlbi hərb atəşilə alovlanan bir hökmdara qarşı gülümsünmək cəsarəti həddim deyil... 
Teymur. İştə çox yanlış düşüncə... Müharibə hazırlığı Teymuru qəzəbləndirməz, biləks bayram tədarükü qədər xoşhal və məmnun edər. 
Olqa (şux və cazibəli bir əda ilə). Lütf ediniz, əfəndim, iki aydır ki, Səmərqənd şən və şatır bir hal keçirir. Zərəfşan çayının oynaq dalğaları könüllərə nəşə sərpir və xoşahəng ninnilərilə Bingül dərəsi şənliyini alqışlayır. Fəqət nədənsə birdən-birə bu şənliklər kəsildi. İştə onunçün azcıq maraq etdim. 
Teymur. Nasıl, Bingül dərəsi çox xoşmu? 
Olqa. Ah, Bingül dərəsi başqa bir aləm... Adəta röya qədər gözəl, cənnət qədər parlaqdır. Əvət, Bingül dərəsindəki zövq və səfa məclisləri, yaşıl ovalar içində qurulmuş çadırlar, Ərəbistan və İrana məxsus sıra pərdələr görülür şeylərdən deyil... Hələ Hindistandan gəlmə canbaz və oyunçular, mizahçı və lətifəçilər, rəqqas və rəqqasələr... Bir taqım cirit oyunları. Pəhləvanların güləşməsi, yaşıl-qırmızı rənglərlə boyanmış fillərin oynadılması, hər dürlü xanəndə və sazəndə, hər çeşit yarış və əyləncə gerçəkdən insanı sərxoş edir. Hələ bu şənliyə əmir və şahzadələrin hərəmləri və bütün türk-tatar qızlarının iştirakı hər tərəfdən gələn əcnəbi səfirlərin belə nəzərini cəlb edir. Və hər kəs böyük Teymurun dəbdəbə və ehtişamını seyr etdikcə heyrətdən özünü alammır. 
Teymur. İştə məftunu olduğun bu mənzərələr, Səmərqənddəki möhtəşəm saraylar və ali mədrəsələr, böyük məbədlər və abidələr həp qalibiyyət əsərləri, həp fəth və zəfər tarixidir. (Təbdili-tövr ilə) Mənə bax, Olqa! Sən səyahətdən zövq alırmısan? 
Olqa. Şübhəsiz, səyahət insanın könlünü açan şeylərdən biridir. 
Teymur. O halda səni özümlə bərabər götürəcəyəm. 
Olqa. Nerəyə, müharibə meydanınamı? 
Teymur. Öylə ya! Görüləcək mənzərələrin ən gözəli hərb və qalibiyyət səhnələridir. 
Olqa. Əvət, Orxan da öylə söyləyir. 
Teymur (mənalı təbəssümlə). Ya? Orxan çox gözəl düşünür. Demək mənimlə bərabar gedərsən, deyilmi? 
Olqa. Böyük xaqanın arzusuna itaət və hörmət ən böyük səadətdir. 
Teymur. Səndəki idrak və zəkadan çox məmnun oldum. Hərəmxanəyə get, imdi hökumət adamları buraya gələcək. 

Olqa təzim edib çıxır. 

Teymur (əl çalır, Qaraquş gəlir). Qaraquş! Orxan nerdə? 
Qaraquş. Dəmin buradaydı. Olqa ilə görüşürdü. 
Teymur. Onu buraya çağır. Bir də Divan bəyi, yaxud Aqbuğa gəlirsə xəbər ver... (Gedir). 
Qaraquş (təzim ilə). Baş üstünə... (Çəkilmək istərkən ətrafa baxar.) İştə Almas gəlir, imdicə qəlbinə bir qıvılcım ataram. (Gələn Almasa) Əfv edərsiniz, Orxan nerdə? 
Almas. Mən də sənə sormaq istərəm, dəmin burada imiş... 
Qaraquş. Əvət, Olqa ilə bərabər idi, fəqət getdi. 

Dilşad gəlir, duymazlar. 



Almas. Nə qonuşurlardı? 
Qaraquş (azacıq sırıtaraq). Məlum a, eşq aləminə əğyarın qarışması eyi bir şey deyil... 
Almas. Nasıl eşq, nasıl eşq!?. (Ətrafa) Ah, çıldıracağam... 
Qaraquş. Hər halda Orxan sizin ərinizdir. Onu siz məndən daha eyi tanıyırsınız. Lakin mən yenə onda qüsur görmürəm. Bütün qəbahətlər qızda... Çünki Orxana dəli kimi sarılır. 
Almas (ətrafa). Ah, xain Orxan, dur, mən sənə göstərərəm. 
Qaraquş. O öylə bir bəla ki, beş gün sonra Əmiri də məftun edər. 
Dilşad. Nasıl? Əmiridəmi? 
Qaraquş (şaşqın bir halda kəkələr). Xeyir, xanım! Əmir... 
Dilşad (həyəcanlı və qızğın). Qaraquş! 
Qaraquş. Əfv edərsiniz... 
Dilşad. Düşün ki, mənə Qəmərəddin qızı Dilşad derlər. (Ətrafa) Ah, sayğısız Olqa!.. 
Qaraquş. İştə Əmir gəlir, mən Orxanı çağırmalıyam. 
Dilşad. Get! (Gedir.) Almas! Sən imdi Əmirə bir söz söyləmə. 
Teymur (gəlir, əyilirlər). Dilşadı çox həyəcanlı görürəm. 
Dilşad. Xeyr, həyəcana bir səbəb yox... 
Teymur. Gözlərin daha başqa mənalar anladır. 
Dilşad. Ətraf qəzalardan ixtiyar bir köylü gəlmiş, mənə şikayət edirdi. Çox sıxıldım da halım bir az dəyişdi. 
Teymur. Əcəba, köylünün şikayəti nə imiş? 
Dilşad. Bu ilki buğda məhsulu az olmuş, hökumətə vergi verməmiş, onunçün qəza hakimi Mamay xan zavallını qırmancla döydürmüş. 
Teymur (heyrət və şiddətlə). Nasıl, nasıl!?. İxtiyar köylünü qırmancla döydürmüş ha! Ah, qudurğan, şaşqın!.. O düşünmür ki, əhalini incidən bir hakim yavrusunu parçalayan bir heyvan qədər şüursuzdur. Zərər yox, yarın məsələ aydınlaşır, bu söz doğru çıxarsa, sayğısız hərifə ən şiddətli cəza verilər. (Kəskin) Əvət, qırmancı qədər nüfuz və idarəsi olmayan bir hakim hökumət naminə ən çirkin və silinməz bir ləkədir. 
Dilşad. Köylünün dediyinə görə əkdiyi yer təcrübədən çıxmamış bir səhra imiş, onunçün də eyicə məhsul alamamış. 
Teymur. Zavallı Mamay xan, zavallı!... Mən yarın onun kor gözlərini açaram. Görünür ki, o, məmləkət qanunlarını unudur. 
Dilşad. Halbuki, qanunca bir adam məhsulsuz bir səhranı şənləndirsə, ya bir kəhriz çıxarırsa, yaxud yeni bir bağça salıb bir viranəni abad edərsə, o şəxs birinci il büsbütün vergidən azad olur. İkinci il öz istəyilə bir şey verirsə verər, verməzsə məcbur deyil. Üçüncü il, yalnız üçüncü il qanuna müvafiq vergi verməlidir. 
Teymur. Xeyr, Mamay xan aldanır. O düşünmür ki, rəncbərlər sıxıldıqca dövlət xəzinəsi boşalır, xəzinə boşalınca ordunun halı pozulur. Və bu pozuqluq da məmləkətin pərişanlığına səbəb olur. Heç maraq etmə! Yarın, əvət yarın həq yerini bular. 
Dilşad. Əskik olmayın... (Almasa) Gedəlim. (Getmək istərlər.) 
Teymur. Mənə bax, Dilşad! Daha dur, sözüm bitmədi. Səni çox sarsılmış və həyəcanlı görürəm. Unutma ki, sən Teymur hərəmisən. Söylə, açıq söylə, üz-gözünü saran bu fırtınalı buludlar nədən irəli gəlir? 
Dilşad. Ah, bu aşiftə qız... Olqa!.. 
Teymur. Nə var, nə olmuş? 
Dilşad. Zavallı Almasa göz verir də, işıq vermir. Hər gün yeni bir sevgi, hər gün yeni bir təranə. Bilməm ki, Orxandan nə istəyir? 
Almas. Hətta, əvət hətta!... (Sözünü bitirəməz.) 
Dilşad. Ah, hər halda Olqa buradan dəf edilməli... 
Teymur. Heç sıxılma, Almas, səni üzən düşüncələr çox çapuq gedər. Sən Divan bəyi qızı və Orxan hərəmisən. Mən onların hər ikisini sevərəm. Hələ səndəki vüqar, səndəki vüqar və əzəmət! 
Almas (xəfif baş əyintisilə). Təşəkkür edirəm. 
Qaraquş (gəlir, əyilir). Orxan əmrü-hümayuna müntəzirdir. 
Teymur. Gəlsin. (Qadınlara) Siz çəkilin. (Gedirlər, Orxan gəlir, əyilir.) Orxan! Yaxın gəl... (Əlini onun omuzuna qoyur.) Sən həm qəhrəman bir cəngavərsən, həm də siyasəti çox gözəl bilirsən. Səni bir işə təyin etdim, yarın yola çıxmalısan. 
Orxan. İtaət borcumdur. 
Teymur. Osmanlı sultanı Yıldırım Bayazidə elçi göndərdik, hənuz ondan bir xəbər yox. Hər halda bizim Bursada, Yıldırım paytaxtında bir gözçümüz bulunmalı; sarayın iç və dış üzünü öyrənib hər ay bizə xəbər verməli. Divan bəyi lazım gələn vəzifəni sənə söylər. Ordumuz bir həftə sonra Misir-Şam tərəflərinə hərəkət eyləyəcək. Sən də doğru, Bursaya gedərsən. Orada özünü mənə düşmən göstərərsən, Yıldırıma məhəbbət bəslədiyin için buradan qovulduğunu söylərsən. Hətta bizimkilər də öylə bilməli... Çünki şəhrimizdə casus bulunur da tədbirimiz boşa çıxar. 
Orxan. Yıldırım sözlərimə inanmazsa? 
Teymur. Heç maraq etmə, inanar; çünki o çox məğrurdur. Məğrurlar isə həqiqəti görəməzlər. Deyirlər o, gözdən çox zəifdir, məgərsə qəlbi və düşüncəsi də kor imiş... (Kəskin) Əsla düşünmə, get, yarın üçün hazırlan, Dəmirqaya da səninlə bərabər bulunsun. 
Orxan. Lakin o, çox sadə adam... İşlərimə əngəl olar deyə ehtiyat edirəm. 
Teymur. Ehtiyat lazım deyil. O təcrübədən çıxmış sadiq bir əsgərdir. Haydı, oğlum! Vəzifə və ciddiyyət! 
Orxan. Böyük xaqanın əmri hər şeydən yüksəkdir. (Əyilir, çıxır.) 
Qaraquş (gəlir, əyilir). Divan bəyi, şair Kirmani, sərdar Aqbuğa hüzura izn istəyirlər. 
Teymur. Buyursunlar. (Qaraquş gəldiyi tərəfə ehtiramkar bir işarət edər. Hər üçü gəlir, əyilirlər, Teymur nəvazişkar bir tövr ilə.) Divan bəyinin əhvalı? 
Divan bəyi. Təşəkkür edirəm. 
Teymur. Şair Kirmani nasıl? 
Şair. Əskik olmayın. 
Teymur. Ordumuzun qəhrəman sərdarı Aqbuğa nə halda? 
Aqbuğa. Aqbuğa hər an yılmaz ordu ilə bərabər sarsılmaz xaqanın əmrini bəklər. 
Teymur. Çox gözəl, oturun. (Otururlar). Aylarca Büngül dərəsində böyük şənliklər yapdıq, epeycə zövq və səfaya daldıq, bir qədər də müharibə şənliyi yapsaq eyi olmazmı? 
Aqbuğa. Məncə müharibə meydanı düyün dərnəklərindən, eyşi-nuş məclislərindən daha xoş, daha ruhaşinadır. 
Teymur. Buna sən nə dersən, şair? Bu gün gözümə çox nəşəli görünürsən. 
Şair (laübali və yarımsərxoş bir qəhqəhəylə). Şənlik... o da şənlik, bu da şənlik... Qovğa ... Qovğa... o da qovğa, bu da qovğa... Yalnız, əvət yalnız arada bir fərq var ki, siz cəngavərlər insan qanına hərissiniz, biz şairlər gülgün şərabə... Onda vəhşət və dəhşət var, bunda zövq və şətarət. Sizin hərb nərələriniz ürəkləri qoparır, insanları parçaladır, anaları ağladır. Şairlərin eyş-nuş təranələri isə kinləri, kədərləri öldürür. Üzləri, könülləri güldürür. Siz insan qafalarını qırarkən, biz də o qafalardan yapılma qədəhləri bir-birinə vururuz. Siz hərb və dəhşət qalibi, biz eşq və məhəbbət məğlubu. Fəqət bizim bu məğlubiyyətimiz o qalibiyyətdən daha üstündür. 
Teymur. Bəxtiyar şair! Səni sərməst edən dadlı xəyal, yalnız xoş bir təsəllidir. Bununla bərabər sən çox böyüksən, əvət, sənin kimi dəyərli simaların qədr və qiyməti anlaşılsaydı, mənim kimi topallar soldakı sıfır qədər mənasız qalardı. Siz yarasalar ölkəsində, korlar məmləkətində parlayan bir günəşsiniz. Əfsus ki, insan adını daşıyan ikiayaqlı həşərat çox qaba və səfil bir şey... İştə bu qaba və miskin həşəratı uslandırmaq üçün, onların pas tutmuş kirli vicdanlarını yumaq üçün yalnız Teymur qılıncı lazım... Əvət, sevgili şair! İnsanlar mərhəmət və məhəbbətdən ziyadə dəhşət və qüvvətə tapınırlar. (Aqbuğaya) Demək, ordu tamamilə hərbə hazır, öyləmi? 
Aqbuğa. Əvət, həpsi bir fərd kimi əmrə müntəzirdir. 
Teymur. İştə kafi... 
Şair. İmdi nerəyə, əcəba? 
Teymur. Misir və Şam üzərinə. 
Şair. Fəqət bu siyasəti əsla düşünəmirəm. 
Teymur. Sən “Teymurnamə” müəllifi ikən mənim siyasətimə yabançı görünmək tühaf deyilmi ya? (Həyəcanlı) Ah, Savə!... Fazil Şeyx Savənin qətli nə çapuq unuduldu? Mən onu Ərəbistana elçi göndərdim. Misir hökmdarı alçaqcasına öldürtdü. Əcəba, elçi də öldürülərmi? Xeyr, xeyr, Şeyx Savənin qanı yerdə qalmaz. 
Şair. Fəqət azcıq istirahət də lazım. (Teymurun taxtı önünə sərilmiş qaplan dərisini göstərir.) İştə Hindistanda Qanq nəhri kənarında ovladığın qaplanların dərisi hənuz qurumamış, Sultan Mahmud ölkəsində axıtdığın qanların izi hənuz torpaqdan silinməmiş... 
Teymur. Mən məğrurları əzmək üçün yaradılmış bir allah bəlasıyam. Tökdüyüm qanlar da yalnız haq və ədalət naminədir. 

Şair. Açıq söyləmək lazım gəlirsə, mən qan tökülməkdə heç bir haq və ədalət görmürəm. 


Teymur (məğrur təbəssümlə). Əvət, haqlısan, çünki... şairsən. 
Aqbuğa. Şairlər də mənəvi həkimlərdir. Qan axıtmaqdansa, yara bağlamağı daha xoş görürlər. 
Teymur. Baxalım Divan bəyi nə deyir? 
Divan bəyi. Mənə qalırsa, xeyir və şər ekizdir. Məhəbbətlə ədavət bir-birinə bağlıdır. Lüzumundan fəzlə məhəbbət nifrət doğurduğu kimi, həddən aşırı qan tökülməkdə də bir fəzilət yox. 
Teymur. Divan bəyi daha başqa düşünür, o daha etidalçı. Fəqət unutmamalı ki, hər səciyyə və şəxsiyyət birər qanun deməkdir. İştə bu gün şəxsiyyətim mənə nə əmr edərsə, onu yapmaqdan çəkinmərəm. Bunula bərabər mən imdiyə qədər qurultaysız, şurasız bir şey yapmadım, çünki şurasız bir məmləkət cahil bir şəxsə bənzər ki, tutduğu işlər, söylədiyi sözlər həp nədamət və fəlakət doğurur. Mən daima həkim və aqil şəxsləri dinlədim, böyük sərdarlar ilə müşavirə yapdım. Yalnız hərb ilə mübarizəni deyil, sülh mənafeyini də düşündüm. Əvət, mən bu nəhayətsiz ölkələri gah tədbir və siyasətlə, gah sülh və məhəbbətlə, gah təhdid və şiddətlə, gah əfv və mülayimətlə idarə etmək istərəm. Mən hər işdə səbat və istiqaməti sevdiyim kimi tədbir və ehtiyatdan da xoşlanır, lazım gəlirsə, bəzən düşmənlərimə qarşı səbr və təhəmmül göstərirəm, bəzən də qafil və cahil görünməkdən zövq alıram. 
Divan bəyi. Baxalım şura nə qərarə gəlir. 
Teymur. Əminəm ki, Ərəbistan səfərinə kimsə etiraz etməz. Çünki Bingül dərəsində dövlət kişilərindən çox-çoxunu dinlədim. Hər kəs mənim fikrimə iştirak edir. Bu xüsusda tərəddüd göstərən varsa, o da yalnız şair Kirmani ilə sənsən. Şübhəsiz ki, iki gün sonra siz də əksəriyyətə tabe olursunuz. 
Qaraquş (gəlir, əyilir). Sobutay hüzura izn istəyir. 
Teymur. Hankı Sobutay? 
Qaraquş (Aqbuğaya işarətlə). Böyük sərdarın kiçik qardaşı, Yıldırım Bayazidə göndərilən elçi... 
Teymur. Gəlsin, baxalım nə cavab gətirmiş. (Qaraquş kənara işarət edər. Sobutay gəlir, əyilir.) Xoş gəldin, oğlum, nasılsın? 
Sobutay. Böyük xaqanın kölgəsi əskik olmasın. 
Teymur. Osmanlı sultanından nə xəbər? 
Sobutay. İştə göndərdiyi cavab. (Məktubu təqdim edər.) 
Teymur (məktubu Divan bəyiyə verir, elçiyə). Məktubu Divan bəyi oxur, söylə, baxalım qəhrəman Sobutay! Sən nə gördün, sən nə eşitdin? 
Sobutay. Yıldırım daima eyş-işrət düşgünü... Götürdüyüm məktuba qarşı acı qəhqəhələrlə güldü; həm də son dərəcə saymazlıq, soyuqluq göstərdi. 
Teymur. Demək, mənim düşmənim Qaraqoyunlu əmiri Qara Yusifi yenə himayə etmək istəyir, öyləmi? 
Sobutay. Yalnız Qara Yusifi himayə etmir, hətta Bağdad sultanı Əhməd Cəlayiri də ittihada cəlb etmiş, həm də bizim əleyhimizə... 
Teymur (acı qəhqəhəylə). Demək düşmənlərimiz ilə itilaf yapır, bizi heçə saymaq istəyir, öyləmi? (Başını məktubdan qaldıran Divan bəyiyə) Yaxşı, nə yazır? 
Divan bəyi. Təkrarə nə hacət?! İştə Sobutayın söylədiyi kimi: saymazlıq və soyuqluq... Başqa laf yox. 
Teymur (kinli). Saymazlıq və soyuqluq... Nə gülünc həqarət! (Hiddətlə yerindən qalxar.) Ah, saymazlıq və soyuqluq... Nə böyük cəsarət!.. Mən ondan qardaşca məhəbbət bəklərkən iştə aldığım cavab! Qara Yusiflə Əhməd Cəlayir məni gözəl tanıyırlar, fəqət Yıldırım!.. Yıldırım isə şərab düşgünü... Zərər yox, o da ayıldıqdan sonra tanıyar. Mən İrana ayaq basdım, ən böyük cəngavərlər qarşımda durmayıb Mazandaran çaqqalları kimi ormanlara qaçdılar. Moskvaya hücum etdim, rus knyazları qorxudan şimal ayıları kimi ürküşüb dağılmağa başladılar. Hindistana yürüdüm. Sultan Mahmud ordusu Qanq nəhri kənarındakı qaplanlar kimi oxlarıma şikar olub diz çökdülər. Əvət, bir gün gələr ki, məğrur Yıldırım da paytaxtı Bursada Topal Teymuru qarşılar və o zaman... iştə o zaman sərxoşluğun nəticəsini və mənim kim olduğumu həqqilə anlar. 

PƏRDƏ 


İKİNCİ PƏRDƏ 

Gözəl bir köşk... Ortada fəvvarəli bir hovuz, hovuz kənarında Kişmir və İsfahan səccadələrilə ipək döşəklər, qədifə (məxmər) yasdıqlar və balışlar, masa və sandaliyələr... Bağça başdan-başa dürlü çiçəklərlə bəzənmiş, ta uzaqlarda sıra ilə ulu çinar ağacları nəzərləri oxşar. Kənardan eşidilən həzin bir kamança səsi ruhlara nəşə sərpər. Bir tərəfdə şərabla dolu sürahi və bir qədəh, soyulmuş və soyulmamış alma və şaftalı, digər tərəfdə qələm, dəvat, bir tağım dəftər və kitablar bulunur. 


Şair Kirmani yasdığa yaslanaraq yazı ilə məşğul görünür. Olqa əlində böyük bir gül dəməti gəlir. Arxa tərəfdən qədəh içərisinə bir gül buraxıb geri çəkilir. 

Şair (başını qaldırır, dolu qədəhi alıb içmək istərkən heyrətlə). Əcəba, bu gül nerdən? (Ətrafa baxar, Olqanı görüncə qələmi buraxır.) Ah, nə böyük səadət!.. (Ahəngi-məxsus ilə) Badə, gül, bir də gül bənizli mələk!.. (Yerindən qalxıb sandaliyəyə oturur.) 


Olqa. Sizi rahatsız etdim, deyilmi? 
Şair. Biləks, şairləri rahatsız və müztərib edən bir şey varsa, o da gözəllərdən uzaq bulunmaqdır.
Olqa (əlindəki dəməti təqdim ilə). İştə bu gülləri yalnız şair üçün topladım. 
Şair (alır). O halda şair son dərəcə bəxtiyardır. (Olqaya işarətlə) Müsaidənizlə bu qədəhi təbiətin ən canlı şeri şərəfinə içmək istərəm. (İçər). 
Olqa. Nuş olsun! Bu dəftərlər nə? Yoxsa yeni bir ilhammı var? 
Şair. Xeyr, “Teymurnamə” yazıram. 
Olqa. Çox gözəl. Böyük xaqanın tarixini yazmaq şərəfi hər kəsə nəsib olmaz. 
Şair. Halbuki, eşq və gözəllik tarixi yazan şairlər daha yüksəkdir. 
Olqa (gedəcək olur). Müsaidənizlə... 
Şair. Gedirmisiniz? 
Olqa. Əvət. 
Şair. Nədənsə bu gün sizi çox düşüncəli görürəm. Səbəbini sora bilərmiyəm? 

Yüklə 389,28 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin