Yazılmışdır: 1925 İlk nəşri: 1926 İlk səhnə quruluşu: 1926 ƏŞxas I



Yüklə 389,28 Kb.
səhifə4/4
tarix07.04.2018
ölçüsü389,28 Kb.
#47706
növüYazı
1   2   3   4

Yıldırım. Sonra? Sonra? 
Əli paşa (yarımbaxışla məktubu süzərək). İştə bu mənim son məktubum və son təklifimdir. Qaraqoyunlu əmiri Qara Yusif oradan uzaqlaşmalı... Şahzadələrinizdən biri məmurən yanıma göndərilməli... Mən ona övlad kimi baxacağımı imdidən vəd eylərəm; fəqət məktubuma müvafiq cavab gəlməzsə, hücum edəcəyim şübhəsizdir. Ona görə də hazırlanmanızı ixtar edərəm. 
Yıldırım. Müharibəmi? Ah, müharibəmi? (Acı qəhqəhəylə) Gör bizi nə ilə qorxudur. Zavallı Topal! Görünür ki, qarşısındakını unudur. (Çox qızğın) Xeyr, onun cavabı müharibədən başqa bir şey deyil. 
Şeyx Buxari. Zənnimcə, qəzəb və hiddət əfəndimizi yanlış mühakimələrə sövq edir. Teymur da sizin qədər qəhrəman, sizin qədər cəsur və sarsılmaz bir hökmdar. Boş yerə türk övladının qanını tökdürməyin və ətrafınızı saran düşmənləri öz fəlakətinizə güldürməyin. 
Yıldırım. Xeyr, mirim! Mən imdiyə qədər sənin acı nəsihətlərini dinlədim. Əfsus ki, bundan sonra dinləməyəcəyəm, çünki bu məktubun məalı təhqirlərin ən acısıdır. 
Şeyx Buxari. Əvət, bilirəm acıdır, hətta mənim sözlərim ondan da acıdır. Fəqət onunla çarpışacağına, öz nəfsinlə mübarizə et. Cəsarət edirəm, mümkünsə rəqqasələrə uyma! Serbistan prensesi nüfuzuna qapılma! Və sərxoş vəzirlərə alət olma!.. 
Əli paşa (ətrafa). Ah, bu nə həzyan? 
Yıldırım. Əvət, şeyxim! Acı da olsa, sözlərində bir həqiqət var. Lakin Teymura qarşı susmaq əsla əlimdən gəlməz. Çünki o məni tanımır, yaxud tanımaq istəmir. Hər halda mən özümü ona tanıtmalıyam. Əli paşa, cavab yaz! 

Əli paşa kağız-qələm hazırlar. 

Orxan (təzim ilə). Müsaidə buyurulursa, mən də iki söz söyləmək istərəm. 
Yıldırım. Söylə! 
Orxan. Əfəndimizin iradəsi əlbəttə bir həqiqətdir. Şeyx həzrətlərinin tövsiyəsi isə daha xeyirxahanə bir məsləhətdir. 
Yıldırım. Mən həpsini düşünürəm, artıq bizimki məsləhətdən keçmiş. (Qızğın) Cavab yaz! 
Əli paşa. Əmrinizə müntəzirəm. 
Yıldırım. Yıldırım Bayaziddən kəlbi-əqur Teymura! 
Məclisdəkilər (heyrət və dəhşətlə ətrafa). Nasıl? Kəlbi-əqurmu?! 
Yıldırım. Yazdınmı? Kəlbi-əqur Teymura. 
Əli paşa. Əvət, kəlbi-əqur Teymura. 
Yıldırım. Yaz, müharibəmiz müharibədir. Hər kim sözündən qaçarsa, qadını üs təlaq ilə boş olsun. 
Əli paşa (yazır, ətrafa). Ah, fəlakət! Dəhşət! 
Yıldırım. Ötəsini özün bilirsən, iştə mənim deyəcəyim bu! 
Şeyx Buxari (müztərib və həyəcanlı). Əfəndim! Əfəndim, müsaidə buyurun. Bu cavab adabi-münazirəyə əsla müvafiq deyil. Həm də heç bir hüsni-təvil qəbul etməz. Əvət, bu bir xəta, bu bir təcavüz ki, heç bir hökmdarın şanına yaxışmaz. 
Yıldırım. Artıq yetişir, rica edirəm, kimsə qarışmasın. 
Şeyx Buxari (yerindən qalxar, getmək istər). Yaxşı, Sultanım, qarışmam, lakin bu cavabınızla böyük bir məsuliyyəti-tarixiyyə altında qalacaqsınız. Mənə müsaidə... 
Yıldırım. Buyura bilərsiniz. (Şeyx Buxari çıxır. Yıldırım istehzalı təbəssümlə qafasını oynadır) Əvət, bu məktubla Yıldırım böyük bir məsuliyyə, bir məsuliyyəti-tarixiyyə altında qalacaqmış. 
Orxan. Hər halda Şeyx bədxah bir şəxs deyil. 
Yıldırım. Nə olursa-olsun, mənim iradəm qətidir. (Qalxır) Mənə bax, Orxan! Sən bu vəqtə qədər bizdən hörmət və məhəbbət gördün... və o sayədə Anadoluda yaşayan tatar-türkmən qəbilələrinə böyük nüfuzun var. 
Orxan. Əfəndimizin lütfündən. 
Yıldırım. İştə onlara icrayi-təsir etməli. Yarın orduya səfərbərlik əmr edəcəyəm. Baxalım Teymur bizə qarşı nə yapar? Fəqət sağın, vəzifəndə müsamihə etmə! (Çıxmaq üzrə bir neçə addım yürür). 
Orxan. Məncə vəzifə hər şeydən müqəddəsdir. Amirim uğrunda başdan keçməyə hazıram. 
Yıldırım. Haydı, aslanım, iş başına! Unutma ki, səni daha böyük rütbələr bəkləyir. Əli paşa! Sən də məktubu elçiyə ver, məndən son hədiyyə olaraq Teymura götürsün. 
Əli paşa. Baş üstünə! 

Çıxırlar. 

Orxan (yalnız). Ah, Teymur, kəlbi-əqur! (Acı və istehzalı qəhqəhəylə) Əvət, daima sərxoşların təsəllisi həzyan, aciz və zəiflərin silahı isə söyüş və qarğışdır. (Yıldırımın getidyi tərəfə kinli və qızğın) Fəqət, ey məğrur və əyyaş Sultan! Əmin ol ki, yarın, əvət yarın o qoca qəhrəmanın dəmir pəncəsində bir ilan kimi qıvrılacaqsan. Həm də umulmaz bir məğlubiyyətlə zəbun və pərişan olacaqsan. 

PƏRDƏ 


BEŞİNCİ PƏRDƏ 

Ankara ovası, Teymur çadırı... Gündüz. Çadırın önündə qalın gövdəli, gürbüz, yaylı-oxlu iki nəfər növbət bəkliyərək qonuşurlar. 

Birinci növbətçi. Yahu, bütün dünya çarpışıb vuruşmaqdan yoruldu da, bu Topal bir dürlü yorulmaq bilməyir. 
İkinci növbətçi. Yenə şikayətmi? Nə çapuq usandın, əzizim?! 
Birinci növbətçi. Misir və Şamda tökdüyümüz qanlar hənuz qurumamış. İmdi də Ankara qovğası, Ankara bəlası!... Nə demək? Beş gün rahatlanmaq yoxmu ya? 
İkinci növbətçi. Yaxşı, Qarabağın çiçəkli ovalarında, Azərbaycanın o cənnət qədər gözəl ruhlu bir guşəsində sürdüyün zövq və səfalar yetişmədimi? 
Birinci növbətçi. Nə demək! Biri üç ay yaşayışdan zövq alarsa, altı ay da hərb etməlimi? 
İkinci növbətçi. Buna bax, müharibə özü də bir zövq deyilmi ya? 
Birinci növbətçi. Burax, allahı sevərsən. (Bir neçə addım axsayaraq yürür). Şam ətrafında vuruşurkən ayağıma bir də ox dəydi hala axsayıram, hala gecələr ağrıdan uyuyamıram. 
İkinci növbətçi (gülərək). Zərər yox, saf mal sahibinə bənzər. Teymur da axsaqdır, sən də... Yalnız aranızda bir fərq var ki, sən qarğasan, o qaraquş... 
Birinci növbətçi (qızğın). Sus bə, sərsəm hərif! 
İkinci növbətçi. Çox gözəl, o qarğa olsun, sən qaraquş. 
Birinci növbətçi. Xeyr, onu da istəməm. 
İkinci növbətçi. Yaxşı, o halda nə istərsən? 
Birinci növbətçi. Nə istəyəcəyəm, bax bu Ankara müharibəsi mənim heç xoşuma getmir. Nə var, nə yox, Teymur Yıldırımı yenəcəkmiş... Yaxşı, mənim xeyrim nə olar? Misirdə, Şamda heç olmazsa əlimizə paradan-maldan bir şey keçdi. Burada qalib gəlirsək, (əlini ovucuna vuraraq) söylə, baxım, bu ovucuma nə girəcək? Ankaranın quru, boş səhrasımı? 
İkinci növbətçi (istehzalı qəhqəhəylə). Vay, yəhudi dəllalı, vay! Sən müharibəyə yağma üçünmü gəldin? 
Birinci növbətçi. Nə demək? Topal ad qazansın da arada mənim canım getsin, öyləmi? 
İkinci növbətçi. Sus, artıq yetişir; bu sözlər bir türkə yaraşmadığı kimi, bir əsgərə heç yaraşmaz. 
Birinci növbətçi. Nə demək? Sanki əsgər insan deyilmi ya? (Sinirli) Əvət, nə demək! Ölüb-öldürən biz, gülüb-əylənən onlar! Çarpışıb-vuruşan biz, ad-san qazanan onlar! Ac-çılpaq qalan biz, zövqü səfayə dalan yenə onlar! 
İkinci növbətçi (gülərək). Yahu sayıqlayırmısan, onlar kimdir, əcəba? 

Birinci növbətçi. Onlar, iştə saraylarda kef sürən azğın padşahlar, dəli xaqanlar... Sərvət və səadət içində gülümsəyən qurnaz vəzirlər, yaramaz vəkillər... Eyşü nuş ilə vəqt keçirən hoppa şahzadələr, çılğın dərəbəylər... 


İkinci növbətçi (məğrur qəhqəhəylə). Anlaşıldı, əvət, anlaşıldı. Bu düşüncələr həp qorxaqlıqdan iləri gəlir. (Əlilə onun omuzuna vuraraq) Mənə bax, heç maraq etmə, bu gün-yarın Yıldırım basılar, yenə Səmərqəndə dönəriz. 
Birinci növbətçi. Xeyr, bu qovğadan gözüm heç su içmir. Yıldırımı çox qəhrəman deyirlər. 
İkinci növbətçi. Əcəba, onun nəsi qəhrəman imiş? 
Birinci növbətçi. Nə demək? İştə neçə gündür üz-üzə dururuz. Hərif müharibəni buraxıb da şikara çıxmış. Yaxşı, bundan nə çıxar? Demək o qədər məğrur ki, bizi saymaq belə istəmir. 
İkinci növbətçi. Zərər yox, o bizi saymazsa, biz onu sayarız. (Boru səsi eşidilir). İştə Əmir gəlir. (Baxar, heyrətlə) O nə? Sanki üz-gözündən atəş saçılır. 

Teymur müharibəyə məxsus qiyafədə gəlir. Divan bəyi, şair Kirmani və Aqbuğa onu izlər. 

Teymur (son dərəcə kinli və qızğın bir ahənglə). Teymur - kəlbi-əqur! Teymur - kəlbi-əqur! Öyləmi, ah, öyləmi? 
Şair. Ehtimal, sərxoş imiş. Yoxsa qoca bir Sultanın ağzından öylə söz çıxmaz. 
Divan bəyi. Əvət, ehtimal ki, sərsəm və xəstə imiş, yoxsa bu hədyan əqli başında olan bir zata yaraşmaz. 
Teymur (çılğın). Əvət, ehtimal ki! Ehtimal ki!? Lakin mənə də Turağay oğlu Teymur derlər. Onu sərxoşluqdan ayıltmaq, sayğısız qafasını uslandırmaq çox qolay... Ah, Yıldırım, Yıldırım! Nə qədər dəhşətli olsan, Hindistanda ovladığım qaplanlardan müdhiş deyilsən. 
Şair (ətrafa). Əvət, qaplan yırtıcıların ən vəhşisidir, fəqət qaplanları parçalayacaq daha böyük vəhşilər var ki, o da insanlardır. 
Teymur. Qaraqoyunlu əşirəti İsfahan civarında bizə şəbxun yapdılar, əsgərlərimdən üç min kişi öldürdülər. İştə qarşılıq olaraq bütün İsfahanı alt-üst etdim. Kəllələrdən qüllələr yapdırdım. Zərər yox, bir az sonra Yıldırım da məni tanır. (Çox kinli və sinirli) Ah, kəlbi-əqur! Kəlbi-əqur! Nə həzyan.. nə cəsarət!... 
Şair. Əfsus ki, cəsurların həzyanı, həzyançıların cəsarəti qədər gülünc və mənasızdır. 
Teymur. O həzyanlar heç... Hərifdəki azğınlığa bax ki, imdi də məni saymır, hərbə girişəcəyinə şikara çıxır. 
Aqbuğa (istehzalı təbəssümlə). Əvət, gerçəkdən çox sayğısız... çox məğrur... 
Şair. Fəqət məğrurlar çox çapuq sərnigun olur. 

Sobutay sürətli addımlarla gəlir, əyilir. 

Teymur. Nə var, Sobutay? 
Sobutay. Böyük Xaqanın əmrilə ova çıxan on beş min nəfər Yıldırım əsgəri bizimkilər tərəfindən ortaya alınmış və bir saldırışda həpsi əzilib dağılmış. 
Teymur. Yıldırımdan nə xəbər? 
Sobutay. Yalnız Yıldırım qəhrəmanca bir çevikliklə aradan çıxmış və beş-on nəfər məiyyətilə qaçıb qurtulmuş. 
Teymur. Mən qəhrəmanları çox sevirəm. 
Sobutay. Bir də, Yıldırım şikarda ikən su yollarını da kəsdik, təbii, ordu susuz qalınca daha çapuq təslim olur. 
Teymur. Çox gözəl tədbir. Bunu kim düşündü? 
Sobutay (Aqbuğayı göstərir). Böyük sərdar Aqbuğa. 
Teymur. Zatən hərb zamanı hiylə də müvəffəqiyyət vasitələrindən biridir. 
Şair (ətrafa). Mən yalnız Kərbəladakı ərəb Şimirini tanırdım, məgərsə türkdən də Şimir çıxarmış! 
Teymur. Aqbuğa! Daha durmaq lazım deyil, ordu hücuma keçməli. Sağın Yıldırımı yaralamasınlar. Ona söyləyəcək sözlərim var. İgid Sobutay! Sən də qafil olma! Hər kim onu diri yaxalarsa, onu böyük mükafat bəkləyir. 
Aqbuğa. Xətti-hərəkətimiz nə yolda olacaq? 
Teymur. Onların sağ cinahı açıqdır. İştə oradan bizim sol cinah mərkəzi əhatə etməli. Onların sol cinahı isə çox zəif. Əminəm ki, bizə qarşı duramayıb çapuq pozular. Haydı, aslanım! Cəsarət və mətanət!.. 

Aqbuğa və Sobutay əsgərcə təmənna edir, sürətli addımlarla gedərlər. 

Şair (ətrafa). Qardaş qardaş qanı içir. İştə siyasət və rəyasət bəlası! 
Teymur. Orxan gəlmədi, bu məni çox düşündürür. Hər halda o, bu gün bizim tərəfə keçməliydi. 
Divan bəyi. Kim bilir, bəlkə keçmiş də bizimkilər tərəfindən yaxalanmış... 
Teymur. Hər tərəfə buyruq ver, ona ilişməsinlər. (Şair Kirmaniyə.) Gəl, baxalım, şair! Sən də bir tərəfdə seyr et, müharibəni yaxından tamaşa etmənin zövqü daha başqadır. (Gedirlər). 

Almas şaşqın və müztərib addımlarla gəlir. Teymur getdiyi tərəfə baxır. 

Almas (ətrafa). Orxan, ah, Orxan! Sən Alması unutdun, fəqət Almas səni görmək üçün hərb səhnələrində dolaşır. (Teymur getdiyi yolu izlər). 
Birinci növbətçi (arxadaşına). Bu Divan bəyi qızı da çox tühaf! Səmərqəndin gözəl köşklərini buraxıb da Ankara çöllərindən nə istəyir, bilməm ki? 
İkinci növbətçi. Səncə qovğa meydanı yalnız erkəklərə məxsusmu? 
Birinci növbətçi (istehzalı qəhqəhəylə). Nə demək! O da qovğa etməyə gəlmişmi? 
İkinci növbətçi. Gülərsən ya... heç atalardan eşitmədinmi?! Çingizin anası bir qadın ola-ola at belinə mindi. Bütün qonşu ölkələri sıxışdırdı və qocaman bir səltənət qurdu. 
Birinci növbətçi. Nə demək, bu da Çingizin anasımı? 
İkinci növbətçi. Nə fərqi var, qadın qadındır. Bu da o cinsdən, bu da o nəsildən. Aslanın erkəyi, dişisimi olur? 
Birinci növbətçi. Fəqət mənə qalırsa, öydüyün bu dişi aslan müharibə üçün deyil, başqa bir ov üçün gəlmiş olmalı... (Yola baxır) Gözün aydın, iştə Dəmirqaya gəlir. 
İkinci növbətçi. O ki Orxanla bərabər Yıldırım yanına qaçmışdı. 
Birinci növbətçi. Nə demək! Orada yaşamamışlar da geri dönmüşlər. 
Almas (Dəmirqaya ilə gəlir). Allah eşqinə söylə, Orxan nə oldu? Nerdə qaldı? 
Dəmirqaya (qalın və yonulmamış səslə). Onun yanında... 
Almas. O kimdir? 
Dəmirqaya. Kim olur-olsun, nəmə lazım, mən qarışmam. 
Almas. Ah, nasıl?! Orxan gəlmədimi? Səninlə bərabər deyilmi? 
Dəmirqaya. Heç Teymurun qorxusundan gələ bilərmi? Moskva qızını qaçırıb da Topala görünə bilərmi? 
Almas. Yox, Teymur onu bağışlar. 
Dəmirqaya. Zənn etməm, heç zənn etməm. 
Almas. Sus, allah eşqinə sus! Bütün qanım başıma toplanır, beynim alovlar içində yanır. Demək, o buraya gəlməyəcək, öyləmi? 
Dəmirqaya. Mən ki onun qəyyumu deyiləm, istər gəlsin, istər gəlməsin. Nəmə lazım, mən qarışmam. 
Almas. Nasıl olursa-olsun, məni Orxanın yanına götür. 
Dəmirqaya. Dedim ya, mən qarışmam. 
Almas (ətrafa). Aman, ya rəbbi, bu hərifin qəlbi daşdanmı yapılmış. (Dəmirqayaya) Mən buraya yalnız Orxan üçün gəldim. Nerdə olsa onu bulmalıyam. 
Dəmirqaya. Acam, bir az yemək yeyəlim də, sonra... 
Almas. Zərər yox, gəl ye-iç, saqın, yaxanı buraxacaq deyiləm. 
Dəmirqaya. Nəmə lazım, heç buraxma! (Gedərlər). 

Bu sırada kənardan boru və çarpışma səsləri eşidilir. 


Birinci növbətçi. Demək, müharibə qızışdı, iştə çarpışıb vuruşurlar. 

İkinci növbətçi. Əvət, gurultu getdikcə artır. 


Birinci növbətçi. İştə, Orxan da Əmir ilə bərabər gəlir. 
İkinci növbətçi. Görünür, Dəmirqaya Alması aldadırmış. 

Kənardan eşidilən gurultu, çarpışma səsi azalır. Teymur, Divan bəyi, şair Kirmani və Orxan gəlirlər. 

Teymur. Söylə, Orxan, nə yapdın? 
Orxan. Mənim ilk yapdığım böyük bir qəbahətdir. 
Teymur. Hankı qəbahət? 
Orxan. Olqayı Türküstandan qaçırdım, ona görə boynum vurulmalıdır. 
Teymur. Onu sonra mühakimə edəriz. Mənə Yıldırımdan, Yıldırım ordusundan xəbər ver! 
Orxan. Bursadakı işlər məlum. Hər ay xəbər yazıb göndərmişəm. Son həftələrdə isə Anadoludakı bəylərə gözəl rütbələr vəd etdim, həpsini tərəfimizə keçirdim. Oradakı tatar və türkmənlərin başçılarını çağırdım, məhəbbətlərini qazandım. Bütün Anadolu əsgəri bizim tərəfdə, imdicə təslim olurlar. Yalnız Rumeli sancak bəyləri, yeniçərilər və serb əsgərləri Yıldırım itaətində. Fəqət, orduda pozuqluq olunca, onlar da bir şey yapamazlar, çapuq şaşırarlar. 
Almas (Dəmirqaya ilə bərabər gəlir. Orxanı görüncə, şaşqın bir sevinclə). Ah, Orxan!.. 

Divan bəyi əlilə sükut işarəti verir. Almas çəkilib bir tərəfdə durur. 

Teymur (Orxana). Çox məmnun oldum; imdi söylə baxalım, gözəl prenses nerdə? 
Orxan. İştə qarşıda bəkləyir. Fəqət dəmin hüdudu keçərkən bizimkilər tərəfindən yaralanmış. 
Almas (ətrafa). Əvət, bu da yeni bir hiylə. 
Teymur. Orxan! Sən bir əsgərsən, fəqət işlədiyin xəyanət bir əsgərə yaxışmaz. Əcəba, xəbərsiz olaraq qızı qaçırmaq və məni saymamaq böyük bir nankorluq deyilmi? Bunu yaparkən Teymurun hiddət və qəzəbini düşünmədinmi? 

Orxan susur. 

Neçin susdun, söylə? 
Orxan. Böyük xaqanın mərhəməti mənim qəbahətimdən daha böyükdür. 

Teymur (sərt). Xeyr, qəbahəti məzur görmək fənalığı tərvic etməkdir. 


Birinci növbətçi (arxadaşına). İştə Topal yenə çıldırır. 
Divan bəyi (Teymura). Orxan gəncdir, igiddir. 
Teymur (kəskin). Xeyr, böylə bir qəbahət üçün ən böyük cəza ölümdür. 
Almas. Ah, ölümmü? 
Teymur. Əvət, Orxan yalnız edama layiqdir. 
Almas. Mərhəmət, ah, mərhəmət!.. (Teymura yaxlaşır). 
Teymur (çılğın). Çəkil! 
Divan bəyi. Ah, gerçəkdənmi edam? 
Teymur. Əvət, edam, edam...! Burax, hər kəs üçün ibrət olsun! 

Ətrafda böyük şaşqınlıq və qorxunc bir sükut... 

Orxan. Xeyr, xaqanım, xeyr... Ölüm hər kəsi qorxutsa da, Orxanı qorxutmaz. Mən vəzifə uğrunda min dəfə ölüb-dirildim. Yıldırım məni öldürtmək istərkən belə qəhqəhələrlə güldüm. İmdi isə gülmək deyil, yalnız heyrət edirəm. Həm də başqa əlləri qanımla ləkələndirmək istəməm. (Belindəki xəncəri çıxarır. Özünü vurmaq istər) Ah, sən məni alçaltdın, fəqət mən... iştə! 
Teymur (gur və kəskin səslə). Orxan! Əcələ edirsən, mən səni alçaltmaq deyil, yalnız imtahan etmək istədim. (Şən qəhqəhəylə) Unutma ki, Teymur şahmat oynarkən belə, taxtadan yapılmış kiçik bir piyadanı qeyb etmək istəməz. Halbuki, sən cəsur və eşsiz bir qəhrəmansan. (Yaxlaşıb Orxanın omuzunu oxşar) Əvət, sənin məharət və cəsarətin işlədiyin qəbahətdən daha böyükdür. Olqayı, o dəyərli yadigarı mükafat olaraq sənə bağışladım. Fəqət qəlbin onun, düşüncə və biləklərin bizim olsun. 

Bu sırada Olqa gəlir və örtündüyü çarşaf omuzlarına sarkaraq baxıb 


durur. 

Almas (çılğın bir tövr ilə Teymurun qarşısına keçərək). Xeyr, xeyr! Sən bunu əsla yapamazsan. Əvət, sən böyüksən, bütün dünyaya hökm edə bilirsən; fəqət Orxanın qəlbinə deyil! Unutma ki, mən anayam. 


Şair (ətrafa). Əvət, ana qəlbi hər şeydən güclü və məhəbbətlidir. 
Olqa (köksünü sıxaraq, ətrafa). Ah, bu ox yarası məni məhv edəcək... 
Teymur. Almas! Səbr və mətanət lazım. 
Almas. Xeyr, xeyr. (Olqanı göstərir) Sən ona bütün aldığın ölkələri bağışlaya bilərsən, fəqət mənə verilən bir qəlbi əsla! Əsla! (Orxana) Neçin susdun, Orxan, cavab ver! 
Orxan. Xaqan hüzurunda ədəb gözədirəm. 
Almas. Halbuki, həyat yoldaşına xəyanət eyləmək daha böyük ədəbsizlikdir. 
Olqa (Teymur qarşısında diz çökərək). Böyük Xaqan! Mənim varlığım bir çoxlarının hissiyyatını zəhərləyir, məni öldür də, hər kəs iztirabdan qurtulsun. 
Teymur (onun qolundan tutub qaldırır). Xeyr, Moskva çiçəyi, xeyr... Mən yalnız qızğın aslanları, azğın qaplanları şikar edirəm. Mənim oxum yalnız vəhşi qartalların qanilə boyanır. Sən şətarətli bir gövərçinsən, halbuki, Teymur əsla gövərçin qanı tökmədi. 
Almas. Gövərçinləri də şahinlər parçalar. (Qoynundan ufaq bir xəncər çıxarıb vurmaq istər). 
Divan bəyi. Almas! 

Orxan Almasın biləklərini yaxalar, xəncər düşər. 

Olqa (qırıq səslə, acı təbəssümlə). Heç təlaş etmə... Almas!.. (Qanlı köksünü açaraq) Mən... iştə yaralanmışam... Artıq kimsəyə... zəhmət vermiyəcəyəm. Ah, ah, ahh... (Bayılıb düşür). 
Teymur (növbətçilərə). Yardım edin! 

Olqanı qaldırırlar. Almas çəkilir. Ətrafda gurultu və çarpışma səsləri 


yüksəlir. Teymur Divan bəyiyə. 

Bax gör nə var? 


Divan bəyi (yola baxır). İştə, Sobutay gəlir. 
Sobutay (gəlir, əyilir). Böyük Xaqana müjdələr. 
Teymur. Nə olmuş? 
Sobutay. Yıldırım ordusu pozuldu. 
Teymur. Nasıl? Ətraflı söylə! 
Sobutay. Onların sol cinahı az bir zaman bizə qarşı dura bildi. Sonra birdən-birə şaşırıb dağıldı. Şahzadə Süleyman və Əli paşa bir-iki bölüklə qaçmış. Şahzadə Məhəmməd də öz ehtiyat firqəsilə Amasya yolunu tutmuş. 
Teymur. Yıldırım özü nə halda? 
Sobutay. Onu heç sormayınız! Yıldırım gerçəkdən böyük qəhrəman. Hər kəsdən ziyadə çarpışıb vuruşdu. Ətrafdakı sipahilər və yeniçərilər də son dərəcə igid... Bununla bərabər həpsi əsir. Həpsi təslimə məcbur oldu. 
Teymur (Divan bəyiyə). Əmr et qaçanları qovmasınlar. Saqın, Yıldırıma bir şey olmasın. Həm də əsla ehtiramda qüsur edilməsin. 
Divan bəyi. İtaət, xaqanım. (Sobutayla bərabər gedir). 
Şair (ətrafa). Qəhrəmanlardakı fəzilət dəhşətləri qədər böyükdür. 
Teymur (olta vurur, qızğın və sinirli). Kəlbi-əqur!.. Kəlbi-əqur! Nə böyük cəsarət! Ah, məğrur!.. İdraksız! Teymurun təhəmmül və nəzakəti sənin kimi çoxlarını aldatmış. Lakin atəşli bir tokat həpsini sərxoşluqdan ayıltmış. (Çılğın) Yıldırım, ah, Yıldırım! Özünü dev aynasında görüb də qudurdun. Fəqət düşünmədin ki, sirkə nə qədər tünd olursa, qabı daha çapuq çatlar. 
Şair. Əcəba, böyük xaqanın bir-iki sözlə əsəbiləşməsi tühaf deyilmi? 
Teymur. İki sözmü? İki sözmü? Ah, bu həzyan zəhərli bir ox kimi röyada da beynimi dəlir. Kəlbi-əqur! Kəlbi-əqur! Ah, nə sayğısızlıq! Xeyr, böyük nəhrləri yataqlarından çıxaran, sarsılmaz və keçilməz dağları yaran Teymur hər acıyı unudar da, fəqət bu iki sözü əsla! Əsla! 
Şair. Hər halda, Yıldırım sənin can qardaşın, qan qardaşındır. 
Teymur. Əfsus ki, qardaş yarası daha acı, daha qorxunc olur. 
Sobutay (gəlir, əyilir). Yıldırım hüzurunuza gəlir. 
Teymur. Buyursunlar. 

Yıldırım iki nəfər Teymur əsgərlərilə gəlir. Aqbuğa ilə Divan bəyi də 


bərabər bulunur. 

Divan bəyi. İştə, Osmanlı sultanı Yıldırım Bayazid! 


Aqbuğa. Yalnız sultan deyil, həm də cəsur bir komandan! 
Teymur (yer göstərir, təvazölə). Buyurun, şövkətli Sultanım! Tanrı qulu Teymurdan daima ikram və ehtiram görəcəksiniz. Yorğunsunuz, rica edirəm oturun. (Oturmaz, Teymur ona cibindən bir kağız çıxarıb verir). Lütfən bu məktubu oxurmusunuz? 
Yıldırım (məktubu alır, aşırı dərəcədə gözlərinə yaxlaşdırır və Teymura iadə edər). Zatən yazıldığı zaman oxunmuş. 
Teymur. İştə, mən bu məktubdakı sözlərinizi unutdum və sizi əfv etdim. Yalnız əfv etmək deyil, hətta məhəbbətinizi də qazanmaq istərəm. Əvət, məhəbbətinizi də qazanmaq istərəm. (Mənalı və məğrur bir tövr ilə şair Kirmaniyə baxır) Əcəba, buna şair nə söylər? 
Şair (səmimi və coşğun bir ahənglə). Məhəbbət! Məhəbbət!... Əvət, bütün bəşəriyyəti xilas edəcək yalnız məhəbbətdir. Məhəbbətlə çırpınan bir çoban qəlbi, kin və ədavət püskürən bir sultan qafasından daha şərəflidir. Əgər dünyanın şanlı çarpışmaları, qanlı vuruşmaları nəticədə bir məhəbbət, fövqəlbəşər bir məhəbbət doğurmayacaqsa... bütün həyata, bütün kainata nifrətlər olsun. 
Teymur. Əcəba, məğrur Yıldırım nə düşünür? 
Yıldırım. Düşünəcək bir şey yox. Əvət, sən qalibsən. Lakin bu qələbə türk əqvamını deyil, yalnız fürsət bəkləyən qonşu hökumətləri məmnun etdi. (Acı bir köks keçirdikdən sonra, çox mütəəssir və şiddətli) Ah, daha doğrusu İslam aləmini başsız qoydu. 
Teymur (iki-üç addım axsayaraq Yıldırıma doğru yürür, məğrur və gur bir səslə) Heç maraq etmə, Xaqanım! Sən kor bir abdal, mən də dəli bir topal! Əgər dünyanın zərrə qədər dəyəri olsaydı, yığın-yığın insanlara, ucu-bucağı yox məmləkətlərə... sənin kimi bir kor, mənim kimi bir topal müsəllət olmazdı. 

PƏRDƏ 


SON 
Yüklə 389,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin