5. Sinfi mübarizə. Azərbaycan kəndində milli-müstəmləkə əsarətinə, çar məmurlannın özbaşınalığına və feodal zülmünə qarşı sinfi mübarizə getdikcə güclənirdi. Bu mübarizə fəal və qeyri-fəal formada gedirdi. Qeyri-fəal mübarizə forması-hökumət orqanlarına şikayət etmək halları daha geniş yayılmışdı. Kəndlilər çar məmurlarının, vergiyığanların, mirabların özbaşınalığından minlərlə ərizələr yazırdılar. Lakin çar inzibati orqanları və məhkəmələr varlıların-qolçomaqların, bəylərin mənafeyini güdürdü. Şikayətlərinin heç bir nəticə vermədiyini görən kəndlilər vergi verməkdən boyun qaçırır, hökumət məmurlarının, kətxudaların, bəylərin evlərinə, malikanələrinə hücum edir, vurub dağıdır, yandırırdılar. Kəndlilərin bu sinfi mübarizəsi silahlı toqquşmalara da çevrilirdi. 70-ci illərin sonunda belə silahlı çıxışlardan biri Qazax qəzasının Quşça kəndində baş vermişdi. Bu çıxışı bəylərin çağırışı ilə gəlmiş silahlı kazakların köməyilə yatırmaq mümkün oldu. Yelizavetpol qazasının Xılxana kəndinin sakinləri mülkədar zülmünə qarşı silahlı üsyana qalxmışdılar, 80-ci illərdə Yelizavetpol qəzasının Qarabulaq kənd sakinləri öz mülkədarlarını silah gücünə kənddən qovub, torpaqlarını zəbt etmişdilər və s. Belə çıxışlar Azərbaycanın çox yerində baş vermişdi.
XIX yüzilliyin son rübündə Azərbaycanda sinfi mübarizənin ən çox yayılmış forması qaçaq hərəkatı idi. Mövcud üsul-idarədən, feodalların özbaşınalığından, hərc-mərclikdən cana doymuş kəndlilər öz feodalını, çar məmurunu öldürəndən sonra, ələ keçməmək üçün dağlara qaçır, ətraflarına özü kimi narazı kəndlilər toplayaraq silahlı dəstələr düzəldirdilər. Bu qaçaq dəstələri əsl xalq intiqamçılarına çevrilirdilər. Onlar qəflətən bəyin, qolçomağın, çar məmurunun, sələmçinin mülkünə basqın edir, onların var-yoxlarını elə keçirərək yoxsullara paylayırdılar, bir qismini isə özlərinin yoxsul ailələri üçün götürürdülər. Qaçaq hərəkatı, demək olar ki, Azərbaycanın hər yerini bürümüşdü. Əhali onların intiqamını bəylərdən, çar məmurlarından alan qaçaqları həmişə müdafiə edir, onların ələ keçməsinə mane olurdu. Təsadüfi deyil ki, elimizdə belə bir xalq məsəli var ki, əsrlərin sınağından çıxmışdır: “Qaçağı el saxlar”.
Azərbaycanda Qaçaq Kərəmin, Qaçaq Nəbinin və ümumiyyətlə onlarla qaçağın adı dillər əzbəri olmuşdur. Nəbi Yelizavetpol quberniyası Zəngəzur qəzasının Aşağı Mollu kəndində (indiki Qubadlı rayonu) yoxsul kəndli ailəsində doğulmuşdu. 16 yaşında ikən bəyin onun atasını döyməsinin şahidi olmuş Nəbinin qəlbində intiqam atəşi alovlanmış, bəyin üstünə atılmışdı. Buna görə də, həbs edilərək 1890-cı ildə katorqa hökmü ilə cəzalandınimışdı. Həbsdən qaçaraq doğma yurduna qayıdan Nəbi başına silahlı dəstə yığaraq bəylərə, çar hökumət dairələrinə qarşı mübarizəyə başlamışdı. Xalq ona Qaçaq Nəbi adını vermişdi. Sevimli arvadı Həcər də silaha sarılaraq qaçaqlarla birlikdə qəhrəmancasına vuruşurdu. Qaçaq Nəbinin dəstəsi tez-tez öz yerini dəyişir, Arazın o tayına keçir, Azərbaycanın cənub torpaqlarında yaşayan kəndlilərə də kömək əlini uzadırdı. Qaçaq Nəbi xalqın qanını zəli kimi soran, var-yoxunu çapıb talayan bəylərin, çar məmurlarının, qolçomaqların, sələmçilərin qəniminə çevrilmişdi. Qaçaq Nəbi öz igidliyi ilə xalq qəhrəmanı, zəhmətkeşlərin mənafeyinin müdafiəçisi kimi şöhrət qazanmış və əqidəsi uğrunda illərlə mübarizə aparmışdı.
Qaçaq Nəbi yalnız yerli bəyləri, çar məmurlarını deyi, hökumət dairələrini, Qafqaz inzibati idarəsini də narahat edirdi. Çar hökuməti Nəbini öldürənlərə çoxlu pul, qiymətli şeylər vəd vermişdi. Xainlərə 1896-cı ildə Nəbini öldürmək qismət oldu. Qaçaq Nəbinin öldürülməsi Azərbaycan kəndlilərini hiddətləndirdi və son dərəcə kədərləndirdi. Xalq onu unutmadı, adına dastanlar, nəğmələr qoşdu, öz qəlbində yaşatdı və indi de yaşadır.
Qaçaq dəstələrinin qəhrəmanlıq xariqələri göstərməsinə baxmayaraq, onlar məğlubiyyətə uğradılar. Bunun başlıca səbəbi, hərəkatın kortəbii xarakteri, onlara rəhbərlik edən və istiqamət verən mərkəzin, kəndlilərin əsl müttəfiqi və yol göstəricisinin olmaması idi.
Dostları ilə paylaş: |